Hekayələr
Azad "sənətkar"
(Bir
"yazı-pozu əhli" ilə söhbət)
...Küçədə
rastlaşdıq. Qəzetimizə yazı vermişdi.
Soruşdum:
- Çap olunsa, qonorarını hansı ünvana yazaq?
- Poçta. "Dovostrebovaniya"...
- Ev ünvanını niyə demirsən?
- Mən dəvəsi ölmüş ərəbəm, evim-zadım
yoxdur.
- Bəs, harada yaşayırsan?
- Naməkanam...
- Arvad-uşağın da yoxdur?
- Ev olmayandan sonra
arvadı neynirəm? Aydın məsələdir ki, arvadım
yoxdursa, deməli, uşağım da yoxdur.
- Evlənmək fikrin necə, var?
- Yox.
- Niyə?
- Heç özümü dolandıra bilmirəm.
- Nə üzərində işləyirsən?
- Çox mövzular var...
- Heç yazırsan?
- Yox, beynimdədir hamısı...
- Niyə beynindəkiləri
kağıza köçürmürsən?
- Nə mənası var,
onsuz da çap elətdirmək çətindir. Bir para
kağız korlanır...
- Bir yerdə işləyirsən?
- Yox, azad sənətkaram!
- Bəs, necə dolanırsan?
- Allah ata-anamın canını
sağ eləsin...
- Heç axırını
düşünürsən?
- Hamının axırı
necə, mən də elə...
- Başa düşmədim?
- Əşi, axırı ölümdür də...
Hərə
bir cür pul qazanır
- Sən
öləsən, qoymurlar kasıbkarlığımı eləyim
də!... A bala, nə istəyirsiniz məndən? Mənə
sataşana görüm Allah qənim olsun!.. Nə eləyirəm,
əcəb eləyirəm, bacarana can qurban! Gedin, kimə istəyirsiniz
şikayət eləyin. Xox, qorxdum sizdən!..
- A kişi, nə
çıxmısan özündən? Düz deyirlər də...
- Nəyi düz deyirlər, ay... Demişdim, qoy qalsın!
- Gör necə acgözsən ki, kəfənə də kəf
gəlirsən.
- Yalançının... Ağzımı
açdırma ha!..
- A kişi, bu nədir, metr
yarım əvəzinə bir metr otuz santimetr ağ vermisən
mənə.
- Hə nə olsun, iyirmi santimetrlə varlanacaqsan?
- Ayıb deyil, a kişi?
Adını da qoymusan mömin müsəlman. Məsciddə də
oğurluq olar?
- A bala, bəlkə
oğurlamamışam? Sadəcə səhv eləmişəm,
hə?
- Əşi, necə olur həmişə sən səhv eləyirsən?
Səndən başqa bu məsciddə molla-zad yoxdur?
- Var! Onu
bil ki, mən iyirmi santimetr kəsirəm, onlar otuz!
- Elə bilirsən camaat bilmir ki, təzə evin,
maşının, bağın hansı pulların hesabına
başa gəlib?
- Dedim ki, əcəb eləyirəm!.. Mənə də Molla Qulaməli
deyərlər, bu məsciddə mənim
çomağımın qabağına ağac qoyan
tapılmaz!
- Bununla nə demək istəyirsən, Molla Qulaməli?
- Demək istəyirəm, nə qədər başın əzilməyib,
məndən uzaq ol!
- Bura bax, əşi, məni cin
atına mindirmə, ha! Bu dəqiqə açaram
sandığı, tökərəm pambığı!
- Nəyimi deycəksən,
ay cüvəllağı?
- Nəyini deyəcəyəm?
Məsciddə gülab satmağını! Ölülərin
paltarını mənimsəməyini! Başqa mömin
yoldaşlarının haqqından
çırpışdırıb öz cibinə qoyduğunu!
Ölü sahiblərindən daş-baş
aldıqlarını! Yoxsa yenə deyim?
- Gədə, vallahi sənin başın gicişir?! Çəkil
bərabərimdən! Yoxsa!..
- Deyəsən, sənin kimi fırıldaqçıların avam
müsəlmanlardan pul qırmaq mövsümü olan məhərrəmlik
başlayıb. Bunun üçün mənimlə belə
danışırsan, hə?
- Ay dəli müsəlman, əl
çək yaxamdan! Məni qana salma deyirəm sənə! Hərə
bir cür pul qazanır! Mənim də gəlirim ölülərdəndir!..
Ay mərdimazar, naxələf, qoymazsan dolanaq!?
Köhnə müdirin "istedadı"
İşə
təzə göndərilmişdim. Elə bil, məni gözləyirlərmiş
kimi, başladılar idarəmizi yoxlamağa. Müdirimiz Qəmbərov
da nədənsə, başladı məndən şübhələnməyə.
Məni yanına çağırdı, üzümə tərs-tərs
baxıb dedi:
- Nə oldu bala,
qələt elədik səni işə götürdük?
Doğrusu, əvvəlcə özümü
itirdim, cavab verməyə söz
tapmadım. Boğazım qurudu, dilim kilidləndi, handan-hana
özümü ələ alıb dilləndim:
- Yoldaş Qəmbərov, mənim təqsirim nədir axı?
O, tapança kimi açıldı:
- Özünü bilməməzliyə
qoyma, ə! Guya bilmirəm ki, yoxlamanı
sən təşkil elətdirmisən?
And içib özümü oda-közə vurdum ki, mənim heç nədən
xəbərim yoxdur, kişi inanmaq əvəzinə daha da
qızışdı:
- Sənin kimi uşaq-muşaqları çox
görmüşəm, bala. Onu da bil ki, bu xəmir çox su
aparacaq...
Bir neçə gündən
sonra müdirimin şələ-küləsini
qoltuğuna verib dedilər: "Get, səndən bu boyda idarəyə
rəhbər olmaz!" Qəmbərov axırıncı dəfə
mənimlə görüşüb
acıqlı-acıqlı:
- Qoymayacağam səni burada işləməyə! - deyərək,
qapını çırpıb getdi.
Bu əhvalatdan sonra hər gün idarənin işçilərindən
bir-ikisi mənə yaxınlaşıb qulağıma
pıçıldayırdı:
- Yıxdın da, dağ
boyda kişini...
Açığını deyim ki, özüm-özümdən şübhələnməyə
başlamışdım. Gecə-güdüz fikirləşirdim
ki, bəlkə Qəmbərovun haqqında haradasa söz-zad danışmışam?
Yoxsa, bu adamlar niyə ancaq məndən şübhələnirlər?
Amma heç nə yadıma düşmürdü. Mən ki,
təzə işçi idim, Qəmbərovu əməlli-başlı
tanımadığım halda onun barəsində nə
danışa bilərdim?!
Amma sonralar onun işdən
çıxarılmasının səbəbini öyrəndim.
Heç demə kişi idarədə oturub fırıldaqla məşğul
olurmuş...
Bir müddətdən sonra idarəmizə təzə müdir göndərdilər.
Kişi bir-iki gün işləmişdi ki, Qəmbərov
haradansa özünü yetirdi. Salam-kəlamsız keçdi təzə
müdirin kabinetinə, başladılar söhbətə.
Kabinetin azca aralı qalan qapısını da çəkib
içəridən bağladılar ki, onların nə
danışdıqlarını biz işçilər eşitməyək.
Qəmbərov gedəndən sonra
təzə müdir məni yanına
çağırıb, sualı-sual dalınca
yağdırdı, iş-gücümlə,
keçmiş-keçənimlə, hətta ölüb-itənlərimlə
maraqlandı. Lap axırda bildirdi:
- Doğrudur, Qəmbərov
barəndə bir-iki söz
danışdı, amma mən görürəm yaxşı
oğlana oxşayırsan, get, başını sal
aşağı, işini gör...
Təzə müdir az bir müddətdə böyük hörmət-izzət
sahibi oldu. Daha o "kəsən başın"
sorğu-sualı yox idi. O, bu hörməti çox
asanlıqla, özü demişkən, "şirin dillə"
qazanmışdı. Vəzifəcə özündən
böyük, yaxud kiçik adamlar ona zəng vuranda, hal-əhvalını
soruşanda o, bir qayda olaraq, bu sözləri işlədirdi:
"Kölgənizdə dolanırıq də, yoldaş filankəs...",
"başımızın böyüyüsünüz",
"ağsaqqal köməyinizə ehtiyacımız
var..." və s. Xeyrəddin
QOCA
Müdirin yaltaqlığı hamımızı
təngə gətirmişdi, ancaq
canımızı dişimizə tutub bir təhər
dözürdük. Dözürdük deyəndə ki,
işçilərimiz bir-bir ərizə yazıb işdən
gedirdilər. Əvəzində təzələri gəlirdi.
Köhnə işçilərdən təkcə mən
qalmışdım. Nəhayət, müdir mənimlə də
haqq-hesabı çürütmək məqsədilə bir
gün dedi:
- Gəl, kişi kimi açıq söhbət eləyək...
- Buyurun.
- Daha səninlə işləmək istəmirəm.
Yaxşısı budur, sən də o biri işçilər
kimi ərizəni yaz, narazılıqsız-filansız
çıx, get.
Hirs vurdu təpəmə, istədim ağzıma gələni deyim, lakin
özümü bir təhər saxladım. Fikirləşdim
ki, onsuz da təzə müdirin haqsızlığı
haqqında kimə desəm inanmayacaq, üstəlik
özümü hörmətdən salacağam. Bir də ki,
onunla işləməyə heç həvəsim
qalmamışdı. Odur ki, ərizəmi yazıb işdən
çıxdım.
Kadrlar şöbəsindən sənədlərimi
götürəndə dəhlizdə
köhnə müdirimlə rastlaşdım. O, istehzalı
baxışlarla məni süzərək dedi:
- Hə, gördün, mənə sataşmaq nə deməkdir, a bala?
"Bloknotlu"
və "Bloknotsuz" mollalar
Keçmişdə
kəndlərdə savadlı adamlar mollalıq eləyərdilər.
İndi savadsızlar başlarına əmmamə qoyub,
çiyinlərinə əba salıb, qiyafələrini dəyişib
olurlar molla. Başlayırlar Xudavəndi-aləmin əmrini
"yerinə yetirib" nəf toplamağa, külfət dolandırmağa.
Özü də yaxşı bilirlər ki, indi məxluqatı
aldadıb pul qazanmaq çox çətindir, odur ki, fikirləşib
fırıldaq yollar tapırlar. Məsələn, Molla Məmmədhəsən
kimi. Ona çox yerdə "bloknotlu molla" deyirlər.
Kişi bu adı təsadüfi qazanmamışdır. Onu
tez-tez şəhərin küçələrində
boş-bekar gəzən görərsiniz. Hansı
tanışına rast gəlsə onunla elə səmimi, elə
ürəkdən əl verib görüşər ki, deyərsən
yer üzündə bu kişidən mehriban adam yoxdur.
Ayrılanda da görüşdüyü adama məsləhət
verər ki, ölüb-itənlərinə yasin oxutdursun, fatihə
verdirsin. Həmin adam da özünü əziyyətə
salıb uzağa getmir, elə küçədəcə
Molla Məmmədhəsənin haqqını verib,
adını onun "bloknot"una yazdırır. Molla da
söz verir ki, gedib evdə rəhmətliyin ruhuna dua oxuyacaq . Amma hələ
"sifarişçilərdən" bircəciyi də bilmir
ki, Molla Məmmədhəsən evə çatandan sonra
verdiyi vədə əməl edir, yoxsa, yox?..
Molla Mirələsgər iki şeyə görə Molla Məmmədhəsəndən
fərqlənir. Əvvəla, ona görə ki, Molla Mirələsgərin
xüsusi "bloknotu" yoxdur. O, elə "bloknot"suz da
baş dolandırmaq qabiliyyətinə malikdir. İkincisi, Mirələsgər
məscidin "ştatnı" mollasıdır. Ancaq hər
iki mollanın bir-birinə oxşayan cəhətləri eyni
üsulla pul qazanmalarıdır.
Hər iki molla qazanc
dalınca qəbristanlığa gedir, cümə
axşamlarında başda oturur. Bir sözlə, o savadlı
mollaların çörəklərinə bais olurlar.
Görəsən, Molla Məmmədhəsənlə
Molla Mirələsgər bu dünyada həlləm-qəlləm
işlərlə məşğul olduqları
üçün o dünyaya köçəndə cənnətə gedəcəklər,
yoxsa cəhənnəmə?
Xeyrəddin QOCA
Ədəbiyyat
qəzeti.- 2023.- 17 iyun.- S.14.