Bizə qüvvət verən mavi nağıllar, əlvan kəpənəklər ovudar
bizi...
Sentyabrda
Payız
yarpaq-yarpaq əriyib gedir,
sevginin,
nifrətin amanı yoxdur.
Payız
yarpaq-yarpaq əriyib gedir,
bir də qayıtmağa gümanı yoxdur.
Gözündən
yarpaqtək nəsə sürüşür
-
xiyaban kimsəsiz, park da adamsız.
Gözündən
hərdənbir damcılar düşür,
düşür budağından yarpaq
- aramsız...
Qəlbin qubarlananda
Qəlbin
bir azacıq qubarlandımı -
gəl,
dayanma, gəl.
Qəmli
göz yaşları səni sardımı -
gəl,
yubanma, gəl.
Artıq
o gecədən heç nə qalmadı -
nə parlaq ulduzlar, nə balıq toru.
Və təptəzə bir gün doğdu əlbəəl.
De, gələrsənmi?
Gəl!
Katafalk
Divar arxasında yenə çəkiclər
Səslənir gecədən səhərə
kimi;
Elə bil hardasa döyəcləyirlər
Hansısa fağırın sümüklərini.
Ulduzlar asılıb budaqlarından
-
Az qala dözməyib sınacaq palıd.
Bu gecəyarısı evin yanından
Yenə
tabut keçir, qara bir tabut.
Saatlar çaşdırıb bu
gecə vaxtı
Əcəl zəngi kimi haray çəkirlər;
Dilsiz qarğış kimi bu gecə vaxtı
Hardasa ulaşır, hürür
köpəklər.
İynə batmış kimi
qalxıb yataqdan
Baxıram, ürəyim yerindən
qopur;
Orada, qapqara bir katafalkda
Onlar... vətənimi hara aparır?
***
Minib qarğı atımı
uzaq Afrikaya çapasıyam mən;
Dadlı
portağallar bitən
o yerdə
nə qüssə, nə kədər tapasıyam mən.
Və bizi güman ki, çətin ağladar
o qızmar ölkənin odu, istisi;
Bizə
qüvvət verər
mavi nağıllar,
əlvan
kəpənəklər ovudar
bizi.
***
Elə mən də kəndçiyəm -
kotan sürməsəm də, yer əkməsəm də.
Elə mən də kəndçiyəm -
torağaylar ötüb beşiyim
üstdə.
O doğma torpağın hər qarışında
atamın,
babamın alın təri var;
İşdən soyuyublar şər
qarışanda,
hamısı bir qaba əl uzadıblar.
O kənddə bəlkə də
dönüb yaşamağım çətindir,
amma
O kənddə bəlkə də
qaralır hələ ki mənim
də daxmam.
Düyünlü əl ağacım
gəzir
hərdən-hərdən kənd
arasında;
Qırılır əl ağacım
fərsiz
oğulların qabırğasında.
Elə mən də kəndçiyəm -
çox
da ki şəhərdə qərar
tutmuşam.
Elə mən də kəndçiyəm -
özü də heç nəyi unutmamışam.
Vitezslav Nezval
Dilimizə çevirdi: Mahir N.QARAYEV
Ədəbiyyat qəzeti.-
2023.- 10 iyun. S. 11.