"Leyli
və Məcnun" -
varlığı
və dünyanı eşqlə tanımaq
Vahid Məmmədlinin "Leyli və
Məcnun"
romanı bildiyimiz Leyli və Məcnun ehkamını dekonstruktiv planda gerçəkləşdirən mətndir. Ədəbiyyatda bu əsərə
müraciətdə təqlidlə bərabər özünəməxsus
üslubi yanaşmaların olması məlum və
mövcuddur. Vahid Məmmədli bu mövcudluğa fərqli və
bənzərsiz "barmaq izini" qoymağa
çalışıb, xalqın yaddaşında beş əsrdir
yer tutan tarixi personajları yeni interpretasiyada təqdim edib.
Əslində, buna interpretasiya da demək olmaz.
Yazıçı sadəcə məşhur əsərin
şüurda yaradılan əlavə materiallarından istifadə
edərək boşluqları doldurmağa
çalışıb. Özünü modern yeniliklərə
tabe edən dünyanın önünə Eşq təlimi ilə
çıxıb. Əsəri oxuyarkən şüurumuzda,
şüuraltımızda irfani dəyərlər və
anlayışlarla bağlı sakral bir qat açılır və
deyilənlərdən başqa bir də deyilməyən,
görülənlərdən başqa görülməyən
nəsnələr yaddaşımızda geriyə doğru uzun
məsafələr qət edir. Yığılmış bədii
təcrübə və təhtəlşüurun arxetipləri
bərabərləşib yeni modelin sxemini müəyyənləşdirmiş
olurlar. Vahid Məmmədlinin "Leyli və Məcnun" əsəri
bu mənada, yeninin modelini sərgiləyir.
Yazıçı əsərdə simvol
və metaforlarla, alleqorik yanaşmayla
Allaha aparan yolun gözəlliyini oxucunun gözləri
önünə sərir. Bütün hallarda Leyli ilə Qeys
vasitədir. Əsər sevə bilmək
bacarığının iki şəxsin timsalında, ideal
harmoniyasında nümayiş olunmasıdır. Vahid Məmmədli
romanda sərgilədiyi estetik, həssas rakurslarla, dəqiq
seçilmiş ritm və dinamika ilə bu harmoniyanın ifadəsini
verməyə çalışır.
Müəllif postmodernizmin detallarından
olan eyhamlardan ehtiyatla istifadə edir.
İllərdir sevgi mövzusunda kult sayılan "Leyli və
Məcnun" romanındakı gizlənmiş kodlara fərqli
baxış bucağı sərgiləyir. Roman İbn Məhanın
Şəms adlı kənizlə şəhvət dolu məqamlarının
nəqli ilə başlayır. Bəlkə bunu da
yazıçının ədəbi fəndi, priyomu sanmaq
olar. Qarşıda macəra dolu mətn oxuyacağına
köklənən oxucunu müəllif əsl məhəbbət
dastanı ilə üz-üzə qoyur. Əsərin
fabulası bir neçə süjet xəttini özündə
birləşdirir: İbn Məhanın vəziri Valid İbn Tarifi
xətti, Bərdə, Arran və Şirvanın
hökmdarı Yəzid ibn Məzyəd xətti, vəfa
duyğusunun, ataya, atalığa itaətin nümunəsini
gözəl şəkildə əyaniləşdirən Nofəl,
Fəttah və arvadı Sayda, əl-Müləvvəh və
arvadı Rüqəyya, Fəttahın əmisi əl
Qasımi, Zeydlə Ayişə xətləri və s.
Bütün bu şaxələr əsərdəki ana xətt
olan Qeyslə Leylinin ətrafında cəmləşir.
Son zamanlar bizdə artıq davamlı şəkildə oxucunu dini
kontekstlərdə düşündürmək, real və
mistik dünya antitezaları mifologiya ilə yanaşı bədii
təfəkkürün də qayəsini təşkil etməkdədir.
"Leyli və Məcnun" əsəri də təsəvvüf
simvolikası ilə zəngin əsərdir. Roman özündə
ehtiva etdiyi arxetiplərin say çoxluğu ilə oxucu
düşüncəsində bunların yer aldığı əsərlər,
onların bu əsərlərdəki təsvir variasiyaları
ilə bağlı kollaj yaradır. Eyni zamanda əsərin
özünə uyğun açarla təhlilini labüdləşdirir.
Bir anda yaddaşımızda bütün ədəbi, tarixi,
mifoloji və dini mətnlərin kollajı yaranır.
Maraqlı olan budur ki, müəllif tanış mətndən
yararlandığı bəzi motivləri, hadisələri fərqli
şəkildə müasir dövrümüzə gətirmir,
əksinə, onlara elə o dövrün zaman və məkan
unikallığında bir az da sakral anlam yükləyir, öz
bədii yozumunu artırmaqla yeniləyir.
Yazıçı ilahi-fəlsəfi düşüncədə
daha ali mənəvi-elmi mərtəbə
sayılan irfanın bütün rəmz və mistik hallarından
yararlanır. İnsan-Tanrı
bağlılığını həm yer və səma səltənəti,
həm də canlı və cansız aləmin əlaqə və
münasibətlərinin sehirli zənginliyi müstəvisində
inikas etdirməyə çalışır. Sufi, irfani
kodların bütün təzahürlərinə köklənir,
daha doğrusu, çoxqatlı olan mətndə keçid kimi
bu "irfan düymələrindən" istifadə edir:
sevgililərin dərd ortağı olan Ana ceyran, Qeysin ud
çalması, sufilərin Ata bəbir
adlandırdığı meşənin şahı, meşə
dərvişləri, su dərvişləri, su pəriləri,
ağ atlı mələk, ağ işıq zolağı, təzə
doğulan bəbir balası, qoşa çinar, erkək qu
quşu, qumun altında olan saray və s. Yazıçı təsəvvüf
aləminə məxsus olan bu obraz və arxetipləri bir məxrəcə
cəm edir. Su, torpaq, külək, od - təbiətin bu
dörd ünsürünə müraciətlə onlara əsər
daxilində sakral məna qazandırır. Müəllif nəfəsindən
gözəl ətir gələn Leyliyə yüklədiyi bu
mistik çalarla oxucunu irfani dərinliyə çəkir.
Bildiyimiz kimi, gözəl ətir Peyğəmbərə aid
bir əlamətdir. Yaxud yazıçı hadisələri Kəbədən
Bəndovana köçürməklə, Bərdə,
Lökbatan, Şirvan düzü kimi əraziləri mətnə
gətirməklə tarixi torpaqlarımıza sakral, cazibəli
bir obraz aşılayır, onlar əsərdə metafizik anlam
qazanırlar. Yazıçı bu məkanlarda əhvalat
üçün zəruri olan bütün atmosferi yaradır:
maraqlı landşaft, göl, meşə, torpaq və s.
Romandakı əksər kodların
etiologiyası oxucunu klassik sufi mətnlərinə,
sufi təriqətlərinə, Hind mədəniyyətindən
gələn şəkildən-şəklə çevrilmə
arxetipinə, orta əsrlərə məxsus "Qabusnamə"yə,
Saramaqonun "İsanın incili", Hüseyn Cavidin
"Şeyx Sənan", Kamal Abdullanın "Sehrbazlar dərəsi"
əsərlərinə yönəltmiş olur. Qeysin eşqlə
bağlı təsəvvürlərində, həmçinin
arxetiplərin mənşəyinin müəyyənləşdirilməsi
məqamında bu göndərmələri hiss edə bilirik.
Məsələn, adətən əsərlərdəki
sehrbazlıq motivlərində bəşərin mifləşdirdiyi
bəzi personajlar var ki, bunlar xüsusi ritualları yerinə
yetirən şamanlar, kahinlər sayılır və əksər
məqamlarda xeyirə deyil, şərə xidməti gerçəkləşdirirlər.
Bu əsərdə isə qanadları çıxan insan,
ağacları öpən adamlar, palçıq heykələ
çevrilən iki sevgili ruhani əzmin
daşıyıcılarıdır. Eləcə də əsərdə
diqqət çəkən əsas obrazlardan olan su dərvişləri
arxetipi etiologiyası sufizmə söykənən, Mütləq
həqiqətə aparan yolun açarları sayılırlar.
Ümumiyyətlə, sufizmin eşq anlayışının,
vəhdəti-vücudun ontoloji köklərinə bağlı
olan bir çox arxetiplər əsərdə Qeyslə Allah
arasında mediumdur, Tanrıya aparan ritual aktın
icraçısı rolundadırlar. Sufizmin vəhdəti-vücud
konsepsiyasına görə haqq yolçusunun mütləq həqiqətə
qovuşması, insanın Tanrıda əriməsi prosesini əsərdə
Məcnunla Leyli obrazları yaşayır. Qeys bunu hər
şeydən və hər kəsdən uzaqlaşıb Məcnuna
çevrilmək, özünü həyat minimalizminə tabe
etməklə gerçəkləşdirir. Leylinin iztirabı
axıtdığı göz yaşları, sadiqliyindədir,
özünü qəlbinə girən sevginin ixtiyarına tam
verməsi ilə o, əbədiyyət haqqını
qazanmış olur. Əsərdə bir epizod yer alır. Qeys Kəbədə
onun cünunluqdan sağalması üçün dua edən
atasının yalvarışlarını eşidəndə
içində Leylinin ağladığını hiss edir.
Qeysin içində ağlayan Leylinin göz yaşları ilə
atasının Kəbədəki ziyarətdə fikirləri
yanaşı verilir.
Ümumilikdə sufizm kodları
üzərində qurulan roman həm də
panteizm fəlsəfi düşüncəsinin prinsiplərini
özündə ehtiva edir. Qeysə görə, bütün
yollar Tanrıya aparır, çünki hər şeyi
Tanrının bir hissəsi olaraq qəbul edən, baxdığı
hər şeydə Tanrını görən bu obraza görə
Tanrı təbiətdədir, onun təbiətdən kənarda
müstəqil mövcudluğu yoxdur. Müəllif qəlbinə
eşq atəşi düşən Qeysi həqiqətə
aparan yolun dörd mərhələsindən keçirir,
sonuncu mərhələnin dörd ünsürdən biri olan
torpağı təmsil etməsi (qum heykəl, qumun altında
daşlardan tikilən evdə yaşaması), xəlvətiliyə
çəkilib nirvana zirvəsinə yüksəlişi, sonda
işığa çevrilərək (qeybə çəkilən
ruh dini arxetipi) nura qovuşmaları qəhrəmanların həyat
yolunun təsvirində ifadəsini tapmışdır.
Romanın sətirləri arasından
ruhları günahlara bulanmış, mənən
sınmış, incinmiş insanlar da boylanır və dərvişlər
onları ağacları öpməklə cəzalandırır.
Onların çıxış yolu ağacları öpərək
təmizlənmələrindədir. Sufizmdə dünyanın
əvvəli ilə axırını özündə birləşdirən
bir simvol hesab edilən ağac arxetipinin əsatiri təfsiri məhz,
bu məzmunla bağlıdır. Ağacın
yarpaqlarının səmanı təcəssüm etdirməsi
həm də əbədi həyat bəxş edən müqəddəslik
kimi məzmun qazanır. İbrətlidir ki, romanda ruhunu təmizləyən
insanları dərvişlər cəzadan xilas edir və onlara
getmək ixtiyarı verir. Amma təmizlənmiş ruh bir daha
dünya evinə geri dönmək istəmir. Çünki
ruhunu pisliklərdən arındıran insanın enişi
mümkün deyil, onun içi yalnız yuxarıya doğru
yüksəlişlə rahatlıq tapa bilər.
Ümumilikdə, həm sakral, həm də realist və romantik üslub bu
romanda vahid bədii məkan təşkil edirlər. Əsərin
eşq ilə iç-içə girməsi, oxucunun hər
şeyi İlahi duyğulara köklənərək izləməsi
- zənnimcə, xüsusi olaraq seçilmiş bu estetika
romanın sakral mahiyyətini tamamlayır. Əlbəttə, əsərdə
ekspressionizmə xas bəzi əlamətlər sezilsə də,
məsələn, fərdi aləmin varlığın təsvirinə
qarşı qoyulması, məntiqi əlaqəsi olmayan, yuxunu
xatırladan hadisələrin təsviri, obraz və məkanın
təhrifi, personajların daxili mücadiləsinin vizuallaşdırılması
ilə əndişə duyğusunun ötürülməsi və
s. Amma bu əndişə ümumən əsərin ritmini,
intonasiyasını dəyişmir. Məsələn, müəllif
əsərdə Leylinin atası Fəttah və əl-Qasıminin
əməlləri sayəsində seyrçini qəddar,
gözlənilməz səhnələrlə üz-üzə
qoyur. Qeysə əl Qasıminin qatili olması
iftirasının atılması ilə ziddiyyətləri
kulminasiya nöqtəsinə çatdırır. Amma nə
sehrdirsə, bu məqamlar oxucunu emosional şoka salmaq, onu
psixoloji sınaqlara məruz qoymaq kimi provokasiyalardan
qaynaqlanmır. Buna səbəb, zənnimcə, heç də
əsərin tanış motivlər üzərində
qurulması, bildiyimiz süjet xəttinə bələdliyimiz
deyil, romanın dediyim həmin mistik, irfani qatda
yazılmasıdır.
Məcnun
bu əsərdə bir insanın gerçəkdə malik
olduğu imkanları aşaraq, mahiyyətində daha
mühüm, bəşəri, fövqəlgüc və məna
daşıyan personajdır. O da doğulanda ağlayır, amma
gözəl qadının qucağında deyil, ruhu
saflıqdan yoğrulmuş Leylinin enerjisini, nəfəsini
duyub sakitləşir. Bu ilahi duyum bütün əsər boyu
davam edir. Qeys ilk dəfə Leylinin nəfəsini bələkdə
hiss edir, sonra hər yerdə bu nəfəsi axtarır və
bu rayihə ilə Leylini tapır. Məcnun xüsusi bir həssaslıqla
insanları daxilindəki xeyir və şər
başlanğıclarına görə müəyyənləşdirir
və lap uşaqlıqdan ətrafını özü
seçir. Fəttahın əmisi əl Qasımi ilə ilk
ixtilafı da buna görə yaranır. Anasının kənizi
Səlimənin içindəki qara enerjini hələ ana bətnində
ikən hiss edib özündən uzaqlaşdırmağı
bacarır. Məcnunun özündən
uzaqlaşdırdığı kəslər sonradan onunla
bağlı bütün hiylə və bəd əməllərin
kökündə dayanırlar. Baxmayaraq ki, Məcnunun heç
kimlə ədavəti yoxdur. Məcnun bizim müasir
romançılığımızda bəlkə də daxili
konfliktlərdən xali bir obrazdır. Onun dünya ilə
münasibətləri əvvəldən nizamlı
görünür. Ətrafında heç nə, hətta
bütün varlığını qapsayan sevgidə
uğursuzluğu belə onun mənəvi nizamını
pozmur. Vahid Məmmədlinin yozumunda Məcnun adi insan statusundan
ilahi, ruhsal dəyərlər daşıyıcısı olan
statusa qaldırılır. Onun tərəddüdləri,
ağrıları, çıxılmazlığı, Leylidən
ayrı yaşamağın necə işgəncə olması
özünün qalxdığı qatda əks olunduğu
üçün əzabı deyil, əzəməti ifadə
edir. Məcnunun ruhsal həzinliyi, daxili aləminin təmkinli və
ifadəli görünüşü altında sezilən irfani
cizgilər daha toxunandır və təhtəlşüura
birbaşa işləyir. Öz sevgisi, ruhibiri
sandığı naminə tərkidünya olub insanlardan
uzaqlara çəkilmək və təbiətin
yaratdığı hər möcüzəni eyni sevgi ilə
sevmək. Yazıçı onun ruhundakı bu ifadəliliyi dərinliyi
ilə göstərmək üçün bir neçə
detala vurğular edir: Qeys bayquş ulartısını layla
kimi dinləyir, Şirvan düzündəki meşəlikdə
bəbir əhliləşdirir, ətdən imtina edib ceyranlarla
ot yeyir və s. Müəllif Qeysin öz eşqi yolunda
çabasını onun yaşayış tərzindəki
minimalizmi göstərməklə ifadə edir. Meşədə
ac-susuz həyat yaşaması, saç saqqalının
uzanması və s.
Əsərdə işıq arxetipi
də uğurla simvolizə olunan obrazlar
sırasındadır. Ağ işıq mətndə sufizmin rəmzlərindən
biri olaraq mənalanır. Məsələn, Qeysin atası əl-Müləvvəh
uşağının olacağı haqda işarəni müqəddəs
Kəbədən ayrılacağı gecə ruhuna toxunan
işıq parçası ilə hiss edir: "Bəlkə,
Allah ona Nofəlin cənnət dediyi o torpaqlarda bir övlad da
verdi. Müləvvəh gecənin qaranlığında
şadyanalıqla qılınc rəqsi edən qəbilə
igidlərinə baxarkən göy üzündə bir
işıq zərrəsi ayrılıb hərəkət etdi.
Düz onun başı üzərində dayanıb sanki bir az da gücləndi,
bir az da irəli gəldi. Müləvvəh bədəninə
dolan qəribə istilikdən əvvəlcə qorxdu, sonra bu
istilikdən xoşlandığını, sanki yeni bir adam
olduğunu hiss etdi".
Yaxud Leyli ilk dəfə Qeysin
gözünə insan kimi deyil, Ağ işıq kimi
görünür. Qeys hələ bələkdə hiss etdiyi
bu ətri, rayihəni özü ilə birgə
böyüdür, ona doğru yol alaraq yaşayır. Və
günlərin bir günü bu rayihə onu mədrəsədə,
Əhməd Bərdəinin dərsində yaxalayır:
"Qeysin heç vaxt unutmayacağı o an gəldi. Arxaya
dönəndə indiyə kimi rast gəldiyi gözəlliklərin
ən mükəmməlini gördü. Qeyri-ixtiyari ayağa
qalxdı, donub qaldı. Qarşısındakı ağ
işıqdan yoğrulmuş insan idi - heç vaxt kölgə
düşməyəcək ağ işıq.
Ağlını başından alan, ömrü boyu
ixtiyarsız aradığı rayihənin mənbəyi olan bu
işıq onu özünə çəkirdi. Qollarının
nə vaxt qanadlara çevrildiyini özü də hiss etmədi.
İki alovlu qanad həmin işıq topasını
ağuşuna alıb bərk-bərk qucaqladı. - Səni
ömür boyu axtarmışam, - Qeysin sözlərini təkcə
köksünə sığınmış Leyli duydu.
Bir-birini heç tanımayan qızla oğlanın mədrəsədə,
hamının gözü qarşısında
qucaqlaşdığını izləyənlər heyrətdən
donub qalmışdılar".
Bu ani təmas, qucaqlaşma
anı Qeysin əbədi eşq yolçuluğuna
başlamasına vəsilə olur, Qeysdən Məcnunluğa,
cünunluğa doğru yol qət edir. Onların həyatdan
ayrılma anı da işığa çevrilməklə
gerçəkləşir: "- Ora baxın, - Nofəl əli
ilə göy üzünü göstərdi. Səmada
qoşa ulduz bir-birlərinə pərçimlənib parlaq
işıq saçırdılar. Çox keçməmiş
Leyli və Qeys göründü. Qollarını bir-birlərinin
boynuna dolayıb yer üzünə baxırdılar. Təbəssümləri
yer üzünü isidirdi. - Onlar gəldikləri yerə
qayıtdılar. Dünyanın ən parlaq ulduzlarıdır.
Ən böyük sevgilər Allahdan yaranıb, Allaha da
qayıdırlar..."
Əsərdə mif dünyası
ilə reallıq
qarşı-qarşıya gətirilir. Məcnun mif
dünyasını, əbədiyyəti, İbn Səlam, Fəttahın
əmisi əl Qasımi isə öləri insanı təmsil
edirlər və qəribədir ki, roman boyu bu iki presonajın
ölümünə şahid oluruq.
Əsər
bütün tərəfləri ilə bərabər həm də
iki fərqli dünyagörüşün, iki fərqli
dünyanın üz-üzə gəlməsidir. Məcnunun
yaşadığı dünya qəddarlıq və pisliklərlə
doludur, onun meşəyə meyil etməsi də daha sivil, daha
rahat həyat tərzini orda tapmasına işarədir. Müəllif
iki mühitin - sakinləri başqa olan meşə ilə
insanların yaşadığı aləmi
qarşı-qarşıya qoymaqla bu ziddiyyəti ifadə edir.
Bir simvolik çalar da sevginin dünyada getdikcə daralan roluna
etirazla motivləşir. Günü-gündən sənayeləşən,
modernləşən, hər şeyi robotların ixtiyarına
buraxan yeni reallığa tabe olan, duyğularından
könüllü imtina etməyi qəbullanan dünya, o biri tərəfdə
isə dünyanın sevgi ilə xilasına ümid edən
düşüncə adamları. Əsərdə bu etirazlar
Nofəlin dili ilə verilir: "Qeysə "Məcnun"
deyə gülüb sərsəri hesab edənlər, məgər
hamınız başdan-ayağa günahkar deyilsinizmi? Fəttah
qızını Qeysə vermədi, onlarsa meşədə də
olsa, bir yerdə deyillərmi? Şad-xürrəm
yaşamırlarmı? Kim qalib çıxdı? Sizin bu
oyunbazlığınız, adət-ənənə deyə
arxasında gizləndiyiniz kin-küdurətiniz, yoxsa ilahinin
nuru olan eşq və aşiqlər?! Bu sevgilərinə
sadiqliyə görə Allah onları mükafatlandırıb,
yer üzündə cənnətdə yaşamağı nəsib
edib. Sizin hər gün etdiyiniz ibadətlər,
apardığınız gərəkli-gərəksiz
mücadilələr əbədi həyatda qazanmaq istədiyiniz
Cənnət üçün deyilmi? İçinizi küdurətdən
təmizləyib sevgiyə qucaq açmaqla,
başqalarının həyatına qarışmaqdan əl
çəkib öz səadətinizin qayğısına
qalmaqla siz elə bu dünyada da hüzurlu bir cənnət həyatı
yaşayıb, daha az günah etməzsinizmi?"
Nofəl
də, Zeyd, Ayişə də özlərinə Qeys, Leyli
kimi sevib-sevilməyi arzulayırlar: "Bəlkə də
çoxları Qeysə dəli deməklə onu
üstüörtülü təqdir edir, hər kişi
özünə bir Leyli, qadınlar da ona heç nədən,
heç kimdən çəkinmədən sarılacaq bir Qeys
arzusunda idilər. Bir sözlə, hər kəs xoşu gəldiyinə,
sevdiyinə bircə dəfə də olsa, sarılmaq istəyirdi,
içlərindəki qorxu isə onları durdurur, əslində,
Qeysə deyil, özlərinə dəli deyirdilər. Qeysə
tənə edənlər şüuraltı
düşünürdülər ki, min ildə, nə
yaxşı, bir Qeys çıxdı meydana! Gizli sevgisini,
xoşladığını nəinki dilə gətirməyə,
düşünməyə belə qorxanlar ürəklənmişdilər.
İndi hər kəs cünunluğu bəhanə edib ondan
daha çox söz açır, Qeysdən
danışılanlarda xəyalən özlərini təsəvvür
edib rahatlanırdılar".
Qeysin atası əl-Müləvvəh
də oğlundan ona görə əl
çəkmir ki, onun sağalmaz olduğunu, tutduğu yoldan
dönmədiyini anlayır, yox, Nofəl kimi əl Müləvvəh
də Qeysin varlığında necə ilahi eşq gəzdirməsinin
fərqində olur: "Müləvvəh artıq oğlunun
ardınca getməyin də, onu qaytarıb gətirməyin də
mənasız olduğunu anlamışdı. Gecə-gündüz
ah-vay edib qan-yaş tökən Rüqəyyanı da sakitləşdirməyə
çalışırdı: - O, xoşbəxtdir, öz eşqi
ilə bir yerdə həyat sürür. Leylinin onunla birlikdə
olduğuna inanc gətirib".
Müəllif romanda heç bir detala adi yanaşmır, qum, meşə,
göl, heyvanlar - hamısı obraz kimi
yazıçının sadəcə predmet, obyekt kimi
yanaşmadığı nəsnələrə çevrilirlər.
Onların hər biri subyektləşirlər, situasiyadan
asılı olaraq obrazları dəyişir, fərqli məna
və ovqat çaları kəsb edirlər. Məsələn,
qəhrəmanların bir anda qanadlı mələk olması,
yaxud palçıq vulkanına düşməsi heç bir
apokaliptik mənzərə yaratmır, əksinə, müəllifin
təqdimatında gözəl bir eşq abidəsinin, sevgi
aktının metaforuna çevrilmiş olurlar.
Leyli Qeysin gözünə Qum
heykəl, qum dənələri kimi görünür. Özlərini
palçıq vulkanına, palçıq gölünə
atan və palçıq quruduqca iki torpaq adama çevrilən
səhnədə yazıçı qum və bədənin
sintezi ilə vizual mətnin plastik ifadəliliyinə nail olur.
Qeys üçün Leyli günəşdir, onun qanad
çaldığı zirvələrdə hamı qum zərrəciyi
kimi adi, görünməzdir. Bir tək gözünə
görünən Leyli olduğuna görə Qeys onu günəş
adlandırır:
"- Görmürsüz qum dənələrini? - nələrisə
göstərirmiş kimi əlini havada dolandırdı.
- Görürük, sən qum dənəsisən, Qeys, - deyə hamı
gülüşdü.
Qeys yerinə oturub öz-özünə
danışırmış kimi sakitcə dilləndi:
"Axır ki, gözünüz
açıldı. Biz hamımız qum dənələriyik,
Leyli isə günəşdir...".
Özlüyündə ekzistensial mahiyyət daşıyan
bu məqam yazıçının fokuslandığı mənəvi
müstəvinin iri planda təqdimatı üçün
xüsusi rol oynayır. Qeysin sonrakı yaşamı da
içində gedən metamorfozaya uyğun formada gerçəkləşir:
hamıdan uzaqlaşıb meşəyə, təkliyə
çəkilir, qum altındakı daşlardan qurulmuş
sarayda yaşayır. Çünki Qeysin öz gerçəkliyi
var və bu yeganə gerçəkliyin adı eşqdir. Amma
hansı eşq?! Tanrıda ərimək, itmək sevgisi.
Bütün kənar reallıq onun üçün qəbuledilməzdir.
Məhz bu nöqtədə Qeysə Leylinin cismani
varlığı belə artıq gərək olmur.
Çünki o, özünə lazım olan ali, mütləq
həqiqəti dərk edir.
Roman hər cizgisi ilə dünyanı sevgi rəngində
görməyi təlqin edir. Tanrını sevir və ona
qovuşmaq istəyirsənsə, yer üzündə
yaradılan hər zərrənin məcnunu olacaqsan. Məcnunun
fəhm etdiyi və hamıdan fərqləndiyi ən ali məqam
budur: "Bir insanı görər-görməz,
varlığını yanında hiss edər-etməz
içindən "Odur" deyə bilməyin necə
möhtəşəmlik olduğunu, heyif ki, heç vaxt bilmədiniz.
Nə qədər də bədbəxtsiniz. Siz bütün
dünyadan vaz keçib bir sevgiliyə qucaq
açmağın səadətini, onu kimsənin əvəzləyə
bilməyəcəyinin, təkrarsızlığının
verdiyi zövqü heç vaxt duymayacaqsınız.
Qürurundan, adından, var-dövlətindən, mənliyindən
vaz keçib sevdiyinə dönüşməyin necə bir cənnət
həzzi olduğunu heç bir zaman hiss etməyəcəksiniz".
Əsərin ideyası həm
də onun universallığındadır.
Dünyanı eşq və gözəlliklə xilas etmək!
Yazıçı varlığı və dünyanı
doğru bildiyi məhəbbət təlimi ilə təşrih
edir. "Eşq imiş hər nə varsa aləmdə"! Mətndəki
bütün kosmik və qloballığın, mənəvi vəhdətin
alt qatında bu nəzərin bütövlüyü hiss
olunur. Bir məqamı qeyd etmək yerinə düşər.
Vahid Məmmədli Füzulinin "Leyli və Məcnun"undan,
ondakı eşq anlayışından yalnız ideya olaraq bəhrələnmir,
o sufi obraza, irfanın ifadə-təşbeh sisteminə tarixi-ənənəvi
modelin düşüncədə və əxlaqda kodlaşan
estetik işarələr, mənəvi
bütövlüyün qorunub saxlandığı yaddaş
kimi baxır. Bu mənada, romandakı təsəvvüf
simvolikası konsepsiya, fəlsəfə səviyyəsində
gerçəkləşir. Yazıçı sufi obrazında
yaratdığı Məcnunun içinə düşən
ilahi eşqə həm də bəşəri mənəvi
missiya aşılayır. Məcnun ayağını yerdən
yalnız öz Eşqinə qovuşmaq üçün
ayırmır. O, həmçinin mənəviyyata
çökən mənfiliklərdən, pisliklərdən,
insanları bir-birinə düşmən edən xürafatdan,
din adı ilə insanları üz-üzə qoyan sxolast
düşüncədən ayrılır. Əl Qasımi ilə
mükaliməsində onun dinə, cəmiyyətə
baxışında oxucu bu nöqtələri aydın sezə
bilir:
"- Pislikləri kainatda kim yaradıb?
Günahlara yaranışdan Yer
kürəsi nədən batıb?
Yaxşılığa yamanlığı,
xeyrə şəri,
insanlığa iblisləri kim cırnadıb?
İbadətmi yer üzünün
çıxış yolu? Yoxsa
ölüm?.."
Nəcib
Məhfuzun Nobel nitqində
"üçüncü dünya"nın insanı və
onun vəziyyəti, müharibə və ölüm qüvvələrinə
necə qalib gəlməklə bağlı maraqlı həssas
fikirlər var: "Sivilizasiya tarixinin bu həlledici məqamında
insan mənliyinin boşluqda əriməsi ağlasığmaz
və qəbuledilməzdir. Bizim dərdlərimizin sadəcə
müşahidəçisi olmayın, siz
"üçüncü dünya"da öz
imkanlarınıza uyğun nəcib rol oynamalısınız.
Üstünlüyünüz sizi məskunlaşan dünyanın
hər bir küncündəki hər bir bitkiyə, heyvana, hətta
insana da qayğı göstərməyə məcbur edir.
Danışmaq yetər, hərəkət etmək
vaxtıdır".
"Leyli və Məcnun"
əsəri bu qayğının
insanın taleyində əbədi missiya və peşəyə
çevrilməsi üçün kamil ruhsallıq
aşılayan əsərdir və ilk növbədə,
yazıçı dünyagörüşünün qlobal
xarakteri ilə vüsət qazanır. Dünyanı
ağılla, Tanrını eşqlə dərk etmək!
Əsrlərdir aqillərin təklif etdiyi irfan yolu! Zaman
ötür, dünyada dünyanı düşünənlərin
sayı artdıqca, qələm adamının bəşəriyyət
qarşısında məsuliyyət hissi gücləndikcə,
bu yol - ümumbəşəriliyin təsəvvüf donunda
idrakı ən etibarlı yaddaşa, ən
inanılmış gerçəkliyə
çevrilir.
Elnarə AKİMOVA
Ədəbiyyat
qəzeti.- 2023.- 17 iyun.- S.6-7.