Ədəbiyyatımızda ilbiz obrazı
Azər Qismətin "İlbizlər" romanı üzərinə notlar
Yazıçının söz dağarcığı boşdursa,
dili yalın, yavan olacaq. Hər
yazıçı öz
daxilindəki intonasiyanı
tapıb sözlərlə
sanki bir nəğmə bəstələyir.
Bu da fərdi üslubun
yaranmasına gətirib
çıxarır. Biz imitasiyadan,
qrafomanlıqdan danışmırıq,
söz konusu bu deyil. Ciddi
ədəbi mətnlərdən
söhbət gedir.
Bu günlərdə yazıçı
Azər Qismətin
"İlbizlər" romanını
oxudum, dilin ağırlığına rəğmən
müəllifin söz
dağarcığının bu qədər zəngin olması məni heyrətləndirdi
və məmnun etdi. Mütaliə prosesində hiss olunmadan atmosferə düşürsən
və şüur axını səni qabağına qatıb hadisələrin dərinliklərinə
aparıb çıxarır.
Çex yazıçısı
Milan Kundera yazır ki, "roman fərdlərin xəyali cənnətidir". Azər
Qismət isə bizə xəyali cəhənnəmi təqdim edir. Romanda sovetlərin çökdüyü xaotik
dövrün bütün
ziddiyyətləri, faciələri,
sosial bəlaları təfərrüatlarına qədər
tünd boyalarla təsvir edilir. Təxəyyüllə gerçəklik
bir-birinin içində
əriyib itir. Təsvir edilən zamanın ruhu romanın hər cümləsinə hopub. Azərbaycan nəsrində
bu romanı hansısa əsərlə
müqayisə etmək
çətindir. Çünki
bu mövzuda indiyədək hansısa bir əsər yazılmayıb.
Azər
Qismət populyar kültürün insanı
deyil, bu səbəbdən bir az "görünməyən"
yazıçılardandır. O, Azərbaycan nəsrində
unudulmaqda olan novella janrının ustasıdır.
"Duman", "Xanım
taksi" kitablarında
toplanmış novellaları
bunu deməyə əsas verir. Bundan əvvəl yazdığı "Çuğullar"
romanı da ədəbi
tənqidin "möhtəşəm
sükutu" ilə qarşılandı. Amma yazanlar
yazdı: Ceylan Mumoğlu, Aygün Cəfərova. "Çuğullar"
sambal və siqlətinə
görə məqsədyönlü
şəkildə tərif
selinə qərq edilən romanların əksəriyyətindən qat-qat üstün keyfiyyətlərə
malikdir.
Xarakterlərin mənsub olduğu çevrə
Bəri
başdan deyim ki,
"İlbizlər" kütləvi
oxucu üçün
deyil. Roman mütaliə
prosesində oxucudan səbr və hövsələ tələb
edir. Əlbəttə,
səbr edən muradına yetir. Yazıçının ekfrasis
təhkiyəsi metafora
prinsipi əsasında
müxəlif səciyyəli
hadisələri və
faktları bədii sintezə cəlb edir və bu
simbioz sonda bütöv, bitkin bir təsəvvür yaradır. Məhz metaforik düşüncə,
mübaliğədən gen-bol istifadə, təxəyyülə geniş
meydan verilməsi romanı naturalizmdən ayıran incə bir xətdir.
Hadisələr SSRİ dağıldıqdan sonra Azərbaycanın şimal mərkəzində
yerləşən dağ
kəndində baş
verir. Əhvalatların
unikallığı ondadır
ki, qarınayaqlılar sinfinə
aid olan ilbizlər obrazların qarın uğrunda gedən amansız savaşının
yeganə gəlir mənbəyidir. İqtisadiyyat
çöküb, kişilər
işsizlik girdabında
ömür çürüdür,
çarəsizliklərini əyyaşlıqla
ovudurlar. İndi işbazların
əyyamıdır, onlar
xaotik zaman tunelində
daha da varlanmaq ehtirası ilə alışıb-yanırlar. Hansısa
oliqarx gənclik iksirini axtarır ki, qocalığa qalib gəlib əbədi cavan qalsın. Məlum olur ki, ilbizlərdən götürülən
genlər insan orqanizminə yeridildikdə
o, ən azı, 300 il
yaşaya bilər. İlbiz seliyi qocalmanı ləngidirmiş.
"Fal göstərir
ki, ilbizin seliyi səni uzunömürlü
edəcək". Fal
əsasında gəlinən
qənaətlər korazehin
və debil milyonçunu səxavət
kisəsinin ağzını
açmağa sövq
edir. O, haram yollarla qazandığı milyonlarından
bir qəpik də kasıb-kusuba ianə etməz. Bu tipli adamlar kasıb
təbəqəyə qarşı
xüsusi qəddarlıqlarıyla
seçilirlər. Beləcə,
dağ kəndindəki
meşədə ilbizlərin
soyqırımı başlayır.
Sosiumun amansız qayda-qanunları içində
insani dəyərlər
sıradan çıxır.
Qadınlar canavar təhlükəsi altında
sübhün iliyə
işləyən soyuğunda
vahiməli meşəyə
yollanırdılar ki, çoxlu
ilbiz yığıb əvəzində çörək
pulu alsınlar. Bir qarın çörək
uğrunda gedən mübarizə onlara qadınlıqlarını da unutdurmuşdu.
Yaşamaq instinkləri
onları bu əzaba qatlaşmağa məcbur edirdi.
Kəndin
icarəyə götürülmüş
yerində tikilmiş stansiyada xidmət edən zabitin arvadıyla eşq macərası yaşayan Həşimin xəbəri
yox idi ki, arvadı hər səhər meşəyə
ilbiz yığmağa
gedir ki, evdəkilər
ac qalmasın. Hər gün evdən çayxana adıyla çıxıb Klavdiyanın
ağuşuna atılan
alfonsun dünya-aləm
vecinə deyildi. Pəricahan və onun kimi əzabkeş
qadınlar isə ailələrin yükünü
zərif çiyinlərində
daşımaq zorunda qalmışdılar.
Meşə yunan mifologiyasındakı
yeraltı dünya kimi əzablar məkanıdır, milyonçu
Aid zavallı qadınları
ora sürgün edib. Qorxu, vahimə
bu qadınların bütün hüceyrələrinə
yayılıb. Hələ
ki, kəndi və qadınları inam ağaclarına edilən dualar qoruyur. Çarəsizliyin sınırında
aclıq adlı düşmənə təslim
olmayan Pəricahan bu yolda ilk cığıraçanlardandır
və qadınlığına
rəğmən cəsarət
simvoludur. Fikirdən, qüssədən yığılıb
dərd yumağına
dönən kişilər
bu cəsarətin hesabına ayaqda qala bilmişdilər. İlbiz yığan qadınların sayı çoxalırdı. Onların
həyatları güzgü
kimi çiliklənib
xəzəllərin üstünə
səpələnirdi. Onların
iş rejimini şaxtada kömürçıxaranların
ağır əməyi
ilə müqayisə
etmək olar.
Azər
Qismətin hansı yazıçılardan bəhrələndiyini
deyə bilmərəm.
Sarkazm, ironiya, intellektualizm, bədii təsvirlərə bürünmüş
informasiya bolluğu bir növ, Herman Melvilin "Mobi Dik" əsərini xatırladır. Azər dilin açılmayan qatlarına nüfuz edir, dildən, işarələr sistemindən
sənətkarcasına faydalanır,
sözlərə yeni məna
çalarları qazandırır.
Bu da ayrıca bir araşdırma mövzusudur.
İnsanın davranışlarının mahiyyətinə varmaq üçün ilk növbədə
ətraf mühiti öyrənmək lazımdır.
Ruhi-mənəvi keyfiyyətlərin
formalaşmasında mühit
önəmli rol oynayır. Qeyri-sağlam mühit infantil insan yetişdirir. Obrazların təsnifatına
gəldikdə isə
Pəricahanın əri
Həşim yerüstü
dünyada öz məşuqəsi ilə
kef çəkir. O, xaraktercə
zəif, Pəricahan isə iradəlidir. Hər ikisi ağrılı keçid
dövrünün qurbanlarıdırlar.
Meşəbəyi mənfəətcil,
kəmfürsət adamdır.
Klavdiya əxlaq yoxsuludur.
"Taleyi puç olan adamlar bunun
səbəbini yerdə
yox, göydə axtarırdılar". Bu komformist
düşüncə onlara
sağlam mühakimə
yürütməyə imkan
vermir. Müstəmləkə
illərinin irsi qalığı olan gözüqıpıqlıq onların
etiraz hissini çoxdan netrallaşdırıb.
Pəricahan və ər sarıdan yarımayan kənd arvadları yaşam savaşının
amazonkalarıdır. Uçurumlara
qohum olmaq duyğusu onları mətinləşdirib. Kor
bəxtin şıltaqlığı
və daxili böhranlar onları əysə də sındıra bilmir. Bəs ilbizlərin xilaskar missiyası nə vaxta qədər
davam edəcək?
"Meşə kinoteatrı"nda
faciə janrında nümayiş etdirilən filmin sonu nəylə
bitəcək?
Azər
Qismətin mürəkkəb
sintaksisi oxucunun nəfəsini kəsir, amma təfərrüatlarla
yüklənmiş cümlələr
situasiyanı analiz edir, onu mikroskop
altında təqdim edir. Bu, yeni narrativ üslubdur, ikimərtəbə,
üçmərtəbə cümlələr dilin leksik bazasını fasiləsiz olaraq təzələyir. Əbəs
yerə deyilmir ki, yazıçı dilin yaradıcısıdır. Romandakı
fellərdən, sifətlərdən
Azərbaycan dilinin
yeni izahlı lüğətini
hazırlamaq olar.
Uzun-uzadı təsvirlər çökmüş
imperiyanın qalıqları
altında qalmış
respublikaların ümumiləşdirilmiş
obrazının yaradılmasına
xidmət edir. Müstəqilliyin uzun və əzablı yollarında şikəst edilmiş talelər, qırılmış ömürlər,
partladılmış körpülər,
müharibə içində
müharibə apokalipsis
təəssüratı yaradır.
Hərə bir tərəfdən ölkəni
talayır, möhtəkirlər
milli sərvətləri dünya
bazarına çıxarır,
un milyonçuları süni
qıtlıq yaradır, kənddə
quraşdırılmış stansiya radiaktiv şüalarıyla genefondumuzu
məhv etməkdədir,
at izi it izinə qarışıb. Bu xaotik
durumu təsvir etmək gerçəkdən
çətindir. Azər
Qismətin gözündən
heç nə yayınmır, bütün
ictimai-sosial bəlalar
ilbiz yığımı
fonunda təsvir edilir.
Yazıçı proza məkanında
tamamən fərqli bir düşüncə metodologiyası tətbiq edir, təhkiyə boyu öz konsepsiyasına
sadiq qalır. Şüur axını formasında yazılmış
dialoqsuz roman əslində
daxili dialoqlarla zəngindir. Bu daxili dialoqlar obrazların gündəlik yaşamını,
mənəvi dünyasını
kifayət qədər
dolğun şəkildə
əks etdirir. Bəs romanda niyə dialoq yoxdur? Dünya nəsrində dialoqsuz romanlar çoxdur. Amma
"İlbizlər"də dialoqların olmaması başqa bir səbəblə bağlıdır.
Məsələ burasındadır
ki, yazıçı 462 səhifəlik
romanı köhnə
mobil telefon vasitəsilə yazıb.
Tire, defis kimi durğu
işarələrini mobil
telefonda tətbiq etmək mümkün olmadığından müəllif
süjet xəttindən
kənara çıxmamaq
şərtilə düşüncələrinə
sərbəstlik verib.
Yəqin ki, Azər Qismət mobil telefonla roman yazan ilk yazıçımızdır. O, "Çuğullar"ı da metroda
telefonla yazıb.
Zaman - sovet imperiyasının dağıldığı dövr
Məkan - dağ kəndi,
meşə
Çağdaş romanının ana xarakteri
zamandır, süjet xətti zaman tunelindən keçir. Yazıçı
zamanda və məkanda möcüzə
yaradan sehrbazdır. Zamaniçi və məkaniçi fiqurların
ipi yazıçının
əlindədir. Məsələn,
Azər Qismət pudrasifət ekoloqla "dəli" İsmayılın
yerlərini dəyişə
bilərdi. Ekoloq da, İsmayıl da Pəricahanın
qızı Firəngizə
aşiq olurlar və aşiqlər arasındakı rəqabət
ilbiz biznesinə proyeksiya olunur. Bu zaman hadisələrin inkişaf
xətti tamamilə başqa istiqamətə yönələcəkdi. Ekoloqların
ilbizyığanlarla toqquşması
düyün nöqtəsidir,
onların meşəyə
gəlişindən sonra
vəziyyət daha da mürəkkəbləşir. Obrazlar
iki cəbhəyə bölünür və bir-birlərinə müqavimət
göstərirlər. Prosesin
yükü əsasən
Pəricahanın üzərindədir.
İlbiz yığımının
qəhrəmanı odur.
Firəngiz neytral zonada qərarlaşıb, köməkçi
obrazdır, o, atasının
çayına yuxu dərmanı qatıb onu yatızdırır ki,
anasının meşəyə
ilbiz yığmağa
getməsindən xəbər
tutmasın. Pəricahanın
arzuları məkanın
ötəsində, gələcəyə
fokuslanıb. Kefinəqulu
Həşimin deyəsən
heç arzuları yoxdur, o, cari öhdəliklərini yerinə
yetirməklə (Klavdiyanın
və özünün
cinsi ehtiraslarını
söndürməklə) məşğuldur.
Onun üçün
zaman indidən, məkan
isə Klavdiyanın yataq otağından ibarətdir.
Zamanı
dərisində, hüceyrələrində
hiss edən təkcə
milyonçudur, o, haram yolla
qazandığı pulların
hesabına zamana müqavimət göstərmək,
əbədi cavan qalmaq istəyir. Dirilik suyunu axtarmağa çıxan İsgəndər kimi o da
bəri başdan məğlubdur.
Müəllif zamanın və
məkanın fövqündədir,
o, gözə görünmür.
Kamerasını elə
yerdə quraşdırıb
k, nə oxucu, nə də obrazlar onu görə
bilmir. İnsanların
yaşam uğrunda mücadiləsi, ilbizlərin
özünümüdafiə strategiyası paralel xətlə davam etdirilir. İlbizlər insanları aclıqdan çıxarır, eyni zamanda özlərini də xilas edirlər.
Onların da öz yaşam qaydaları, arzuları, istəkləri
var. Belə deyək, ədəbiyyatımıza ilbiz
obrazını məhz
Azər Qismət gətirdi. Müəllifin
düşüncələrində, təhkiyəsində oxucunu
məmnun edən intellektual enerji, heyranlıq hissi doğuran bir dərinlik var. İlbiz diskursu romanın panoraması boyu yayılır və yazıçının təxəyyül
gücü zərrə
qədər də zəifləmir. Bu tipli geniş diapazon hər yazıçıda
olmur. Azər Qismətin güclü tərəflərindən biri
də budur. Onun təhkiyəsində vərdiş olunan reallıqlar başqa anlamlar qazanır. Müəllif yaxşı
mənada "bir budaqda oturub min budağı" silkələyir.
Bir məqamı da qeyd edim. Romanı oxuduğum vaxt yolda ayağımın altında nəsə xırçıldadı və
mən bərk həyəcanlandım. Bir anlıq
mənə elə gəldi ki, ilbizi tapdalamışam. Təsvir
edilən hadisələr
artıq mənm daxili dünyama nüfuz etmişdi. Bundan belə harda ilbiz görsəm,
Azərin obrazlarını
xatırlayacam.
Canavar təhlükəsi Demokl qılıncı kimi ilbizyığanların başı
üzərindən asılıb.
Məkan savaş meydanıdır. Canavarlar
da, insanlar da, ilbizlər
də yaşamaq istəyir. Bu mübarizə
romanda olduğu kimi həyatda da bütün canlıların
hərəkətverici qüvvəsidir.
Romanın girişindəki
"çərçivə xəbər"də canavarın
Pəricahanı parçalaması
ehtimalı duman kimi kəndin üzərinə çökür.
462 səhifə qət
etmiş səbrli oxucunu əsərin sonunda daha bir
"çərçivə xəbər" gözləyir.
Məkan zamanın 20 illik uzaqlığından
daha aydın görünür...
"İlbizlər" müstəqillik
dövrü ədəbiyyatımızın
ən qiymətli əsərləri sırasında
durmağa layiqdir. Çox güman ki, ədəbi tənqid romana layiq olduğu
qiyməti verəcək.
Qeyd:
"İlbizlər" "BİZklub" tərəfindən
nəşr edilib.
Kənan HACI
Ədəbiyyat qəzeti.- 2023.- 17 iyun.- S.8-9.