Səslər
Hekayə
Antonio
TABUKKİ (1943-2012) Tanınmış italyan nasiri, filoloq-portuqalisti və tərcüməçisidir.
Əvvəlcə bir qız zəng elədi. Son üç gün ərzində düz üç kərə zəng vuran bu qız eyni
sözləri aramsız
şəkildə təkrarlamaqdaydı:
"Yox, daha dözmürəm".
Belə
birisindən psixi asılılığa düşməməkdən
ötrü bəzən
sən hədsiz diqqətli olmalısan. Həm canıyananlıqla,
həm də ehtiyatlı davranmalısan
ki, telefon xəttinin o
biri ucundakı adam qarşısındakının
cansız mexanizm olduğunu ağlına belə gətirməsin. Daha bir vacib
şərt də var:
o, sizin səsinizdən
şübhələnməməlidir, yoxsa bu, vəziyyəti
qəlizləşdirə bilər
ancaq. Hə, özünü basqı altında hiss edən kəslərlə adətən
belə olur: anonim səslə kifayətlənməyən bu
tip adamlar etibar edəcəkləri birisini
arayırlar, eyni səsə güvənir,
məhz ona cani-dildən bağlanırlar.
Ən müşkül
durum isə eyni fikrə taxılan insanlarla bağlıdır,
çünki belələri
öz ətraflarında
möhkəm bir sədd-divar ucaldırlar. Başqasıyla məhrəmliyi
çətinliklə quran
belə tiplər bəzən telefonda elə şeylər danışırlar ki, eşidənin
tükləri biz-biz olur.
Ancaq bu səfər hər şey yolunda getdi: deyəsən, bəxtim gətirmişdi. Bir təsadüf
sonucu onu maraqlandıran məqama toxundum. Bənzər durumlarda keçərli sayılacaq daha bir qayda da var: zəng edən insanın maraq duyduğu mövzunu tapmalısan. Çünki
hər şeydən əl-ətək üzən,
real həyatla özü
arasındakı bütün
bağları qoparıb-atan
kəslərin də mütləq maraq duyduğu bir mövzu var, əlbəttə.
Həm də bu zaman həssasiyyət sırf sizin sərbəst iradənizə,
istəyinizə bağlı
olur. Bəzən xırda bicliklərdən
yararlanmağa da gərək
duyulur: məsələn,
vaxtilə mən tamamilə çıxılmaz
sayılan bir vəziyyətdən adicə
stəkanın köməyi
ilə çıxmışdım.
Deyək ki, telefon zəng çalır, dəstəyi qaldırırsan,
həmişəki sözlərini
təkrarlasan da, qarşı
tərəf susaraq səni dinləyir, üstəlik, nəfəsini
də içinə qısır. Buna rəğmən,
sən aşağıdakı
məzmunda cümlələri
durmadan üyüdüb-tökürsən:
dərdinizi dinləməyə
hazır olduğumuz, yəqin, sizə də bəllidir, əgər indi bizi eşidirsinizsə, dilə gətirmək istədiyiniz və ya ağlınızdan keçən ilk fikirdən
də başlaya bilərsiniz, çığırın,
söyün, lap sarsaqlayın
getsin, təki susmayın.
Qarşı tərəf susursa,
araya ölüm sükutu çökür.
Ancaq onu sizə zəng etməyə sürükləyən
bir səbəb mütləq varmış,
sadəcə, hələlik
siz bundan agah deyilsiniz, çünki həmsöhbətinizə
dair heç nə bilmirsiniz: qarşınızdakının xaricdən gələn və ya lal
biri də olması mümkündür,
axı nə biləsiniz?! Belədə
mən əlimə stəkan və karandaş alıb, deyirəm: qulaq as, hazırda dünyada milyonlarla insan var, ancaq indi sadəcə
ikimiz, eyni telefon xəttində də olsa, bir
araya gəlmişik, o
fikirlə də razıyam ki, indiyənəcən
nə bir-birimizi görmüşük, nə
də tanıyırıq,
buna rəğmən, məhz
indi rastlaşmışıq,
odur ki, gəl, bu imkanı birgə dəyərləndirək,
bəlkə, bunun bir faydası toxuna. Əgər məni eşidirsənsə,
gəl, belə bir oyun oynayaq:
indi, burada, qarşımda bir stəkan var, mən karandaşla ona vurmaqla səs çıxaracağam, ç-ı-n-n, eşitdin onu? Əgər eşitdinsə,
sən də eyni şeyi elə, həm də iki kərə
elə, əgər indi qarşında heçcə nə yoxdursa, onda telefonun dəstəyini dırnağınla taqqıldatman
da yetərlidir, bax, belə: tıq-tıq, əgər məni eşidirsənsə, bir cavab ver, xahiş
edirəm, bura bax, indi mən
ağlıma gələn
ən təsadüfi şeyləri ard-arda sadalayacağam və sən onlardan hansını xoşladığını
mənə söylə:
məsələn, dənizi
sevirsənmi, "hə"
cavabı üçün
iki, "yox" cavabına görə isə bir kərə
dəstəyi taqqıldat...
Qayıdaq o mənə zəng
edən qıza.
İlk iki dəqiqə
boyu o susur, sonra isə təkrarlamağa başlayır:
yox, daha dözmürəm, yox, daha dözmürəm, yox, daha dözmürəm,
yox, daha dözmürəm, yox, daha dözmürəm... Eyni sözləri durmadan təkrarlayıb, durur. Bir təsadüf sonucu mən fonda bir musiqi
səsləndirirəm. Bu gün
avqustun on beşidir və mən düşünürdüm ki, zənglərin
sayı nisbətən
az olar: həqiqətən də,
növbəyə başlamamdan
iki saatdan çox ötməsinə
baxmayaraq, hələ bir kimsə zəng vurmamışdı.
Havada bürkü vardı, özümlə xudmani bir ventilyator gətirmişəm işə,
ancaq o, zərrəcə
sərinlik vermir, şəhərdə isə
həyat donub sanki hamı şəhər kənarına
dincəlməyə gedib.
Kresloda yerimi rahatlayıb, nələrsə
oxumağa çalışıram,
ancaq az sonra kitab sinəmə düşür: axı, növbədə ikən mürgüləməyi mən
özümə heç
rəva bilmirəm, elədə reaksiyalarım
ölgünləşər və əgər bir zəng edən
olsa, ona necə yardım edəcəyimi biləmmərəm,
halbuki yardım xəttində ilk saniyələr
həlledici rola malikdir, yoxsa qarşı tərəf dəstəyi qoyar və onun ikinci
kərə bu nömrəni yığmağa
cürəti yetməyə
də bilər. Elə buna görə də mən Motsartın "Türk marşı"nı qısıq
səslə dinləməyə
başlayıram: bu şən melodiya insana yaşamaq eşqi aşılayır,
onun keyfini duruldur axı.
Qız zəng etdiyi anlarda fonda həmin
musiqi səslənməkdə
idi. Uzun-uzadı susandan sonra "Yox, daha dözmürəm"
cümləsini təkrarlamağa
başladı o. Mən
də heç mane olmadım, bənzər hallar üçün keçərli
bir qayda var: hisslərinin cilovunu açıb-buraxan insan mütləq öz ürəyini boşaltmalıdır,
istədiyi fikri istənilən qədər
təkrarlamaqda da o, sərbəstdir.
Ən nəhayət, susanda qızın qırıq-qırıq aldığı
nəfəs eşidildi
dəstəkdə və
mən dedim: bircə saniyə gözləyin, mən musiqini kəsim, ancaq o, etiraz elədi: yox, dəyməyin, qoy səslənsin. Həvəslə
razılaşdım: niyə
də səslənməsin?!
Bəs Bramsı necə bəyənirsinizmi?
Özümdən də
xəbərsiz həmin
an mən musiqinin belə bağlantılarda
bir körpü ola biləcəyi qənaətinə
gəldim və bu ideya yenə
sırf bir təsadüfün nəticəsiydi:
axı bəzən kiçik hiylələr də ilahi qüvvənin
diqtəsindən qaynaqlanır.
O ki qaldı Bramsla bağlı suala, onu dilə gətirməm,
görünür, mənim
şüuraltımda Saqanın
(fransız nasiri Fransuaza Saqanın "Siz Bramsı sevirsinizmi?" povesti nəzərdə tutulur -
A.Y.) eyniadlı əsəriylə
bağlı ilişib-qalıbmış.
Qız etiraz elədi: bu, Bramsın yox, Motsartın əsəridir.
Özümü bilməməzliyə
vurdum: necə yəni Motsartın əsəridir? Qız ruh yüksəkliyi ilə dedi: "Heç şübhə
ola bilməz ki, bu - Motsartdır, onun "Türk marşı"dır
səslənən". Bunun ardınca isə başına gələn qəziyyədən əvvəl
Konservatoriyada oxumasından
söz saldı.
Sonra hər şey öz axarına düşdü.
Zaman saqqız kimi uzanmaqdaydı. San-Domeniko kilsəsinin zəng qülləsində saat altını vuranda pəncərədən bayıra
boylandım: şəhərin
üzərinə bürkünün
doğurduğu xəfif
bir duman qatı çökmüşdü,
küçələrdə tək-tük maşın
dəyirdi gözə.
Kirpiklərimi boyadım
- hərdən mən
də özümü
canalıcı qadın
sayıram axı - sonra musiqi mərkəzinin
böyründəki balaca
divana yayxanıb, insanlar, həyat və iş-güc barədə fikirlərə
daldım.
Saat yeddinin yarısında daha bir zəng
gəldi. Yenə həmişəki cümlələri
təkrarladım, bəlkə
də, bunu nisbətən bezmiş halda etdiyim üçün
xəttin o biri ucunda bir karıxma
sezdim.
Sonra o kişi dedi: "Adım Fernandodur, ancaq bu, bir
feili bağlama deyildir".
Bizim işdə daha bir sınanmış qayda var: əgər ilk replikanı hərtərəfli
dəyərləndirsəniz, qarşı tərəflə
aranızda körpü
qurmağa istək duyduğunuzu göstərərsiniz.
Gülərək dedim
ki, mənim babamın
da adı Andreydir və heç o da şərti feil forması deyildi, sadəcə rus idi, vəssalam. Bu yerdə müsahibimi gülmək tutdu, sonra o, bildirdi ki, ümumiyyətlə götürəndə,
feillərlə onu birləşdirən nə
isə var: onlara xas özəlliklər bu müsahibim üçün də keçərliymiş. Əvvəllər
o, təsirsiz feil halındaymış. Mən
əlavə elədim
ki, əslində feilin
bütün halları
ifadələr qurmaq üçün yararlıdır.
Söhbətimizin bir allüziyaya bənzədiyini
düşünsəm də,
müsahibimi dəstəkləməyin
faydalı olacağına
qərar verdim. "Ancaq hazırda mən feilin lazım formasındayam, daha doğrusu, lazımam". Dəqiqləşdirməyə
çalışdım: "Necə yəni "lazımam"? O da dedi ki,
hazırda silah-sursat topladığı üçün
özü məhz lazım formasındadır.
Dedim: bəlkə də, ən böyük səhv - silahların məhz toplanmasıdır, yəni
tərk-silahdır və
bu səhv sırf qrammatikadan qaynaqlanır, çünki
döyüşən tərəflərin
qarşılıqlı şəkildə
silahlanması daha uyğun sayılardı, onsuz da ətrafımızda
istənilən qədər,
hətta bir ordu qədər silahsız insan var, inanın mənə.
O da:
"inanıram" dedi.
Əlavə elədim
ki, bu söhbətimiz
feilin hallanması cədvəlini xatırlatdı
mənə. O isə bu sözümə qısa və qaba bir hırıltıyla
qarşılıq verdi.
Sonra soruşdu: zamanın
küyü ilə heç tanışammı?
Yox, dedim, tanış deyiləm. Dedi ki, bunda qəliz heç nə yoxdur, onunla tanışlıq üçün yuxunun ərşə çəkildiyi
gecələrdə gözlərini
zülmətə sadəcə
zilləmən də yetərli olur və az sonra
sən o küyü mütləq eşidirsən:
o, ya çırpınan
dənizin uğultusunu,
ya da şikarını
parçalayan yırtıcı
heyvanın boğuq nəriltisini xatırladır.
Onun sözünü heç kəsmədim, müsahibim
isə bu xüsusda ətraflı açıqlamalara bir gərək duymadı və əlimdən başqa şey gəlmədiyindən oturub,
onu dinləməyə
məcbur qaldım. O ara müsahibimin fikri harayasa uzaqlara baş alıb getdi, söhbətin bağını,
ipini əlimdən qaçırtdım və
o, məntiqi ardıcıllığa-filana
hər hansı məhəl qoymadan başqa bir mövzuya adladı, bəlkə də, özünün o yuxusuz gecələri barədə
danışmağa indi
həvəs duymurdu. Yenə sözünü kəsmədim, çünki
qaydalara görə, bunu etmək bizə məsləhət
görülmür. Düşündüm
ki, kişinin səs tonu zərrəcə könlümə yatmır,
hədsiz isterika duyulan o səs hərdənbir pıçıltıya
da dönürdü. Dedi
ki, köhnə binadakı
geniş mənzili dədə-babadanqalma, ampir
üslubundakı mebellərlə
döşənibdir, xeyli
nimdaş xalı ilə, həyatdan narazılığı alt dodaqlarının
xəfif sallaqlığından
sezilsə də, özünü tox tutan cürbəcür qadın
və hökmlü kişi portretləriylə
doludur evi. Soruşdu: heç bilirsiniz insanların ağzı zamanla niyə elə şəkil alır? Çünki yaşanan ömrün bütün ağrı-acısı alt dodaqda
cəmləşməklə, onu aşağıya doğru dartmağa başlayır. Sözügedən
qadınlar qaba və sevgi hissindən
məhrum kişilərlə
yanaşı yuxusuz gecələr keçirdiklərindən,
qatlaşdıqları ağrı-acının
təsiriylə yataqda
oturub, gözlərini
məcburən zülmətə
zillədikləri üçün
bu sallaqlıq qaçılmazlaşırmış:
"O qadınlardan birinin əşyaları hazırda
mənim otağıma
bitişik qarderobdadır.
Şkaflardan birində
adamı əsəbiləşdirən
alt paltarları və
mələfələr, qadının
biləyinə taxdığı
qısa, qızıl qolbaq və tısbağa çanağından
hazırlanmış saç
sancağı var, məktub
isə komodda, şüşə qapağın
altında durur. Ən altda isə
Bazeldə istehsal olunmuş iri zəngli saat var və vaxtilə, hələ uşaq ikən, mən onu sökərək xarab eləmişdim.
Bir dəfə xəstələnmişdim
və yanıma gəlib, yoluxanım da tapılmırdı. İndi bunu
mən lap dünən
olubmuş kimi dəqiq xatırlayıram,
saatın zəngini eşidən kimi, yerimdən sıçrayıb,
onu yerə endirdim, arxa qapağını açdım,
bütün detallarını
sökdüm və bir də baxdım
ki, yatağıma sərilən
mələfənin üstü
xırda-mırda çarxlarla
doludur. Əgər istəyirsinizsə, o məktubun
mətnini indi sizin üçün təkrarlaya da bilərəm,
çünki başdan-sona
yadımdadır: axı
onu hər gecə dönə-dönə
oxuyurdum: "Fernando, kaş
biləydin ki, bu illər uzunu sənə necə dərin bir nifrət bəsləmişəm".
Belə cümlə ilə başlayan məktubun ardını təsəvvür eləmək
çox da çətin
olmaz, yəqin, demə zəngli saatın üstünə
örtülən qılaf
bu mətndəki nifrəti də ötən onillər boyu özündə hifz eləyibmiş".
Bunun ardınca müsahibim söhbətdə növbəti
keçidi elədi və bu dəfə
mən onun məqsədini aşkar şəkildə sezdim, çünki adam "Cakomino" deyə bir kişi adı
çəkdi.
Ondan soruşdum: o məktubun yazılma tarixi on beş avqustdur?
Bu tarixi mənə sırf şəxsi intuisiyam söyləmişdi
və qarşı tərəf deyiləni təsdiqləyincə, onu
da əlavə elədim
ki, bu gün o məktubun yazılmasının
növbəti ildönümüdür
və bu hadisəni mütləq layiqincə qeyd eləmək lazımdır,
bundan ötrü isə müsahibim gərəkli hazırlığı
görübdür, hətta
az sonra yararlanacağı silah da indi masanın üstündə, telefonun
böyründədir.
O susdu, təkrar sözünə davam edəcəyini umaraq bir az gözlədim,
ancaq o, ağzına su alıb, durmaqdaydı.
Vəziyyəti belə
görüncə, dedim:
"Fernando, bir az da döz, növbəti ildönümünə qədər
gözlə, daha bir il dözməyə çalış". Bu xahişin
gülünclüyünün fərqinə həmin dəqiqə özüm də vardım, ancaq neyləyəydim, həmin an ağlıma başqa heç nə gəlmirdi, bu son cümləni də mən sırf nəsə söyləmək xatirinə
dilimə gətirmişdim.
Mən
tam əminəm ki, istənilən
söhbətdə ən
vacib məqam - sözlər yox, məhz qarşılıqlı
anlaşmadır. İndiyədək
telefonla apardığım
ən müxtəlif söhbətlər zamanı,
həm də ən ağlasığmaz
durumlarda adətən
mən bu cür anlaşmaya varmağa çalışmışam.
Yaranmış durumda anlayırdım ki, indiyədək
topladığım təcrübə
artıq bir işə yaramır və elə çarəsizliyə qapılmışdım
ki, indi özüm də dərd dinləyəcək, ağıllı
məsləhətlər verəcək
birisinə ehtiyac duyurdum.
Ancaq bu vəziyyət cəmi bircə an çəkdi, o, hələlik
susurdu, bundan yararlanaraq, cəld özümü ələ
aldım və onu necə dilə
çəkəcəyimə qərar verdim. Sözü onu gələcəkdə gözləyən
xırda perspektivlərin
üzərinə gətirə
bilərdim və elə belə də elədim. Dedim ki, həyatdakı perspektivlər cürbəcür
olur: məsələn,
böyük perspektivləri
adətən hamı daha önəmli sayır, bundan başqa bir də xırda miqyaslı, yəni mikroperspektivlər də
var. Mən də razıyam ki, bu dünyada hər şey nisbidir, əgər ana təbiət
özü həm qartalın, həm də qarışqanın
mövcudluğunu uyğun
görürsə, onda
sizə sual verirəm: bəs insanoğlu niyə bir qarışqa kimi, xırda perspektivlərlə kifayətlənərək
yaşamasın?! Hə,
hə, məhz xırda perspektivlərlə?!
Mən bu sözləri dönə-dönə təkrarladığım
anlarda müsahibim bu tapıntıya heç gözlənilmədən
maraq duydu və soruşdu: "Dediyiniz o xırda perspektivlər nədən
ibarətdir axı?"
Mən də bu məsələni ona cani-dildən açıqlamağa başladım.
Xırda perspektivlər
modus vivendidir, anladınızmı?
Və ya belə deyək: insanın diqqətini, həm də bütün diqqətini həyatın ən önəmsiz detalına cəmləşdirməsidir: sanki
bu detal həyatda həm ən vacibdir, həm də ona aşkar istehza ilə yanaşmalısan, yəni
həyatda hər şeyin nisbi olduğunu bildiyin üçün onun heç də önəmsiz bir faktor olmadığıyla
barışmalısan. Bundan
ötrü sevimli məşğuliyyətlərin siyahısını tutmaq,
qeydlər aparmaq, həyatını ciddi bir qrafikə salmaq və heç nədə özünə güzəştə
getməmək vacib şərtdir. Bu xırda perspektivlər isə konkret məqamlara köklənməyin ən
konkret üsuludur.
Ona anlatdığım bu fikirlərə əslində
heç özüm də inanmırdım, ancaq bütün bunlardan məqsədim onu nəyəsə inandırmaq deyildi, ona heç fəlsəfə daşının
sirrini-zadı da açmaq
istəmirdim. Yetər
ki, o, öz problemlərinin
başqa birisini də narahat etdiyini öyrənsin, buna
cavabdeh şəxslərin
var olduğunu anlasın.
Ondan ötrü edə biləcəyim tək şey məhz bu ola bilərdi. O soruşdu ki, mənə, evə zəng edə bilərmi? Təəssüf
ki, dedim, evdə telefonum yoxdur. Bəs işə necə? Əlbəttə,
zəng edin, həm də istədiyiniz qədər...
ancaq yox, sabah bu mümkün
olmayacaq, çünki
sabah iş yoldaşımın növbəsidir,
ancaq mənim adıma bir qeyd, ismarıc qoyularsa, məsləkdaşım
onu mütləq mənə çatdıracaq
və bu sayədə mən müştərimizin xırda
perspektivlərə köklənməklə
keçirdiyi ötən
günün nəticələrini
öyrənməkdən böyük
sevinc hissi duyaram.
O, xahişə-minnətə gələn
birisi kimi mənimlə nəzakətlə
sağollaşdı. Axşamın
nə vaxt düşdüyündən heç
xəbərim olmamışdı.
Bəzi telefon zəngləri adamdan ağlasığmaz gərginlik
tələb edir axı. Pəncərədən
çölə baxınca
gördüm ki, "Qulliver"
ləqəbli iş yoldaşım küçənin
artıq bu biri üzünə keçir. Növbəni ona təhvil verəcəkdim: bu adam necə hündür idisə, hətta göydələnin
təpəsindən də
baxanda onu qalan kütlədən ayırd etmək olardı. Əbəs yerə adını "Qulliver" qoymamışdıq
ki!
Əşyalarımı toplayıb, getməyə hazırlaşdım.
Yalnız indi fərqinə vardım ki,
saat doqquza on dəqiqə qalıb və lənət şeytana, axı, bu gün mən
saat doqquz üçün evdə olacağım barədə
Pakoya söz vermişdim. İndi hər
nə qədər tələssəm belə,
saat onun yarısından erkən evə çata bilməzdim. Adi günlərdə
onsuz da ləng işləyən ictimai nəqliyyat avqustun on beşində yağlı
əppək olub, qeybə çəkiləcəkdi,
yəqin! Ən yaxşısı - evə
piyada getmək idi!
Ox kimi Qulliverin böyründən ötüb-keçdim,
heç ona mənimlə salamlaşmaq
imkanı da tanımadım,
ancaq o, arxamca məzəli atmacalar dedi və pilləkənlə
enərkən bircə
onu deyə bildim ki, bu gün
görüşüm var, Allah xətrinə, gələn
səfər işə
bunca gecikməsin və hətta ventilyatoru da işlək vəziyyətdə qoyub otaqdan çıxmışam,
hərçənd tənbəl
məsləkdaşım bunu
əsla haqq eləmir.
Gözlərimə inanmırdım: binadan
çıxanda 32-ci marşrutun
tini burulduğuna şahid oldum, onunla ta evimə qədər getməsəm
belə, yolumu xeyli qısalda biləcəkdim. Sapanddan uçan daş kimi özümü avtobusun içinə atdım, içəri tamamilə boş idi: ilin-günün bu vaxtında 32-ci marşrutun boş salonunda getmək ürəyimə yağ kimi yayıldı, vallah. Sürücü maşını necə ləng sürürdüsə,
az qalırdım üstünə çımxırım,
ancaq görəndə
ki, zavallının gözlərində
həyat eşqi tamamilə sönüb, bu fikrimdən daşınmalı oldum.
Əgər Pako özündən
çıxsa, özümü
müdafiə üçün
deyərəm ki, mən
quş-zad deyiləm
ki, uçaraq evə gəlim. İri mağazalara yaxın dayanacaqda avtobusdan endim və yeyin
addımlarla evə tərəf yönəldim.
Həmin vaxt saatım doqquz iyirmi beşi göstərirdi və bundan belə heç qaçmağın
da bir mənası qalmırdı artıq, həm gecikməm, həm də yarış atları kimi tövşüyərək,
qan-tər içində
kandarda zühur etməmə nə hacət vardı axı?!
Açarı səssizcə kilidə
taxıb, burdum. Ev səssizliyə və zülmətə qərq olmuşdu. Niyə görəsən,
içimi bir təlaş hissi bürüdü, naxoş
bir şey baş verdiyini və
hövlləndim. Ona səsləndim:
"Pako, Pako, mənəm ey, gəlmişəm". Sonrakı
saniyələrdə qapıldığım
çarəsizlikdən nəfəsim
tamam daraldı. Kitabları və çantamı girişdəki
tumbanın üstünə
qoyub, qonaq otağının qapısına
yanaşdım. Təkrar
səsləndim: "Pako,
Pako". İlahi, bəzən səssizlik necə də qorxunc olurmuş! Əgər burada olarsa, ona nə
deyəcəyimi yaxşı
bilirdim, deyəcəkdim
ki: "Pako, bu gecikmənin günahkarı
mən deyiləm, bir müştəriylə
uzun-uzadı söhbətə
dalmışdım. Avtobusların
da sayı bu mövsümdə yarı-yarıya
azalır: bu gün avqustun on beşidir axı".
Balkonun qapısını örtməyə
yollandım, adətən
bağda bir sürü ağcaqanad qaynaşır və işığı yandıran
kimi onlar bulud kimi otağa
təpilirlər. Yadıma
düşdü ki, soyuducuda
iki kiçik bankada balıq kürüm və paştetim var, düşündüm:
onları dadmağın
və hətta bir Mozel şərabı
açmağın tam vaxtıdır.
Sarı rəngli kətan süfrəmi masaya sərib, bir qırmızı şam yandırdım. Bu şamın işığında
mətbəx mebelimin açıq rəngi mənə heç ummadığım bir könülxoşluğu aşıladı.
Süfrəni hazırlayarkən qısıq
səslə yenə onu çağırdım:
"Pako, Pako".
Əvvəlcə qədəhimə qaşıqla
sakitcə toxundum, çın-n-n, sonra daha güclü toxunuşa gərək duydum: çı-ı-ı-n-n-n
və bu cingilti səsi bütün evi başına götürdü.
Qəfildən lap ilhama
gəldim. Masada qarşı
tərəfimə salfet
qoyub, yanına boşqab, qədəh və çəngəl-bıçaq
düzdüm. Hər iki qədəhə şərab süzdüm.
Vanna otağına gedib,
özümə bir az əl gəzdirmək
qərarına gəldim:
birdən o, həqiqətən
indilərdə gələr
ha. Əgər elə
olsaydı, qapımın
zəngi iki kərə çalınasıydı
(adətən o, zəngi
bu cür çalır axı) və mən üzümə sirli bir ifadə qonduraraq, qapını açıb, ona deyəcəkdim ki, heç
özüm də səbəbini bilmədən
ikinəfərlik süfrə
açmışam və
nədənsə bayaqdan
bəri oturub sənin gəlişini gözləyirdim!
Bir Allah bilir ki, bunu eşidincə, onun sir-sifəti hansı kökə düşəcəkdi.
Dilimizə çevirdi: Azad Yaşar
Ədəbiyyat qəzet.- 2023.- 17 iyun.- S.12-13.