Addım-addım

 

Yarpaq-yarpaq tökülərsən içindən,

Şehli qalar dodağında gülüşün.

Qatar-qatar arzuların köçündən,

Əl eyləyər uzaqlara öpüşün.

 

Bir od düşər ürəyinə beləcə,

Qayğıların cüt asılar yaxandan.

Yıxılarsan fikirlərin üstünə,

Ürpənərsən gözündəki baxandan.

 

Neçə küçə baxışına qısılar,

Unudarsan özün boyda kədəri.

Addım-addım gedənlərin dalınca,

Addım-addım ovudarsan şəhəri.

 

Əlindəki əsa döyər ağrını,

Ayaqların daşımaz o yükünü.

Düşüncələr ağarar saçlarında,

Kəsə bilməz dərdlərinin kökünü.

 

Bütün ömrün öz-özünə yad gələr,

Gözün çəkən yollar geri qayıtmaz.

Asta-asta əcəl döyər qapını, -

Yuxu, - deyib, heç kim səni oyatmaz.

 

Uzun zaman sonra

 

Ayaq səslərimdən oyanır sükut,

Divarlar diksinib gözünü ovur.

Əsnəyir pərdələr, tənbəl küləklə

"Mən" dolub otağa yuxunu qovur.

 

Çıxarıb üstümdən yorğunluğumu,

Alıb öz qoynundan atır pəncərəm.

Açıq sinəsilə təmiz havadan

Fərahlıq gətirib qatır pəncərəm.

 

Dağınıq şəfəqlər sərilir yerə,

Hardasa bir küncdən qaçır yoxluğum.

Köhnəlmiş qapımın güzgülərindən

Boylanıb "göz vurur" mənə "çoxluğum".

 

Divardan yapışıb qalan saat da

Qocalıb, əqrəblər sözünə baxmır.

Elə mən gedəndən deyəsən onda,

Zaman geriyədir, irəli axmır.

 

Budur, çarpayım da yorğan-döşəkdə,

Gözünü zilləyib tavana sarı.

Bilirəm, darıxıb mən olmayanda,

Gözləyib haçansa gələr Nigarı.

 

Gedirəm özümə gəlməyə

 

Çəkil, dünya, çəkil, çəkil...

Gedirəm özümə gəlməyə.

Elə vaxt ağlayıram,

Başın qarışır gülməyə...

Gül, gül doyunca,

Ağladığın,

            ağladığım yol boyunca,

İçinə qov kədərini,

Tut boynundan, as gülüşdən

o həyasız qəhərini.

Gül...

            Gül, təki gülüşlər bilməsin,

Dodağının arxasında

açmadığın dərd qapısı,

Hansı sirlə, hansı həyat

şilləsindən qıfıllanıb...

Gül,...

            Təki heç kim bilməyə...

var ki, gülə-gülə,

yeriyə-yeriyə,

Ayaq üstə ölməyə?

 

Çətin ki...

 

Bir bu yerlərdən keçməyəcəyəm,

Burda xatirələr boyumacandı.

İçib gözlərimdən ümidlərimi,

Yeyib ürəyimi doyanacandı.

 

Daha bu yolları tikan, kol basıb,

Keçən günlərimsə ayaqyalındı.

Sənli arzularım quru xəzəltək,

Sənli xəyalların tozu qalındı.

 

Çətin ki isinə canı bu yerin,

qədər geyinsə çiçəyi, otu.

Bəlkə kimlərinsə ilk görüş yeri

Bizim sevgimizin olar tabutu.

 

Uşaqlığın dalınca

 

Uzaqlaşıb gözlərim yavaş-yavaş,

Eynəyimdən baxır yaşa dolunca.

Ayaqlarım məndən əvvəl yüyürür,

Qaçıb gedir uşaqlığın dalınca.

 

Gur saçlarım gəzir hörük vaxtını,

Bu qış kimi çılpaqlaşıb ağarır.

Darıxdıqca üzümə, əllərimə,

Zaman yol-yol qırışları çağırır.

 

Nağıl-nağıl qocalıram beləcə,

Nağıl-nağıl söhbətimdən, sözümdən

Ağrılarım körpələşir balam tək,

Düşmür bir an qucağımdan, dizimdən.

 

Köhnə illər ağ-qara nöqtə kimi,

Gəlib durur domino daşlarında.

Hər oyunda uduzuram nəvəmə,

Bilə-bilə bu "uşaq" yaşlarımda.

 

Sən gedəndə...

 

Mən coğrafiya dərslərindən

həyatın qızarmış gözlərini görürdüm.

Vulkan kimi püskürən gerçəkləri,

gerçəklərin lavasında

            yalanların süründüyü düzənləri,

ən uca dağların yerə çökən dizlərini görürdüm...

Bütün ölkələrdə eyni külək əsirdi,

eyni yağış yağırdı...

Mən özüm ölkə idim, mən özüm ...

Sənin kimi bir ölkəni ram etmək istəyəndə,

ürəyimdə bir zəlzələ olurdu.

Ən kobud, ən keçilməz yerlərin

            lap dərin qatlarında

şirin sular axırdı, saf bulaqlar axırdı...

Ən uzaq ərazidə ən gözəl varlıqların

            üzlərini görürdüm...

Sən gedəndə...

Sən gedəndə başa düşdüm ki,

insan ən böyük aysberqdi:

İllərlə əriyib ölümə doğru axır...

 

Oyan

 

Səndən sonra

bir az yuxu tapım deyə,

Gecələri hey çevirdim

o üzünə, bu üzünə...

Axır bir gün dan söküldü,

Günəş güldü,

Gecə durdu üzümə,

Dedi: - Oyan...

Oyan, hər şey yuxu idi...

Bu sevginin əvvəlindən

Sən var idin, o yox idi...

 

Nigar Arif

 

Ədəbiyyat qəzeti.- 2023.- 17 iyun.- S.15.