Daha nə
umarsan
dünyadan, könül?
Ömrüm ömürlərə calandı, getdi,
Yad-yalan odumda qalandı,
getdi,
Beləcə bir ömür talandı, getdi,
Daha nə umarsan dünyadan, könül?
Sən görən zirvələr
ucadan-uca,
Çatmaz neçə ömür
düysəm uc-uca.
Kimdi qiymət verən mənəvi borca,
Daha nə umarsan dünyadan, könül?
Ağıllı ötürür bir-bir
ayları,
Dəli
vurub keçir coşqun çayları.
Qiymətə mindirdik ağlı
zayları,
Daha nə umarsan dünyadan, könül?
Bir ömür verilib, vallah, hərəyə,
Gözləmə o dağı durub
yeriyə...
O yaz bəlkə döndü bir gün geriyə,
Daha nə umarsan dünyadan, könül?
Dinsəm
deyəcəklər, dinmə
qonaqsan,
Dünya,
çoxuna yay, mənə
sazaqsan.
Yol çəkən gözlərim,
yoldan uzaqsan,
Daha nə umarsan dünyadan, könül?
Eləcə mavidir o göy,
o dəniz,
Hələ də sayrışır
o uzaq yıldız.
İlahi,
beləcə kirimiş,
yalqız
Daha nə umarsan dünyadan, könül?
Bu dünya
Yaşa
bu dünyada bir az narahat,
Bir azca qüssəli, bir az pərişan.
Adımı dilinə gətirmə
heç vaxt,
Qəlbində, könlündə yaşat
hər zaman.
Səni
kim itirə... məni kim tapa,
Taleyə
bağlarıq ümidimizi.
Əriyər güneydə qar
topa-topa,
Qüzeylər hifz edər izlərimizi.
Bu tale oyunu gizlənpaç deyil,
Qəm yemə, sən varsan,
mən varam, demək.
Bu dünya çiçəkmiş-lalə,
qərənfil,
Bir azca tufanmış, bir azca külək.
***
Seyrək
bulud göydə üzür tül kimi,
Gülə-gülə gözlərindən
yaş tökür.
Yoxsa qəmi səmadan da qəlbimi?
Şimşəklərin qəzəbilə
hönkürür.
Buludlardan
qopub gələn ağ yağış,
Yer üzünə qovuşmağa
can atır.
Sən göylərin nəğməsisən,
yağ, yağış,
Hər xalında neçə-neçə
sirr yatır.
Salxım
söyüd pərişandır,
ona bax,
Asta-asta
tellərini bir dara.
Buludların qulağına sırğa
tax,
Qoy oxşasın toya gedən qızlara.
Sabaha bir ömür
var...
Gözümün giləsinə
Sıxmışam kainatı.
Yumub, açdım bircə an
İtirdim bu həyatı.
Heydən
düşmüş dünyada,
Bu bürüşmüş dünyada,
Bircə
göz qırpımı
da
Nə zor imiş dünyada
Bir işıq arayırsan,
Fərqi
yox, yaşıl, sarı.
Yoruldun geri qaldın
Hər şey yarıbayarı.
Ağacların, güllərin
Dilini öyrənmişəm.
Bəzən aydın, buludsuz,
Bəzən duman, çənmişəm.
Dünən yoxdur, bu gün var,
Ömür xəzri, gilavar,
Sabah varmı? Ya qismət,
Sabaha bir ömür var...
Dövran yaman dövrandır...
Min ildir yol gəlirəm,
Mənzilə çatmamışam.
Nə bir dost, nə bir həmdəm
Arayıb,
tapmamışam.
Cismim dərdə aşiyan,
Ruhum göylərə uçdu.
Mənzilim göy, kəhkəşan,
Yolum eniş-yoxuşdu...
Mən dağlar övladıyam,
Anam dağ, atam zirvə.
Heç
nə əbədi deyil,
Ömür yol gedir hələ...
Sanma dağ-daş əbədi,
Hər şey ürəkaçandı.
Sənə doğru, ilahi,
Yol gəlirəm haçandı...
Könül qırıq, ruh
xəstə,
Sanki axır-zamandır.
Vaxt ötür asta-asta,
Dövran
yaman dövrandır...
Taleyim
Dağlarda dünyaya göz
açdığımdan,
Sanıram taleyim belə sərt olub.
Ötən günlərimdən söz açdığımdan,
Xatirə
dumanı mənə dərd olub.
Xırda
komaları, lal kəhrizləri,
Anmışam hər payız,
anmışam hər qış.
Yalçın qayalarda qartal izləri
Salıbdır qəlbimə əbədi
naxış.
Ulu keçmişimin nişanələri,
Uçuq
daxmaları - ilk məhəbbətim.
Uca zirvələri - kaşanələri
Olub ilk sədlərim, ilk sərhədlərim.
Yanıb
qovruluram hey için-için,
Yaxşı ki, iztirab görünmür
gözə.
Mən öz bəxtim üçün, öz taleyimçün
Düşürəm alova, düşürəm közə.
Çalır şahmar kimi bizi hər naşı,
Neyləsin, yaxşılıq gəlmir
əlindən.
Sızlayır, sızlayır qəlbimin
başı,
Düşür saçlarıma yavaş-yavaş
dən.
Yolumu kəsdikcə payızlar,
qışlar,
Qəlbimdən baharı ata bilməyir.
Tökdükcə başıma qarlar,
yağışlar
Boran məqsədinə çata
bilməyir.
Gileyli deyiləm öz taleyimdən,
Yaxşı ki, əzəldən belə sərt olub.
Məni
keşməkeşə salsa da hərdən,
Ancaq kişi kimi daim mərd olub.
Hər
zaman vüqarlı, qürurlu,
ötkəm,
Beləcə ömr edib yaşaya bilsəm...
Demərəm özümə heç
taleyikəm,
Çiynimdə el dərdi daşıya bilsəm.
Ay ürək
Bir dəli həsrətə tuş etdin məni,
Qəfəsdə çırpınan quş
etdin məni,
Çıçəkli yaz idim, qış etdin məni,
Alışdım, odlandım, yandım,
ay ürək.
Kövrəldin, qəribtək düşdün
qürbətə,
Lənətlər yağdırdın taleyə,
bəxtə,
Nə mehrə inandın, nə də ülfətə,
Bəzən öz eşqini
dandın, ay ürək.
Min ömür yaşadım bircə anda mən,
Yollarım olmadı zümrüd,
göy çəmən.
Sıxıldım tay-tuşlar içində
bəzən,
Özünü kimsəsiz sandın,
ay ürək.
Sən mənim ömrümə çıraqsan, çıraq,
Kim deyir dünyada qonağıq, qonaq.
Ulu dünyamızda hamıdan
qabaq
Sən məni anlayıb, qandın, ay ürək.
İntizar
Səni
gözləyirəm, bayaqdan
bəri,
Bilirəm intizar hədərdir,
hədər.
Söylə, bu dünyanın
axşam-səhəri
Yolunu azacaq nə vaxta qədər.
Həsrətin, bilirsən bu gündən belə,
Mənim
yollarımda nurlu çıraqdır.
Göydə qütb ulduzu sönməyib hələ,
Yuxular gözümdən necə
iraqdır...
Dəyişik düşübdür hər şey, büsbütün,
Sənsiz
bir də çətin çiçəklənərəm.
Olub-keçənləri unudub bir gün
Sənə qovuşmağa ürəklənərəm.
Yox,
daha mən səni sevməyəcəm
Dünyanın kələfi gözümdə
tordu,
İndi ümidlərim kül altda qordu,
Ah, bu keşməkeşlər
məni də yordu...
Zirvədə dumanam, yamacda çənəm,
Yox, daha mən səni
sevən deyiləm.
Əlimdən tutanım, köməyim
olmaz,
Sönrə min həvəsim, diləyim
olmaz,
Bilsəm
suyum olmaz, çörəyim olmaz,
Yenə
bu taledən gileylənmərəm,
Yox, daha mən səni
sevən deyiləm.
Ağ tellər saçımda ağ çiçək deyil,
Bütün parıltılar bər-bəzək
deyil,
İndi ürək daha o ürək deyil,
Tökülən yarpağam, saralan
güləm,
Yox, daha mən səni
sevən deyiləm.
İndi gündüzlərim gecədir,
gecə,
İndi gecələrim dönüb
bir heçə,
Ürəyim həsrətdir xırda
sevincə,
Payızdan kövrəyəm, qışdan
qəmliyəm
Yox, daha mən səni
sevən deyiləm.
Hissim, duyğularım azmış
gəmidir,
İndi baharım da payız kimidir.
Ürəyim qırılmış kaman simidir,
Ağzı göyçəklərə söhbətəm, sözəm,
Yox, daha mən səni
sevən deyiləm.
Qürurum özümdən çox-çox
ucadır,
Çiçəyim yarpızdır,
gülüm yoncadır,
Kim deyir məhəbbət ta ölüncədir,
Alovdum, atəşdim, indisə küləm, -
Yox, daha mən səni
sevən deyiləm.
Bu nə etirafdır, nə də tövbədir,
Nə də ürəyimə dolan şübhədir.
Daha aydınlıqlar mənə
kölgədir,
İndi özüm boyda nisgiləm, qəməm,
Yox, daha mən səni
sevən deyiləm.
Günəşim tutqundur, ayım
bumbuzdur,
İndi hər işartı mənə ulduzdur.
Görən bu sevdada sənmi uduzdun,
Yoxsa mən bilmədim nəçiyəm, kiməm,
Yox, daha mən səni
sevən deyiləm.
Dəniz yaxın olanda
Sularla bölüşüb insan
qəmini,
Xatırlar... o uzaq görüş
dəmini.
Gəzər sahillərdə öz
həmdəmini
Dəniz
yaxın olanda.
Uzadar ləpələr dodaqlarını,
Öpər bir gözəlin
ayaqlarını.
Sevincə bürünər ömrün
hər anı
Dəniz
yaxın olanda.
Hər dalğa bir misra şeir deyilmi?
Sular kövrək təbli şair deyilmi?
Gözəllər məskəni sahil
deyilmi
Dəniz
yaxın olanda?
Cavanlar burada küsər, barışar,
Həsrətli könüllər yenə
qovuşar.
Sükut
öz dilində nəsə danışar
Dəniz
yaxın olanda.
Yaşar
xatirəmdə bir mavi səhər,
Dəyişər fəsillər, dəyişər
illər.
Ürək nə qəm bilər, nə qüssə, kədər
Dəniz
yaxın olanda.
Gedən yerim olaydı
Kimsə
bu qapını aşası bir gün,
Üstümə gur işıq saçası bir gün,
Bu
dünya əlimdən qaçası
bir gün...
Gedən
yerim olaydı...
Ürəyim yurd yeri, özüm təptəzə.
Nisgilim,
kədərim görünməz
gözə.
Bir gün Naxçıvandan küçib Təbrizə,
Gedən
yerim olaydı...
Baxmayıb anamın deyinməyinə,
Dan üzü qoşulub səhər mehinə,
Batıb
gül-çiçəyin zərrin şehinə,
Gedən
yerim olaydı...
Ömrün çoxu qalıb, yoxsa ki, azı,
Həsrətlə gözlərəm hər
gələn yazı...
Məni
qorxutmayır ömrün
payızı,
Gedən
yerim olaydı...
Hara tələsirsən, hara, ey
həyat,
Səndən bir dözümdür
mənə mükafat,
Arzular, diləklər, ümidlər
boyat,
Gedən
yerim olaydı...
Enib Novxanıdan Xəzərə
sarı,
Qumlu sahillərlə üzüyuxarı,
Gah səhər, gah axşam,
gah gecəyarı,
Gedən
yerim olaydı...
Bir uzaq ulduzam sirli,
pərişan,
Mənzilim, məskənim sonsuz
kəhkəşan,
Bezib o ulduzlu göylərdən bir an,
Gedən
yerim olaydı...
Dünyanın enişi, yoxuşu
belə,
Ən təzə sevinclər yoldadır hələ,
Lap elə düşmənlə
verib əl-ələ,
Gedən
yerim olaydı...
Ofelya BABAYEVA
Ədəbiyyat
qəzeti.- 2023.- 17 iyun.- S.5.