Poeziyanın və elmi
fikrin ön cərgəsində
Qasım Qasımzadə-100
Bu il görkəmli Azərbaycan
şairi, ədəbiyyatşünas,
publisist, tərcüməçi
Qasım Qasımzadənin
(1923-1993) anadan olmasının
100 illiyi tamam olur. Qasım müəllim bütün
həyatını, ömrünü
ədəbiyyata, onun
yeni, bənzərsiz nümunələrinin
yaranmasına, tədqiqinə,
təbliğinə, nəşrinə
həsr edən bir qələm, düşüncə sahibi
olmuşdur.
Özündən sonra
onun "Bizim şəhər" (1951), "Bizim kənd" (1953), "Bizim
dağlar" (1955), "Ürək
döyüntüləri" (1959),
"Son görüş" (1960), "Kiçik dayə"
(1962), "Nəğməli ürəklər" (1963), "Bənövşə yarpağı"
(1964), "İsmət" (1966), "İnsan min il yaşardı"
(1973), "Keçmə namərd
körpüsündən" (1975), "Dağlar buraxmır məni" (1978), "Daşdan
keçən söz"
(1981), "Səndən ayrılalı"
(1985), "Şəfa çantası"
(1986) adlı şeir,
"Aşıq gördüyünü
çağırar" (1969), "Getdim, gördüm, düşündüm" (1971), "Ədəbiyyatımız, mənəviyyatımız"
(1988) adlı şeir kitabları yadigar qalmışdır.
Uzun illər "Ədəbiyyat
və incəsənət"
qəzetində redaktor,
AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat
İnstitutunda şöbə
müdiri vəzifəsində
çalışan Qasım
Qasımzadə həm
də cəsarətli
bir naşir, bənzərsiz, analitik təfəkkürə malik tədqiqatçı
və publisist kimi
də tanınır və sevilirdi. O, filologiya elmləri doktoru, Dövlət mükafatı laureatı idi. "Nikolay Ostrovski"
(1955), "Azərbaycan ədəbiyyatında
xalqlar dostluğu"
(1956), "Süleyman Rəhimov"
(1960), "Ədəbiyyatda millilik və beynəlmiləllik" (1982) kimi
sanballı monoqrafiyalarının
müəllifi idi. Qasım Qasımzadənin
sözlərinə bəstələnmiş "Olmaz,
olmaz", "Könlümün
növrağı", "Qonşu olmaq istəmirəm səninlə"
və s. mahnılar indi də dillər
əzbəridir. Əsərləri
bir sıra dillərə tərcümə
olunub.
Özündən sonra zəngin ədəbi irs qoyub gedən Qasım Qasımzadəni bütün ömrü, yaradıcılığı boyu
xalqımızın azadlığı,
müstəqilliyi məsələsi
düşündürmüşdür. O,
heç zaman vətənin
taleyinə biganə qalmamış, simvolik obrazlarla olsa da, Azərbaycanımızın işıqlı
gələcəyini, ikiyə
bölünmüş xalqın
birləşməsini təsvir
etməkdən çəkinməmişdir.
O, həmişə öz
məsləki, amalı
uğrunda mübarizə
aparmış, şərəfli
bir ömür və yaradıcılıq
yolu keçmişdir.
Şairin bu misralarını onun yaradıcılıq leytmotivi
hesab etmək olar:
Məsləkim yolunda gəlsəm
üz-üzə,
Məndən əfv ummasın
doğma qardaşım.
Hər yerdə, həmişə
haqq gəzə-gəzə
Ağ gün yollarında ağardı başım.
Təzə arzuluyam, qocaltmaz
zaman
Yüzə yetişsəm də
bu minval ilə.
Güclüyəm - millətim ümmandır,
ümman,
Artır,
həmrəy olur o, ildən-ilə.
Mən də o ümmanın bir qətrəsiyəm,
Bir gün buxarlanıb qalxsam göylərə,
Yenə
damla olub düşəndə yerə
Bir əməl çiçəyi
bitirəsiyəm,
Xalqıma töhfə tək
yetirəsiyəm.
Ədəbiyyatşünas alim Səfurə
Quliyeva Qasım Qasımzadəyə həsr
etdiyi "Ot kök üstə bitər" məqaləsində
Qasım Qasımzadənin
şəxsiyyətindən, onun vətənpərvərliyindən
məhəbbətlə söhbət
açır və maraqlı bir faktı oxucuların diqqətinə çatdıraraq
yazır: "1950-ci illərdə
Qasım Qasımzadə
ilə Bəxtiyar Vahabzadə yaxın dost idilər. Bir dəfə onlar axşam gəzintisinə çıxmışdılar.
Bir çox şeirlərini
kitabdan çıxarıb
sovet ideologiyasına cavab vermədiyi üçün nəşrinə
qadağa qoyan Qlavlit rejimindən gileylənir, haqsız məruz qaldıqları töhmət və xəbərdarlıqlardan xeyli
qanıqara idilər. Həmçinin ikiyə bölünmüş Azərbaycanın
taleyi ilə bağlı yanğılarını
bölüşürdülər. Bəxtiyar papiros çıxarır. Alışqanı
götürmədiyi üçün
daha da əsəbiləşir.
Bəxtiyarın bədbinliyinin
əksinə olaraq Qasım deyir ki, bu millət mütləq xoşbəxt
olacaq. Həmin anda yerdə bir kibrit qutusu
görürlər. Bəxtiyar
deyir ki, əgər qutunun içində bircə yanmamış çöp qalıbsa, demək sən deyən kimi olacaq. Qasım qutunu yerdən götürüb açır.
Hər ikisi uşaq kimi sevinib bərkdən gülüşürlər. Qutu
ağzına kimi yanmamış çöplə
dolu idi. Bəxtiyar həmin qutunu böyük duyğuların nə vaxtsa alışacaq simvolik qığılcımı
kimi indiyədək qoruyub saxlayır".
Bu maraqlı fakt hələ yaradıcılığa
başladıqları ilk illərdə
bu iki şairi
- Qasım Qasımzadəni
və Bəxtiyar Vahabzadəni düşündürən
problemlərin nədən
ibarət olduğunu anlamaq baxımından maraq doğuran detaldır.
Qasım
Qasımzadəni hələ
ilk gənclik illərindən
vətənin taleyi, onun müstəqilliyi, azadlığı problemləri
düşündürmüşdür.
"Xalq düşməni"
ittihamı ilə sürgün edilən Hüseyn Cavidin pyeslərindən "Nə
eşq olaydı, nə aşiq", "Yaş zindanlar yuvamız" və s. bu kimi parçaları
öz dəftərinə
köçürüb saxlaması,
türk şairlərindən
Ə.Hamidə, T.Fikrətə və başqalarına məxsus
şeirləri dəftərinə
köçürüb əzbərləyəndə
gənc Qasım Qasımzadə öz həyatını riskə
qoyurdu. Türk şöbəsində oxuyarkən
Qasım osmanlı ləhcəsində yazdığı
bir şeiri öz müəlliminə
oxuyur. "Marş irəli, ey türk əsgəri!"
misraları ilə bitən bu bədii
parçanı dinləyən
müəlliminin ona
"başını bəlaya
salma, yazıqsan!"
- deməsi də təsadüfi deyildi. Lakin
heç nə Qasım Qasımzadəni öz yolundan döndərmir. "Ədəbiyyat
və incəsənət"
qəzetinin redaktoru olduğu vaxtlarda sətiraltı mənalar ifadə edən, xalqın, bütöv Azərbaycanın taleyini bu və ya
digər şəkildə
özündə əks
etdirən yazıları
çap etməkdən
qətiyyən qorxmayan
Qasım Qasımzadə
təqiblərə məruz
qalır. Xəlil Rzanın məşhur
"Azadlığı istəmirəm
zərrə-zərrə, qram-qram,
istəyirəm qolumdakı
zəncirləri qıram,
qıram" misraları
olan şeiri Qasım Qasımzadə
"Afrikanın səsi"
adı altında çap etmişdi. Rəsul Rzanın "Qızılgül olmayaydı"
poemasını da Qasım
Qasımzadə qorxmadan,
riskə gedərək
"Ədəbiyyat və
incəsənət" qəzetində
çap eləməkdən
çəkinməmişdi.
"Ədəbiyyat qəzeti"nin
4 oktyabr 1991-ci il tarixli
nömrəsində Qasım
Qasımzadə ilə
"Hamı öz mövqeyini açıq bildirməlidir" sərlövhəsi
altında verilən müsahibədə şairin
söylədiyi sözlər
o dövrün çətinliklərini
başa düşmək
baxımından maraqlıdır.
Müxbirin sualına cavab verən şair deyir: "...Mən də əlimə qələm götürən məqamda
gözümün qarşısında
həmişə Qlavlitin,
DTK-nın məşum
fiquru boyaboy dayanıb. Ürəyimdə
tutduqlarımı sətiraltı,
rəmzi obrazlarda, ifadələrdə çatdırmağa
çalışmışam. O zamanlar cürətli sayıla biləcək cüzi addımıma görə isə Azərbaycan KP MK-nın töhmətindən başlamış
işdən götürülməyə
qədər cəza payına layiq görülmüşəm. "Ədəbiyyat qəzeti"ndə
baş redaktor işləyəndə "Novruz
bayramı" sərlövhəsinə
görə, Dərbənddə
açılmasına icazə
verilən Azərbaycan
dilində teatra kömək məqsədilə
material dərc etdiyimizə
görə Mərkəzi
Komitədə bizə
vurulan "dini, milli həddini aşmaq" damğası, Xəlil Rzanın bir qədər üsyankar şeirləri üstündə
töhmət aldığım,
nəhayət, vəzifədən
xaric edildiyim ədəbi ictimaiyyətin
müəyyən qisminə
məlumdur. Onda da, indinin özündə də bu cəzaları
mükafat kimi qarşılamışam.
...İndiki günləri görəndə Allaha min
dəfə şükür
edirəm ki, ölmədim,
imperiyanın süquta
getdiyinin şahidi oldum. Bu mənada biz nəslin məncə, qazancı itkilərindən
daha böyükdür,
əvəzsizdir".
O dövrdə yaşayıb-yaradan
şairlərin demək
olar ki, hamısının
partiyaya, Leninə, sosialist vətəninin tərənnümünə həsr
olunmuş şeirləri
az deyildir. Lakin Qasım Qasımzadə elə şairlərdən
olmuşdur ki, ustalıqla
bu mövzudan qaçmış, Azərbaycan
torpağının gözəlliklərini
əks etdirməyə
daha çox üstünlük vermişdir.
O, gənc qələm
sahiblərinə də
həmişə üstüörtülü
şəkildə məsləhət
vermişdir ki, ürəkləri
istəməyən mövzulara
müraciət etməsinlər.
İstiqlal şairimiz Xəlil
Rza Qasım Qasımzadə haqqında
belə yazır:
"Biz Qasım Qasımzadəni
həmişə ön
səngərdə görmüşük,
Azərbaycan poeziyasının,
ictimai fikrinin, elmi fikrinin ön
axarında görmüşük,
hücumçu görmüşük.
Onun qəzəbində
bir təmkin yaşayır, təmkinində
qəzəb və məhəbbət əkizdir.
Mən böyük sevinc içindəyəm.
Bütün fəlakətlərə
baxmayaraq Azərbaycan mənəviyyatı diridir.
Hesab edirəm ki, həm Qasımzadə, həm də onun mənsub olduğu xalq bu döyüşlərdən
alnı açıq,
üzü ağ çıxacaq. Bizim büdrəməyə, sarsılmağa,
göz yaşı tökməyə, matəm
keçirməyə vaxtımız
yoxdur. Ölüm yoxdur ümumiyyətlə.
Ancaq estafet var. İnsanları bir-birinə
bağlayan zəncirlər
silsiləsi var. Bu zəncirlər
silsiləsində bizim
fəxrimizdir Qasımzadə,
onun poeziyası, onun şəxsiyyəti, onun baş ucalığı
və onun mənsub olduğu böyük Azərbaycan dünyası. Alqış
sənətkara".
Doğrudan da, Qasım Qasımzadə
əli qələm tutan gündən ömrünün sonunadək
amalı, məsləki,
xalqının azadlığı,
istiqlaliyyəti uğrunda
yorulmadan mübarizə
aparmış, heç
nədən çəkinməmişdir.
Hələ yaradıcılığa
gəldiyi ilk illərdə
- 1945-ci ilə yazdığı
"Vətən yazdım"
şeirində onun yaradıcılığının istiqaməti, ədəbi məramı aydın görünməkdə idi.
Vətəni dərin
məhəbbətlə sevən
şairi onun ayrılıq dərdi qayğılandırırdı. "Bu Culfadan o Culfaya işləyən yolun üstünü əsrlərcə
tikanlar basması"
şairin ürəyini
ağrıdırdı. İkiyə
bölünmüş xalqı
birləşdirmək, bir-birinə
qovuşdurmaq ruhu şeirin başlıca ideyasını təşkil
edirdi ki, o dövrdə
bu məsələni qaldırmaq heç də asan məsələ
deyildi. Qasım Qasımzadənin özünəməxsus
bədii üslubu şeirin əsas ideyasını oxucuya çatdırmağa yardımçı
olur. Bir-birinin ardınca sıralanan bədii suallar, "hansı" sözlərinin
misraların başında
tez-tez təkrarlamaqla yaradılan anafora bədii fikrin ifadəsinə xidmət edən vasitələrdir.
Qasım
Qasımzadə poeziyasının
məziyyətlərini çox
doğru qiymətləndirən,
görkəmli ədəbiyyatşünas,
tənqidçi, filologiya
elmləri doktoru, professor
Əkbər Ağayev
haqlı olaraq yazırdı ki, Qasım Qasımzadənin poeziyasında
ardıcıl fəal
həyat mövqeyi və təbiilik aydın seçilir. Şair qətiyyən özünü müasir həyat hadisələrindən
kənar hiss etmir, heç nəyə laqeyd baxmır, onun lirik qəhrəmanı
həssasdır, görüş
dairəsi genişdir,
elə buna görə
də bu lirik qəhrəmanın qəlbindən keçib poetik incilərə çevrilən mövzular,
həyat materialı zəngin və çoxşaxəlidir: səhrada
dağ kölgəsi,
əbədiyyət, haçaqaya,
nəbzin vurması, qış, bahar, güllər, çiçəklər,
ballı qayalar, zəriflik, mətanət,
həsrət, məhəbbət,
qanlı-qadalı illər,
uzaq ellərin dərdi - bütün bunlar şairin poetik sözündə canlanır, mənalanır,
bu anlayışların
hər birində yeni çalarlar parlayır, fikirlərin əlvan poetik qövsi-qüzehi yaranır. Lakin bu zəngin poetik fikir silsiləsində Qasım Qasımzadənin
diqqətindən heç
bir zaman yayınmayan poetik ahəngin bütün məqamlarında
öz yerini tapan bir mövzusu
var: Azərbaycan!
Əkbər müəllim Qasım
Qasımzadə poeziyasının
mövzu və problematikasını elə
dəqiqliklə ifadə
edib ki, onun bir sözünü də ixtisar etməyə əlimiz gəlmədi. Doğrudan
da, Qasım Qasımzadə
hansı mövzuda yazırsa yazsın, onun şeirlərinin ruhunda Azərbaycan mayası vardır. Azərbaycan xalqının
taleyüklü məsələləri
Qasım Qasımzadə
poeziyasında öz dolğun bədii əksini tapmışdır.
Şairi
həmişə Azərbaycan
xalqının taleyi düşündürmüş, qayğılandırmışdır. "Səyahət dəftərindən"
silsiləsinə daxil
olan "Səhvimiz"
şeirində çox
mühüm bir məsələdən söhbət
açılırdı. O zamanlar
hər bir vətəndaş anket sorğusunda olan belə bir suala
da mütləq cavab yazmalı idi: "Xarici ölkələrdə
qohumunuz varmı?"
Əlbəttə, bu suala hamı fikirləşmədən "yox"
cavabını yazırdı
ki, bu da təbii idi. Çünki xaricdə qohumu olanlar belə "hə" cavabını yazmaqla özünün, ailəsinin, qohum-əqrəbasının
həyatını riskə
atmış olardı.
Məhz belə bir zamanda Qasım
Qasımzadənin tamamilə
başqa bir mövqedən "Səhvimiz"
adlı şeirini yazması onun müəllifinin cəsarətindən,
ədəbi məramından,
əqidəsinin möhkəmliyindən
xəbər verən maraqlı bədii fakt idi. Özü
də bunu mütləq nəzərə
almaq lazımdır ki,
şeir 1959-cu ildə
yazılıb çap
olunmuşdu. Şairin
qələm, məslək
dostu Bəxtiyar Vahabzadənin "Gülüstan"
poemasının da məhz
o illərdə yazılması
qətiyyən təsadüfi
deyildi. Əqidə dostlarının ürəyi
o zamanlar eyni arzuyla, diləklə döyünürdü. İkiyə
bölünmüş Azərbaycanın
birliyi məsələsi
onların başlıca
arzusu idi. Hətta indiki dövrdə belə həmin arzunu bu şəkildə əks etdirməyin çətinliyini, bəzi
dairələrdə necə
narazılıqla qarşılanacağını
nəzərə alsaq,
o dövrdə bu cür cəsarətlə
fikir söyləməyin
çətinliyini anlamaq
mümkün olardı.
O dövrdə Azərbaycanın
azadlıq, suverenlik arzusunu birbaşa dilə gətirmək imkan xaricində idi. Elə buna görə də Qasım Qasımzadə bu arzunu simvolik
obrazlar vasitəsilə
vermək məcburiyyətində
idi.
Bu baxımdan şairin 1945-ci
ildə qələmə
aldığı "Günəş"
adlı şeiri maraq doğurur. Şair qızıl qəfəsdə fəğan
edən bülbülü
bədii təsvirin mərkəzinə çəkir.
Gümüş qablarda
darısı da, suyu
da olan bülbülün
nalə etdiyini görən lirik qəhrəman ondan soruşur ki, mənim dostum, hər şeyin ola-ola niyə fəğan edirsən? Bülbül ona cavab verir ki, nə acam, nə
də susuzam. Mənim dörd yanıma zülmət çöküb, günəşi
görmək həsrətiylə
yaşayıram. Bu sözləri
eşidən şair qəfəsi götürüb
pəncərənin qabağına,
günəş düşən
yerə gətirirsə
də, bülbül yenə də qan ağlayır:
Yenə:
"Günəş! Günəş!"
- dedi.
Qəm bürüdü düşüncəmi,
Nalə
çəkdi o eşqinə
sadiq olan gül həmdəmi.
Dedi: -
Dostum,
bu hədiyyən təbiətin
peşkəşidir,
Mənim
səndən istədiyim
azadlığın
günəşidir!
Şeirin
ideyası, şairin məramı sətiraltı
mənada öz ifadəsini tapmışdır
ki, bu da o dövr poeziyası üçün
xarakterik cizgilər idi.
Şairin
"Neyin əfsanəsi"
şeirində də müəllif öz fikrini simvolik vasitə ilə ifadə edirdi. "Ağlama ney, ağlama ney, ürəyimi dağlama ney" misrası ilə başlayan bu bədii parçada
lirik qəhrəman neyin nə üçün
belə ağladığını
soruşur. Ney isə ona cavab verir
ki, mən öz vətənimdə, el-obamda
bəxtiyar idim. Bir cavan çoban məni kəsib özünə ney düzəltdi. Vətənimdən
ayrı düşdüyüm
üçün gecə-gündüz
ağlamaqdan başqa çarəm yoxdur.
Mircəfər Bağırovun qılıncının
dalı da, qabağı
da kəsən bir vaxtda - 1946-cı ildə vətənindən ayrı
düşən, zorla
sürgünə göndərilən
vətənpərvər Azərbaycan
oğullarını, qızlarını
xatırlamaq, onların
ağrılarını, əzablarını
simvolik şəkildə
də olsa əks etdirmək asan məsələ deyildi.
Qasım
Qasımzadə "Çərkəz
oğlu" şeirində
çar generalı ilə üz-üzə gələn çərkəzlərin
başçısının mükəmməl bədii
obrazını yaradır.
General çərkəzə deyir ki, Sultan sizi həmişəlik bizə
bağışlayıb. Gəlin
xoşluqla qılıncınızı
qına qoyun. Əsəbiləşən çərkəz
oğlu generala belə cavab verir ki, çərkəz
oğlu heç zaman nə bir çara,
nə də sultana qul olmamışdır. Elə buna görə də çərkəz qılıncı ömrü
boyu qına girməyib. Əgər göydə uçan quşu tuta bilsən, mənə də qalib gələ
bilərsən.
Çərkəzlərin taleyindən bəhs edən bu şeirdə də şair əslində üstüörtülü
şəkildə öz
xalqının azadlıq,
imperiya boyunduruğundan
qopmaq arzularını
ifadə etməyə
çalışırdı.
Qasım
Qasımzadə azadlıq
hərəkatının öncüllərindən
idi. O, öz şeirləri, alovlu publisist məqalələri
ilə xalqımızın
düşmənlərini tutarlı
dəlillərlə ifşa
edir, insanları vətən, xalq, azadlıq uğrunda mübarizəyə səsləyirdi.
Ədəbiyyatşünas Tehran Əlişanoğlu 8 iyul
1993-cü ildə Qasım
Qasımzadəyə həsr
etdiyi bir məqaləsində yazırdı:
"Azərbaycanda milli gəlişmə
"demokratiya uğrunda
mübarizə" şəklində
bəlirli bir ölçü və hüdudlar kəsb etdikcə ədəbi ictimaiyyətin də bir çox nümayəndələrini ictimai-siyasi
savaşın ön sıralarında gördük.
Qasım Qasımzadənin
70 illik ömür yolunda, 50 illik yaradıcılıq taleyində
bu mərhələnin
xüsusi yeri var. Q.Qasımzadə hər şeydən öncə usanmadan zamanın ideyalarını
təbliğ edən,
demokratiya, azadlıq və milli müstəqillik
yolunda atılan hər bir addımı
qələmi ilə müdafiəyə qalxışan
və qələbələrimizi
böyük bir sevgi və qısqanclıqla
tərənnüm edən
alovlu publisist kimi çıxış edir...
Şairdə kükrəyən bu
ehtiras və etiraz haradandır? Genetik baxımdan bunu izləmək çətin deyil. Müstəqil mənada şairin damarlarında axan "bəy qanı" tüğyan etmiş, bütöv bir ömür ərzində alt qatda yığılmış, realizə
olunmaq imkanı tapmamış emosiyalar, hisslər fürsət bularaq üzə çıxmışdır.
Q.Qasımzadə və mənsub olduğu ictimai-ədəbi nəsil
zamanla daim, bilavasitə, müxalifətdə
olmuşlar. Şairin yaradıcılığının hərfini deyil, ruhuna bələd olmaq istəyənlər (istər o zaman, istərsə
də bu gün) onun "Seçilmiş əsərləri"ndə
yalnız bir mövzu, bir predmet, bir ünvan
tapır: seviləsi Vətən, sevgisində yaşayan millət, iftixara layiq Azərbaycan. Onun rəngarəng yaşantı
və duyumlarından ibarət şeirləri bir məqam üzərində qərar
tutur: milli özümlük,
milli fəxarət... O da qeyd
olunmalıdır ki, nəinki
Qasım Qasımzadə
poeziyasının, onun
bütövlükdə həyat
və fəaliyyətinin
də məğzini, mayasını, poetikasını
təşkil edən başlanğıcdır".
Göründüyü kimi, tənqidçi Qasım Qasımzadənin yaradıcılıq
yoluna, onun şəxsiyyətinə düzgün
qiymət verir. Onun fikirlərinin əsas məqamlarda yaşlı həmkarı
Əkbər Ağayevin
qənaətləri ilə
üst-üstə düşməsi
də maraqlı cəhətdir. Bütün
bunlar Qasım Qasımzadə yaradıcılığına
verilən qiymətin obyektivliyini şərtləndirən
amillər kimi özünü göstərir.
Qasım
Qasımzadə "Havamız,
suyumuz: azadlıq"
adlı məqaləsində
yazırdı: "...Sonuncu
imperiyanın pəncəsindən
- xalqlar həbsxanasından
qurtardığımız, üç rəngli bayrağımıza, azadlıq
və istiqlaliyyətə
yenidən qovuşduğumuz
mübarək gündə
millətimizin böyük
oğlunun uyuduğu torpağa minnətdarlıqla
üz tutub: "Allah həmişə türkün
köməyinə gəlsin,
Məhəmməd Əminin
ruhu şad olsun! - deyirik".
Lakin
çox təəssüf ki, müstəqilliyimiz bizə
çox baha başa gəldi, torpaqlarımızın iyirmi
faizi düşmən
tapdağı altına
düşdü, bir milyon soydaşımız elindən, obasından didərgin düşdü.
Qasım Qasımzadənin
bunların hamısından
da olmasa, Şuşanın
işğalından xəbəri
oldu və bunu böyük mənəvi sarsıntılarla
qarşıladı. Bu acı
xəbər onun xəstəliyini daha da şiddətləndirdi. Şair
öz qələmi ilə etiraz səsini bildirdi. Onun 1992-ci ilin 28 mayında qələmə
aldığı "Qapını
bağlayan fələk"
şeirində dərin
bir hüzn, kədər vardır. Bir zamanlar öz şeirlərinin birində
Şuşanın abadlığını
arzulayan, "Könlümüzcə
abaddımı Pənahabad?"
- deyən şairin ağlına da gəlməzdi
ki, bu alınmaz qala, Pənah xanı, İbrahim xanı,
Vaqifi, Natəvanı,
Adıgözəl bəyi,
Mehmandarovu, Üzeyir bəyi, Seyidi, Xanı, Bülbülü
yetirən diyar işğal altına düşəcək. Şuşasız
günlərində özünü
quş sayan şair dərin hüznlə yazırdı:
Ərşə qalxıb naləm mənim,
Alınıbdı Qalam mənim.
Əsir
düşüb ciyərparam,
Şuşam mənim, balam mənim.
Şəhid bağrı dəlik-dəlik,
Şüşə qəlbim çilik-çilik.
Şənlik edir, şonquyubdu
Şah evimdə Şöklü Məlik.
Kəsilibdi Xaçın yolu,
Dağılıbdı Laçın yolu.
Məmməd Əmin durub gəlir,
İgidlərim, açın yolu...
Misralar bir-birini əvəz etdikcə müəllif
1918-ci illərin hadisələrini,
Demokratik Azərbaycan Cümhuriyyətini, düşmənlərin
fitnə-feli nəticəsində
onun süqutunu xatırlayır, vətən
oğullarını düşmənlə
mübarizəyə, torpaqlarımızı
azad etməyə səsləyir.
Şair
çox yaxşı dərk edirdi ki, bu, erməninin hünəri deyil, onun havadarı var.
Qarlı
qışın da yazı
var,
Toy-düyünün də yası var.
Basmaq istər qurdu köpək,
Arxası
- ağ ayısı var...
Həssas
oxucu üçün
"qurd"un da, "köpəy"in
də, "ayı"nın
da simvolik obraz olduğunu dərk etmək o qədər də çətin deyildir.
Qasım
Qasımzadəni ağlı
söz kəsəndən
ömrünün son günlərinədək
xalqının, vətəninin
taleyi düşündürmüşdür.
Şair əbəs yerə yazmırdı ki, bədii yaradıcılıq
yazıçının, şairin
şəxsiyyətindən, xüsusən onun öz xalqına nə dərəcədə
bağlılığından ayrı bir proses deyildir. Şair xalqla qaynayıb qarışmasa, sadəliyin,
təbiiliyin, müdrikliyin
sirlərini dərk edə bilməz. Nəticədə onun əsərləri də bu məziyyətlərdən
məhrum olar.
Qasım
Qasımzadə yaradıcılığına
küll halında nəzər salanda görürük ki, onun özü də "sadəliyin, təbiiliyin, müdrikliyin sirlərini dərk edən" qüdrətli, məsləkli,
əqidəli, namuslu bir şair, vətəndaş olmuşdur.
İndi yəqin ki, Şuşanın,
Qarabağın, doğulub
boya-başa çatdığı
Şərqi Zəngəzurun
azadlığından xəbərdar
olan vətənpərvər
şairimizin, ziyalımızın,
Xəlil Rza demişkən, Azərbaycan
poeziyasının, ictimai
fikrinin, elmi fikrinin həmişə ön cərgəsində
olan Qasım Qasımzadənin nigaran ruhu şaddır.
Rafiq Yusifoğlu
Filologiya elmləri doktoru,
professor
Ədəbiyyat
qəzeti.- 2023.- 17 iyun.- S.18-19.