Ədəbi müşahidələr
"Müşahidələr"in demək
olar ki, hamısı müxtəlif zamanlarda həyat təcrübəsinin
diktə etdiyi fikir yekunlarıdır, ibrətli nəticələrdir.
Həyati təəssüratların,
müşahidələrin nəticələri
əsasında yaranan düşüncə yekunlarıdır.
Burada həyatın mənəvi və cismani gözəlliklərindən
vəcdə gələn
gəncliyin də, dünyanın faniliyindən
ürək ağrısı
ilə gileylənən
müdrik və peşiman qocaların da həyat sevincləri və vida ağrıları
həssas, səmimi təcəssümünü tapmışdır...
"Müşahidələr" müxtəlif
məqamlarda, gündəlik
güzəranda təsadüfən
yaranan fikirlərdir, müxtəlif müşahidə
yekunlarıdır... Əslində,
müxtəlif xarakterli,
məzmunlu müşahidələrin
özü də bir növ xatirələrdir,
yadda qalanların xatirələrə
çevrilməsidir...
***
İnsan
yaşa dolduqca adətən fərdi xarakteri, təbiəti onun sifətində, simasında daha aydın və qabarıq şəkildə
aşkara çıxır,
zühur edir. Qəddar və xəbis adamların kinli, zəhmli portreti bədbinlik, kədər simvoluna çevrilir. Səmimi və xeyirxah adamların simasında isə nikbin bir məsumluq, nurani işıq güclənir, əsas olur. Sanki insan tədricən fiziki varlıqdan ruhani təcəssümə çevrilir...
Qocalıq ucalıqdır!
Müəllim üçün ən
vacib, güclü cəhət, amil onun fərdiyyətidir, onun şəxsiyyət olmasıdır.
Şəxsiyyət olanda
hər şey yerini tapacaqdır. Yalnız bu zaman o, sözünə və özünə zəruri inam yarada bilər!
Tarix boyu müdriklər cəmiyyətin dərdini
çəkib, dələduzlar
keyfini...
Gözlərin dediyini sözlər
deyə bilmir...
Ziyalının ziyanlı olmağa
mənəvi haqqı
çatmır!..
Diqqət
edilsə, çox vaxt insanın səs tembri də onun fərdi
xarakterindən xəbər
vermiş olur.
Bədii
təhkiyə də müəllif fərdiyyəti
haqqında müəyyən
təsəvvür yarada
bilir. Bədii təhkiyə müəllif
xarakterinin ilk ünvanıdır,
diaqnoz nümunəsidir.
Belə də demək olar ki, "təhkiyə - xarakterdir!".
Alleqorik
olaraq insan ürəyi mahiyyətcə
azadlıq simvoluna, ürək şəkli isə azadlıq gerbinə çox uyğun görünür!
İnsan ürəyi özlüyündə heç
bir məhdudiyyətə
tabe olmur, heç bir məntiqə və rəsmi qanuna, yaxud fərmanlara, mühakimələrə uyğunlaşmır;
bəzən sahibinin belə (insanın) hökmünə ram olmur...
Sanki o, bütün dünya
məntiqindən kənardır,
yalnız öz istəklərinin, duyğu
və həyəcanlarının
Azad yaşantısı ilə
mövcuddur!..
Təhsil
- millətin mənəvi
səhhətidir və
əsas "kompası"dır!
Ən ağır bəla tale
"qarğışıdır"!..
İstedad - Tanrı payıdır!.. Tarix və cəmiyyət
isə onu istiqamətləndirən əsas
inkişaf amilləridir,
səbəbləridir... İstedad
bir şəxsin deyil, bütöv bir xalqın, bəzən də zamanın qismət payıdır!
Ən böyük istedad bəlkə də şəxsiyyət
istedadıdır! Bu milli və
bəşəri idealların
fərdi ləyaqət
ucalığı ilə
vəhdətdə olan
ən qüdrətli ifadə təzahürüdür.
Onun sahibləri harada olsa, oranın
da ucalığına qüdrəti
çatacaqdır! (Vətənpərvərlik,
millətpərəstlik və
s.).
Bədii
istedad sahibləri üçün bəstəkarlıq
və rəssamlıq
sahəsində ali təhsil ocaqları da mövcuddur. Bədii ədəbiyyat sahəsində
isə heç orta təhsil də yoxdur!
Bədii
ədəbiyyatda sənətkar
oxucu ilə bir növ söhbət
edir, dərdləşir,
həyat haqqında, insan və cəmiyyət
barədə dialoqa girir... Məhz belə məqamda poetik fikrin fəlsəfi
müdrikliyi və əzəməti, bədii
sözün isə obrazlılıq cazibəsi,
gözəlliyi müəllif
üçün oxucu
tapa bilər və əsər bədii sənət faktı kimi qəbul olunar. Buna görə də bədii ədəbiyyat yaradıcısı
sənət meydanında,
yaradıcılıq prosesində
bir növ tənhadır, başqa incəsənət sahələrindəki
sənətkarlardan xeyli
mürəkkəb və
müşgül imtahandadır!..
Mətbuat aləmində "ədəbiyyat
və incəsənət"
kimi qəribə söz birləşməsi
işlənməkdədir. Axı bədii ədəbiyyat nə vaxtdan incəsənət növlərindən kənardır
ki?! Əslində o da elə
incəsənət növüdür.
Özü də lap köklüsüdür, mükəmməlidir!
Ədəbiyyat aləminin
görkəmli nümayəndələrinə
"Əməkdar incəsənət
xadimi" kimi fəxri ad verilmirmi?
Güman
ki, bu ifadə lap çoxdan (30-cu illərdən)
rus dilindəki məşhur "literatura
i iskusstvo" ifadəsindən götürülmüşdür.
Dəli
kimdir, ağıllı
kim bəşəri sualı (dileması) bədii
ədəbiyyatda əslində
Nizaminin "Leyli və Məcnun"undan başlayır!..
Ülvi
eşq orta əsrlər ədəbiyyatında
mənəviyyat, əqidə
ucalığına yüksəlir.
Və bədii əsərlərin əsas
"ideologiyasına" çevrilir.
C.Məmmədquluzadə gülüşü
məzmunca, mahiyyətcə
şaxtalı qış
havasının kəskin
sazağı kimi yandırır, titrədir!
Ə.Haqverdiyev gülüşü
isə ümumən nikbindir, işıqlı və şaqraqdır. Bu gülüşdə sanki
qızmar yay günəşinin
bol işığı
və yandırıb yaxıcı hərarəti
vardır!
Dünyanın gözəllik və
təzadlarının dərindən
və ibrətli dərki üçün böyük gözəllik
duyumu və emosional yaşantı zənginliyi vacibdir! Payız küləklərinin
ayaqlarımız altına
səpələdiyi adicə
xəzəllərə, solmuş
küləşlərə diqqətlə baxın... Hər yarpağın özünəməxsus bir
rəsm gözəlliyi,
estetik forması və rənglər qamması (uyarlığı),
ahəngi vardır.
Lakin bu əsrarəngiz
gözəlliyi həmişə
görürükmü? Oradakı
yaşıl, sarı,
qırmışı, hətta
qəhvəyi rənglərin
yaratdığı cazibədarlıqdan
zövq alırıqmı?
Axı hər növ ağacın yarpaqları biçim yaraşığına və
rəng koloritinə görə digərinin təkrarı deyildir; elə bil onlar
mahir bir rəssamın eskizi əsasında yaradılmışdır!
Böyük rus rəssamı
Levitanın ən məşhur əsərlərindən
olan "Mart" mənzərəsi
məhz payız fəslinin bu solmuş - saralmış görünüşünün estetik cazibəsinə həsr olunmuşdur. Baharın yaraşığından
bəhs etməyə nə var ki? Əsl hünər məhz "yoxsul" payızın təkrarsız yaraşığını
kəşf etməkdir!...
Bir dəfə də olsun hər hansı bir ağacdan meyvə dərənin onun yarpaqlarının biçiminə,
yaxud ağacın öz yaraşığına
maraq göstərməsinə
rast gəlmədim!..
Müxtəlif janrlı, formalı
incəsənət əsərlərini
duymaq, "yaşamaq"
bacarığı, həssaslığı
da mənəvi zənginlikdir.
İnsan var ki, məharətli
muğam ifasına davam gətirmir, gözlərindən yaş
axır; elələri
də var ki, həmin ifanı nə qədər dinləsə
də heç nə anlaya bilmir, "bədbəxtcəsinə"
mürgü vurur...
Tənqidi məzmun və
nikbinlik bildirən gülmək əlaməti...
Zahirən təzadlı
görünən bu emosional təzahürlərin
vəhdətdə təcəssümü
məcazi mahiyyət kəsb edərək, kinayəni yaratmış olur. Elə bu qəribəliyə görə də çox effektli olur... Məhz bu daxili təzad
əsərdə nə
qədər uyuşmaz
və qəribə görünürsə tənqidi
gülüşün kəsəri
də bir o qədər güclü olur!
Tənqidi gülüşdə fikrin kinayəlilik effekti əsasdır, başlıcadır. Kinayə
tənqidi gülüşün
bütün formalarının
yaranmasında əsas
amildir; onun iştirak dərəcəsi
məhz yumoru, satiranı və sarkazmı meydana gətirir, gülüşün
məcazi kəsərini, "tündlük"
səviyyəsini müəyyənləşdirmiş
olur.
Kinayə
məcazdır, bəzi
nəzəriyyəçilərin iddia etdiyi məxsusi
kinayə gülüşü
yoxdur, kinayəli gülüş vardır!
Lirikanın emosional gücü
və mərhəmətliyi
ilk növbədə ondadır
ki, o, hardasa oxucunun şəxsi "dərdlərini"
təzələyir, nisgil
və həsrətini
yenidən yaşadır,
kövrəldir, duyğulandırır.
Xatirələr yada düşür,
kövrəldir və
bir növ fərdi dərdlərin də bədii tərcümanına çevrilmiş
olur... Lirikanın əsl estetik cazibəsi məhz bu nisgil, həsrət
müştərəkliyindədir!..
Həsrət, hicran məzmununu
fəryad edib oxumaq!..
Nə böyük, müdhiş bir təzad! Dərdini izhar edir və
oxuyur... Dinləyici də bundan zövq alır!.. Bu sənət möcuzəsi
ən böyük (uca) zirvəsinə bizim muğamlarda çatmışdır! İnsan
kədərlidir, ələmlidir,
amma oxuyur, özü də həsrətini izhar edir, oxuyur...
Əsl təsir, emosional cazibə də elə bu təzadda
deyilmi?! Dərd harayını oxumaq... və zövq almaq! İnsan təbiətinin bu da bir möcüzəli təzahürüdür...
Xəlqilik - milliliyin məfkurəsidir!
Heyrət
və gözlənilməzlik
bədii effektin özülüdür!
Ədəbi növlər - fikrin
sərrast və emosional bədii ifadə modelidir! Mövzunun, həyat materialının uyğun
formatda və effektli təqdimat üsulunda nəzərə
çatdırılmasıdır.
Lirik janrların şifahi və yazılı format xüsusiyyətləri məzmun
təqdimatında o qədər
də fəal və həlledici deyildir. Deyək ki, bayatı, qoşma, gəraylı, hətta qəzəl kimi janrların mütləq və vacib forma şərtləri var ki, onlar
bütün məzmun
variantlarında təxminən
eyni biçimə malikdir. Burada məzmunla bağlı olaraq ciddi, əsaslı
forma - janr fərqləri
demək olar ki, yoxdur.
Epik və dramatik növlərdə isə məzmun və forma (janr) xüsusiyyətləri
tamam (xeyli) başqadır. Epik əsərlərin süjetə
və həcmə görə əsasən üç qrupa bölünməsi, hər
qrupun da özünəməxsusluğu,
hər bir janrın isə təkrarsız model xarakteri
mümkündür.
Musiqi və rəqs ilk növbədə milli xarakterin
bədii-estetik təzahürüdür.
Xatirələr hər kəsin
bir növ ikinci tərcümeyi-halıdır.
Keçən ömrün
güzgüsüdür.
Sanki kainat yaranışdan elə gurulub ki, o daima böyük təkamülə möhtacdır.
Onu kamilləşdirmək
zərurətləri isə
insanı daima daha böyük xarüqələrə sövq
edir. Və məhz bu məqamda
insan özü də mütəmadi olaraq yeni mənəvi və fiziki kamillik prosesi yaşamalı olur.
Bəlkə də kainatın
təkamül prosesinin
bilavasitə insanın
təkamülü ilə
vəhdətdə və
əlaqədə olması
özü elə ən böyük qanunauyğunluqdur?
Füzuli
o şairlərdəndir ki, yaradıcılığı nə
qədər çox tədqiq olunursa, suallar da bir o qədər çoxalır!...
Çünki oradakı
ülvi, fəlsəfi
düşüncələrin mahiyyəti əsasən fikirlərin obrazlılıq
orijinallığındadır, kəşflərindədir! Bu obrazlılığın
şərhində isə
yeni bəşəri - fəlsəfi
düşüncələr, tapıntılar aşkarlanır...
Bədii
obraz ürəklə
beynin fikir ittifaqıdır! Məzmunu
beyin tapır, ürək də həyəcanla estetik naxış vurur...
Tarix yazılanda təhrif olunursa o, artıq elm deyildir, ideologiyadır, siyasətdir!
Həqiqi
sarkazm dahilik əlamətidir!
Tənqidi gülüş çox
amansız "ədəbi
silahdır!" Tənqid
hədəfi vaxtında
və sərrast nişan alınmasa o, gec açılan əl qumbarası kimi, sahibinə qarşı daha qorxulu və amansız ola bilər. Uğursuz komediya əsərində komik qəhrəman mövqeyində
müəllifin özü
qalan kimi!..
Melodiya
- milli ruhun melodik tərcümanıdır. Həyatın
gözəlliyi qarşısında
sənətkarın vəcdə
gəlməsidir.
Bir elm kimi ədəbiyyat nəzəriyyəsinin əsasında
intellektual məntiq dayanır. Bədii yaradıcılığın təcrübə
yekunları əsasında
məhz sərrast məntiqlə elmi qanunauyğunluğun sirləri
şərh olunur.
Tələbə müəllimin xatirə
yadigarıdır!
C.Məmmədquluzadənin əsərləri
tarix kitablarından daha tarixidir. Çünki ədib tarixin əsl mahiyyətini, ruhunu, milli xarakterini tapa bilmiş və bədii lövhələrdə nümayiş
etdirmişdir!..
Böyük sənətkarların adi məişət danışığı, nitqi
ilə bədii əsərlərindəki təhkiyələri
arasında müəyyən
yaxınlığı, oxşarlığı
da izləmək mümkündür.
Əslində adi danışıq da, bədii
təsvir və təhkiyə üslubları
da ilk növbədə şəxsiyyət
və fərdi xarakter təzahürləridir.
Böyük ədiblərimiz Süleyman
Rəhimovun əsərlərindəki
geniş vüsətlə
Mir Cəlal yaradıcılığındakı
klassik lakonizmi müqayisə üçün
nümunə göstərmək
olar.
Yaltaqlıq - şəxsiyyət dilənçiliyidir!
Təbiətdə də, cəmiyyətdə
də "sürünənlərin"
"zəhəri" daha
qəfil və daha dəhşətli olur!..
Nə vaxtsa böyük sevgi yaşamış bir adamla heç
vaxt həqiqi eşqi yaşamayan bir başqasının
"Leyli və Məcnun" dan təsirlənməyi
eyni ola bilərmi?!
Pafos - bədii əsərin nəfəsidir, müəllifin
əsəri yazarkən
yaşadığı həyəcanların,
hisslərin, duyğuların
təzahürüdür; sənətkar
yaşantılarının sözlərə, səslərə
çevrilməsidir, müəllif
həyəcanının oxucuda
yenidən peyda olmasıdır, zühurudur,
ikinci yaşantısıdır...
Ənənə ən etibarlı
yaradıcılıq yaddaşıdır,
milliliyin özülüdür,
məhvəridir. Ərəb
sözü olan ənənə rəvayət
vasitəsilə nəsildən
nəslə keçən
bir şey mənasını bildirir.
Əslində isə gələcək
sənət yeniliklərinə
- bədii kəşflərə
zəmin olacaq özül, bünövrə
mərhələsidir.
Üslub
xarakterdir! Şəxsiyyətin
fəaliyyətindəki təzahürüdür...
Bədii yaradıcılıqda
bu cəhət özünü daha aşkar biruzə vermiş olur. İstedad nə qədər böyükdürsə,
fərdi orijinallıq
da o qədər qabarıq
təzahür edir.
Üslub
fikrin aynasıdır!
Üslub sənətkarın
yaradıcılıq simasıdır,
sənət xarakteridir,
sənətkar manerasıdır.
Fars dilindəki novayəndə
sözü yeni gələn,
yenilik tərəfdarı
deməkdir. Lakin sənətdə
hər yenilik novatorluq sayılmaz. Yalnız güclü, əsaslı, ilhamlı yenilik - məhz sonrakı ənənənin
əsasını qoyan,
onun yaradıcısı
olan köklü yenilik novatorluq sayıla bilər!
Bədii
sənətdə güldürmək
və ümumən, gülməyi bacarmaq xüsusi intellektuallıqdır!
Tarixi abidələr keçmiş
dünyagörüşün, bədii zövq və sənətkarlıq
səriştəsinin elə
irsi yadigarlarıdır
ki, onlara yeganə ehtiram üsulu onları təhrif etməməkdir!..
Deyirlər, adi şüşə
sınanda çox vaxt iri parçalara
bölünür. Billur
sınanda isə çox kiçik hissələrə, zərrəciklərə
çevrilir. Görünür,
bu cəhət billurun daxili saflığına sübutdur!
İnsan
təbiətində də
bunu müşahidə
etmək olar... ("Qəlbim qırıldı").
Abırsız və abırlı adamlarda olduğu kimi!...
Şəxsiyyətli insanların da
tale sınaqlarında bəzən
"sınması" beləcə
billur aqibətinə bənzəmirmi?
Leonardo da
Vinçinin ən məşhur əsəri olan Mono Lizanın portreti ("Cakonda") əsərindəki qadının
üzündəki təbəssümün
sirri çox güman ondadır ki, o, narazı (özündən
isə çox razı halda) baxışlarla onun mənəvi və cismani gözəlliyini tam
layiqincə başa düşə bilməyənlərə
qınayıcı və
bir az da kinayəli tərzdə təbəssümü ilə
öz münasibətini
bildirir. Elə bil ki, onun mürəkkəb
təbiətini "oxuya"
bilməyənləri dərin
bir niskil ilə qınayır. Sanki
şəkil deyir ki,
"axıra qədər
məni tam dərinliyi
və dəqiqliyi ilə başa düşən olmadı!"
Güman ki, bu qadının taleyi o qədər də uğurlu olmamışdır.
Bu təbəssümdə onun
bütün taleyi və "gileyli" xarakteri var...
Əslində bədii ədəbiyyatın
"tacını" dramatik
ədəbiyyat yox, epik ədəbiyyatı hesab etmək daha dəqiq görünür. İlk növbədə
ona görə ki, məhz epik ədəbi növ həyatı daha mükəmməl, geniş
lövhələrdə canlandıra
bilir. Tarixi həqiqətləri xarakterlər
münaqişəsində müfəssəl
zəmanələr müstəvisində
xəyalən "əyaniləşdirməyə"
onun imkanları daha vüsətlidir!
Epikada yeri gəldikdə digər iki ədəbi növə
aid məqamlar da olur. Epika, həyatı bütün təzahürləri
və monumentallığı
ilə təcəssüm
edə bilən çoxcəhətli ədəbi
növdür!
Dramatizm
epik növün qüdrət və əzəmət mənbəidirsə,
lirika onun zəriflik və gözəllik yaraşığıdır!
Azərbaycan nəsri əsl
klassik zirvəsinə
məhz C.Məmmədquluzadə
və Ə.Haqverdiyev yaradıcılığında çatmış oldu!
Ədəbi növlərin özünəməxsus
inikas xarakterini insan ömrünün mərhələləri ilə
müqayisə etsək,
şərti olaraq belə bir paralel
göstərmək olar:
Lirika - gənclik, dramaturgiya - orta yaşlar, epika - qocalıq... Sevgilər dünyası, mübarizələr
dövrü və müdriklik zamanı...
Məcnunun tarixi sima olması
və sevgilisi Leyli haqqında şeirlər yazması tarixən məlumdur (VII əsr). Lakin Füzulinin Məcnunu bütün yaşantıları və
böyük eşqi ilə çox güman ki, elə şairin özüdür,
onun yaşantılarının
təcəssümüdür. Çünki o qəzəlləri,
o eşq fəryadını
yalnız eşq cünunu yarada bilərdi!..
Bədii
əsərdə ən
qüdrətli pafos (forması) səmimiyyətdir!
O, müəllifin bütün
varlığından qopub
gələn "etibar
nəfəsidir!".
Sən yazdığını yaz,
gör fələk nə yazır!..
Epika təsəvvürdür, lirika
yaşantıdır, dramaturgiya
müşahidədir...
Həqiqi
sevginin səadətini
və ya müsibətini yaşamayan
bir insan elə bil ki, bu dünyaya yalnız maraqlı bir muzey kimi
baxıb qayıtmış
olur...
İncəsənət növlərinin
əksəriyyətində söz ilkindir, başlanğıcdır. Çünki
əsər yaranmamışdıan
əvvəl məhz sözlə onun məğzi, mahiyyəti təsəvvür olunur. Sözlər təsəvvürdə
konkretləşərək başqa bədii materiala - səsə, rəngə, lövhəyə
transformasiya olur... Musiqi əsəri səslə, rəssamlıq
əsəri lövhələrlə
"danışmış olur". Əsər sözlə düşünülən
fikirlərin ("məhz
fikirlərin") bədii
obrazlı adekvatına
çevrilir... Demək,
musiqi və ya rəsm əsərlərinin
də özülündə,
ibtidasında əlahəzrət
söz dayanır! İntəhası
sözlər musiqidə, rəsmdə yazılmır,
düşünülür, təsəvvür olunur...
Bədii
ədəbiyyatın söz
sənəti hesab edilməsi isə onun həyatı,
gerçəkliyi məhz söz (dil) vasitəsi ilə
canlandırması, inikası ilə əlaqəlidir. Lakin bədii
ədəbiyyatda düşüncə və bədii ifadə,
təcəssüm materialı vasitəsi bilavasitə söz
olduğu halda, incəsənətin başqa növlərində
dil yalnız ilkin düşüncə, təfəkkür
materialıdır.
Ali təhsil illəri həm də əsl təməl illəridir! Gələcək
uğurların və şəxsi səadətin tale sınağıdır!..
Təhsin Mütəllimov
Ədəbiyyat
qəzeti.- 2023.- 17 iyun.- S.20-21.