Yeddi gün Əhməd bəy Ağaoğlu irsinin izi ilə
2022-ci il martın 31-də Türkiyə
Respublikasının Bursa şəhərində
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına
(TÜRKSOY) üzv ölkələrin
Mədəniyyət Nazirlərinin
Daimi Şurasının
növbədənkənar iclasında
Azərbaycanın mədəniyyət
paytaxtı Şuşa
şəhəri 2023-cü il üçün "Türk
dünyasının mədəniyyət
paytaxtı" elan edilmişdir.
Bununla əlaqədar Azərbaycan Respublikasının
Prezidenti cənab
İlham Əliyev "Şuşa
şəhərinin 2023-cü il üçün "Türk
dünyasının mədəniyyət paytaxtı"
elan edilməsi ilə
bağlı tədbirlər
haqqında" 06 dekabr
2022-ci il tarixli Sərəncam imzalamışdır.
Həmin Sərəncamın
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti 7 fevral
2023-cü ildə "Şuşa
şəhərinin 2023-cü il üçün "Türk
dünyasının mədəniyyət
paytaxtı" elan edilməsi
ilə bağlı Tədbirlər Planı"nı
təsdiq etmişdir. Tədbirlər Planının
15-ci maddəsinə əsasən,
Azərbaycan MEA aidiyyatı
qurumlarla birgə 19 oktyabr 2023-cü ildə Şuşa şəhərində
"Əhməd Ağaoğlu
və Türk dünyası" mövzusunda
Beynəlxalq elmi konfransın keçirilməsi
nəzərdə tutulmuşdur.
Konfransa
hazırlıq məqsədi
ilə 8 may 2023-cü ildə
Azərbaycan MEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda
təşkilat komitəsinin
geniş yığıncağı
keçirilmişdr. AMEA-nın
prezidenti, akademik
İsa Həbibbəyli indiki
dövrdə "Şuşa
şəhərinin 2023-cü il üçün "Türk
dünyasının mədəniyyət paytaxtı"
elan edilməsinin xüsusi
əhəmiyyət daşıdığını,
milli-mənəvi irsimizin
və tarixi-mədəni
ənənələrimizin dünyaya daha geniş miqyasda çatdırılması, tanıdılması,
təbliği işinə
təkan verəcəyini
və tədbir çərçivəsində "Əhməd Ağaoğlu
və Türk dünyası" mövzusunda
Beynəlxalq elmi konfransın keçirilməsinin
böyük məna kəsb etdiyini diqqətə çatdırmışdır.
Çıxışçılar tədbirin yüksək səviyyədə keçirilməsi
ilə bağlı konkret təkliflər irəli sürmüş,
qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Azərbaycan mühacirət
ədəbiyyatı şöbəsinin
müdiri, Təşkilat
Komitəsi sədrinin
müavini filologiya elmləri doktoru, dosent Nikpur Cabbarlı tədbirə hazırlıq çərçivəsində şöbədə görülən
işlər, müzakirələr
zamanı səsləndirilən
təkliflər barədə
məlumat vermiş, konfransın problematikası, işçi
dilləri, tədbirə
qatılma şərtləri,
özət və tam mətnin təqdim edilməsi, qiymətləndirilməsi
və digər qaydalarla bağlı fikirlərini bölüşmüşdür...
Həmin
iclasdan iki həftə sonra beynəlxalq tədbirə
hazırlıq, Azərbaycanın
və Türkiyənin
ictimai-siyasi, ədəbi
mədəni həyatında
tarixi rol oynamış yazıçı,
publisist, dövlət xadimi Əhməd bəy Ağaoğlunun həyatı
və fəaliyyəti
ilə bağlı materialların toplanılması
məqsədi ilə yeddi gün müddətinə (21-27 may) Ankara şəhərinə ezam
olunduq, Ə.Ağaoğlu
irsi haqqında ilk məxəzlərdən sənədləri
toplamağa çalışdıq.
Türkiyə Böyük
Millət Məclisinin
kitabxana və arxivində, Milli Kitabxanada,
Qurtuluş və Cümhuriyyət muzeylərində,
Türkiyə Hava Qurumunda, Tükiyə Hava Qurumu Muzeyində,
Türkiyə Müdafiə
Nazirliyinin Əsgəri
Tarix və Arxiv Müdirliyində, Görsəl Yapım Mərkəzində araşdırmalar
apardıq, etiraf edim ki, ezamiyyət səmərəli, nəticələr
gözlədiyimizdən daha
çox və qiymətli oldu. Belə ki, biz ilk dəfə
Ə.Ağaoğlunun redaktorluğu ilə nəşr olunan "Akın" qəzetinin dəstinin, Əhməd bəyin redaktoru olduğu, yaxud sıx əməkdaşlıq
etdiyi "Hakimiyyəti-milliyyə",
"Sirati-müstəqim", "Tərcümani-həqiqət", "Son posta", "Cümhuriyyət"
qəzetlərinin ayrı-ayrı
nömrələrinin PDF-ni
əldə etdik və İnstituta gətirdik. Güman edirəm ki, Türkiyənin
ictimai-siyasi, ədəbi-mədəni
həyatında müəyyən
iz qoymuş "Cümhuriyyət" muzeyində
nümayiş etdirilən
Səməd Ağaoğlunun
millət vəkili kimi geydiyi paltarların
fotoları da müəyyən
maraq doğuracaq.
Ezamiyyət müddətində Nağı
Şeyxzamanlının və
Məhəmməd Altunbayın
həyatı və yaradıcılığı ilə
əlaqəli yeni materialların
da üzə çıxarılmasına
təşəbbüs göstərdik.
Nəticədə Nağı
Şeyxzamanlının "Biz və onlar" əsərinin 1934-cü, "Dərdləşmə"
əsərinin 1963-cü, "Azərbaycan istiqlal mücadiləsinin xatirələri"nin
1964 və 1998-ci il nəşrlərinin,
"Azərbaycan", "Türk birliyi" nəşrlərində dərc
olunmuş beş məqaləsinin PDF-ni əldə etdik. Bütün səylərimizə
rəğmən Məhəmməd
Altunbayın ssenarisi əsasında ekranlaşdırılmış
"501 nömrəli hücrə"
adlı filmindən başqa müəlliflə
bağlı heç bir materiala rast
gəlinmədi.
Əhməd Ağaoğlunun Malta sürgünündən ailə
üzvlərinə ünvanladığı
137 məktubun orijinaldan
surətini çıxardıq.
Bundan xeyli əvvəl - 2015-ci ildə
Milli Arxiv İdarəsinin
əməkdaşı Anar Mirəliyev
ilə İstanbuldan həmin silsilədən olan 24 məktubu və çox sayda digər sənədləri Ə.Ağaoğlunun
nəvəsi Təkdaş
Ağaoğlundan almış
və Milli Arxiv İdarəsinə təhvil
vermişdik. Həmin sənədlər Azərbaycan
Respublikası Dövlət
Tarix Arxivində Ə.Ağaoğluna məxsus 1046 nömrəli
şəxsi fondda mühafizə olunur. Yeri gəlmişkən qeyd edək ki, İstanbuldan gətirdiyimiz
sənədlər əsasında
yaradılmış həmin
fondda Malta məktubları
ilə yanaşı Ə.Ağaoğlunun
qızı Sürəyya
və oğlu Səmədə ünvanladığı
daha 8 məktub, ədibin 1017-1937-ci illər
ərzində Azərbaycan,
türk, fars dillərində
"Tərcümani-həqiqət",
"Press du Soir", "İkdam",
"İki gün",
"İstiqlal", "Vatan",
"Hakimiyyəti-milliye", "Tofhidi əfkar", "Akşam", "Tanin",
"Cümhuriyyet", "Akın", "Milliyet",
"Son posta", "Yılmaz",
"Cigər", "Tan", "Siyasi ilimler", "Hadisat", "İleri"
kimi dövrü nəşrlərdə yazdığı
məqalələr, xatirələr,
müxtəlif qəzet,
qəzet kəsikləri
və s. mühafizə
olunur.
Həmin
sənədlər arasında
Əhməd bəyin
Malta sürgünündən yazdığı şəxsi,
ailə mənşəli
məktublarda bu gün mühüm tarixi və ictimai əhəmiyyət kəsb edir. Odur ki, bir-iki nümunə gətirməklə
sürgün məktubları
haqqında bir qədər ətraflı
danışmağı məqsədəuyğun
hesab edirik. 23 fevral 1920-ci tarixli məktubunda doğmalarından
hal-əhval tutur, bir şirin yuxusunu danışır və məktubunu belə bitirir: "Beni hiç düşünmeyiniz.
Filhakika (doğrusu -
T.A.) hayatımız pek
yeknesaktır, fakat katiyen melal-aver (sıxıntılı - T.A.) değildir.
Allah memleket ve milletimizin akıbetini iyi etsin. Bu acılar
unutulur. İnşallah,
işlerin de yoluna girdiği hiss olunuyor. Artık hakkın tecellisi yüzü görünmeye başladı.
Biraz daha sabır... Benden bütün dost ve arkadaşlara, amca-zadelere selam... Cümlenizin gözlerinden öperim.
Ahmed". Başqa
bir məktubunda (10
mart 1920) "Kafkasya'dan haber
alıyor musunuz? Oranın hali nasıldır?" - deyə
sürgün həyatının
ağırlığını, sıxıntılarını unudaraq
Vətən həsrətini
dilə gətirir. Ə.Ağaoğlu
Sitarə və Humaya ünvanladığı
10 mart 1920-ci il tarixli məktubunda
yalnız özünü
yox, sürgün yoldaşlarının taleyindən
də nigaran qaldığını dilə
gətirir, eyni zamanda acı günlərin bitəcəyini
də inamla bildirir. O, Malta valisinin ilk dəfə sürgündəkiləri
ziyarət etdiyini, bizlərin halını hörmətlə soruşduğunu
qeyd edir, yazır ki, biz yine eskisi gibi okuyor,
yazıyor, konuşuyor;
bahçede geziniyor ve yatıyoruz. Hep aynı adamlar, aynı simalar, aynı sohbetler... Yalnız gazeteler ve ajanslar geldiği
günler ve bir de posta ziyaretleri
her şeyi değiştiriyor.
Bir hareket, faaliyet, git geliş hasıl oluyor. Aldığımız
haberleri 31 yekdiğerimize
verir, onlar hakkında mübadele-i efkar ederiz. Bazen
pek memnun, bazen de pek mağmum
ve mükedder oluyoruz. Ve böylece
günler, haftalar, aylar gelip geçiyor.
Harp bitti. Bütün
muharipler, bütün
askerler, bütün kumandanlar, bütün hükümet adamları yerlerine avdet ettiler. Yalnız biz buradaki elli-altmış Türkler - ki Mütareke'den
birkaç ay sonra evlerinden alınmışlardır
- hala da burada oturuyorlar. Sanki bütün
cihanın bütün
muharebelerine sebep bunlar imiş! İnsan işin bu tarafını düşünürken talihe
küseceği geliyor.
Fakat emin olunuz ki, bana bu satırları yazdıran ne teessürdür
ve ne de keder... Zulüm ve cefa
ne kadar ziyade olursa o kadar mütelezziz oluyorum. Çünkü o nispette
kendi nazarımda yükseliyorum. Siz de bunu böyle bilerek tahammül ve sabrediniz. Hesap günleri geldiği zaman kızaracak
yüz olmayacağız".
Göründüyü kimi,
Ə.Ağaoğlunun sürgün məktublarının
məzmunu, mahiyyəti yalnız onun ailə münasibətləri ilə
məhdudlanmır, həm
müəllifin öz
xarakteri, əqidəsi,
yaradıcılıq üslubu
haqqında kifayət qədər təəssürat
yaradır, həm də onun əhatə
edən mühit, sürgün həyatı
və ünsiyyətdə
olduğu şəxsiyyətlər
barədə əhatəli
məlumat əldə
etməyə imkan verir.
Yeri gəlmişkən qeyd edək ki, haqqında bəhs etdiyimiz Malta məktublarının üzə
çıxarılmasından 6 il sonra araşdırmaçı
doç.dr.Ömər Erdən
Ə.Ağaoğlunun doğmalarına
ünvanladığı daha
137 məktubu Ankaradakı
"Cümhuriyyət" muzeyindən
əldə etmiş və latın əlifbasına transliterasiya
edərək kitab şəklində
buraxdırmışdır ("Malta sürgünlüğünden gözümün
nurlarına mektuplar"
Əhməd Ağaoğlu.
"Türkiye Bankası
Kültür Yayınları",
2021, İstanbul). Biz Ömər Erdənin fədakarlıq
və böyük zəhmət sayəsində
ərsəyə gətirdiyi
bu kitabı yüksək dəyərləndirir,
eyni zamanda qeyd etməyi lazım bilirik ki, tədqiqatçı transliterasiya
ilə kifayətlənmiş,
məktubları, orada
sadalanan adları, hadisə və tarixləri şərh, izah etməmişdir. Digər tərəfdən
isə kitaba əvvəlki 24 məktub daxil edilmədiyindən xronoloji ardıcıllıq
pozulmuş, bununla da məktublar arasında əlaqələr itmişdir.
Məktubların ardıcıllıqla
sıralanması toxunulan
mövzu və fikirlərin düzgün şərhinə də yardımçı olur. Əgər bir məktub buraxılırsa,
bir qədər də dəqiqləşdirsək,
nəzərdən qaçırılarsa,
o zaman ondan əvvəlki
və sonrakı arasında əlaqə təbii ki, pozulur. Məs., adı çəkilən kitabda Ə.Ağaoğlunun 14 may
1920-ci il tarixli
məktubundan sonra
20 may tarixli məktubu
verilmişdir. Kitabda
17 may 1920-ci il tarixli məktub
verilmədiyindən yazışmalar
arasında əlaqə
itir və oxucuda müəyyən suallar doğurur. Maraqlı olacağını nəzərə
alıb həmin məktuba da diqqəti çəkirik. "Yine iki haftadır ki, sizden mektup alamadım.
Hiç şüphe etmiyorum ki bizim mektuplar ile de ara sıra size karşı aynı muameleyi reva görüyorlar. Bundan maksat acaba nedir?
Acaba ruhen ve manen bizi
iz'ac etmek midir? Haksız yere bir buçuk seneden beri ailemden,
vatanımdan, hürriyetimden
mahrum edilerek hatta askeri mahkemede
bile muhakeme edilmemi sekiz kere en
yüksek yerlere yazarak talep ettiğim
ve hiçbir cevaba nail olmadığım
halde bu gibi na-reva muamelelere
- ki hiçbir kavaid-i
insaniye ile kabil-i telif addolunamaz
maruz kalmamız neden? Eğer maksat bizi manen
yıprandırmak ise bittabi bu maksada
nail olunamaz. Zira bizim
de güvendiğimiz, sığındığımız
bir hak, bir adalet-i aliye
vardır. İnşallah
o adalet, o hak bir gün yerini
bulur. Ona kadar siz ve ben sabır
ve tahammül etmekle mükellefiz. İstanbul'dan aldığım
haberler, sizin ne kadar müşkülat ve sıkıntılar içinde çırpındıklarınızı
tasavvur etmeme kafidir. Ben vaziyetin bu kısmını düşündükçe çıldıracağım
geliyor. Nasıl geçiniyorsunuz, ne yapıyorsunuz?"
Yuxarıda deyilənləri
nəzərə alaraq,
Azərbaycan MEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Azərbaycan mühacirət
ədəbiyyatı şöbəsindəki
müzakirələrdən sonra Ə.Ağaoğlunun
Malta sürgünündən göndərdiyi bütün
məktubların transliterasiya
edilərək şərh,
qeyd və izahlarla nəşr olunması məqsədəuyğun
hesab olunmuşdur. Odur ki, biz Ə.Ağaoğlunun "Cümhuriyyət"
muzeyində saxlanılan
məktublarının surətini
çıxardıq və
İnstituta təhvil verdik.
Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən
biri, görkəmli publisist və tənqidçi, tanınmış
hüquqşünas və
şərqşünas alim Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyi və "Türk dünyasının mədəniyyət paytaxtı"
elan edilməsi ilə
bağlı tədbirlər
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
müvafiq sərəncamlarından,
Böyük Zəfərdən
sonra ədibin həyatı və yaradıcılığının tədqiqinə maraq daha da artmışdır.
Fikrimizcə, Ankara səfəri
zamanı Ə.Ağaoğlu
irsi ilə bağlı əldə olunan materiallar araşdırmaların daha
səmərəli və
faydalı olacağına
yardım edəcəkdir.
05.06.2023
Abid Tahirli
Ədəbiyyat qəzeti.-
2023.- 10 iyun. S. 25.