Dünyanı çiynində daşıyan dostum
Onu tanıyandan indiki zamanda gülə-gülə,
sevinə-sevinə, gələcək
zamanda isə ümidlə danışırdıq.
Səsimiz, gülüşümüz
dünyanı götürərdi.
İndi elə susmuşam
ki. Əvəzində əllərim
"danışır". Qulaqlığımda onun sevimli müğənnisi
Edit Piafı dinləyə-dinləyə
hər şeyi keçmiş zamanda düşünürəm, fikirləşdikcə
yaddaşımla bərabər
cümlələrim də
keçmişə boylanır.
Yox, səhv edirəm. Günel Eminli nə zamana sığırdı,
nə də dünyaya.
Onu oxuyandan mən də Edif Piafı,
tatar babası Rudolf Nuriyevi sevməyə başladım. Təbii, onun kimi sevə
bilməzdim. Günelin
sevgisini, ehtiramını
heç kim təkrarlara bilməzdi. Günel Piafa, Rudiyə vurğun idi. Yoxsa ki, onlara niyə esse yazsın ki. Sənəti söz olsa da, bizdən fərqli mətbuatda işləmirdi. Odur ki, ancaq istədiyi sənət adamından yazırdı. Təmənnasız,
qonorarsız.
Ətrafını ədəbiyyata çevirmişdi.
Hər şeyə də məhz ədəbiyyat gözüylə
baxırdı, hətta
gəzdiyi şəhərlərdə
belə gözü sevdiyi şeiri, nəsri axtarırdı. Şabalıd qoxulu İstanbulunda Orxan Pamukun "Məsumiyyət
muzeyi"nə getmişdi,
Drezdendə "Kitabi-Dədə
Qorqud"u ziyarət eləmişdi. Hətta bir şəkil də çəkdirmişdi.
Yerdə oturub "Dədə Qorqud"un nüsxələrinə heyran-heyran
baxırdı.
O, həyata da, tanıdığı,
hətta tanımadığı
insanlara da nurundan paylayırdı. Təkcə
bununlamı kifayətlənirdi?
Yox, əlbəttə
ki. Günel Eminli dünyanı elə bil dolu bədənində
gəzdirirdi. Toppuş
əlləri sanki planetə sığal çəkirdi. Nəinki iri, parlaq gözləri,
hətta qara qıvrım saçları
da dünyaya "gülümsəyirdi".
Gəzəndə yeri
titrədərdi. Hündür
boyu ilə dünyanı sevgisiylə
çiynində daşıyırdı.
Heç birimiz o gücdə, o ürəkdə
deyilik. Heç bir işimizdə ona çata da bilməzdik. Bunun üçün,
sözün hər mənasında, Günel Eminli böyüklüyündə
olmaq lazım idi. O gələndə zarafata salırdım, boyum onun boyuna
çatsın, onu qucaqlayıb bağrıma
basım deyə, ayağımın altına
stul qoyurdum. Bax, bu cür
nəhəng idi mənim dostum.
Günel
Eminli həm də "qayğı"
sözünün sinonimi
idi. Əlacı olsaydı, dünyanın susuz insanlarını suyla, acları yeməklə, evsizləri
evlə təmin edərdi. Ətrafında kömək eləmədiyi,
qayğı göstərmədiyi,
təsəlli vermədiyi
insan, demək olar ki, yox idi.
Çünki bağışlamağı
sevirdi. O qədər sevdi ki, axırda ömrünü də dünyaya bağışladı.
Anası Mülayim xala, atası Bəylər əmi onu elə sevmək,
yazmaq, yaxşılıq
etmək, yaşamaq, özü də doyunca yaşamaq üçün dünyaya
gətirmişdi. İndi onun
ömrü hekayələrinə,
esselərinə, şeirlərinə
və bir də xatirələrimizə
qarışıb.
Eminesko,
indi qulaqlığımda
sənin Piafın
"Milord" oxuyur...
Ülviyyə Heydərova
Ədəbiyyat
qəzeti.- 2023.- 17 iyun.- S.21.