İki Nigar, iki
tale
Nigar Rəfibəylinin əziz xatirəsinə
Yazın sehrli nəfəsinin
təzəcə çəkilib
getdiyi,
hər tərəfin gül-çiçək ətrinə büründüyü bir vaxtda gəlimli-gedimli,
ölümlü-qalımlı dünyaya
bir qız uşağı da qədəm basdı.
Kənardan baxan üçün elə görünürdü ki, həmin
gün adlı-sanlı,
yetərincə şöhrətli
bir ailədə doğulmuş bu uşağın çiynində
xoşbəxtlik mələkləri
durmadan qanad çalır, çiyin-çiyinə
verib halay çəkir. Axı bu qızın doğulduğu ailə adi ailə deyildi.
Babası Ələkbər
bəy dövrünün
ən adlı-sanlı,
maarifçi ziyalılarından
hesab olunurdu. O, Gəncə şəhər
dumasının üzvü
və "Difai" partiyasının yaradıcılarından
biri idi.
Atası
Xudadat bəy Rəfibəyli isə Azərbaycanın ilk ali təhsilli cərrahıydı.
Xarkovda ali təhsilini başa vurub öz doğma
şəhəri Gəncəyə
qayıtmışdı. Gəncənin
ictimai-siyasi həyatında
xüsusi rolu olan bir ziyalı
kimi Xudadat bəyin şöhrəti
ölkənin hüdudlarından
xeyli kənara yayılmışdı. O, ictimai-siyasi
xadim Həsən bəy Ağayevlə birlikdə Azərbaycanda
ilk səhiyyə sağlamlıq
cəmiyyəti olan Gəncə Tibb Cəmiyyətini, Gəncədə
açılan Aktyorlar
Cəmiyyətini yaratmış,
1919-cu ildə Azərbaycan
hökuməti tərəfindən
Gəncə Quberniyasının
general qubernatoru vəzifəsinə
təyin edilmişdi. Beləcə, yenicə doğulmuş, ailəyə
böyük sevinc, fərəh gətirmiş
bu qıza kənardan bəxtəvərlik
vermək olduqca real və ağlabatan görünürdü. Elə
ailədə çox
sevdikləri üçün
ona həyatdan nakam getmiş bibisi Suğranın adını vermişdilər.
Ancaq çox olub ki, dünyasını
dəyişmiş əzizlərinin
adını övladına
qoyan valideynlər sonradan bunun əziyyətini də çəkiblər. Bu balaca
qıza verilmiş adın səslənməsi
də ailədə tez-tez həyəcan yaradırdı. Kimin ağlına gələrdi
ki, adı çəkilərkən
hər kəsin ürəyi əsən, könlümüzə yaxın
olduğu qədər
də o dövr üçün uzaq və əlçatmaz olan doğma Türkiyənin bir şair qızının adı balaca Suğraya doğru uçacaq, nağıllarda
deyildiyi kimi, iynə yarım yol gələcək və öz sahibini tapacaqdı. Bu, o günlər idi ki, dövrünün ziyalı,
savadlı qadını
olan Cavahir xanım Osmanlı Türkiyəsində yaşayan
Nigar bint Osman adlı türk şairinin "Əfsus"
adlı şeir kitabını dönə-dönə
oxuyur, onun tilsimindən heç cür çıxa bilmirdi. Kitabdakı şeirləri təkrar oxuyan Cavahir xanımın ürəyində
birdən-birə bir arzu baş qaldırmışdı:
qızı Suğranın
adını dəyişib
Nigar qoymaq. Kim bilir, bəlkə onun qızı da gələcəkdə belə
gözəl şeirlər
yazacaq, kitabları əldən-əldən gəzəcəkdi.
Beləcə, şeir
kitabını əlində
tutub xəyallar quran, öz-özünə
xoşbəxtcəsinə gülümsünən
ana birdən sanki yuxudan ayılır. Bəs ailədə bu addəyişmək məsələsini necə
dilə gətirmək,
onları necə başa salmaq lazımdır ki, düzgün
anlaşılsın? Və
bir gün Cavahir xanım cəsarətini toplayıb
qayınatasına yaxınlaşır:
- Bəlkə bu qızın adını dəyişib Nigar qoyaq? Onsuz da Suğra deməyə dilimiz gəlmir, hər dəfə adı çəkiləndə
kövrəlirik...
Cavahir xanımın qayınatası
Ələkbər bəy
dünyagörmüş ziyalı
idi və gəlininin fikriylə razılaşır. Beləliklə
də bu balaca qıza Osmanlı dövlətinin
şöhrəti dildən-dilə
düşən, istedadlı
və kübar, bir neçə dil bilən, yüksək sənətlərə
sahib olan şair qızı Nigarın adı verilir. Gələcəkdə isə
Cavahir xanımın xəyal etdiyi kimi, öz şeirləri
ilə ürəkləri
ovsunlayan, kitabları əldən-ələ gəzən
qızı Nigarın
da taleyi adını daşıdığı Nigar
bint Osmanın taleyi kimi keşməkeşli
olacaqdı.
Sovet imperiyasının zülmlərinə,
təqiblərinə, amansız
repressiyasına tuş
gələn Nigar xanım Rəfibəyli ilə, dövründəki
cəhalətin, despot adət-ənənələrin,
mürtəce köhnəlik
qəliblərinin zülmlərinə
tuş gələn,
12 yaşda ərə
verilən Nigar bint Osmanın həyat hekayələri müxtəlif zaman və məkanlarda yazılsa da xeyli oxşardır.
Nigar xanım Rəfibəylinin
hələ 7 yaşı
olarkən birdən-birə
bütün işıqlı
günlərinə, o zamankı
xoşbəxt taleyinə
qəflətən qara
bir xətt çəkilir. 1920-ci ildə
28 aprel bolşevik çevrilişindən sonra
mayın 12-də atası
Xudadat bəy həbs olunur. Millətimizə bacardığı
qədər qənim kəsilməyə çalışan
ermənilərin canfəşanlığı
sayəsində öz
xalqının maariflənməsi,
müstəqilliyi uğrunda
gecə-gündüz mübarizə
aparan, ömrünü
şam kimi əridən Xudadat bəy Gəncə üsyanının təşkilində
təqsirləndirilərək güllələnmə hökmünə
məhkum olunur. O zaman
qara kabus kimi qapı-qapı gəzən şər-böhtan
kompaniyası bu ailədən də kənarda qalmır. Bundan sonra ailə
pərən-pərən düşür
və 7 yaşlı qız irəlidəki həyatın ən çətin sınaqlarıyla
üzbəüz qalır.
Haqsız tənqidlər,
hədə-qorxular, xalq
düşməninin qızı
kimi vurulan tənələr, çətin
həyat şəraiti
Nigar Rəfibəylini
anbaan izləyir. Dövrün amansız təqiblərindən xilas
olmaq üçün
iki qardaşı vətəndən didərgin
düşən, anası
ilə birlikdə Gəncəni tərk edərək Bakıya sığınan bir gənc qız üçün bu olduqca çətin dönəm idi. Bütün bunlara baxmayaraq, Nigar xanım öz təmkinini, nikbin xarakterini, iradəsini qoruyub saxlayır, öz işinə, yaradıcılığına inamla
davam edir. Heç bir sıxıntı, qadağa,
qorxu onun yaratmaq eşqiylə dolu duyğulu ürəyini sözün
sehrindən, cazibəsindən
aralı sala bilmir.
Sovet quruluşunun iti caynaqları, totalitar rejimin məngənəsi Nigar Rəfibəylini nə qədər sıxırsa, öz dövrünün cəhalət,
şəriət, mental qəlibləri
də adını daşıdığı Nigar
bint Osmanı eləcə sıxmışdı.
Əslində, kənardan baxanda
Nigar bint Osman da qibtə ediləcək qədər xoşbəxt
görünürdü. Macar
əsilli Osman paşanın
və Nuru bəyin qızı Əminə Rıfatın
ailəsində göz
açan Nigar xanım tənzimatdan sonrakı türk poeziyasının ən görkəmli isimlərindən
hesab olunur, Türkiyənin yüksək
təbəqəyə məxsus,
ziyalı, şair, nasir, ilk ssenarist qadını kimi şöhrət qazanmışdı.
Lakin kübar ailədə
doğulan, dövrünə
görə ən yaxşı təhsil ocağı sayılan Kadıköy məktəbində
italyan, fransız, rum dillərini, eləcə də musiqi, rəsm dərslərini öyrənən Nigar bint Osman da göründüyündən
fərqli olaraq qibtə ediləcək həyat yaşaya, öz xoşbəxt görüntüsünü doğrulda
bilmir. Erkən yaşında ikən incə ruhlu, ürəyində yazmaq-yaratmaq
eşqi gəzdirən
Nigar ər evinə köçməli
olur. İçki düşkünü, gecə
həyatının aludəçisi
olan əri İhsan bəy ona olmazın
işgəncələr verir,
bacardığı qədər
əzməyə çalışırdı.
Övladlarının xətrinə
ailədəki bütün
əziyyətlərə qatlaşan
Nigar bint Osman ağır məhrumiyyətlər
içərisində yaşasa
da, öz yaradıcılığını
da davam etdirir, öz şeirləri ilə ürəkləri fəth edir, yanan ürəklərə
su səpirdi.
Bəli,
taleyin amansız oyunu, cəmiyyətin, dövrün müdaxiləsi
hər iki Nigarın həyatının
erkən bir dövründə öz xoşagəlməz izini buraxmışdı. Lakin onların
taleyindəki böyük
fərq burasında idi ki, Nigar Rəfibəyli
qadın kimi daha xoşbəxt idi. O, həyatda öz istədiyi, sevdiyi insanı tapmışdı. İstedadlı,
erudisiyalı, yüksək
insani keyfiyyətləri
ilə seçilən
şair Rəsul Rza onu ürəkdən
sevirdi. Bir-birinə ən ülvi hisslərlə bağlanmış
bu iki insan,
sözün əsl mənasında, bir-birinin yarı idi. Görünür, tale bu tərəfdən ondan öz səxavətini əsirgəməmiş, necə
deyərlər, aldıqlarını
verdikləri ilə tarazlamışdı.
Nigar Rəfibəyli öz nikbinliyini, əyilməz iradəsini incə lirizmi ilə fərqlənən şeirlərində
də əks etdirir. Onun şeirləri
insanı yaşamağa,
yaratmağa səsləyir.
Nigar bint Osman şeirlərində nə
qədər şəxsi
taleyinə, qarşılığını
ala bilmədiyi sevgisinə,
cəmiyyətin geridə
qalmış xurafatına
qarşı üsyan vardırsa, Nigar Rəfibəylinin şeirlərində
bir o qədər işıqlı sabaha inam və sevgi,
günəş işığına,
çiçəklərin ətrinə bürünmüş
bir dünyanın sakini olmaq arzusu
özünü biruzə
verir.
Günəşdən gənclik istədim
Dənizdən çoşğun həvəs.
Meşədən dinclik istədim
Küləkdən ilıq nəfəs.
Güllərdən ətir istədim
Quşlardan iti qanad.
Yarpaqdan
çətir istədim
Ömürdən coşğun həyat.
Dağdan
əzəmət istədim
İnsanlardan məhəbbət.
Nə istədim, nə istədim
Verdi mənə təbiət.
Nigar Rəfibəyli şeirlərində
oxucunu təsirləndirmək
üçün qəmə,
kədərə "qonaq
etmir". Onun şeirləri bulaq suyu kimi təmizdir,
safdır, yenicə doğulmuş körpə
kimi məsumdur. Azərbaycan poeziyasında
bu qədər saf, xoş ovqat
yaradan, incə ruhlu şairə rast gəlinmir. Bu şeirləri oxuyarkən
adama elə gəlir ki, səhər yenicə açılıb,
günəş doğur,
bütün pisliklər,
xəbisliklər yox olur, insanlar xoşbəxtlik üçün
tələsir...
Maraqlıdır ki, bu zərif qəlbin sahibi incə lirizmlə yanaşı, baş verən haqsızlığa
qarşı qəzəbini,
hayqırışını da qələmə ala bilib, ictimai mövzulu şeirlər də yazıb. Onun "Dolores İbarruri" şeiri - ispan xalqının faşizmə qarşı
olan mübarizəsinə,
"Cəmilə" şeiri
Əlcəzair xalqının
milli-azadlıq mübarizəsinə,
haqq səsinə həsr olunmuşdur. Bu şeirlərdə artıq
zərif, incə ruh dəmir iradəyə, cəsarətə,
çağırışa çevrilir.
Nigar bint Osmanın şeirlərində Nigar Rəfibəyli şeirinin
nikbinliyini görmək
olmasa da, bu şeirlər də səmimiyyətdən yoğrulub.
Dərin lirizmlə ifadə olunan bu səmimiyyət isə ilk misradan oxucunu inandırır və öz təsirinə sala bilir. Təsadüfi deyil ki, Məhmət Fuad Körpülü Nigar bint Osmanı şair kimi çox yüksək dəyərləndirirdi:
"Əsərlərinin mükəmməlliyi,
şeirlərindəki qadın
hisslərinin səmimi
əks etdirilməsi, hər tərəfə yayılan şöhrəti
ilə heç bir mübaliğəsiz demək olar ki, Nigar bint Osman indiyə qədər tanıdığm türk
şairlərinin ən
qüdrətlisidir".
Əslində, kənardan baxılanda
Nigar bint Osman da çox xoşbəxt görünürdü. Şöhrəti
Avropaya yayılan, getdiyi ölkələrdə
krallara, kraliçalara
təqdim edilən, ölkə səfirləri
tərəfindən qarşılanıb
yola salınan, Sultan
Mehmet Rəşad, rumın
kraliçası Elizabet, İsveç
kralı Qustav kimi məşhur adamlarla tanışlığı
olan Nigar bint Osman daxilən xoşbəxt deyildi. Baxmayaraq ki, gününü
saray adamlarıyla keçirir, cəmiyyətin
ən nüfuzlu qonaqlarını qəbul edirdi, amma yenə
də xoşbəxtlik
üçün nə
isə çatışmırdı.
Bu çatışmayanın adı qadın xoşbəxtliyi idi. Əbəs yerə deməmişlər ki, Şərq
qadını daha çox ailəsində xoşbəxt ola bilir. Axı fransız, rumın və alman dillərini mükəmməl
bilən, yaradıcılığı
və gözəlliyi
ilə məşhur olan Nigar bint
Osman düşüncə, dünyagörüşü və
zövqü ilə Qərbə nə qədər yaxın olsa da, qəlbən, ruhən şərqli idi. Buna görə də onun ən
həssas nöqtəsi
ailəsi idi və ən böyük acıları
ailəsiylə bağlı
idi. Sevgisinə layiq olmayan, bütün həyatını
qaraldan ərindən ayrıldıqdan sonra uşaqlarını götürüb
ata evinə qayıdan Nigar xanımın ailəsi ard-arda fəlakətlərə
düçar olur. Qızının bəxtsiz
taleyinə biganə qala bilməyən atası dözməyib infarkt keçirir və bir müddət
sonra bütün günü Nigara dualar edən anası həyatdan köçür. Ata-anasının
ölümü həssas
qəlbli Nigar xanımda böyük ruh düşkünlüyü
yaradır. Buna görə
də şeirləri ağrı və nisgillə, fəryadla doludur.
Əfsus
ki, məni qəmdən
azad edəcək yox
Viranə
dili bir daha azad edəcək
yox.
Təsiri
məhəbbətlə yıxılmış,
gözəl amma
Viranə
dili bir daha abad edəcək
yox.
Kəs varsa əlaqən mənə ey taleyi- dunum
Sən
var ikən aləmdə
məni yad edəcək
yox.
Haqq ilə bilir zar könül aləmi eşqi
Mahirdir
o fəndə onu ustad edəcək yox.
Yarəb
nə üçün
zari-Nigari bu cahanda
Naşad
edəcək çoxsa
da, şad edəcək
yox.
Bu şeirdə taleyin amansız zərbələrindən inləyən
bir zərif qəlbin fəryadı açıq-aydın duyulur.
İllər sonra vətəndən
didərgin düşmüş
qardaşının görüşünə
gedən Nigar xanım Rəfibəyli yolunu Nigar bint
Osman küçəsindən salır. Bəlkə bu da bir təsadüfdür,
yaxud taleyin mistik oyunudur, kim bilir... Nigar
xanım yanındakı
qohumuna zarafatla: "Bax, görürsünüzmü,
adıma küçə
də salınıb"
- deyir. Zaman keçir
və həqiqətən
də Bakının ən məşhur küçələrindən birinə
onun adı verilir.
İki şair, iki tale... Onları zaman və məkan ayırsa da, bir-birinin üzünü heç vaxt görməsələr də,
müəyyən məqamlarda
çarpazlaşan, müəyyən
məqamlarda isə kəskin şəkildə
fərqlənən taleləri
durmadan şair talelərinə yol açıb. Belə bir deyim var ki, hər bir yaradıcı
insan öz hekayəsinin qəhrəmanıdır.
Və onların tarixdə iz qoyan, əbədiləşən
şair taleləri çox oxşardır.
Bu iki qüdrətli şairin yaradıcılığına
nəzər salarkən
isə adama elə gəlir ki, onların arasından heç illər də keçməyib, arada heç məkan da olmayıb. Əsl sənətin zamanı, məkanı olmur axı...
Narıngül NADİR
Ədəbiyyat
qəzeti.- 2023.- 17 iyun.- S.22-23.