Əyləc sədası altında

 

Füruğ Fərruxzad barədə fraqmentlər

 

 

Heç kimlə "həmyaşıd"

 

O, iki dəfə ailə həyatı qurmuşdu, ərləri isə özündən yaşca xeyli böyük adamlar idilər. Yaşca ondan böyük kişilər arasında isə bircə atası onun duyğularını, hiss həyəcanlarını anlamağa çalışırdı. Belə ki, atası yaş nisbətini nəzərə almadan, onun ilk izdivacına razılıq vermişdi, amma sonradan Füruğ başa düşmüşdü ki, valideyninin xeyir-duasına səbəb heç onun taleyini düşünməklə bağlı məsələ deyil. Səbəb atasının ikinci dəfə evlənmək eşqinə düşməsidir. O vaxtacan isə ailədə atasının bu istəyi narazılıqla qarşılanırmış. Füruğu tezcə istədiyinə ərə verməklə atası onu başından əkmək, "rəqiblərinin birini" bərtərəf eləmək fikrindəydi. Görünür, onu anlayan da, çox zaman bunu öz məqsədi naminə edirdilər. Onu anlamaqla belə aldatdılar.

O, sevdiyi insana qovuşanda, ədəbiyyatdan, doyunca mütaliə etməkdən, özü ilə tək qala bilmək ecazından aralı düşürdü. Füruğ bir sevdiyinə qovuşarkən, başqa təşnə bir məhəbbətdən ayrı düşməli olurdu. Çox zaman böyük insanların vüsalları ilə həsrətləri eyni anda başlayır...

 

Yalan yalanlığında qalsın

 

 Nədənsə şeirə boş şey, yalan düşüncə kimi yanaşan, "Leyli Məcnun əfsanədi" deyənlər, sözə heçlik nəzəri ilə baxanlar hansısa şeirdə bircə kəlmə erotik kəlmə görən kimi, o saatca həmin təsvirin məna yükünü şairin tərcümeyi-halına yamayırlar yazılanları əsl həqiqət kimi qəbul edirlər. Bu riyakar münasibət bu tərs-məzhəblik çox zaman qaçılmaz olur təəssüf ki, neçə-neçə şairin ürəyini çürüdür.

Füruğ gözəl bir eşq gecəsi keçirdiyi barədə şeir yazanda çoxlarının ağlına gəlmirdi ki, həmin nümunə sadəcə müəllifin təxəyyül məhsulu ola bilər. Yaşadığı cəmiyyətin zaman-zaman şeirə bunca riyakar, ikiüzlü münasibəti ilə o, heç vəchlə barışa bilmirdi. Adamlar nəinki özlərinə münasibətdə dürüst ola bilir, çox zaman həqiqətpərəstlərə ədalət pəncərəsindən baxmağı bacarmırlar. Füruğun ətrafındakı adamların poeziyaya bu cür saxtakar münasibəti onun mənəvi cəhətdən belini qırırdı. Onun öz həqiqətini tapdığı şeirlərdə yalan, təxəyyül bəhrəsi olan şeirlərində həqiqət bulanlar, özləri fərqində olmadan onu hər dəfə təzədən itirirdilər. Əsl Füruğ isə çoxlarının onu itirdiyi yerdə idi...

 

 

Şux ürəkaçan bir qadın kimi

 

sənin ürəyinə kaş ki, girəydim.

 

Qəfil gözlərinə baxaraq səni

 

öz gözəlliyimə heyran görəydim.

 

 

Tənha yatağında kaş bədənimdən

 

bir günah çırağı yanıb sönəydi.

 

Sənin zahidliyin, mənim həsrətim

 

bu şirin günahla külə dönəydi.

 

 

Utanc damğasıyla damğalanmışdım,

 

o boş tənələrə mən idim gülən.

 

Dedim səsi olum öz varlığımın,

 

amma çox heyif ki, qadın idim mən.

 

 

Qoy yenə mən dolum, qoy aşıb-daşım,

 

axıdım gözümdən şəbnəmləri mən.

 

Özümdən keçdim ki, yırtıb hicabı

 

göstərim Müqəddəs Məryəmləri mən.

 

             (Tərcümə: Məhəmməd Nuri)

 

 

Şeir sığınacağı

 

Füruğ öz daxili dünyasında hansısa bir həqiqətə çatmışdı, həmin həqiqət ona bir-birindən gözəl şeirlər yazdırmışdı. Yazılarının birində dilə gətirirdi ki, bəzən insanlar çarəsiz, naəlac qalanda başqasına sığınaraq bütünləşmək istəyirlər, amma bu faydasız ümiddir, çünki insan fitrətən nədirsə, elə odur. Fəqət bu təsbit, bu yəqin poeziyada elə deyil, cilvəli sözə bağlananda, gözəl deyişlərə aludə olanda, qırçınlı fikirlərə etiqad bəsləyəndə günü-gündən mənəvən yetkinləşirsən, ruhi gücünə güc qatılır. Əlbəttə, Füruğ böyük ideyaların, bəşəri düşüncələrin şairi deyildi, cahanşümul ideyaları əks etdirmək onun poeziyasına ümümi mənada xas əlamət sayılmazdı. O, sadəcə sındırdığı qəliblərin, aşdığı aşırımların arasında, büdrədiyi həyat dolanbaclarında böyük şair idi, bir sözlə özü ola bilməsi, onu sözün qədrini bilənlərə böyük göstərir.

 

Özü ola bilməyənlərin, öz varlığını tanımayanların gözündə özü olanlar heç zaman həqiqi qiymətini ala bilmirlər. Onlar ya hədsiz şişirdilir, ya da heç sayılırlar. Öz dünyasını yazan şairlər onu özü kimi duyanları oxucu hesab edir, başqasının dünyasını yazan şairlər isə sadəcə onu şair kimi tanıyanları oxucu sayır. Əksərən böyük şairlərin oxucusu yox, həmdərdi olur. Füruğ da özü kimi hüquqsuz, haqqı tapdalanan həmdərdləri üçün şeirlər yazırdı...

 

 

İstedad xiffəti

 

 Füruğ həm istedadlara ürəyi yanan həssas bir adam imiş. Bir dəfə istedadlı birinin zənginlərin məclisində saz çalıb, mahnı oxumasından ürəyi sızlayaraq danışırmış ki, üçün bu qədər istedadlı bir adam digər insanların arasında xoş vaxt keçirmək üçün özünü bu qədər kiçildir. Füruğ sazı da sevirdi, şeiri , istedadı da. Gözünün önündə hər üçünün alçalması isə onu daxilən əzirdi.

O, kiçilənlərə görə narahat idi, Füruğu sevənlər isə onun gözündə böyütdüklərinə görə... Çox zaman böyük ürəkli şairləri onların gözlərinə sığan nəhəng dünyanı dağıtmaq üçün min bir yolla məhv edirlər.

 

 

Şəxsiyyət

 

 Düzü, qəlbimin dərinliyində Füruğun özünəməxsus auralı poeziyasını heç zaman ürəkdən sevə bilməmişdim, düşünmüşdüm ki, onun yazdıqları xırda, sıradan arzularına çata bilməyən qadının dərdin vəcdi ilə yazdığı misralarıdır. üstəgəl faciəli taleyi onun insanlar tərəfindən sevilmə gücünə güc qatıb. Amma sonra müəyyən qədər yanıldığımın fərqinə vardım, anladım ki, onun irsini maraqlı edən həyatı ilə yazılarının bir-birini tamamlamasıdır. Çünki o, şəxsiyyətcə çox sınmaz, əyilməz, nəfsi gözü tox olub.

Zamanında "Ev qaradır" filminə görə Cüzamlı Xəstələrə Yardım Fondu Füruğa mükafat vermək istəyib. Ödülü ona şahın bacısı Əşrəf Pəhləvi təqdim etməli imiş. Füruğ bu səbəbdən həmin mükafatı almağa getməyib. Fikirləşib ki, əli minlərlə insanın qanına batmış, haqq səsini boğan bir ailənin üzvündən üçün ödül almalıyam? üçün onlarla eyni səfdə dayanmalıyam? Füruğ ikibaşlı, çoxbaşlı gedişlərlə, fəndlərlə həm ədalətin yanında olub, həm o ədalətin belini qıranların sırasında dayanmaq istəmirdi.

Yaxud Füruğ şah rejimindən qaçan bir adamı üç-dörd ay öz evində saxlayıb. Amma himayə etdiklərindən Mənsuri, Şiravunlu Pərviz Nikah həbs olunub. Bu xəbəri eşidəndə Füruğ hönkür-hönkür ağlayıb. O zamanlar italiyalı məşhur rejissor Bernardo Bertolucci Tehrana gəlibmiş, Füruğ ona həbs olunanlarla bağlı məlumat xarakterli sənədlər verib ki, onları Avropada yaysın, bəlkə, edam hökmləri ləğv edilə. İtaliyalı rejiossor məlumatları Qərb mətbuatında yayıb nəticədə onların edam hökmləri həbs cəzası ilə əvəzlənib. Füruğ başqalarının timsalında öz azadlığı üçün vuruşurdu. Çünki azadlığını itirən hər kəslə öz azadlığının da itdiyini, haqqı tapdalananlarla yanaşı öz haqqının da tapdalandığını yaxşı bilirdi.

 

 

Ruhi təcrübə

 

 Şair sırf hissiyyatla yazanda bəzən uduzur, sırf ağılla yazanda da şeirləri cansıxıcı alınır. Ən mükəmməli ruhi təcrübəylə yazmaqdır, çünki ruhi təcrübədə həm ruh var, həm könülün hökmü var, həm ağıl. Füruğun "Yenidən doğuluş" kitabı məhz ruhi idrakı təcrübə ilə yazılıb.

Aktyor Pərviz Purhüseyni xatirələrində yazır ki, bir dəfə Füruğ ilə eyni tamaşada oynayırmış, məşq zamanı bir nəfər şairə acıq vermək üçün onun əvvəlki şeir kitablarından şeirlər oxuyub onu cırnadır. Füruğun "Yenidən doğuluş" kitabı isə təzəcə çapdan çıxıbmış. Füruğ şeiri oxuyan adama deyib ki, axmaq, yeni kitabımı görməmisən? Füruğun aksenti qəribə imiş onun nitqində "S" "Ş" səsləri qəribə şəkildə bir-birinə qarışarmış. əsəbiləşəndə belə bu cür danışığı onun nitqini canayatımlı, şirin göstərərmiş. Sizcə, bəyənimli, ecazkar şeirlər yazıb, üç kitab meydana gətirib sonra onlardan imtina eləmək asandırmı? Keçdiyin yolu keçilməmiş sanmaq hər kəsin qüdrətinin qabil olacağı məqamdırmı? Qətiyyən. Bəs Füruğ üçün yazdığı gözəl şeirlərdən imtina edirdi. Buna səbəb oxşar mövzularda çox yazması idi.

Füruğ özünü təkrarlamaqdan, öz hisslərini dönə-dönə yazmaqdan usanaraq yeni bir şeir yoluna qədəm qoymuşdu bu sadəcə düşüncənin ifadəsi olan əməli addım deyildi, həm onun xarakterindən irəli gələn məqam idi. Yenə P.Purhüseynin xatirələri soraq verir ki, məşq zamanı idi, dönə-dönə eyni səhnəni oynayırdıq ki, fraqment tam yekunlaşsın, sonra keçək süjetin digər hissəsini səhnə üçün hazırlamağa. Yorğun Füruğ yaxınlaşıb Pərvizə deyib ki, siz aktyorlar hər dəfə eyni səhnəni dönə-dönə oynamağı necə bacarırsınız? Pərviz aktyor üçün bu naqolay sualdan təəccüblənib, onda Füruğ cavabında söyləyib ki, "mən bu təkrarların məhbəsindən yoruldum".

Yəni daim yenilənmək, həyata təzə nəzərlərlə baxmaq onun şair kimi istəyi idi, sadəcə cəmiyyətin yeknəsəq reaksiyaları, sınmaz qaydaları vadar edirdi ki, o, dönə-dönə eyni mövzulara qayıtsın, oxşar mövzulara müraciət eləsin, hər gün parçalanan qəlbinin gündəlik dərdlərini şeirləşdirsin. Ona görə ilk üç kitabında təkrar mövzular çox idi.

Şair yazdıqlarında öz məninə həddən artıq çox rast gələndə usanır, beləcə özündən doyan müəllifin yazdıqları da gözündən düşür. Şair təcrübəsiz vaxtlarında hamıdan arınmış şeirlərini çox bəyənir, püxtə dönəmində isə hamıyla bərabər olduqlarını...

 

 

Dünyanı tanıdan

 

 Füruğ Fərruxzad həyat yoldaşı Gülüstanla münasibətinin yarandığı dövr onların hər ikisi üçün yaradıcılıq baxımından uğurlu olub. İkisi öz sahəsində ən yetkin əsərlərini yaradıblar. Sanki bir-birinin həyatlarında var olmaları ilə bir-birinə əlavə ruhi-mənəvi imkanlar açıblar.

Gülüstan isə sənət meyarlarına bələd biri idi: istedadlı insanlar onun sözlərinə etimad edib inanırdılar, onun zövqü ilə hesablaşırdılar, dediklərini az qala hökm kimi qəbullanırdılar. Təbii ki, ər-arvadın zövqləri bir-birinə təsir edirdi, Füruğ qədər modern şair olsa da Sədi Şiraziyə məftunluğu heç zaman azalmırmış, elə Gülüstan da Sədi sözünün vurğunlarından imiş.

Qəribəsi odur ki, bəzi bir-birinə daban-dabana zidd şairlər olur ki, onlardan biri o birinin yaratdıqlarına həddən artıq maraq göstərir. Məsələn, Füruğ Tomas Eliotun şeirlərini çox sevirmiş. Bəyəm onlar arasında hansısa yaradıcı oxşarlıq, bağlılıq varmı?

İstedad iki cür açılır, ya başqasının əsərlərini həddən artıq sevəndə ən gözəl əsərləri yaradırsan, ya da öz yazdıqlarına həddən artıq maraq göstərəndə. Füruğ Gülüstan vasitəsi ilə yaşadığı dünyanı yenidən tanımışdı. Gülüstanın eşqi Füruğa özünü - kim olduğunu tanıtmışdı. Çox güman həyatda ən böyük itki sənə dünyanı tanıtdıran insanın itkisidir. Həmin insanın yoxluğundan sonra sanki onun vasitəsi ilə öyrəndiklərini qeyb edirsən. Ən dəhşətlisi odur ki, sənə dünyanı tanıtdıran adamdan sonra bir dünyanı yenidən tanımaq istəmirsən. Beləcə onsuz - sənə dünyanı tanıtdıran insansız bütün ömrünü bu dünyaya nabələd yaşayırsan. Eynən Gülüstandan sonra yaşayan Füruğ sayaq...

 

 

Son düzəliş

 

Mətn redaktəsi elə bir işdir ki, daim davam edir, heç zaman bitmir. Müəllif ölüb-gedir, yazdıqlarına redaktorlar əl gəzdirirlər. Amma bəzən redaktə işi təkcə kağızın yox, həm yazıları silinməz olan daşın üstündə aparılır. Deməli, Füruğun məzarı üzərinə əvvəlcə belə yazılıbmış: "Mənim ölümüm gəlib çatacaq haçansa", sonra məzar yenidən düzəldilib şairin bu şeiri həkk olunub:

 

 

Gecənin axırından danışıram

Qaranlığın bitəcəyindən

gecənin sonundan söz açıram.

 

 

Ey sevgili, əgər evimə gəlsən

 

Bir çıraq gətir

 

balaca bir pəncərə

 

Ki ordan

 

Xoşbəxt küçədəki insan izdihamını seyr edim.

 

 Füruğun sonradan qəbiri , yenilənib, sözü . Sağlığında bunu şairin özü, vəfatından sonra başqaları edib. Məqsəd isə birdir, şairin daha dolğun düşüncələrinin insanlara çatması. Fəqət yazı prosesində hansı şair bilə-bilər ki, hansı misrasını elə öz başdaşı üçün qələmə alır?!

 

 

Sonuncu yol

 

Füruğ Fərruxzadın anası Betül Vesiritebar müsahibəsində qızının öz aqibətindən irəlicədən duyuq düşdüyü barədə danışarkən xatırlayır ki: "Füruğ ölməmişdən bir neçə gün qabaq evimizə gəldi "anacan, bilirsən az qala öləcəkdim?" dedi. "Niyə, Allah göstərməsin" dedim. "Bir neçə adamla maşında idik, qəza oldu, hamısı yaralandı, amma mənim burnum da qanamadı". "Allaha çox şükür! Allah xatirinə, özündən muğayat ol, Füruğ" deyəndə cavabında söylədi ki: "Onsuz da Allah deyən olacaq" sonrasa əlavə elədi: "Ana, əlini ver baxım". Əlimi tutub ovcuma baxdı. Öz əlinə baxdı. "Mənim ömrüm çox gödəkdir, tez öləcəm. Amma sənin ömrün çox uzundu". Dedim ki, "Füruğ, bu sözləri deməkdə məqsədin ürəyimi sındırmaqdısa, çıx get. Belə ağzına gələni danışmağını eşitmək istəmirəm". Qəhqəhə çəkib güldü: "Ana, inan ki, yalan demirəm". Gedərkən "Anacan, bir fikirləş ki, bu yaxınlarda, məsələn, bazar ertəsi qəzetlərin birindən sənə zəng edib baş sağlığı versələr" deyəndə qayıtdım ki: "Füruğ and olsun ki, sən məni dəli edəcəksən, çıx get". "Görəcəksən ki, yalan demirəm". Elə dediyi gün maşın qəzasına düşdü onu bir görmədim".

Füruğ çox zaman yalan danışa bilmirdi, ona görə öz ölüm tarixini dəqiq deyirdi. Bu dünyada ona vəd verənlərin hamısı onu xoşbəxt edəcək saat üçün gecikdi, o dünyada onu xoşbəxt edəcək saat isə yubanmadı. O, bu həqiqəti bilirdi deyə, yetişəcək ölüm anından nagüman deyildi. Onun ürəyinə daman vaxtda da ölüm gəlib yetişdi. Məktəbliləri daşıyan avtobusla toqquşmamaq üçün maşınını ağaca çırpan Füruğ uşaq qışqırtılarını əyləc səsinə dəyişərək onu incitməkdə yorulmaz olan dünyadan köçdü. Hamıdan Fərqli olmağı bütün ömrü boyu məharətlə bacaran Füruğ, ölümüylə heç kəsə bənzəmədi: Əyləci bir dəfə dayanmaq üçün yox, bu dünyadan bir yolluq getmək üçün sonacan basdı...

 

Fərid HÜSEYN

Ədəbiyyat qəzeti.- 2023.- 10 iyun. S. 26-27.