Aydın Məmmədovun gözləri -

 

Alimin, yazıçının, ümumən yazı-pozu adamının şəxsi keyfiyyətləri mütləq onun davranış və ədalarında üzə çıxır. Bəzi şeylər nə qədər gizlədilə bilsə də, bir gün onun da açılma, partlayış anı olur. Həqiqət anı.

Bəzən bir alimin, özü də yüksək ixtisas sahibi alimin ruhunun gözəlliyi, daxili zənginliyi və "dalandakı" hissləri qəfildən üzə çıxardığı bədii mətnlərdə aşkar olur və sənin üçün açılan qapı-pəncərələrin sayı artır. Dünya bircə anın içinə sığınıb da böyüyür, genişlənir...

Bəzən qəribə hisslər keçirməli olursan.

Məsələn, həmişə "Qətl günü" romanını oxuyanda, xüsusən də filmə baxanda, şairin boynunun vurulduğu səhnədə Aydın Məmmədovu xatırlayırdım. Filmdə o səhnədəki ağı dəhşətdi, elə bir ortam yaranır ki, artıq sən heç hara qaçıb qurtula bilmirsən.

İndi anlamıram, o səhnə niyə yadıma mərhum dilçi, ədəbiyyat adamı, böyük türkoloq Aydın Məmmədovu salırdı?!

Detalı, səbəb olan detalı bilirəm, ancaq mənim bildiyim detal həmin dəhşətli səhnəyə qədər gəlib çıxmır. Siz gözlərin birdən alışıb-yandığını gördünüzmü heç?

Bir dəfə, onda hələ Kafkanın "Qəsr" romanı çap edilməmişdi, Aydını onda gördüm, Tərcümə Mərkəzində, bizi yığıb Mərkəzin planları, daha çox bu romanın tərcüməsi haqqında danışırdı. Gözlərində dəhşət narahatlıq vardı, sanki nəyisə əlimyandıda axtarırdı, tapa bilməyəcəyini bilsə də əl çəkmirdi.

"Qətl günü"ndəki o dəhşətli səhnəyə çataçatda o gözlər yanıb kül olmuşdu...

 

Cavanşir YUSİFLİ

 

Ədəbiyyat qəzeti.- 2023.- 17 iyun.- S.25.