İki imza, iki
zirvə, iki həyat
Əsrin
tam ortasında ədəbi
mətbuatda yeni bir imza görünməyə
başladı, İsa Hüseynov.
İmza yalnız görünməklə kifayətlənmədi,
eyni zamanda ədəbi mühitdə
əks səda yaratmağı da bacardı.
İsa Hüseynovun ilk mətbu
əsəri olan "Anadil ötən yerdə" hekayəsi çap olunduqdan sonra ədəbi mühitin müəllifə
olan münasibətini
formalaşdırmağa başladı.
İsa Hüseynov bu hekayəni yazmaqla gedəcəyi yolun başlanğıc nöqtəsini
qoydu. "Anadil ötən yerdə" hekayəsi İsa Hüseynovu
zirvəyə aparan yolun xəritəsi oldu. Nasir hekayədə atası Musatafa Hüseynov və dayısı Niyazinin obrazları fonunda kənd həyatının
təsvirini vermişdir.
Bu hekayə ədibin sonrakı yaradıcılığı
üçün istiqamətverici
bir əsər olmaqla yanaşı, həm də yazıçıya xas ənənələri də
özündə cəmləşdirmişdir.
Qələm sahibi bu hekayədən başlayıb, sonrakı əsərlərində də
avtobioqrafik surətlər
ərsəyə gətirmişdir.
"Anadil ötən
yerdə" əsərinin
çapından sonra yazıçı Mehdi Hüseyn
İsa Hüseynovu məhəlli
ədəbiyyat yaratmaqda
qınamışdır. Müəyyən
zaman keçdikdən sonra
yazıçının məhəlli
ədəbiyyat yox, avtobioqrafik əsər yazdığı bəlli
oldu. İsa Hüseynov
imzası 50-ci illərdə
"Bizim qızlar",
"Dan ulduzu", "Doğma
və yad adamlar",
"Yanar ürək"
kimi iri həcmli povestlərlə
oxucuların görüşünə
gəldi. Müəllif
bu əsərlərdə
gerçək hadisələrlə
bədii təxəyyülünü
vəhdətdə təqdim
edirdi. Dövrünün
qaranlıq məqamlarına
işıq salmağa
çalışırdı. İ.Hüseynovun qələmi gerçək
hadisələri yazma baxımından daha mübariz, daha cəsarətli idi. Ədib müharibə dövrünün canlı
şahidi olduğundan
müharibənin yaratdığı
fəsadlardan əsərlərində
daha çox bəhs etmişdir. "Saz", "Tütək səsi", "Quru budaq" əsərlərində
müharibə dövrünün
ponoramı aydın və detalları ilə görünməkdədir.
Nasir əsasən kənd
həyatını, kənd
camaatının yaşam
tərzini əsərlərində
canlandırmaqla bərabər
kəndin dağından,
meşəsindən, enişindən
və yoxuşundan da yazırdı. Bəlkə
elə bu üzdən də İsa Hüseynovun zirvəyə
getdiyi yol da bir qədər enişli, yoxuşlu, daşlı, kəsəkli
oldu. Ədib haqsız tənqidlərlə
qarşılaşır, onun
əsərləri zaman-zaman rejim tərəfdarları
tərəfindən kəskin
şəkildə qınanırdı.
Tənqidlərə rəğmən
İsa Hüseynovun iradəsi,
cəsarəti, mübariz
ruhu və sarsılmaz qələmi onu zirvəyə doğru aparır, yazıçıya olan oxucu sevgisini artırırdı. 60-cı illərdə
İsa Hüseynov artıq
ustad sənətkar kimi qəbul olunurdu. 60-cılar nəsli
onu böyük yazıçı olaraq xarakterizə edirlər. Nasirin əsərləri
60-cılar nəsli üçün
sanki bir məktəb rolunu oynamışdır. Baxmayaraq
ki, İsa Hüseynov gənc
idi, onun bədii düşüncəsinin
və qələminin
ədəbiyyatda seçkin
yeri görünürdü.
Bütün bunlarla yanaşı zirvəyə
doğru gedən yol heç də hamar deyildi.
Nasiri zirvəyə aparan pillələrdə çıxıntılar, əyintilər
vardır. Bununla bərabər duman, çiskin, qara buludlar da görünməkdə
idi. İsa Hüseynov
qələmi yalnız
hekayə, povest yazmaqla işini bitmiş hesab etmirdi. Ustad sənətkar bir neçə ssenarinin də müəllifi olmuşdur. Yazılan ssenarilər də kəskin tənqidlərə
məruz qalmışdı.
1969-cu ildə Ümummilli
lider Heydər Əliyevin hakimiyyətə
gəlişindən sonra
İsa Hüseynovun yaradıcılığında
qara buludların çəkdiyi sədləri
günəş yarıb
çıxmağa başladı.
Heydər Əliyev
"Nəsimi" filminin
çəkilməsi üçün
böyük təşəbbüs
göstərdi. Filmin ssenarisinin yazılmasını
İsa Hüseynova tapşırmaqla
yazıçının zirvəyə
gedən yolunda yaşıl işıq yandırdı. Ədib ssenarini qələmə aldı və film hazır olduqda Ulu Öndər İ.Hüseynovun
işini yüksək
qiymətləndirdi. "Nəsimi"
filminin çəkilməsi
İsa Hüseynovu ssenari
müəllifi kimi zirvənin kulminasiya nöqtəsinə yaxınlaşdırmışdır.
Bu da hələ son deyildi.
Ulu Öndərin qayğısı
yazıçıya xüsusi
stimul verdi. Nasir tarixi əsər olan "Məhşər"
romanını qələmə
aldı. Filmin çəkilməsindən sonra
Nəsimi düşüncələri
ictimailəşsədə, romanın yazılması ilə Nəsimi yaradıcılığına ədəbiyyatşünaslığın
marağı daha da artdı. Yazıçı
"Məhşər" romanını
təqdim etdikdən sonra yeni tarix yaratmaqda da ittiham olundu. Müəllif ittihamlara cavab olaraq bildirmişdir ki,
"Məhşər" romanı
tarix deyil, tarixi bədii əsərdir. "Məhşər"
romanı İsa Hüseynov
imzasının kulminasiya
nöqtəsi, zirvəsi
oldu. Ədib bu əsərə qədər xalqın taleyindən bəhs edirdisə, "Məhşər"
romanında xalqın taleyindən doğan gerçəkliklərlə bərabər
bəşəri əhəmiyyətli
düşüncələri də ortaya qoymuşdur. Bunlarla yanaşı Nəsiminin elminin və düşüncəsinin gücü
ilə böyük hökmdarları heyrətləndirdiyini
göstərdi. "Məhşər"
İsa Hüseynov imzasının
və yazıçı
İsa Hüseynov həyatının
zirvəsi olmaqla bərabər son əsəri
idi. Ancaq bu son digər bir başlanğıcın
yaranmasına zəmin
yaratdı. Bir mərhələnin
bitməsindən sonra
digər bir mərhələnin işartıları
görünməyə başladı.
80-ci illərin əvvəlində
ədəbiyyatda İsa Muğanna
imzası intişar etdi. Yeni imza ilə ədəbiyyat meydanına daxil olmaq yazıçıdan böyük cəsarət
və mübarizlik tələb edirdi. Özü də o yazıçıdan ki, böyük
oxucu sevgisini və ədəbi ictimaətin rəğbətini
qazanmışdır. Müəllif
İsa Hüseynov imzası
ilə lazımi zirvəni fəth etdikdən sonra yazıçıya yazmaq üçün yeni bir nəfəs gəldi.
İsa Muğanna imzasının
ilk əsəri "İdeal" romanı oldu. Bu əsər yalnız ədəbi mühitdə
deyil, bütövlükdə
cəmiyyətdə rezonans
yaratdı. İsa Muğannanın
İsa Hüseynov imzasından
başlıca fərqi
o idi ki, yeni imza zirvəyə doğru addımlamırdı. "İdeal" romanının çapından
sonra İsa Muğanna
artıq zirvədə
idi. Yazıçı
ikinci zirvəni elə ilk qələm təcrübəsindən fəth
etdi. Bir növ "Məhşər"lə yüksəldiyi
İsa Hüseynov zirvəsindən
körpü vasitəsilə
İsa Muğanna zirvəsinə
yetişdi. "İdeal" romanının yazılması
ilə ədibin yaradıcılığında SafAğ elmi, OdƏr dili əks olunmağa başladı. Nasir "İdeal" və sonrakı əsərlərində ölümsüzlük
anlayışı və
ikinci doğuluş fikirlərini irəli sürməyə başladı.
"İdeal" romanının dilinin çətin olması tənqidçilərin
və tədqiqatçıların
romana yanaşmasında
özünü göstərdi.
İsa Muğanna "İdeal" və sonrakı əsərləri yazmaqla
yeni yazıçı həyatı
yaşamış oldu.
Ustad sənətkar qeyd edirdi ki,
"İdeal" və onun
ardınca yazdığı
ədəbi nümunələri
Ün eşidərək
qələmə almışdır.
Yəni əsərlərin
sujet xətti yazıçıya Tanrı
tərəfindən Ün
vasitəsi ilə göndərilirdi. İsa Muğanna
ikinci zirvəni fəth etdikdən sonra yazıçı qələmini əlindən
qoymayaraq müntəzəm
şəkildə "Qəbiristan",
"Cəhənnəm", "GurÜn", "İsaHəq
MusaHəq", "İlan
dərəsi", "Qırx
kisə qızıl",
"Söz yarası",
"Türfə" kimi
ədəbi nümunələr
ərsəyə gətirdi.
"İdeal" romanında baş verən hadisələr "Qəbiristan"
əsərində davam
etdirildi. "İdeal" özündən
sonrakı əsərlər
üçün sanki
bir yol oldu.
Nasirin yaradıcılığında
tarixilik anlamı özünü daha geniş mənada göstərməyə başladı.
Ustad sənətkar
İsa Hüseynov imzası
ilə "Məhşər"
romanında Nəsimi obrazını yaratdığı
halda, İsa Muğanna
imzası ilə "GurÜn" romanında böyük Azərbaycan şairi Nizami Gəncəvinin surətini
əks etdirmişdir. Yazıçı Muğanna
imzasını qəbul
edib, bədii düşüncə trayektoriyasını,
cəmiyyətə baxışını
dəyişsə də,
İsa Hüseynov imzasının
yazdıqlarına biganə
qala bilməmişdir.
İsa Hüseynovun yazıb,
deyə bilmədiklərini
İsa Muğanna yazaraq
demiş oldu. Nasir
80-ci illərə qədər
yazdığı əsərlərin
üzərində işləyib,
həmin ədəbi nümunələri oxucuya
yeni variantda təqdim etdi. Ustad sənətkar
bunun izahını belə verirdi ki, həmin əsərlərdə
sovet rejiminin ab-havası daha çox duyulurdu. Bu üzdən də əsərlərin yenidən
işlənməsinə ehtiyac
yarandı. Yazıçı
İsa Muğanna İsa Hüseynovun
yazdıqlarını demək
olar ki, tam qəbul etmirdi. Bununla belə onun yazdıqlarından bütövlükdə
imtina edə bilmirdi. İsa Muğannanın
İsa Hüseynovu qəbul
etməməsinin başlıca
səbəbi yazıçının
özünə olan tələbkarlığından irəli gəlirdi. İsa
Muğanna imzasının
ərsəyə gətirdiyi
əsərlərdə ikinci
doğuluş anlayışı,
insanın saflaşması
fikirləri dünya ədəbiyyatında da maraq
doğuran məsələlərdəndir.
Yazıçının istər
İsa Hüseynov, istərsə
də İsa Muğanna
imzaları ilə yazdığı əsərlər
Azərbaycan ədəbiyyatında
önəmli və böyük yerə sahibdir. Ustad sənətkar iki imza ilə iki
zirvəni fəth etməyi bacardı. "Məhşər" və
"İdeal" zirvələrinin fatehi olan müəllif
bir ömrünə iki yazıçı həyatı sığdıra
bildi. Ümumən,
İsa Muğannanın gerçək
həyatında və
bədii düşüncəsində
milli kimlik məsələsi
və xalqın taleyi daim diqqət
mərkəzində saxlanılmışdır.
İki imza ilə iki zirvə
fəth edib, iki həyat yaşayan yazıçı
bu gün də ölümdən sonrakı həyatını
yaşamaqdadır.
Ülvi AYDIN
Bakı Dövlət Universitetinin
doktorantı
Ədəbiyyat qəzeti.- 2023.- 17 iyun.- S.29.