Tarixə tanıq - Oljas Süleymenov
Şair, ssenarist Turan Uğurun müəllifi olduğu "Sətirlər"
verilişində məşhur
qazax şairi, türk dünyasının
böyük oğlu Oljas Süleymenovun həyat və yaradıcılığı geniş
əksini tapıb. Həmin veriliş 2021-ci ilin sentyabrında "Mədəniyyət" kanalı
vasitəsilə tamaşaçılara
təqdim olunub. Ssenari formatından çıxarılan bu yazı indi esse-hekayə şəklində
"Ədəbiyyat qəzeti"nə
təqdim olunur.
Geoloqam...
Təbiəti öyrənirəm, təbiətin
dilini bilmək milyardların dilini bilməyə bərabərdir.
Eşitmişəm ki, Hüqonun
həyatını bir
laf
"le destin" "tale" tamam-kamal dəyişibmiş.
Bir söz də mənim həyatımı
dəyişəcək. "Şumer": necə də doğmadır bu söz. Bunu
yaşlı kişidən
eşidəndə, elə
bil xəncər saplandı ürəyimə,
sanki neştər dəlik-deşik elədi beynimdəki əndişələri,
qovdu bütün şübhələri. Yerinə
həqiqət gəldi.
Şumer, Türk həqiqəti. Şumer: bu, mədəniyyətdir.
Bu qos-qoca mədəniyyəti
çantama yığıb
əsrlər boyu
"koşşi"-lik,
"köçəri"-lik edə bilərəmmi?
- Bilərəm...
Bəs hardan eşitmişdim bu sözü?
"Koşşi" sözünü
diplomqabağı praktika
zamanı Şimal-Şərqi
Prikaspidə sinəsində
"şərəf nişanı"
ordenini gəzdirən
bir qocadan duymuşdum.
Oljas Süleymenovam...
Ömərxan kişinin oğluyam.
Atamı cəmi 4 gün görmüşəm,
daha doğrusu, o, məni 4 gün görüb. Qıyıq gözlərimi hələ
aça bilmirdimsə,
necə görəcəkdim
atam Öməri? Qıpçaq övladı
olmağım, gözlərimin
qıyıq olması
hürkütməsin sizi,
uzağı sonralar daha yaxşı görəcəkdim. Uzaqgörən
olmağım üçün
ara-bir keçmişə
qanrılıb baxmaqda
fayda var. Axı keçmiş əsla keçməmiş ulusum,
keçmişi olmayanlar
utansın, hə bir də adımızı
"vəhşi" qoyub
tariximizi eramızın
4-cü əsrinə aparan
qondarma Sovet akademikləri. Onlara kimliyimizi sübut edəcəm. Əvvəl
"Az"
deyəcəm sonra
"ya", daha sonra hər ikisini birgə: "Az i ya".
Türkəm...
40
professor və akademikə
Şumer mədəniyyətinin
varisi olduğumuzu söyləyəcəm. Ehhhh,
daha nələr deyəcəm, nələr.
60 sözlə şumer
və türk ortağı olduğunu isbat edəndə mənə - "bu, kifayət etməz" deyən qərəzli alimə tutarlı cavabım da olacaq. Nə kimi?, durun, düşünüm
bir. Hə, belə desəm necə olar:
- "Dənizin dadını bilmək üçün
heç də Sakit okeanın suyunu dibinəcən içməyə dəyməz,
küləyin uzaqlardan
qovub gətirdiyi bircə damla şor su da kifayətdir". Bənizi
solacaq alimin, gətirdiyim dəlillər
onun üzündə cizgilərin avazımalı,
əhval-ruhiyyəsinin öləziməli
olduğuna nişanədir.
Ehh daha neçə "malı",
"məli"-ni hələ qarşımdakı
akademiklərin cizgilərinə
hörəcəm.
"Orxon-Yenisey" yazıları,
gil lövhədəki
yazılar, şumer sözləri...
Linqvistəm...
Yerin inkişaf tarixini öyrənə-öyrənə gəlib çıxdım
sözlərin quruluşuna,
nitq hissələrinə,
dilçiliyin hər sahəsinə, əsasən
də etimologiyaya meylim artmış oldu. Tariximizin sözlərdə gizləndiyinə
əminəm. Saxlancımız
sözlərimizdir. Sözün
dəyişməyi insanın
dəyişməyinin xəbərçisidir,
həm də xalqın.
Şumerdə - ada, Türkdə
- ata
Şumerdə - tir - həyat,
Türklərdə tiri,
diri, diri olmaq, turu yaşamaq.
Şumerdə - Dinqir - tanrı,
göy. Bizdə Tenqir, Teqri, Tanrı... və s.
Tələbəyəm...
İkinci
ali təhsil alıram. Moskvada Ədəbiyyat İnstitutunda
1-ci kursda oxuyanda verilən kurs işi "İqor polku dastanı"nda Şərq elementləri"
idi. Həmin dastanın müəllifinin
slavyan yaxud türk olmağı mənim üçün önəmsizdir. Əsas odur ki, müəllif ikidilli olub, yazan ikidilli olubsa, deməli oxuyan da ikidilli olub. Türkizmləri tapıb çıxarmaq gərək. Nasixlərin türk sözlərini sonrakı əsrlərdə
necə dəyişib,
yerinə rus-şimal dialektlərindən sözlər
pərçim etdiyini
üzə çıxaracam.
Bu nədir? Bu nəyin
əndişəsidir? Nəyin
qorxusudur? Zirzəmimdə
şumerlə bağlı
əlyazmalar nə üçün yağmalanıb,
ahhhaaa, narahat olanlar var? "Az i ya"-nın ilk oxucusu şair Konstantin Simonovun məktubunu aldım. Yazısında mənə qarşı
"necə bir müharibənin başlandığını
indidən təxmin edirəm" - deyir. Haqlı çıxır
Konstantin Mixayloviç...
Təqvimin 1975-ci iliyəm...
Mən Oljas üçün uğurlu gəlib yeni il, bir qədər də qalmaqallı. Kirpiyimlə od götürmüşəm.
Yaxşı ki, bu
kitab çıxanda "qalmaqalçı"
adı ilə məni damğalamaqları
bəs elədi. Sağ olsun Dinməhəmmədi. Kunayevi
nəzərdə tuturam.
Suslovun ağzına atsaydılar, hooop edib udmuşdu məni. Qursağında qalacaqdım ya yox, orasını bilmirəm, amma məni yeməyə hazır idi. "Antisovet", "pantürkist"
damğasını bəribaşdan
qoymuşdu. Kunayevin Brejnevlə dost olmaqları
işə yaradı. Gördüm ki, qara buludlar alıb başımın üstünü,
becid davrandım, Dimaşa dedim, məni qorudu, kitabı verdi Leonid İliçə. O da oxudu.
Bəlkə də, oxutdurub neçəsinə.
Kitab oxumaq həvəsi
harda idi Leonyanın, hə, xokkey olsaydı baxardı amma. Dedi:
- "burada antisovet heç nə yoxdu". Əla cavabdı, həm də yerində deyilmiş. Kunayev bir az da ürəkləndi.
Yoldaş Brejnev, olar bu qalmaqalçını
Mərkəzi Komitənin
tərkibinə seçək?
Cavab:
- "Layiqdirsə, seç".
Yaxşı sivişib çıxdım
bu məsələdən.
"Az
i ya" kitabıyam...
Bütün İttifaqda səs-küylə
qarşılanıram. Öz
aramızdı, adımı
da əla tapmışam
haa. "Az i ya" - Slavyan əlifbasının ilk hərfi
və son hərfi.
"Mən və mən". Şərti olaraq. "Sən və mən" deyə bilərsiz. Okeanın o tayında da maraqlanırlar. Sovetin sütununu laxladacaq kitab çıxıb, sevinməyə
macal tapanlar nə çoxdur!
ABŞ-da,
sonralar eşitdim bu haqda. Hə,
bir də eşitdim ki, Respublikamızda
kitabım qara bazarda rekordla satılır. Öz avtomobilini, "Jiquli"-sini bu kitaba
dəyişənlər də
var. Azərbaycanda da sevilərək
oxunub, əl-əl gəzdiyindən xəbərdaram.
Dostum Məmmədə 10 nüsxəsini
pay vermişəm. Yaxşı
ülfətimiz var onunla.
Bir dəfə səhərə
kimi Məmmədin zoğal arağını,
mənim də fransız konyakımı
"bala-bala" vurmuşuq.
Bəxtiyarla, Anarla, Elçinlə, Şahmarla,
Seyranla, Sabirlə də yaxın dostuq.
Azərbaycanın böyük dostuyam...
Hə,
"20 Yanvar" dəhşətini
mənə gecə
3-də Bəxtiyar xəbər
vermişdi. Səsi titrək, kədərli idi. 39 dərəcə qızdırmada yanırdım,
amma bu xəbər
daha da yandırdı məni. Buna rəğmən,
gecə ilə getdim Bakıya. Bakı mənim iki doğma şəhərimdən biridir.
Burada mənə Azərbaycanın böyük
dostu deyirlər. Bəs necə? 2021-ci il avqustun 12-də cənab
İlham Əliyev sinəmə
"Şərəf" ordenini
taxanda 1 saat söhbət də eləmişik.
Sağ olsun, mənə qarşı hər zaman diqqətli olub. Bir kitab da hədiyyə etdi. Qarabağ işğaldan əvvəl və azad olandan sonrakı
dönəmi əks etdirirdi. Avtoqraf da istədim. Həə, adətən yazıçılar
avtoqraf verər, amma mən də
İlham Əliyevin tarix
yazan insan kimi avtoqrafını aldım. Axı o da yazıçıdır. Tarix
yazan yazıçı.
Yazıçıyam...
Gənclərdən narazıyam. Mütaliəni sevmirlər.
"Dayanmadan, durmadan yazmaq" şüarımı
da qulaqardına vurublar.
Oxumağı sevməyənlər
yazmağı da sevməzlər.
Diplomatam,
partiya rəhbəriyəm,
səfir də işləmişəm. "1001 söz", "Türklər
tarixdən əvvəl"
kitabım da maraqla qarşılandı. Başqa
əsərlərim də
var. Əvvəllər balaca
ofisdə işləyirdim.
Dalandarlar bezdirmişdilər
məni, işləməyə
qoymurdular. Bir təhər
onları çıxartdım.
Bir dəfə evə
gedəndə qaranlıq
idi. Üstümə bir neçə nəfər hücum çəkdi, özümü
qorudum. Əllərində
küt alət vardı. Demək ki, Tanrı Türkü qorumaq istəmiş, əks-halda qarşınızda
Oljas Süleymenov olmazdı. Azərbaycan Türklərinə deyəcəklərim
çoxdur. Öncə
gözaydınlığı yaraşır doğmalarıma,
sonra şeirlərim. Qarabağdakı zəfərimizə
uşaq kimi sevinməyə gəlmişdim.
Sanki "Dədə Qorqud",
"Manas" dastanları canlandı
gözümdə. Dədəm
Qorqud gəldi, şadlıq çaldı,
boy boyladı, soy söylədi.
Qazi ərənlər başına
nə gəldiyini söylədi. Qanı dediyim bəy ərənlər? dünya
mənim deyənlər?
Əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı? Canavar ulartısı eşidilir bu dəm. Yeri gəlmişkən, qədim
Şumerdə muncuqları
sapa düzürmüşlər
ki, ulduzları əcdadımızın
bədənində saxlayaq.
Az sonra göy qübbəsində parlaq ulduzlar peyda olacaq. O ulduzlara hər bir Türk
şəxsiyyətinin adını
ad edəcəm. Birinə "Oljas" ismini verəcəm. Gecə şəmsin ölümü olsa da, səhər günəş
yenidən yatağından
qalxacaq, göydə yarıqövs cızacaq. Mərhaba, ey göyün ulduzları, yerdə muncuqlarım, göydə sizsiniz, ölümüz yoxdur, dirimiz var, Tinqirimiz, Tanrımız, Türkümüz
var!!!
Az sonra göy qübbəsində parlaq ulduzlar peyda olacaq.
Muncuqların düzülüşü odur ki, ölülərimiz
də dirilərimiz kimi bizim üçün
dəyərlidir. Axı
Türkün ölüsü
yox, dirisi olur!
Qeyd: Esse-hekayədə şair
Məmməd İsmayılın,
yazıçı Seyran Səxavətin,
və yazıçı-dramaturq
Firuz Mustafanın xatirələrindən istifadə
olunub.
6 sentyabr 2021
Turan Uğur
Ədəbiyyat qəzeti.- 2023.- 17 iyun.- S.28.