Kopenahgen pişikləri
Ceyms Coysun nəvəsinə yazdığı hekayəsi
Ceyms Coys nəvəsi
Stivenə göndərdiyi
5 sentyabr 1936-cı il tarixli
məktubunda "Kopenhagen
pişikləri" hekayəsini
yazır. Coys həmin vaxt Kopenhagendə idi, nəvəsi isə Fransada yaşayırdı.
"Kopenhagen pişikləri"nin
mövzusu Coysun həmin il başqa məktubla nəvəsinə
göndərdiyi "Pişik
və şeytan" nağılı ilə əlaqəlidir. "Pişik
və şeytan" nağılını da "Ədəbiyyat
qəzeti"nin oxucularına
təqdim etmişdik.
İndi isə ilk dəfə
2012-ci ildə ayrıca
kitabça kimi çap edilən "Kopenhagen pişikləri"ni
təqdim edirik.
Kopenhagen pişikləri
Heyif ki,
sənə Kopenhagen pişiyi göndərə
bilmirəm. Çünki
Kopenhagendə pişik
yoxdur. Orda çoxlu-çoxlu balıq
və velosiped var, amma pişik yoxdur.
Burda heç polis də yoxdur. Bütün polislər gününü
evdə, çarpayıda
keçirdir. Onlar səhərdən axşama
qədər böyük
Danimarka siqarları çəkib ayran içirlər.
Qırmızı geyimli çoxlu-çoxlu
oğlanlar bütün
günü velosipedlə
teleqram, məktub və açıqca daşıyır. Bunlar yolu keçmək istəyən qarıların
və çoxlu şirniyyat üçün
evə yazan uşaqların, bir də Ay haqqında nəsə öyrənmək
istəyən qızların
polislərə yazdığı
məktublardır.
Polislər o məktubları elə
çarpayıda, siqar
çəkib ayran içə-içə oxuyurlar.
Sonra qırmızı geyimli
oğlanlara müvafiq
əmrlər verirlər
və oğlanlar da qayıdıb məktub yazanlara nə etmək lazım olduğunu çatdırır.
Mən növbəti dəfə Kopenhagenə gedəndə
özümlə pişik
aparacağam və danimarkalılara pişiyin
kiminsə köməyi
olmadan yolu necə keçdiyini göstərəcəyəm. Və
yerli sakinlərə bunu göstərmək pişik üçün heç də baha başa gəlməyəcək (özün
fikirləş!).
Bütün günü yataqda
uzanıb siqar çəkən pişik
təsəvvür edə
bilərsən? Ayrana qalanda isə, heç bir pişik ona dilini də vurmayacaq. Çünki onlar üçün çoxlu balıq var!
Bəs sən bu barədə
nə fikirləşirsən?
Tərcümə: Həmid
PİRİYEV
Ədəbiyyat
qəzeti.- 2023.- 17 iyun.- S.30.