İlham Qazaxlının "Zəfər

sevinci"ndə poetik vəhdət

 

İlham Qazaxlının "Zəfər sevinci" kitabında sözlər sözlərlə, misralar misralarla, seirlər şeirlərlə vəhdət təşkil edib. Bu da, təbii ki, İlham Qazaxlının kəndi vəhdətidir, öz yanaşmasıdır. Məsələn, İlham Qazaxlı kitabla vəhdət yaratmasaydı bu bəndi yazmazdı:

 

Kitab oxumaqdan uzaq olan kəs,

Hikmət dəryasına baş vura bilməz.

Kitab bir Günəşdir, tükənməz nuru,

Onda əsk olubdur həyat düsturu.

 

Həyat düsturu demişkən, elə bütün həyat düsturları münasibətlərin yanaşmaların riyazi ifadəsidir. Əslində, poeziya da riyaziyyatdır. Hisslərimizin düsturunu yazırıq şeir alınır. İlham Qazaxlı bütün bunları yaxşı bilir, hiss edir, yaşayır. Belə olmasaydı şeirlərində bu qədər səmimi ulğaşıq, yəni iç-içəlik yarada bilməzdi. Bunu yarada bildiyinə görə canlı cansız varlıqlarla vəhdət halına girə bilir.

 

Çağlayan şəlalə, coşan dənizdir,

Özülü möhkəmdir, ruhu təmizdir,

Bizi səadətə aparan izdir,

Könül qovuşduran yoldu sevgimiz.

Dəryadır, ümmandır, arzudur, kamdır,

Sevən könlümüzü isidən şamdır,

Dodaqda şirinlik, ağızda tamdır,

Şəkərdi, noğuldu, baldı sevgimiz.

 

Bu iki bəndin möhtəşəmliyinə baxın, elə bil ki, zərgər qızıl üzərində işləyir. Bəlkə kimsə bu bəndlərin sirrini aça bilməz, hikmətini çözə bilməz, amma mən bu bəndləri belə təhlil edirəm ki, sanki bu bəndlər qızıl üzüklərdir, sözlər qızıl dənəcikləri, İlham Qazaxlı da zərgər. İlk bəndin ilk misrasında pak sevgi suya bənzədilir sonra çağlayan şəlalənin suları coşqun dənizlə vəhdət yaradır, vəhdət halında olduğu üçün özülü möhkəm, ruhu təmiz olur, üçüncü misrada isə vəhdətdən səadət doğur. Gəldik əsas məsələyə, ilk bəndin dördüncü misrasında könüllər qovuşur. Bura diqqət etmək lazımdır, şəlalə yola bənzəyir, səadətə gedən izə oxşayır, həmin yol iz könülləri qovuşdurur, yəni vəhdət təşkil edir. İkinci bənddə eyni ilə ilk bənd kimi zərgər dəqiqliyi var. Mən bu bənddə söz söz birləşmələrini sadalayacam, siz onlar arasındakı vəhdəti görəcəksiniz. Dərya, ümman, arzu, kam, sevən ürək, isidən şam, dodaqda şirinlik, ağızda tam, şəkər, noğul, bal sevgi.

İlham Qazaxlının yuxarıdakı bəndləri elədir. İdeyalar, sözlər qızıl dənəcikləri kimidir, zərgər onları elə calayır, yəni vəhdət halına gətirir ki, qızıl üzük, yəni ziynət əşyası yaranır.

 

İlhamam, borcluyam qələmə, sözə,

Sevgidə görmüşəm neçə möcüzə,

A dostlar, açıram sirrimi sizə,

Məni bu həyata sevgi bağladı.

 

İlham Qazaxlının seirlərini oxuduqca oxumaq istəyirsən. Sevgidən yazırsa vəhdət yaradır, vətəndən yazırsa vəhdət yaradır, dağdan, daşdan, quşdan, hər nədən yazırsa vəhdət yaradır. O, bilir ki, sevgisiz vəhdət olmur. Ona görə deyir ki, məni bu həyata sevgi bağladı.

"Zəfər sevinci" kitabını demək olar ki, tam oxumuşam. Kitabda nəinki sözlər, şeirlər, hətta səhifələr , vərəqlər vəhdət halındadır. 300 səhifəlik bu kitab "Elm təhsil" nəşriyyatında çap edilib. Kitabın redaktoru dəyərli şairimiz Balayar Sadiqdir. Dəyərli ziyalılarımız Vaqif Yusifli Əli Rza Xələflinin şeirlər haqqında rəyləri sevgi, hörmət diqqət vəhdətidir deyə bilərik.

Sonda isə İlham Qazaxlının, yəni "Zəfər sevinci"nin poetik vəhdət müəllifinin öz obrazı haqqında bir neçə fikir bildirmək istəyirəm. İstər şair ol, istər alim, istərsə mühəndis, bənna, həkim, birinci növbədə insan olmalısan. Gözəl ürəyin olmalıdır. Bu mənada İlham Qazaxlı həm yaxşı insan, həm yaxşı vətəndaş, həm yaxşı şairdir, qələm adamıdır.

Bu yaxında İlham Qazaxlının 50 illik yubiley tədbirində iştirak etdim. Məclisə girəndə abu-hava diqqətimi cəlb etdi. Çünki tədbirdə ölkənin ən müxtəlif yerlərindən, müxtəlif təbəqələrdən, müxtəlif insanlar var idi. Demək olar ki, hər gün tədbirlərdəyik. Kimin tədbirinə gedirsənsə, onun öz ətrafındakı eyni təbəqəni görürsən. Həm bir insanın kimliyini bilmək üçün onun ətrafındakı insanları görməyin kifayət edir.

Yazının sonunda Qazaxlı İlhamın vəhdət şeirləri məni ilhamlandırdı:

 

Qələmimiz, ruhumuz bir soydadır,

Bir gün yasdadırsa, bir gün  toydadır,

Düz deyirsən, dünya sevgi boydadır,

İblis özü bir mələkdi, Qazaxlı,

Əlli yaşın mübarəkdi, Qazaxlı...

 

Elşad BARAT

 

Ədəbiyyat qəzeti.- 2023.- 17 iyun.- S.32.