Əvvəl-axır yazılanlar...
- Yazıçı var ki, oxucusunu
dinləyiciyə çevirir,
yazıçı da var ki - tamaşaçıya.
***
- Səhvlərimizin qrammatikası
bizə doğru-düzgün
yazmağı yox, doğru-düzgün həyat
seçimi əldə
etməyi öyrədir.
***
- Ekonun "Yarımçıq
əlyazma" ilə
bağlı mənə
ilk sözü belə
oldu: "Məndən
burada bizim kretinlər soruşan kimi Sizdən də orada Sizin
kretinlər soruşdularmı,
bu əlyazma həqiqətən var, ya yoxdur?!"
Dedim, soruşmadılar. Amma soruşmuşdular.
***
- Sonsuz lüğət mətnin hüdudsuz söz və ifadələrdən təmizlənməsi,
cilalanıb mətn halına düşməsidir.
Deyirlər ki, eynən bu cür heykəltaraşlıqda
daş özünün
artıq hissələrindən
azad olub heykələ dönür.
"Heykəl mərmərin
içində gizlənib".
***
- Azərbaycanda bədii mətnlər bir qayda olaraq dümbələmdüz,
üfiqi xətt boyu baş alıb
gedirdi. Mənim romanlarım oxucunu mütaliə boyu hər cümlə üzərində düşünməyə,
indicə, bir qədər əvvəl oxuduğu məqamlara yenidən dönə-dönə
qayıtmağa məcbur
etdi. Beləliklə, üfiqi xəttin şaquli parametrləri yarandı. Əlbəttə
ki, U.Eko "Yarımçıq əlyazma"
ilə bağlı öz fikrində haqlı idi. O demişdi ki, "Yarımçıq
əlyazma" cəlbedici
romandır, amma onu plyajda oxumaq
olmaz.
Ürəyin fəaliyyətini ölçən
cihazlarda olan kimi ölüm xəttinin işarəsi kimi özünü göstərən mütləq
üfqi xətdə
ilk dəfə həyat
əlamətləri, şaqulilik
görünməyə başladı.
Oxucu bu romanları oxuyarkən
"nağıl" kimi
deyil, ciddi şəkildə, bütün
intellektual təcrübəsinə
əsaslanaraq oxumağa
"məhkum" oldu.
Bu romanlar oxuna-oxuna düşünməyi, bəzən
isə əlavə ədəbiyyata müraciəti
tələb edən, oxucusunu əsərin içində özündən
xəbərsiz həm
də bir tədqiqatçıya çevirən
mətnlərdir.
***
Gənc
yazarlara!
- Yazmayın, oxuyun. Yazmaq oxumağın səndən ayrılan cansız ruhudur. Oxuyarkən içinə yığırsan, yazarkən
içindən buraxırsan.
***
- Bəzən deyirlər ki,
trilogiyanın son romanında
("Unutmağa kimsə
yox...") hər şey var, amma özünəironiya yoxdur.
Bununla razılaşmaq
çətindir. Əsərin
bütün toxumasına
səpələnmiş saysız-hesabsız
mötərizələr əsl
ironiya dağarcıqlarıdır.
Özü də onlar (mötərizələr)
yalnız bir istiqaməti yox, bir neçə istiqaməti hədəfə
alırlar : a) müəllifə ironiya; b) o biri mötərizəyə ironiya;
c) oxucuya ironiya; d) personaja ironiya...
Amma bu o demək deyildir ki, mən bu romanda hər
şeyə nail olmuşam.
Əslində, bu roman
Folknerin dediyini xatırlasaq, mənim ən böyük və ən gözəl məğlubiyyətimdir.
Nəyi
edə bilmişəm,
nəyi edə bilməmişəm, cəhdim
nə olub və nə qədər o cəhdin həndəvərinə yaxınlaşmışam
- bunu hamıdan yaxşı mən özüm bilirəm.
Məsələn, bu romanı yazarkən, mən Azərbaycan ədəbiyyatında
ilk dəfə olaraq açıq mətn yaratmaga təşəbbüs
etdim, amma bu yolu başlasam
da, oxucuya və tənqidçiyə inamsızlıq
üzündən sonadək
davam etdirə bilmədim. Yəni, adekvat başa düşülməyəcəyimdən ehtiyat etdim. Əslində isə bu roman açıq mətnə son dərəcə
yaxın bir bədii məkan idi. Bu romanın içinə hətta mənim yazdıgım elmi əsərləri də əlavə etmək mümkün idi. Ən azından,
"Dilçiliyə səyahət"
kitabının burda yeri açıq-aydın görükür. Mən isə heç kimi xüsusi qıcıqlandırmaq istəmədiyimdən
bəzi hekayələrimlə
kifayətləndim. Dediyim
kimi bütün o biri hekayələri, hətta pyesləri də imkan tapıb
bura yerləşdirmək
mümkün olardı.
Hamı bəyəm belə bir fikirdə
deyil ki, hər yazıçı həyatı
boyu bir əsər yazır, al, bu da sənə bir əsər!! Əlbəttə ki, dediklərimin
bir zarafat damarı var. Amma ciddilik əsası da yox deyil.
***
- Mənim romanlarım barədə yazanlar çox nadir halda konseptual təhlil səviyyəsindən baş
ayırıb, əslində,
ayrılıb əsərin
içinə (bədiilik
məsələlərinə, üslubi xüsusiyyətlərə,
mətnin ritminə, cümlənin nəfəsinə...)
daxil ola bildilər. Mən başa düşürəm, bəziləri
bunu qarşılarına
məqsəd belə qoymadı. Amma bu məsələlərə diqqət
yetirmək istəyənlər
də bədii cəhdin bütövlüyünü
tuta bilmədilər. Məsələn, bir nyuansı qeyd edim. "Yarımçıq
əlyazma" ilə
"Sehirbazlar dərəsi"nin
bir bədii fərqi də ondadır ki, birincidə məqsədli şəkildə
(bəlkə də mövzu ilə əlaqədar) metaforanın
genişliyi, ikincidə
isə metaforanın dərinliyinə nail olmaq cəhdi var. Bu, müəllifin
gizli uddiasıdır.
Hələ mən şüurlu surətdə
"Yarımçıq əlyazma"dakı
bir-birindən kəskin
fərqlənən üç
dil təbəqəsini
demirəm. Məsələn,
bu fərqlər barədə mən xüsusi olaraq heç bir yerdə oxumadım.
Hərdən mənə elə
gəlir ki, "Yarımçıq
əlyazma" "Kitabi-
Dədə Qorqud"un
astar üzüdür.
Xıltı olanlar tələsik sevinməsin.
Demək istədiyim odur ki, bu roman ilkin mətnə onun o biri üzündən
baxmaq təşəbbüsüdür.
İlkin mətndəki
epizodik personaj və hadisələr romanda ön plana çəkilir. Nə itirilir, nə qazanılır?! Bəzi düşünə bilənlər
tərəfindən 13-cü boy adlandırılan "Yarımçıq
əlyazma" həm
dil, həm düşünmə tərzi,
həm də arxitektonikasına görə
ilkin mətndən hansı məsafədədir?!
Borxesin bir parlaq hekayəsində müasir müəllif
"Don Kixot"u təzədən
yazmağı qarşısına
məqsəd qoyur. Bilirsinizmi, ilk əvvəl
o hansı addımı
atır?! 20-ci əsrlə
16-cı əsr arasındakı
intellektual, mənəvi,
mədəni irsdən
imtina edib onu beynindən çıxarmağa çalışır.
Mümkün qədər
16-cı əsrin içində
əriməyə çalışır
və bunu bacarır. "Yarımçıq
əlyazma"nın da belə
bir iddiası var.
***
- "Bir
çaya iki dəfə girmək mümkündürmü?" deyə
antik yunan filosofu Heraklit sual edir. Və
cavab verir: "Yox, mümkün deyil."
- Rasselin arxasınca mən bu suala
belə cavab verərdim:
Həm mümkündür, həm
də mümkün deyil. Mümkün və mümkünsüzlük
eyni zamanda!! Çünki çay həm həmən çaydır, həm də artıq həmən çay deyil.
Bəzi
fiziklər XX əsrin
əvvəllərində (bu
vaxt kəsiyini fizikanın "qızıl
dövrü" adlandırırlar)
müəyyən etdilər
ki, işıq həm
hissə-hissə, başqa
sözlə desək,
korpuskulyar şəkildə
gəlib bizə çatır, həm də öz yolunu sürəkli və fasiləsiz şəkildə qət edir. İşıq həm fasiləlidir, həm də fasiləsiz. Eyni zamanda!! Çay da elə. Biz ayağımızı
onun sularına salıb çıxaraq və sonra (bir də bunu
təkrar edək) bu zaman çay həmən çay olaraq qalacaq, amma onun axıb
gedən suları artıq bir an bundan əvvəlki sular olmayacaq. Bir an əvvəlki sular artıq yoxdur. Deməli, təbii ki, çay da böyük mənada artıq həmən çay deyil. Həm həmən çaydır,
həm də deyil.
Kim bu iki müxtəlif
məqamı bir bütöv kimi, ən vacibi-eyni zamanda təsəvvür edə bilmirsə, o, elmlə məşğul olmasın.
***
- "Ya... ya" bağlayıcıları vasitəsilə
qurulan düşüncə
tərzinin təsviri və qiyməti antik dövrdən gəlir. Onun möhkəm məntiqi əsasını hələ
Aristotel qoymuşdu.
"Adam ya ölüdür,
ya diri" deyən Aristotel mövcudluq və mövcudsuzluq arasında üçüncü halı
görmür və inkar edir. Buna qarşılıq olaraq
"nə... nə"
düşüncə tərzini
irəli sürmək
olar. Bu düşüncə
tərzi sonsuz rəng və çalarlara malik dünyanı
bizim zəif dilimiz vasitəsilə daha rəngarəng şəkildə görmək
cəhdini ortaya qoyur. Bu prinsip "bəlkə" (şübhə
məqamı) üzərində
qurulur. Beləliklə,
Aristotelin "Bu adam ya ölüdür, ya diri" məntiqi
öz yerini əvvəlcə fon Neymanın "bəlkə"
əlavəsinə, sonra
isə Zadə məntiqinə - qeyri-səlis
məntiqə verir. Ortaya "nə ölüdür, nə diri" məntiqi çixir. Bu məntiq daha inandırıcı və daha həyatidir.
"Ya ... ya ..." məntiqi bizə geniş seçim imkanı qoymur, burada üçüncü
istisna edilir. Amma "nə ...nə" məntiqi belə bir imkanı verir. "Nə ölüdür, nə diri" deyimi ortaya "bəlkə"
məqamını çıxarır.
"Bəlkənin vacibliyini
hələ 20-ci əsrin
ortalarında Fon Neyman irəli sürmüşdü. Belə
bir ehtimal yaranır: bu adam nə ölüdür,
nə də diridirsə, o, bəlkə
komadadır?! Beləliklə,
görürük ki, Aristotel
məntiqi "qocalmış"
qayıq kimi su buraxır, o zədəlidir. Və təfəkkürümüzün gizlinindən Zadənin qeyri-səlis məntiqinin işartıları görünməyə
başlayır. "Bəlkə"dən
doğulan sonsuz çalarlar ortaya çıxır.
Dastandan
bir neçə dəfə keçən
"küçücük ölüm" ifadəsi
buna yaxşı sübutdur.
Bu ifadə dastan qəhrəmanları,
məsələn, Salur
Qazan, Qanturalı bərk yorulub yatdıqları zaman işlədilir.
Bu elə bir yuxudur ki, qulağının
dibində, necə deyərlər, o zamanlar hələ icadı olunmayan topdan da atəş açsaydılar,
yuxuya gedən oğuz qəhrəmanı
yuxudan oyanmazdı. Oğuzda bu hala "küçücük
ölüm" deyərlərdi.
Əsl koma vəziyyətinin ideal ifadəsi
deyilmi?! Nə ölüdür, nə diri!! Bu məqamlar barədə görkəmli
alimimiz Rafiq Əliyevlə
birgə yazdığımız
"Kitabi- dədə
Qorqud və qeyri-səlis məntiq"
adlı kitabda ətraflı bəhs edilir. Onu da qeyd edim ki, qeyri-səlis
məntiq dərindən
baxdıqda dünyanın
çalarlarını səlis
məntiqdən daha obyektiv şəkildə vermək cəhdidir. Və Zadənin özünün də dediyi kimi o, əslində, elə ən səlis məntiqdir, daha doğrusu, buna can atır.
Və yaxud: "ya atdır, ya adam" ifadəsinə diqqət edək. Deyə bilərikmi, bu cərgənin müqayisəsi korrekt deyil, həyatda belə olmaz?! Bəlkə də həyatda ola bilməz. Bədii təfəkkür
isə həyatda olmayanı bu "at - insan" cərgəsinə
çəkib gətirə
bilir. Bədii təfəkkür "kentavr"ı
yaradır. "Nə
atdır, nə insan" nəticədə
bizə "kentavr"ı
verir. Əslində,
"nə atdır, nə adam" deməliyik. Çünki
üçüncü də
var. Nə atdır, nə adam, yəni,
ikisinin birliyidir - kentavrdır!
Və yaxud. "Nə şirdir, nə adam" deyə bilərikmi? Bəli, deyə bilərik. Bədii təfəkkür
yenə də həyatda mövcud ola bilməyənin köməyinə
gəlir. Dilimizə və dünyagörüşümüzə
"Sfinks"i verir.
Biz "nə atdır,
nə adam", "sfinks"dir, deyə bilərik.
***
Bizim
"vətənpərvərlər"
"kim vətəni sevir, yaxud sevmir?"
mövzusunda bir-birini qırmaq dərəcəsinə
gəldikcə başqa
xalqlar artıq "kim vətəni daha çox sevir?" sualı ətrafında dəyirmi masalar ətrafında fikir mübadiləsi aparırlar.
***
Sartr və Kamyu bir
güzgünün iki
tərəfi kimidirlər.
Güzgüyə baxan
tərəf ayrı, güzgüdən baxan tərəf ayrıdır.
Və onlar tez-tez yerlərini dəyişirlər - biri
o birinin yerinə keçir.
Sartr deyirdi ki, yaşananlar yaşanmayanlarla eyni "dil"də danışmağı
öyrənənə qədər
insan həyatdadır.
Kamyu əlavə edirdi ki, onlar eyni "dil"də danışmağı öyrənəndə
insan artıq ölür.
***
Fransanın 40 ölməzindən biri, Ölməzlər Akademiyasının üzvü
Jül Klimonun Homer haqda bu fikirləri
maraqlıdır. Klimoya
görə Homer, əslində,
olmayıb. Amma bu, Vikonun və Şellinqin ideyalarına uyğun olan "adamın prinsiplə əvəz edilməsi"
demək deyildi. Klimonun fikrincə Homerin olmaması onun olmasından daha cəlbedicidir. Klimo deyir ki, Homer hələ doğulacaq və boynuna alacaq ki, "İliada"nı
və "Odesseya"nı
o yazmayıb. Təsəvvür
edirsinizmi, nələr
baş verəcək,
hansı skandallara hansı yollar açılacaq?! Bizi və müasirlərimizi belə bir ədəbi
ləzzət gözləyir
və biz bu ləzzəti yaşamağa
layiqik.
P.S. "İliada" və "Odisseya"nı isə
Homer, həqiqətən, yazmayıb.
O bu poemaları nəğmə kimi qoşub.
***
Doğum
günün mübarək,
əziz dost!
İnsanın və onun dostlarının öz dogum ğününü xatırlaması təəccüblü
deyil. Ad günləri
bütün dünyanı
Laokoonu ilanlar saran kimi sarıb. Məni həmişə belə bir sual
düşündürüb. Mən bu sualı
Zərdüştə həsr
etdiyim "Son gəliş"
adlı hekayəmdə
vermişəm. O sual budur: Görəsən insan öz doğum
gününü tanıdığı
kimi öz ölüm gününü
də tanıyırmı?
Axı hər adam doğum günü ilə də, ölüm günü ilə də həyatı boyu hər il bir dəfə görüşür. Və
heç bir şübhə, tərəddüd
hiss etmədən o gündən
keçir. Son dəfəyə
qədər doğum günü onun üçün ən əziz və xoşbəxt günlərdən
biri ola bilir. Amma biz ölüm günümüzü
tanımırıq, onu
sıradan bir gün kimi yaşayırıq.
Həyatımızdakı ölüm
günləri də sevdiyimiz, əziz günlərdən biri ola
bilər.
Dünyaya gəldiyimiz gün
və dünyadan getdiyimiz gün! Bunlardan birini yaxşı tanıyırıq
və unutmuruq. O birisi isə sanki ismətlidir, üzü duvaqlıdır,
özünü bizə
tanıtmır. Biz də
hər yaşadığımız
ildə bir dəfə onunla qarşılaşırıq, ondan
keçirik və onu adi bir
gün kimi yadda saxlamırıq.
***
Böyük filosof "Niçşe
deyirdi: Və Tanrı Öldü. Nitsşe".
Nitsşenin məzar daşında
isə belə yazdılar:
Və Nitsşe öldü. Tanrı.
***
Freydə
onun cinsəl münasibətlər üzərində
qurulmuş nəzəriyyəsi
ilə bağlı tez-tez suallar verir və bu
zaman seksuallıqla ifrat
dərəcədə maraqlanan
insanlar, demək olar ki, hər yerdə və hər şeydə cinsi münasibətlər
axtarır və cinsəl üzvlərin inikasını görürdülər.
Təngə gəlmiş
Freyd bir dəfə onlara belə deyir: "Nəzərə alın
ki, hərdən-birdən olsa
da, siqar bəzən ancaq siqardır". Freyd bu sözlərlə
vurğulamaq istəyirdi
ki, hər şeydə
və hər zaman (xüsusilə də, xarici oxşarlığa aludə olaraq) seksual əsaslar axtarmağa dəyməz.
"Kitabi-Dədə Qorqud"da
toyqabağı işlənən
"yayın çəkdi,
oxun atdı" ifadəsi var. Ox hara düşərsə
gərdəyi orda tikərdilər. Bu ifadə
az qala özü
bizə yalvarır ki,
onu məhz seksuallığını gizlədə
bilməyən məsum
təsvir kimi qəbul edək. Əgər təsəvvürümüz
dirənməzsə, yay-arzu,
istək, ox isə məlum cinsəl orqanın simvolu kimidir. Amma harda, nə zaman ox varsa, ox atılırsa, o da hökmən
vacib deyil ki, Freydin sözü olmasın, məlum cinsəl orqan nəzərdə tutulsun.
Mənim
fikrimcə, "Kitabi-dədə
Qorqud" dastanında
seksual münasibətlər
ciddi araşdırma tələb edən əhəmiyyətli bir mövzudur. Qəhrəmanların
və onların vasitəsilə hətta dövrün daxili aləminə enmək, orada var-gəl eləmək Dastanı bütövlükdə bir
sistem kimi anlamaq üçün son
dərəcə vacibdir.
Həm də ona görə əhəmiyyətli və
vacibdir ki, bəzən
bizi "Dədə Qorqud"un aşkar müstəvisində gözlənilməz,
gizlində qalmış
nəticələrə gətirir.
Məsələn, belə
bir məqama diqqət yetirək.
Beyrək
uzun ayrılıqdan sonra öz toyuna
gəlib çıxır.
O xeyli dəyişmiş
və tanınmaz hala düşmüşdür
və nə Oğuz bəyləri, nə də nişanlısı Banuçiçək
onu tanıya bilir. Belə bir görüntüyə
o özü özünü
salmışdır. Beyrək
toyda iştirak edən Oğuz xanımlarının arasına
düşməyindən istifadə
edərək özünü
Banuçiçəyə tanıtmağa çalışır.
Banuçiçək onu
yaxın məsafədən
belə tanıya bilmir. Söhbət Beyrəyin Banuçiçəklə
ilk görüşü zamanı
ona verdiyi üzüyün üzərinə
gəlir. Banuçiçək
Beyrəyin üzüyü
ondan tələb etməsinə belə bir qarşılıq verir: "Üzük sənin deyil. Əgər üzük sənindirsə, onun çox nişanəsi
var. Onları söylə."
Və Beyrək bir-bir, səhnə-səhnə üzüyü
Banuçiçəyin barmağına
taxma məqamını
nəql edir. Banuçiçək yalnız
sonuncu fakt dilə gələndə Beyrəyin ayağına düşür, onu tanıdığını bildirir
və bu "ifşaedici" təfsilata
son qoyur. Nə onların at çapmaları,
nə ox atmaları, nə də güləşmələri barədə
xatırlatmalar Banuçiçəyin,
belə deyək,
"umurunda belə deyil". Yoxsa o, Beyrəyin sözünü
oradaca kəsib onu tanıyardı. Yalnız Beyrək Banuçiçəyi ilk görüşdə
üç öpüb
bir dişləməsini,
sevişdiklərini dilə
gətirdiyində Banuçiçək
birdən "ayılır"
və "qəflət
pərdəsi" onun
gözündən çəkilir.
O, Beyrəyi tanıyır.
Daha doğrusu, tanımağa vadar olur. Yaxud belə
deyək: tanımaya bilmir. Beləliklə, bu məqam vasitəsilə
sevgililərin tapışması,
Beyrəyin Oğuzda tanınması baş verir. Banuçiçək
sanki bu məqamın səslənməsini
və "açılıb
pərdə-pərdə dilə
gətirilməsini" istəmir.
Beyrəyin tanışlıq
çabalarına son verir.
"Üç öpüb
bir dişləmək",
beləliklə, Oğuzda
bəlkə də
"kişi - qadın"
münasibətlərinin tabu halında olan qırmızı xətti
kimi də düşünülə bilər.
"Sevişməyin" özü
də (Beyrəyin sualını xatırlayaq:
"sevişdiyin Bamsı
Beyrək mən deyilmiyəm?!") bəlkə
o zaman öz ilkin, təbii mənasında başa düşülürdü.
Və bu məqamların faş edilməsi Banuçiçəyin
bir qız kimi cəmiyyətdəki marağına uyğun olmaya bilərdi.
***
- Marsel Prust deyirdi:
"Hiss haqda düşüncəni
həmən hissin özündən ayırmaq
lazımdır".
Yazıçılar bəzən (bəlkə də elə çox zaman) özlərinin hiss haqda düşüncəsini hissin
özü kimi qələmə verir. Ona görə də bu yazıçılar inandırıcı ola bilmirlər.
Hissin özünü
təsvir etmək invariantı tapmaq kimi bir məsələdir.
Demək olar ki, mümkün deyil. Amma Prust demiş, fərqi bilmək vacibdir.
***
- Qalxma və enmə! Bunlar hökmən ikisi bir yerdə zirvə verir. Bunlardan biri olmasa, zirvə yoxdur.
***
- Borxes deyirdi: - "Ədəbiyyat idarəedilən
yuxudur". Amma bu o demək deyil ki, əsərin qəhrəmanı
əsər boyu yatıb-yatıb müxtəlif
yuxular görməlidir.
Bu o deməkdir ki, əsər
bütövlükdə müəllifin
yuxusu olmalıdır.
***
Məni
başqasından gizlətmək
çətin
Sənin
hər yerindən görünərəm mən.
üzündən, gözündən görünmək
asan,
dilindən, sözündən görünmək
asan...
Sənin
kölgəndən də
görünərəm mən.
Qəmli
gülüşündən görünərəm mən,
Gecələr yastığa səssizcə
axan
Gözünün yaşından görünərəm
mən.
Gizli ümid ilə yollara baxan
Naçar baxışından görünərəm
mən.
Sənin
görünməyən, eşidilməyən
Hiss edilməyən hər nəyin varsa
Özünün xəbərin olmayan
nəsə,
Huşunda, yadında qalmayan
nəsə
Hər nəyin varsa yox, hər nəyin
yoxsa
O yox olandan görünərəm
mən.
Bir qərib məclisdə hamıdan gizli
Çəkdiyin ahından görünərəm
mən.
Amma əsl əzab deyil ki, bunlar
Olsa-olsa
zəif görüntüsüdü.
Hər şeydən bezəndə
ölməyə nə
var?!
Bilirsən ki, ocaq onsuz da sönüb
Bu onun sonuncu dərin
nəfəsi,
son tüstüsüdü.
Kamal
ABDULLA
Ədəbiyyat
qəzeti.- 2023.- 24 iyun.- S.2-4.