.
Anam mənə
deyərdi ki, getmə sobaya tərəf.
əlini yandırarsan,
mənsə əlimi sobaya yapışdırıb soyardım yanan dərimi, Ayşən.
uşaqlıqdan bizi qorxuda-qorxuda böyütdülər,
bütün xoxanlara doğru qaçdıq,
barmaqlarımızın arasından baxa-baxa damdabacaları gözlədik,
öyrəndik qorxularımızla əylənməyi.
boğaz silən Sara xalanın barmağı qalmadı boğazımızda,
sevdiyimiz
adamlar kimi.
atama deyərdim,
Sara xala ölməsəydi,
boğazımızda ilişib qalan, düyünlənən
kədərimizi silərdi.
atam əllərini qarnına söykəyib gülərdi,
sonra atam da boğazımızda
düyünlənib ağrıya çevrildi.
sonra bütün evrənin sirri faş oldu,
sən demə,
haradasa su var, həyat var,
adamlar hələ də başqa planetlərdə həyat
axtarırlar,
laap başqa adamlarda axtardıqları kimi.
axtara-axtara dostum Rasim alkaş oldu,
qonşu
qzı f...şə...
bilirsən,
Ayşən,
sən də gedəcəksən...
mənsə, artıq öyrəşmişəm
bütün ayrılıqlara,
həyatıma gəlib-gedən qadınlar
gözəl və sərfəli
restoranları tanıtdı mənə.
bir də davasız,
kinsiz ayrılmağı,
sakit, mehribanca.
eybi yox,
uzağı sən də əlimi yandıran soba,
uzağı sən də xoxan,
uzağı sən də damdabaca.
***
Elə
qısqanarsan qan tutar gözü,
adam sevdiyini öldürər özü...
neçə milyon ildir öldürür bizi,
necə
qısqanc imiş Yaradanımız?!
Çörək
arxasınca sürün ha sürün,
ellə
Allah deyib palaza
bürün,
necə
sevəsən e, bu rəngsiz
ömrü,
ev-iş,
iş-ev keçir güzəranımız.
Şükür,
az da olsa işimiz gedir!
bəzən taqətimiz, huşumuz
gedir,
çax-çax baş ağrıdır,
yaşımız gedir
ömür üyüdəndə dəyirmanımız.
Qaldır
bu badəni içək dəmadəm,
içimdə hüzn var, içində
matəm,
buğda
oğrusuydu babamız
Adəm,
çörək olmasınmı imtahanımız?!
***
Bu təklik
xərçəng kimidir,
tutulmaq ehtimalı var.
gəbərir içində adam,
saçın yolan bir halı var.
Tarla
müqəvvası kimi
açanda qollarımızı
nolar, bizi də qucaqla
Məryəmin İsası kimi.
Hardasa bir
çomağın var,
təkliyin gözünü çıxart,
başını əz, ilahi.
vallah, öz aramızdı da
təklik
sənə yaraşır,
özün tək gəz, ilahi!
***
İlk dəfə
kəndirimi anamın bətnində kəsdilər,
atdılar bu quyu dünyaya məni,
mən ağladım,
onlar isə həmişəki kimi güldülər.
məni
böldülər,
biraz atama,
biraz anama,
biraz da başqa kimsələrə
oxşatdılar,
baxışıma atam vuruldu,
gülüşümə anam,
yerişimə başqa kimsələr.
böyüdükcə daha çox atasına,
anasına oxşayır adam,
hə,
yavaş-yavaş onların surəti
çıxır cismimizə,
ruhumuza,
özlərini səndə qoyub
gedirlər bu dünyadan,
onlar ölsələr də biraz gülüşündə,
biraz baxışında diridirlər.
məsələn, atam...
***
özümdən
böyüyəm beş-on yaş,
sözümdən birazca kiçiyəm.
yaşayan beşindən biri
mən,
can verən birindən üçüyəm.
kimsəsiz
Hirayam, Sinayam,
dillərə
gəlməyən duayam,
bir adam tapılmır sınaya
ki, hardan enmişəm, nəçiyəm?
Azan mən,
namaz mən, pir də mən,
alətə dönmüşəm yerdə mən,
bölündüm üçə mən,
dördə mən,
hələ də bilmirəm
neçəyəm?!
şər
düşmür mindiyi atından
sübh
çağı - ya
beş, ya altıda,
dağılmış bu evin altında
can verən uşağın içiyəm...
***
Sığal
istər tellərin, qıvrılarsan yanıma,
Balaca, laaap balaca ağappaq
pişiyimsən.
Başıma oyun açan, ərköyünüm,
şıltağım,
Evinin ortancılı, mənim sonbeşiyimsən.
Yaralarım
var idi, gəlib bir-bir sarıdın,
Sənsiz
ömrüm qaraydı,
indi qara-sarıdı,
Günəbaxan ömrümün üzü
sənə sarıdı,
Batma bir ömür boyu, qıyma ki üşüyüm.
Sən...
Dodağına
boya çək, sürmələn, bəzən mənə,
Ay gözünü süzdürən,
dodağın büzən mənə,
Məni
mən kimi sevən, sənə də dözən mənəm,
Böyüyəm, dayağımsan, körpəyəm,
beşiyimsən.
"Xoşbəxtlik"
əllərində barmaq sayı qədərdi,
Əllərindən öpməsəm
dodaqlarım hədərdi,
Bir də gördün gözünü yumub-açdın, səhərdi,
Barmağında üzüyüm evimsən-eşiyimsən.
EMİNQUEY
Ədəbiyyat qəzeti.- 2023.- 24 iyun.- S.5.