Xatirələr mücrüsü

 

Yazıçı Novruz Nəcəfoğlunun "Yuxuya gedib gecə" povesti üzərinə notlar

 

Bu günlərdə yazıçı Novruz Nəcəfoğlunun "Yuxuya gedib gecə" povestini oxudum və əsər məndə idillik duyğular oyatdı. Bəlkə də bu, mövzunun kənd həyatını əhatə etməsindən irəli gəlirdi. Kənd həyatı yazıçıya bol material verən elementlərlə zəngin olsa da, hər yazıçı kəndi bədii nəsrə gətirə bilmir. Bunun üçün təkcə gözəl təsvirlər, təşbeh və metaforalar yetərli deyil, həm də stixiya mühüm şərtdir. Kəndin mətnə proyeksiyası bədiiliyə adekvat olmayanda, fabula hansısa ideyaya xidmət etməyəndə bu, quru əhvalatçılıqdan o yana gedə bilmir.

Janr etibarilə bu əsəri roman adlandırmaq olar. Əsərdə faktlar və xarakterlərin psixologiyası incəliklə açılır, personajların danışığı olduqca yığcam və sadədir. Romançı üçün əsas predmet insan hislərinin yaxşı və pis tərəflərini müşahidəsi və təsviridir, əsərin əzəməti, böyüklüyü həyat həqiqətinin dərinliyində, mənasında və təsvirindədir. Məsələnin mahiyyəti nədən ibarətdir? Həyatı bütün canlılığı, rəngarəngliyi ilə mənimsəməkdə, onun bütün gizli səbəblərini sənətin ecazkar dililə izah etməkdə, tipik həqiqətləri, xarakterləri seçməkdə, bir sözlə, həyatın və tarixin inkişaf məntiqini romanın süjet xəttinə çevirməkdədir. "Yuxuya gedib gecə" povestində yazıçı insan psixologiyasını və macəraçılığı, məişəti, dramatik hərəkətləri və lirik peyzajları ustalıqla birləşdirə bilib.   Əsərin qəhrəmanı Həbib bir sədanın izinə düşüb keçmişə qayıdır, o səsi keçmişdəmi, bu gündəmi, gələcəkdəmi, hardasa axtarır. Bu səs onun şirin yuxusuna haram qatır. Beləliklə, müəllif əsərə həm də keçmişin ruhunu gətirir, onu dramatik süjet xəttiylə birləşdirir. İncə, kövrək duyğularla fakt və ideya ətrafında bir şəbəkə qurur. Dilin zənginliyi, təhkiyənin mütəhərrikliyi, nağılvari üslub oxucunu sehrləyir, oxucu gözünü açınca özünü hadisələrin (əslində bir hadisənin) episentrində görür. Novruz Nəcəfoğlunun nəsrindəki təbiilik elə təbiətin özündən qaynaqlanır. Onun digər nəsr əsərlərində, hekayə və povestlərində də insanla təbiətin vəhdətini görürük. Bu üzvi bağlılıq təbiiliyi şərtləndirən başlıca amildir.

Yazıçı sehrbaz kimi Həbibin yuxularına girir və bu yuxulardan "Min bir gecə" nağılları"ndakı kimi bir-birindən maraqlı əhvalatlar çıxarır. Həbibin "mücrü"sü xatirələrlə zəngindir. Yuxusunda kimsə onu çağırır, xatirələrin qoynuna səsləyirdi. Həbib o səsin sahibini heç cür tapa bilmir və beləcə, ömrün dünənində qalmış insanların üzü bir-bir gəlib gözləri önündən keçir.

"Bu dalğınlıqla birdən-birə xəyalı dolanıb keçmişə getdi, xatirələr çözələnməyə başladı. Səs yaddaşında ilişib qalan sədaları, qıyhaları, quyultuları, haylamaları yadına salmaq istədi..."

Beləcə, Gülxar arvadın vahimə doğuran neştərini görmək, Amana ilə Nazgülün davasına şahidlik etmək üçün Qoytuləli körpüsündən keçəsi oluruq. Rus ədəbi tənqidçisi Lev Anninski yazır ki, "sənə yaxın olan insanlar haqqında fikirlər sənin həyatının reallığıdır". Həbibin yaddaş lentinə düşmüş bu obrazlar həm də onun taleyini müəyyənləşdirir. Yaddaş bir güzgüdür, baxıb özünü görürsən. Həbib də bu güzgüyə baxıb öz keçmişini görür.

Həbib ömrünün elə bir nöqtəsində idi ki, bu nöqtəyə çatanda insan irəli getməkdən daha çox geri getmək istəyir, irəli baxmaqdan daha çox geriyə boylanmaq istəyir. Niyə? Çünki bu nöqtədən irəlidə insanın qocalığı, xəstəliyi, ölümü dayanıb. Bu nöqtədən geridə insanın uşaqlığı, cavanlığı, sağlamlığı ona əl yelləyir. Dediyim bu nöqtədə insan sanki yenidən doğulmaq istəyir; birinci dəfə bu dünyaya necə gəlmişdisə, eləcə saf, təmiz, işıqlı...

Həbib öz keçmişi ilə gizlənqaç oynayır. Yazıçı bu yarıreal, yarımistik oyunu ustalıqla qurub. Bu oyun vahid süjet xəttində izlənilir və Həbibin yuxusuna haram qatan səslərlə müşayiət olunur.

Qoytuləli son dərəcə maraqlı personajdır və elə o da yuxusunda gördüyü qismətin dalınca cəlayi-vətən olmuşdu. Halbuki, axtardığı xoşbəxtlik elə gözünün önündə idi, onu görə bilmirdi. Bu həqiqəti anlamaq üçün uzun və əzablı yol keçmək, həyatın ibrət dərslərini almaq lazım imiş. Üstəlik, erməni işğalı zamanı Qoytuləli körpüsü də düşmən əlinə keçmişdi. Bu körpü əsərdə nəsillər arasında əlaqə vasitəsi kimi də simvolik məna daşıyır.

"Qoytuləli körpüsü"nü görüb-bilənlər, bir vaxt üstüylə addımlayanlar, eləcə də onların xələfləri əmindilər ki, hələlik düşmən tapdağında qalan o körpü yenə cövhəri həmin torpaqda yoğrulanların əzəli yurdda görüşüb-qucaqlaşmasına tezliklə bir daha şahid olacaq və igidlərimizin "Qoytuləli körpüsü"ndən, başlarının üstündəki üçrəngli Azərbaycan bayrağı, vüqarla keçəcəkləri gün lap yaxındadı..."

Cəmi bir neçə ildən sonra Həbibin (əslində müəllifin) arzuları həyata keçdi. 44 günlük Vətən müharibəsində igid Azərbaycan oğulları işğal altında olan torpaqlarımızı düşməndən azad etdi. Yazıçı fəhmi, yazıçı uzaqgörənliyi və inamı bu sətirlərdən boy göstərir.

Bu obrazları birləşdirən ayıran xüsusiyyətlər hadisə kontekstində üzə çıxır. Gülxar arvad Həbibi ilk dəfə ağrı ilə tanış edir. Yeniyetmə bu qarının simasında qorxu ilə tanış olur. Qonşu arvadların davasında kişilərin xarakteri üzə çıxır və Həbib həyatın bu üzünü də görür. Təhkiyə tipi klassik nəsr ənənəsinə söykənsə də bu əsərdə canlı insan obrazları görürük. Arabir "Hop-hop" quşunun nəğməsi də, südəmər körpənin çığırtısı da, köhlən kişnərtisi də Həbibin tənhalığına həyan olur, ürəyinin dərinliyindəki sarı simə toxunub onu ötənlərə qaytarır. Bu elementlər sanki tənhalığın dayaq nöqtələridir. Uşaqlığından bəri onu tərk etməyən atlara bağlılıq da onu kəndə sarı çəkir. Həbib son dəfə kənd yolunu tutub "Səməndər"lə görüşə tələsir. Bu nisgilli görüşdə "Səməndər"lə Həbib arasındakı dialoq ibrətamizdir; at insandan vəfalı imiş. Yazıçı həmin nisgilli görüşdə bunu əyani şəkildə göstərir, demir, məhz göstərir. "Səməndər" romanda unudulmayan obrazlardan birinə çevrilir. Əsərin tamamlanmasına aparan süjet xəttində vacib yol nişanı da məhz "Səməndər"lə görüşə aparan yolun istiqamətində görünür.

Ruhi mənəvi cəhətdən Həbib keçmişə aiddir, ona görə də keçmişdən gələn səslərin əsirinə çevrilib. Və bu yol bir qadının taleyində düyün düşür.

"...Onda ürəyimin bütöv vaxtları idi... O vaxtlar ürəyimi kiməsə rahat aça bilərdim, nəinki indi, cərrah bıçağına çatınca, yetişmiş nar kimi çat-çat olandan sonra..."

"Varlığını titrədən o səsin, zehnində sunami təsiri doğuran o son xatirənin sehri-tilsimi Həbibi bütün gecə, əslində isə elə ömür boyu məngənə kimi sıxıb əsarətində saxlamış qatı tərəddüdün aşılmaz-keçilməz divarlarını indi bircə anda sarsıdaraq yıxdı".

Həbib o səsin ardınca qoşub qaranlığa qarışır, qaranlığın qoynunda əriyib itir. Belə də demək olar: səsin amnistiyasına düşür. Bədii düşüncənin hərəkətverici qüvvəsi sehrdir. "Yuxuya gedib gecə" əsərində səs sehr haləsinə bürünmüş bir obrazdır, povestin bünövrəsi məhz səslə qoyulub, obrazları hərəkətə gətirən elə bu səsdir. Bu priyom yazıçının uğurlu tapıntısıdır. Səs bu mətndə hadisə boyu görüntüyə çevrilir, yazıçı sehrbaz kimi səsdən əhvalat yaradır və bu əhvalat əsərin məqsəd və məramını ifadə edir.

Müəllif hadisələrin təsvirinə, şərhinə can atmır, onları məhz göstərir. Təsvir təbii surətdə, impulsiv şəkildə təhkiyə boyu bu hadisələri ətə-qana doldurur. Bu mətndə insan tənhalığı bütün əzəməti, faciəvi tərəfləriylə oxucunun gözü önündə canlanır. Və həm də oxucunun yaddaşını silkələyir; hər kəs bu əsərdə öz həyatından bir qırıntıya rast gələ bilər. Kimsə bu əsəri oxuduqdan sonra yaddaşında itmiş səslər oyana bilər. Kimsə düşünə bilər ki, yazıçı sanki mənim həyatımı yazıb. Bu da əlbəttə, mətnin uğurundan xəbər verən nüanslardır.

Süni intellekt erasına qədəm qoyduğumuz bir zamanda hissə, duyğuya, ruha xitab edən bu qəbil əsərlərin yaranması sevindirici haldır. Məhz bu əsərlər müasir oxucunun zehnində hər cür süniliyə qarşı immunitet yarada bilər. Süni intellektə təbii intellektlə müqavimət göstərmək üçün özündə xalqın ruhunu ifadə edən milli və milli olduğu qədər də bəşəri əsərləri mütaliə etmək gərəkdir. Novruz Nəcəfoğlunun "Yuxuya gedib gecə" povesti məhz belə əsərlərdəndir.

 

Kənan HACI

 

Ədəbiyyat qəzeti.- 2023.- 24 iyun.- S.6.