Bitməyən yazılar
"Bədii mətn nə deyir?"dən çox "Bədii mətn nə istəyir?" önəmlidir.
Bədii
mətn bizdən ideya yaratmağı istəyir. Ən gözəl və mükəmməl deyilə
biləcək mətnlər
məhz bunu istəyir, onların məzmun nağıllanmasına,
geniş və ucuz semantik təhlillərə
ehtiyacı yoxdur, bədii mətn "mənə görə oxucu üçün ideya yarat" deyir. Bu səbəbdən
ədəbi tənqidin
analitik olmaqdan başqa çarəsi və şansı yoxdu. Bədii mətnlər haqqında yazılanların çoxu
lazımsız improvizasiyalarla
doludur, əslində bunu kimsə istəmir və arzu etmir.
Güclü ideyadan yaranmış
bədii mətn oxucu üçün özündən daha böyük ideya yaratmağı istəyir.
M.F.Axundzadənin "Mollayi-Ruminin
və onun təsnifi babında" essesi kimi.
Elə bir ideya yarat
ki, məsələn Şəhriyarın
şeirləri orada yaşaya bilsin, Əli Kərimin şeirləri nəfəs
ala bilsin, o məkanda zəif mətnlər görünməsin, heç
olmamış kimi...
Yazıda
ideya düşündürür,
məsələyə həm
yenidən, həm başqa gözlə baxmağa sövq edir. İmprovizasiya mətləbin dərinliyini
yox, səthini işıqlandırır. İmprovizasiya
çoxsözlüdür, mənalar sözlərdən
qaçır... "Don Kixot"
haqqında nə qədər əsər
var, böyük əksəriyyəti
onun dərinliyini üzə çıxarmağa
həsr edilib, alınıbmı, yox, çünki okeanın dərinliyi sadəcə boğulmaq üçündür.
Sörfinq oyunu var, dalğalarla ölüm-dirim
savaşı, ən yüksək dalğadan dənizin dibinə qədər enib sağ qalsan "Don Kixot"u, Folkneri, "Klimancaro qarları"nın
dərinliyini görmüş
kimi olarsan. Bircə andır bu, tək bircə
an. Ədəbiyyata
hakim olan yeganə amil
maksimalizmdir, bu ərazidə hər şey ən yüksək meyarlarla ölçülür. Böyük
ədəbi nümunələrdən
yazanda gücümüz
görsənir, anlamaq
və anlatmaq səninlə bədii mətnin müqavimətindən
hasil olur, zəif əsərləri
tərifləyəndə güc
və müqavimətdən
söz açıla bilməz. Sən güzəştə gedirsən,
haçansa Madam Bovaridən
yazacaqsansa ona bəri başdan bütün faktorlar üzrə uduzursan.
Böyük əsərlərlə təkcə sən döyüşmürsən, onlara
hamı uduzur, onlardan qaça-qaça onları ən gizlin qatlarda təqlid edirlər. Bu qanlı savaş klassikada ən çox Məhəmməd Füzulidə
görsənir. Deyilməmiş
söz, fikir uğrunda şam şöləsinin altında,
zəvvar kimi keçən şair bu məmləkətə gəlib çatmayıb hələ, çünki
o yol bitən deyil. Şəhriyar... bircə misra: ömür keçdi, gələmmədim, gec oldu...
Bir də, yazıda ilk hiss etdiyin şeyə qayıtmaq, insan nə yazır yazsın, əvvəl-axır
bu həsrət nöqtəsinə gəlib
çıxar. Və yazı bitmir, ömür bitsə də...
Cavanşir YUSİFLİ
Ədəbiyyat
qəzeti.- 2023.- 24 iyun.- S.7.