Hekayə
Açarın şaqqıltısı,
ardıyca cırıltı
səsindən sonra dəmir qapı aralandı. Tanımadığı
kişiləri qapı
ağzında görən
cavan qadın bir addım geri çəkildi. Qolundan tutduğu 5-6 yaşında olan oğlan uşağı
gah anasının ətəyindən
tutub dartır, gah da ağzını büzüb
üz-gözünü cürbəcür
şəklə salır,
iradəsiz halda əllərini və başını əyməklə
səy-səy hərəkətlər
edir, qırıq-qırıq,
anlaşılmayan sözlər
deyirdi.
Qəfil gəlişdən
özünü itirən
qadın təəccüblü
baxışlarla uşağı
özünə tərəf
sıxdı:
- Sizə
kim lazımdır?
Hamıdan irəlidə
dayanan Əli Zaminli qamətini düzəldib cavab verdi:
- Kamil Paşayevin mənzili buradır?
Bu vaxt orta boylu,
çəlimsiz, üzünü
tük basmış, daraq üzünə həsrət qalmış
dağınıq saçları
az qala boynuna
kimi uzanmış cavan oğlan əsəbi hərəkətlə
qadını arxaya dartıb irəli keçdi:
- Eşidirəm
sizi.
Yüngül bir itələmə ilə tirtap yerə uzanması şəksiz olan cavan oğlanın
şəstlə, bir az da yekəxana danışığı Zaminlinin
diqqətindən yayınmadı.
Amma bu cür danışıqları eşitməyə
adət etdiyindən söhbətə bir istilik gətirmək üçün zarafata keçdi:
- Sizdə
Allah qonağını qapı
ağzından qaytarırlar?
Cavan oğlan
mülki formada olan Zaminlini və yanında dayanan orta yaşlı
kişini başdan-ayağa
süzdü, istehza ilə güldü və bu zaman siqaretdən sap-sarı saralmış dişləri
göründü:
- Niyə
belə deyirsiz? Xoş niyyətlə gəlmisizsə, deməli,
evin yuxarı başında yeriniz var - dedi və kənara
çəkilərək əli
ilə mənzilin içərisini göstərdi.
- Buyurun keçin.
Zaminli, orta yaşlı kişi, ardınca isə iki cavan polisin
içəri keçməsindən
cavan oğlana sanki od vurdular:
- Yox
da, bu olmadı, biz belə danışmadıq.
Bu cür Allah qonağı
mənə lazım deyil. Xahiş edirəm mənzilimdən
çıxın. Çıxın
deyirəm sizə, gedin burdan.
Polis nəfərləri dərhal
onun böyrünü
kəsdilər. Zaminlinin
bir işarəsinə
bənd idilər ki, onu qol-boyun edib
yerə sərsinlər.
Zaminli vəziyyətdən
çıxış yolu
kimi səsinin yumşaq yerinə saldı:
- Kamil, sən niyə narahatsan? Bəlkə, biz bura xoş niyyətlə
gəlmişik. Bəlkə,
sənə və ailənə bir köməyimiz dəyə
bilər.
- Mənə
heç kimin köməyi lazım deyil. Rədd olun evimdən.
Yaşlı, nurani simalı bir qadın yan otaqdan çıxdı. Zaminli ilə qadının baxışları
toqquşdu. Qadın günah etmiş uşaqlar kimi əllərini yana sallayıb başını
aşağı dikdi.
Kamilin bu hərəkəti cavabsız
buraxıla bilməzdi.
Qanunun sərt üzünü göstərməyin
vaxtı çatmışdı.
Zaminlinin simasındakı
təbəssüm bir
andaca əriyib yox oldu.
- Kamil, bu cür hərəkətlərin
yersizdir. Görürsən
ki, polis əməkdaşlarıyıq. Mən rayon polisinin rəis müavini Əli Zaminliyəm, yanımdakı əməliyyat
müvəkkili Anar Orucov
və polis nəfərləridir.
Zaminlinin işarəsi
ilə Orucov əlindəki qovluqdan bir vərəq çıxarıb ona verdi.
- Buyur,
yaşadığın evə
baxış keçiriləcəyi
barədə qərarla
tanış ola bilərsən.
Kamil nə baş verdiyini anlaya bilmirdi. Qorxu dolu təəccüblə
polis əməkdaşlarına baxmaqda davam edir, arada sağ
əlinin içi ilə alnının tərini silir, qurumuş dodaqlarını
yalayırdı. Yaşlı
qadın Kamilin qolundan tutub iri otağa tərəf çəkib
apardı. Zaminli və digər polis əməkdaşları həmin
otağa keçdilər.
Zaminli sözünə
davam etdi:
- Vətəndaş
Kamil Paşayev, evdə
qanunsuz narkotik maddə saxlamaqda və istifadə etməkdə şübhəlisiz.
Qanunun tələbinə
əsasən evdə narkotik maddə varsa, könüllü təqdim etməyinizi tələb edirik.
Kamilin alnından
muncuq kimi düzülən tər damcıları hər iki yanağından üzü aşağı
süzülürdü. Təkrar
sorğuya da cavab vermədiyindən Zaminli şübhəli şəxs
kimi Kamilin də iştirakı təmin edilməklə mənzilə baxış
keçirilməsinə göstəriş
verdi. Otaqlardan və mətbəxdən sonra polis əməkdaşları
balkona çıxdılar.
Zaminlinin bütün nəzəri orda, divara dayanmış tumbada idi. Orucov
şəxsən tumbanı
ələk-vələk etdi.
Məyus halda başını tərpədəndə
Zaminlinin dalağı
sancdı. Kamilin bərəlmiş gözlərlə
tumbaya zillənməsi
Zaminlinin nəzərindən
yayınmadı. Vanna otağı
da "təmiz" çıxdı.
Sonuncu baxış keçirilən yer ayaqyolu oldu. Beş dəqiqəyə kimi orda yubanan
Orucov çölə
çıxanda Zaminlini
kənara çəkib
qulağına nəsə
pıçıldadı. Əsəb
keçirtdiyi hiss olunsa
da Zaminli təmkinini saxlamağa çalışırdı.
Mənzilə baxışla
bağlı protokol yazmaq barədə Orucova göstəriş verəndən sonra illərin yorğunu kimi otağın sol küncündəki əldə
düzəlmə mizin
kənarına qoyulmuş
taburetə çökdü.
Sorğu dolu nəzərləri yanbayan
taburetdə oturub bütün əməliyyat
boyu səsini çıxarmadan başını
aşağı dikən
yaşlı qadına
yönəldi.
...Həmin gün yağışdan sonrakı
qızmar günəşin
istisi havada bir boğanaqlıq yaratmışdı. Nahar yeməyindən
sonra kabinetinə qayıdan Əli Zaminli əhvalında bir narahatçılıq
hiss etdi. Sakitləşib
beynindəki yorğunluğu
çıxartmaq üçün
Polis Şöbəsinin qarşı
tərəfində olan
bağa keçdi. Çox sevdiyi nəhəng, qollu-budaqlı,
sərinliyi onlarla adama bəs edən dəmirağacının
altındakı bəzəkli
taxta oturacaqda oturdu. Əllərini sinəsində çarpazlayıb
ayaqlarını uzatdı,
gözlərini yumub təxminən 700-800 metr aralıda olan dəniz tərəfdən
gələn sərin mehdən doyunca ciyərlərinə çəkməyə
başladı. Vaxtın
keçən dəqiqələrini
hiss etmədi. Birdən
qulağının dibində
həzin bir qadın səsi eşidildi:
- Ay bala, qurbanın olum, bir dəqiqə
vaxtını ala bilərəm?
Zaminli gözlərini
açdı və qarşısında ağ
saçlı, üzündən
nuranilik tökülən,
əsil Şərq xanımı kimi gözəlliyini, təravətini
hələ də itirməmiş ağbirçək
bir qadın gördü və qeyri-iradi ayağa durdu. Tez qadının qolundan tutub oturacağa yönəltdi.
Təxminən 65-70 yaşlarında
olan qadının əynindəki paltar köhnə, rəngi solmuş olsa da təmiz idi. Başına bağladığı
qəhvəyi rəngli
yaylıq ağ saçlarını qucağına
almışdı. Üzündəki
qırışlar simasındakı
təravəti heç
də azaltmırdı.
Onun qəmli- qüssəli, dərd adamı olması solğun simasından bilinirdi. Qadın astadan dilləndi.
- Oğlum,
bağışla ki, istirahətinə
mane oldum.
Zaminli xoş bir təbəssümlə
ona zilləndi. Üzündə sevinc işartıları görünən
qadın dərhal sözünə davam etdi:
- Eşitmişəm
rayona təzə gəlmisən, hamı da səni tərifləyir. Gəldim ki, bəlkə, dərdimə bir çarə qılasan... Yaşımın da elə
vaxtıdır ki, əcəl
hər dəqiqə qapımı döyə bilər.
- Buyur
ana, eşidirəm sizi.
Qadın arıq,
damarları şişib
üzə çıxan
əli ilə yaylığının ucunu
azca dartıb arxaya verdi, ağarmış
saçlarını qulaqlarının
arxasında gizlətdi.
Nəzərləri məchul
bir nöqtədə ilişib qaldı, handan-hana sözə başladı:
- Mən
oğlumu tutdurmaq üçün sənin yanına gəlmişəm.
Zaminli eşitdiklərinin
fərqinə vara bilmədiyindən duruxub qaldı, nə deyəcəyini bilmədi.
Bir təhər özünü
toparlamağa çalışdı:
- Ananın
oğlunu tutdurması
təcrübəmdə az
təsadüf olunub. Hər halda, səbəbi maraqlıdır.
Eşitdiklərini təsdiq
edirmiş kimi qadın başını tərpətdi və dərhal da dilləndi:
- Əlbəttə,
sən haqlısan.
Onda uzunçuluq eləsəm
də, gərək, məni bağışlayasan.
- Heç
narahat olmayın.
Qadın yaylığının
ucu ilə alnını, yanaqlarını
və çənəsini
silib bir müddət ətrafa baxdı, sonra Zaminliyə tərəf çevrilib sözə başladı:
- Mənim
adım Xoşbəxt,
soyadım Paşayevadır.
Həyat yoldaşım
rayonda ilk şirkət
açanlardan olub. İmkanımız çox
yaxşı idi, ailəmlə həsəd
aparılası bir həyat yaşayırdıq,
amma... Hər şey yoldaşımın
qəfil ölümündən
sonra dəyişdi. İçkidən, o zəhrimar
araqdan onda qaraciyərin sirrozu tapıldı. Xəstəliyi
bilinəndə artıq
çox gec idi. Rusiyada, İranda həkim qalmadı ki, ona baxmasın, xeyri olmadı. Nə qazanmışdısa, hamısını
özü ilə apardı. Həmin vaxtı qızım Nigar ailə qurub gəlin köçmüş, bir
neçə ilin həsrəti olan oğlum Kamil isə nişanlı idi. Ali təhsili olsa da, iş tapa bilməmişdi.
Bir gün Kamil toy pulu
qazanmaq üçün
Rusiyaya getmək istədiyini dedi, naəlaclıqdan razılaşdım.
İki illik ayrılıqdan sonra gecə-gündüz yalvar-yaxarıb
onu geri qaytara bildim. Azacıq pul da gətirmişdi. Bir təhər
onun üçün
toy edib evləndirdim. Gəlinim Gülüş
çox abırlı,
həyalı, zəhmətkeş
bir gəlindir, qızım qədər onu istəyirəm. Heyf o baladan, onu da bədbəxt elədim. Bunu Allah mənə bağışlamaz.
Xoşbəxt xanım
susdu, kövrəldiyi,
hətta gözlərinin
yaşardığı hiss olundu. Tez üzünü yana çevirib yaylığının ucu
ilə gözlərini
sildi, kövrək bir səslə üzrxahlıq etdi:
- Siz
Allah bağışlayın. Dərdli çox danışan olar, elə bilər ki, ondan başqa heç kimin dərdi yoxdur, hamı da borcludur ki, onu dinləsin.
Zaminli fikrini cəmləşdirmək üçün
ona yardım etdi:
- Siz
gəlinə neyləmisiz
ki, o, bədbəxt oldu?
- Mən
başıdaşlı, mən
qaragünlü neyləyə
bilərəm ki? - Qeyri-iradi
səsinin tonu qalxdı və bunu özü də anladı. Peşmançılıq hissindən
üzünə bir qızartı gəldi. Astaca sözünə davam etdi:
- Neylədi
oğlum elədi... Xalxın qızı evimə ayaq basandan bu vaxta
kimi bir gün görmədi. Bircə oğul balası var, indi altı yaşındadır,
həm laldı, həm də ağıldan kəm. Elə lova düşmüşük
ki, uşağı müalicəyə
də apara bilmirik. Bu dərdə daha dözmək olmur, ay bala.
Onun gözlərindən
yaş gəlsə də, ağlamağı kənardan heç hiss olunmurdu. Zaminli məəttəl qalmışdı:
səssiz-səmirsiz necə
ağlamaq olarmış?
Xoşbəxt xanım
yanıqlı bir səslə sözünə
davam etdi:
- Sən
demə oğlum Rusiyadan narkoman kimi qayıdıb. Nə mən bilmişəm, nə də ki,o
vaxtı nişanlısı,
indi isə arvadı olan Gülüş. Toydan sonra Kamilin bir
işlə məşğul
olmaması, hər gün evə sərxoş gəlməsinə
bir müddət əhəmiyyət vermədim.
Ta o vaxta kimi Gülüş oğlumun
qollarında iynə yerlərinin durmadan artdığını, gecələr
ağrı kəsici dərman kimi noxud boyda qara
rəngli bir həb atdığını
deyənə qədər.
Sonralar ev əşyalarının bir-bir
yox olduğunu gördük. İşə
düzəlmək bəhanəsi
ilə arvadının
bütün qır-qızılını
da götürüb apardı.
Xoşbəxt xanım
sol əlini irəli uzadıb dərisi soyulub yöndəmsiz halda bitişmiş adsız barmağını
Zaminliyə göstərdi:
- Pul
verə bilmədiyim üçün barmağımdakı
üzüyü istədi,
imtina edəndə üzükdən tutub elə dartdı ki, barmağımın dərisi
də onun əlində qaldı.
Zaminli hələ
də təəccüblə
onun irəli uzanmış barmağına
baxırdı. Xoşbəxt
xanım susdu. Heç biri danışmağa tələsmirdi.
Bir azdan onun istehza dolu səsi
eşidildi:
- Sən
qismətə bax, mənim adım Xoşbəxt, gəlinimin
adı isə Gülüş. Mən xoşbəxtliyə, gəlinim
isə gülüşə
həsrət qaldıq...
Nə isə,... bunlar olub
keçənlərdir. İndi isə oğlumun tutulmağını istəyirəm.
Xoşbəxt xanımın
son xahişi şikayətə
gəlməyini oğlundan
gizlətmək barədə
oldu. Razılaşdıqları
kimi evə gedib oğlunun balkonda, tumbada gizlətdiyi tiryəki, onu əritmək üçün qaşıq
və alışqanı,
şprisi yerində görüb dərhal Zaminlinin verdiyi nömrəyə zəng edərək şərtləşdikləri
sözü deyəndən
sonra əməliyyat qrupu mənzilə daxil olacaqdı...
Orucov protokolu
imzalatmaq üçün
Kamilə təqdim edəndə Xoşbəxt
xanım başını
qaldırdı və Zaminli ilə nəzərləri toqquşdu.
Qadının üzündəki
iztirabı, ağrını
görməmək, duymamaq
mümkün deyildi. Bütün bunlar olmazın əzablar çəkib canı boğaza yığılan,
son anda isə analıq hissi hər şeyə qalib gələn, tumbada gizlədilənləri
ayaqyoluna atmaqla yeganə oğlunu həbsdə görə bilməyən ananın keçirtdiyi hisslər idi. Yalvarış dolu, imdad diləyən
baxışı isə
Zaminlidən bağışlanmasını
xahiş edirdi: "Neyləyim, ürəyimlə
bacara bilmədim.
Allah-Təala səbəbsiz
heç nə eləməz. Əgər bu altıncı barmağı mənə veribsə, deməli, onu gəzdirməyə borcluyam, lap çirkin görünsə belə.
Bağışla məni
oğul!"
Zaminli mənzildən
çıxanda Kamilə
ürək sözlərini
deməyi də unutmadı:
- Özünə,
anana, həyat yoldaşına yazığın
gəlmirsə, gəlməsin,
heç olmasa xəstə oğlunu düşün, ona yazığın gəlsin.
Belə getsə həyatını həbsxanada
bitirəcəksən.
Bayaqdan bütün
diqqəti Zaminlidə
olan uşaq qəfil atasına sarılıb hönkürdü.
İlk dəfə rastlaşdığı
bu haldan şaşırıb qalan
Kamil onu qucaqlayıb üz-gözünü duz
kimi yalamağa başladı. Xoşbəxt
və Gülüş
təəccübdən yerlərində
donub qalmışdılar.
Şahidi olduğu
səhnədən üzünə
xəfif bir təbəssüm qonan Zaminli mənzilin giriş qapısına tərəf addımladı.
Arxadan Kamilin göz yaşları içində hıçqırıqla
dediyi və mənzilin divarlarında əks-səda verən səsi eşidilirdi:
"- Oğlum, bağışla
məni, nə olar, bağışla. Bax, söz verirəm,
söz verirəm ki, bir də o zəhrimara
əl vurmaram. Sənin yanından heç yerə getmərəm. İnan mənə oğlum, inan".
Qafar CƏFƏRLİ
Lənkəran
24-25 iyun 2017
Ədəbiyyat qəzeti.- 2023.- 24 iyun.- S.11.