Söyləmişdin, şair...

 

M.Müşfiqin xatirəsinə həsr olunmuş, hər il

5 iyunda Nargin adasında keçirilən anım günündə

 

"Yenə o bağ olaydı..."

            - söyləmişdin, şair.

O bağı vaxtsız-günsüz

            vurdu xəzan.

Pis yazdı qisməti,

            taleyi sənə yazan...

Şaqraq gülüşlərin,

            quş qanadlı arzuların

                        qönçəsindəcə boğuldu...

Yoxsa göz dəydi sənə,

            tuş gəldin bədnəzərə?

Cahana sığmayan şair qəlbin

            necə sığdı Xəzərə?

O ki okean deyil,

            dəryadı, bir göldü?!

Onun dərin qatlarına,

            lap dibinəmi gömdün?!

Cahana sığmayan şair qəlbin

            söylə hara sığındı?

Yoxsa həqiqətdi nağıllar?

Xəzərdə sirrlər var, sirrlər,

            yığın-yığındı?..

...Qəhrəmanlar ölmür,

Şəhidlər ölmür,

            əbədiyyətə qovuşur,

                        onlar diridir.

Haqq sözündən ölənlər

            şəhidlərdən biridir...

Onda bu da  həqiqətdir ki,

Sən ey nəğməkar şair,

            ölməmisən,

ruhun da, qəlbin

sözün kimi ölməyib,

sağsan, dirisən...

Haqqı pozulan

            milyonların birisən...

Boylanırsan

            suların qucağından

                        hər gün

                                    bizə sarı.

Ruhun yarıb gəlir suları...

Dünyaya sığmayan qəlbin

            ürəklərə sığa bilər,

                        sığmaya bilər.

Səni bir analar doğa bilər,

            doğmaya bilər,

Amma sənin kimi şair olmaya bilər!

Sən varsan - səsinlə, sözünlə,

Bir dəfə doğulmusan,

            qalmısan əbədi...

                        ürəklərdə...

Yaşayırsan Xəzridə,

            xəzri adlı küləklərdə...

 

Bəxtiyar şairlər

az olmayıb...

 

Şairlər bəxtsiz olur,

belə eşitmişəm.

Bəxtiyar şairlər az olmayıb,

bunu görmüşəm.

Taleyi düyünə düşməyən şairlər

başqa cür yaşıyır, qardaş.

Sözünü qazanc edə bilir,

yaşamağın yolunu bilir,

Bulanıq sudan da,

lilli çaydan da

"duru" çıxa bilir,

"Yağışlar"dan da islanmır,

quru çıxa bilir,

Görə-görə gəlmişəm bu yaşıma...

Bütün şairlər bəxtsiz olmur...

Söz mülkünün

sultanı ola bilməsə ,

Sarayların, villaların

sultanı ola bilir.

İstəyəndə həbəş, rus, gürcü,

moltanı ola bilir...

Dinini dəyişə bilir,

azad dünyada yaşayır axı...

Belə şairlər var,

bəlkə əvvəllər olub...

Azmı olub bir-birini satanlar,

donos yazanlar?

Sözünə min bir don geyindirən,

orden, medal alanlar,

"Tarixlərdə qalanlar"?

Dost boynunu cəllad qılıncı altına

qoyanlar?

Olub, olub, indi var...

Amma Allahdan diləyim var,

olmasın innən belə.

Olmasın paxılı, qansızı,

nəfsinə kölə...

Malı-mülkü cəhənnəm,olur olsun

Beləsinə qələm verməsin Allah,

söz verməsin Allah!

Beləsinə üz verməsin Allah!

 

...Sən yenidən quracaqsan!

 

 Türkiyədə baş verən zəlzələyə

 

Sən dərdlərə sinə gərən, əzablara dözən türksən!

Okeanlar, dağlar aşan, gecə-gündüz gəzən türksən!

Dağ başında, zirvələrdə şahin kimi süzən türksən!

Sən bunu da adlayacaq, ayaqüstə duracaqsan!

Maraşları, Hatayları sən yenidən quracaqsan!

 

Zəlzələsi bu dünyanın əskik olmur köçümüzdən.

Qurban gedən doğmaların dərdi çıxmaz içimizdən,

Yer , göy xəbərdardır əzmimizdən, gücümüzdən.

Sən bunu da adlayacaq, ayaqüstə duracaqsan!

Maraşları, Hatayları sən yenidən quracaqsan!

 

Adəm-Həvva övladıyıq, insanlığın ilk əzəli,

Mete, Manas, Oğuz, Osman, Qıpçaq qurub ilk düzəni.

Ay-ulduzlu minarələr çox görübdür yer üzündə zəlzələni.

Sən bunu da adlayacaq, ayaqüstə duracaqsan!

Maraşları, Hatayları sən yenidən quracaqsan!

 

Şərqdən Qərbə, Qərbdən Şərqə yollar açdın, izin vardır!

Qırğı kimi, tərlan kimi iti görən gözün vardır!

Səndə səbr, səndə qeyrət, səndə qardaş, dözüm vardır!

Sən bunu da adlayacaq, ayaqüstə duracaqsan!

Maraşları, Hatayları sən yenidən quracaqsan!

 

İraq, Misir, Dəməşq - Şərqin bağrı od içində.

Müsəlmana səbr verib Allah böyük bir biçimdə!

Şeytan, iblis barmağı var, Qoca Şərqin qəm köçündə...

Sən bunu da adlayacaq, ayaqüstə duracaqsan!

Maraşları, Hatayları sən yenidən quracaqsan!

 

Bu dünyanın dörd yanından doğmaların sənə hayan!

Dar gününə kömək gəlir qatar-qatar, karvan-karvan,

Dərdin dərdim, qəmin qəmim, o göynəyən yaran yaram,

Sən bunu da adlayacaq, ayaqüstə duracaqsan!

Maraşları, Hatayları sən yenidən quracaqsan!

 

Haqq yolunda qalxan qılınc hər vaxt sənin əlindədir.

Qazax, qırğız, özbək, türkmən, Azərbaycan səninlədir.

Bütöv türkün dünyası var, o bir candır, səninlədir.

Sən bunu da adlayacaq, ayaqüstə duracaqsan!

Maraşları, Hatayları sən yenidən quracaqsan!

 

Gülxani PƏNAH

 

Ədəbiyyat qəzeti.- 2023.- 24 iyun.- S.12.