Anar, Volkov və müsavatçılar...

 

Neçə gündür ki, Türkiyədə - İstanbul və Ankara şəhərlərində Anar müəllimin yubileyinə həsr edilmiş silsilə tədbirlər keçirilir. İlk gün Türk Ədəbiyyatı Vaqfında, dostlarımız - Sərhat Kabaklının, İmdat Avşarın təşkilatçılığı ilə baş tutan təqdimatda türk alimlərindən biri çıxış edir - Anarın öz xalqını heç vaxt ikinci dərəcəli saymadığını və tutarlı dəlillərlə necə istedadlı millətə mənsub olduğunu yazılarında önə çəkdiyini - deyir. Sonra eyni əsrdə yaşayan Şekspir və Servanteslə Füzulini müqayisə edib Anarın bu haqda mülahizələrini danışır. Dinlədikcə çaşıb qalıram, axı bu haqda yazmışam, həm də bu müqayisələr Anar müəllimin esseistikasındandır, hansı ki, Türkiyədə çap olunmayıb hələ. İmdat Avşardan alimi xəbər alanda gülümsəyir, deyir ki - çıxışı hazırlayanda sənin yazılarından bəhrələnib. Bir gün sonra İstanbul Universitetində həmin alimlə görüşəndə özü də bunu gizlətmir - kitabınızı oxudum, çox kömək oldu - deyir. Səmimi etiraf edim ki, bu yerdə hansı duyğuları keçirdiyimi tam dəqiq bilmirəm. Ancaq sonra da düşünürəm ki, məgər niyyət bu deyilmi, oxucuya sevimli yazıçını hərtərəfli göstərmək...

Amma TÜRKSOY-dakı yubiley qutlamasından bir gün öncə, sərin bir Ankara axşamında dostlarla söhbətləşəndə, birdən Anar müəllim otuz ildən çox Stalin məhbəs və düşərgələrindən keçən və bu haqda "Zülmətə qərq edilmiş" romanı yazan rus nasiri, zadəgan əsilli Oleq Volkovu yada salanda türk alimini daha yaxşı başa düşəcəyəm. Kitabdakı həmin fikirdən niyə bəhrələndiyi də bu məqamda aydın olacaq mənə; hər kəsin özünü güclü və tox, özünəyetəcək şəkildə hiss etmək ehtiyacı var. Və çağdaş zamanın bütün xoşbəxtliklərin təməli kimi təbliğ etdiyi özgüvən duyğusunun kökü aid olduğun xalqa bağlıdır. Anar müəllim O.Volkovun həmin əsərindən danışdıqca, yadında qalan parçaları dilə gətirdikcə qəhərlənir. Müsavatçılarla eyni həbs, sürgün düşərgəsində cəza çəkən yazıçı onların necə ləyaqətli, dönməz və güclü olduğunu yazıbmış. Pərən-pərən salındıqları üçün aclıq aksiyası etdikləri də, Volkovun bunu necə təsirli qələmə alması da Ustadın yadından çıxmayıb. Deyir ki, romanın həmin parçaları Azərbaycan və Türkiyə türkcələrinə çevrilməlidir mütləq. Və birdən anlayıram ki, bu arzu sadəcə acı taleyi yaşayan millət fədailərinin  kədərli həyat hekayəsini bir daha yada salmaqdan ötrü deyil. Bu, çağdaş oxucunun özünü, milli kimliyini tanıması üçün daha bir vasitə ola bilər.

Gecəylə O.Volkovun romanın internetdən tapıb planşetimə köçürürəm, bütün əsəri vərəqləyib, gözdən keçirib müsavatçılara həsr edilmiş bölümləri tapıram, elə ilk sətrlərdən gözümün yaşı sel kimi axıb gedir. Volkov bir qarabağlı balası Mahmudun dinc, cənnət kimi həyatının necə məhv olmasından danışdıqca tarixin bircə izi də itirmədiyini anlayıram. Və bu parçaları dilimizə çevirdikcə bir yandan müsavatçıların necə dəhşətlər yaşamasında ürəyim parçalanır, amma həm də güclü hiss edirəm özümü. Daha heç kim məni inandıra bilməz ki, biz komanda olmağı bacarmırıq... Xalqımızın Zəfər savaşında göstərdiyi birliyin köklərini də müsavatçıların taleyində görə bilirəm.

Əslən azərbaycanlı olan, Türkiyədə yaşayıb-yaradan şair-tərcüməçi İldəniz Qurtulanın şeiri yadıma düşür. Onun da ailəsində sürgün bəlası yan keçməmişdi. "Çeka" adlı şeirində elə təxminən Volkovun qələmə aldığı mətinlikdən, iradədən, dönməzlikdən söz açır:

Günəşin batmasına doğru

Hər axşam

Anladırdı atam,

Ağır-ağır:

- "Gündüzləri işgəncə,

Gecələr

Çökərdi üstümüzə ölüm kölgələri.

Bəzimiz çıldırır,

Bəzimiz şərqi söylər,

aldırmaz.

Fəqət həp

ayaqda durur,

mərd ölür,

Bizimkilər

Orada!" 

...Ankarada göy guruldayır, yağış sel kimi tökür, əlimə fürsət düşən kimi bir yana çəkilir, Volkovun mətnin çevirirəm. "Ağlamaq üçün ən gizlin yer leysan yağışın altıdı..." Bunu mərhum Fikrət Qoca deyib. Volkovun mətni isə qürurqarışıq hüzn gətirir adama... Və mən bu halıma görə Anara, Volkova və müsavatçılara minnətdarlıqla çevirdiyim mətni oxuculara təqdim edirəm...

 

PƏRVİN

 

Ədəbiyyat qəzeti.- 2023.- 24 iyun.- S.8.