Altun adama mənəvi abidə

 

Filologiya emləri doktoru Abid Tahirlinin Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 01 iyun 2023-cü il tarixli iclasının (protokol №3) qərarı ilə çapı tövsiyə olunmuş "Məhəmməd Altunbayın həyat və yaradıcılığı" monoqrafiyasını (Bakı, Xəzər Universiteti nəşriyyatı, 2023, 136 səh) maraqla və məmnuniyyətlə oxuya-oxuya yadıma ötən əsrin səksəninci illərinin sonu, doxsanıncı illərinin əvvəllərini - dünyanın qopduğu vaxtları salıram. O vaxtları ki, yetmişillik imperiyanın dayaqları hər keçən gün bir az daha çox sarsılır, müstəqilliyin bir addımlığında olan adamlar illərdən bəri ürəklərində saxladığı, amma məlum səbəblərdən açıb-bükə bilmədikləri "qorxulu mövzular"dan indi geninə-boluna danışır, yenicə yaranmağa başlayan müstəqil mətbuat səhifələrində yazılarla çıxışlar edirdilər. Sovet siyasi rejimi ilə barışa bilməyib bütün ömrünü qürbətdə yaşamağa məcbur olan, müqəddəs Azərbaycan davasından bir an da olsun geri durmayan mühacirlərin həyatı və fəaliyyətinin öyrənilməsi, onların zəngin irsinin Vətəndə nəşri və təbliği, beləliklə, qadağalar zəncirinin qırılması ilə Vətənə mənəvi dönüşü ən aktual mövzulardan idi. Almas Yıldırım illər öncə həmin günlərin gələcəyinə inanıb da deyirdi:

 

Yağı öldü sanmasın, aldığım bu yaradan,

Qaç kərə böylə çıxdım fırtınadan, boradan;

Gün gəlir qaldıraraq şu dağları aradan,

Çevrəndəki zənciri yenə bən qıracağım.

Kim diyor ki, könüldə xatirən yox, yadın yox;

Lənət o şeirimə ki, onda sənin adın yox;

Sanma ki, könüllərdə qərib bir fəryadın yox,

Bən sana varmaq için səni hayqıracağım.

 

İlk vaxtlar həcmcə kiçik tanıtma xarakterli yazıları bir qədər sonra mükəmməl və möhtəşəm materiallar əvəz etməyə başladı, mühacirət irsi ilə bağlı ortaya mövzu və mündəricə baxımından kifayət qədər zəngin məqalələr, monoqrafiyalar, dissertasiya işləri çıxdı, obrazlı desək, çeşmələr ümmana çevrildi - Azərbaycan mühacirətşünaslığının əsası qoyuldu. Doxsanıncı illərin əvvəllərində öz tədqiqatları ilə tanınan mühacirət sevdalıları arasında Abid Tahirli də varıydı və o bu şərəfli və məsuliyyətli yolda bu gün də inamla addımlayır, yorulmadan yazıb-yaradır. Onlarla məqaləsi, sanballı kitabları, mühacirət mətbuatına həsr olunmuş doktorluq dissertasiyası A.Tahirlinin elmi yaradıcılığının şəhadətnaməsi hesab oluna bilər. İş elə gətirdi ki, imzasına hörmət bəslədiyim Abid Tahirli ilə bir müddət AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Azərbaycan mühacirət ədəbiyyatı şöbəsində bir yerdə işlədik və yenə onunla birlikdə şöbənin müdiri, filologiya elmləri doktoru, tanınmış mühacirətşünas Nikpur Cabbarlının rəhbərliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə "Azərbaycan mühacirət ədəbiyyatı: təşəkkülü, inkişaf mərhələləri və problemləri" mövzusunda layihəni həyata keçirdik. Layihə üzərində işlədiyimiz günlərdəki qızğın müzakirə və polemikalar çox maraqlı idi və biz elmi nəşrlərə təqdim etdiyimiz məqalələrimiz üçün qarşılıqlı şəkildə rəylər hazırlayırdıq və onu da deyim ki, hər bir məqalə yalnız hərtərəfli müzakirələrdən sonra çapa tövsiyə olunurdu. Mən elə o vaxtdan Abit Tahirlinin öz imzasına, müəllifi olduğu mətnə hörmətinin bir daha şahidi olmuşam və indi onun "Məhəmməd Altunbayın həyat və yaradıcılığı" monoqrafiyasını məmnuniyyətlə oxuyub elə məmnuniyyətlə də fikir bildirdiyimi xüsusi qeyd etmək istəyirəm.

Bəri başdan deyim ki, çoxlarının yalnız bir memuar müəllifi kimi tanıdığı Məhəmməd Altunbayın həyatı və çoxspektrli fəaliyyəti monoqrafiyada zəngin faktlarla, səlis və aydın üslubda təqdim olunur və inanıram ki, A.Tahirlinin bu dəyərli tədqiqat əsərinin hər bir oxucusu mühacir yazarın Türkiyənin ictimai-siyasi, ədəbi-mədəni həyatında özünəməxsus rol oynadığını, təpədən-dırnağa qədər milli bir publisist, türkün qanına yerikləyən bədnam damğalı tarixsiz-əsilsiz ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırımı siyasətini, görünməmiş vəhşiliklərini ifşa edən əsl vətənpərvər olduğunu yəqinləşdirəcək.

Oxucuların ixtiyarına verilmiş monoqrafiya "Giriş", yeddi bölmə, "Nəticə", "Ədəbiyyat" və "Əlavələr"dən ibarətdir. Tədqiqatın strukturu, bölmələr arasında məntiqi uyarlıq  və ardıcıllıq müəllifə qarşıya qoyduğu problemi uğurla həll etməyə tamamilə imkan verir.

Müəllif "Giriş"də Azərbaycan mühacirətşünaslığının formalaşması prosesinə lakonik şəkildə yanaşmış, onun müəyyən mərhələlərdən keçdiyini göstərmişdir. Haqlı olaraq yazır ki, ötən əsrin 80-ci illərinin ikinci yarısından Azərbaycan mühacirət probleminin araşdırılmasına, mühacirlərin xarici ölkələrdə yaratdığı milli, ədəbi-mədəni irsin tədqiqinə, təbliğinə maraq artsa da, bu iş pərakəndə və həvəskar səviyyədə həyata keçirilmişdir. Müstəqilliyimizin bərpa edilməsindən sonra mühacirət ədəbiyyatının tədqiqi üçün qadağalar aradan qaldırılsa da, ölkədə cərəyan edən ictimai-siyasi proseslər, iqtisadi böhran, torpaqlarımızın işğalı və onun törətdiyi çətinliklər mühacirət ədəbiyyatının öyrənilməsinə də ciddi zərbələr vurmuşdur. Müəllif mühacirət ədəbiyyatının öyrənilməsi üçün tam münbit şəraitin dövlət quruculuğu sahəsində uğurlu addımların atılmasından sonra yarandığına diqqət çəkmiş, sonrakı illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncamların tədqiqat işlərinin daha səmərəli aparılmasını təmin etdiyini göstərmişdir. A.Tahirli, həmçinin, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının müvafiq qərarına əsasən, Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin hazırladığı "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" seriyasından olan kitabların əhəmiyyətini xüsusi vurğulamışdır. Onun qənaəti belədir ki, mühacirət ədəbiyyatı nümayəndələrinin yaratdığı ədəbi irs bütün cəhətləri - ideya istiqaməti, mövzusu, dili, üslubu, sənətkarlıq xüsusiyyətləri ilə bu gün də aktual və əhəmiyyətlidir.

A.Tahirli "Altunbay irsinin tədqiqi tarixi və işlənmə dərəcəsi" adlı birinci bölmədə mühacir yazıçının məşhur memuarının çapından sonra onun irsinə, həyat və yaradıcılığına marağın artdığını yazmış, eyni zamanda, memuarın nəşri və adı ilə bağlı müəyyən qeydlər etməyi, dəqiqləşdirmələr aparmağı məqsədəuyğun hesab etdiyini vurğulamışdır. Qeyd edək ki, faktlara əsaslanan dəqiqləşdirmələr uğurlu alınmışdır. A.Tahirli M.Altunbayın memuarının Bakıdakı nəşri ilə bağlı tənqidi fikirlərini də faktlar əsasında söyləmişdir. Onun fikrincə, əsərin Bakıda nəşri təqdirəlayiq olsa da, memuarın dilimizə uyğunlaşdırılması zamanı ciddi xətalara yol verilmiş, bir sıra hallarda mətnin bəzi hissələri orjinaldakı təsir gücünü demək olar ki, itirmişdir. M.Altunbayla bağlı Azərbaycanda və Türkiyədə müvafiq tədqiqatlar aparıldığını yazan A.Tahirli bununla belə yazıçının irsinin tədqiqi vəziyyətini qənaətbəxş hesab etmir.

Monoqrafiyanın ikinci bölməsində M.Altunbayın həyatı detallarına qədər araşdırılmışdır. Burada oxucular üçün maraqlı olacaq bir nüansı qeyd etməyə dəyər. A.Tahirli özünün məktubuna mühacir yazıçının oğlu Oqtay Altunbayın yanvar 2020-ci ildə göndərdiyi cavab məktubunu ixtisarla təqdim etmişdir ki, bu da əsərə əlavə dəyər qazandırır, yeni-yeni faktlar verir, həm də, sözün yaxşı mənasında, zərif bir emosionallıq qatır. Bu bölmədə M.Altunbayın zülm və sitəmlər məmləkətindən Türkiyəyə gedib çıxana qədər İran və İraqdakı məşəqqətlərindən, habelə Türkiyədə Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə 1949-cu ildə Ankarada təsis olunan Azərbaycan Kültür Dərnəyinin yaradılmasında yaxından iştirakından, mühacirlərin mətbu orqanları ilə sıx əlaqələrindən bəhs olunur.

M.Altunbay ömrünün sonuna qədər Azərbaycanın milli istiqlalına yenidən qovuşması üçün mücadilə aparmış, istiqlal düşüncəsindən bir an da olsa belə ayrılmamışdır. Monoqrafiyanın üçüncü bölməsində mühacir yazıçının idealları onun publisistikası əsasında təqdim olunmuşdur. A.Tahirli bu barədə fikirlərini belə ümumiləşdirmişdir: "Xalqımızın milli istiqlal mücadiləsinin bədii-sənədli mənzərəsini yaradanlardan M.Altunbayın məhrumiyyətlərlə dolu şəxsi həyatının və istiqlal məfkurəsinin aynası olan yaradıcılığında istiqlal, milli azadlıq, cümhuriyyətçilik və bu ideyalara, onun reallaşmasına qənim kəsilən qüvvələrin ?sovet rejiminin və onun regionda yeritdiyi mənfur siyasətin əlaltısı olan ermənilərin törətdiyi cinayətlərin ifşası aparıcı mövzulardandır". O, M.Altunbayın publisistikasını ideya-məzmun baxımından təsnif etdikdən sonra "Hürriyətə uçan türk. Məhəmməd Altunbayın xatirələri"nin geniş təhlilini vermiş, müvafiq dəyərləndirmələr aparmışdır. A.Tahirlinin gəldiyi qənaətlər kifayət qədər inandırıcıdır və xüsusən də "memuar erməni-bolşevik silahlı dəstələrinin xalqımıza qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması baxımından müstəsna əhəmiyyət kəsb edir və bu gün də aktualdır" fikrini tamamilə bölüşürük. Bu bölmədə M.Altunbayın "Mücahid" dərgisində çap etdirdiyi materiallar, xüsusən də beş hissədən ibarət "Qana gömülən hürriyyət" məqaləsi haqqında düşüncələr diqqəti xüsusi cəlb edir və mühacir yazıçının ədəbi portretini ustalıqla canlandırır. Bölmədə "Azərbaycan", "Azadlıq" radiosunun yeddi illik fəaliyyəti münasibəti ilə", "Ölüm düşərgəsində 9 il" və b.yazıların təhlili M.Altunbay publisistikasının ideya və məzmun rəngarəngliyi haqqında dolğun təsəvvür formalaşdıra bilir.

"Arxalı köpək qurd basar" məsəlində deyildiyi kimi, havadarlarına arxalanan ermənilər xalqımıza qarşı zaman-zaman soyqırımı siyasəti yeritmiş, soydaşlarımızı tarixi torpaqlarımızdan çıxarmış, qəddarcasına etnik təmizləmə ilə məşğul olmuş, bəşəri cinayətlərə qol qoymuşlar. A.Tahirli monoqrafiyanın dördüncü bölməsində M.Altunbayın yaradıcılığında erməni vəhşiliklərinin ifşası məsələsini "Hüriyyətə  uçan türk. Məhəmməd Altunbayın xatirələri" əsasında araşdırmışdır. O, əslində mühacir yazarların hər birisinin yaradıcılığında mənfur erməni siyasətinin ifşasının aparıcı mövzulardan olduğunu vurğulayaraq yazır: "Mühacirlərin bədii, publisistik irsində havadarlarından ? əvvəllər çar və sovet Rusiyasından, daha sonralar isə Sovet İttifaqının rəhbərliyindən aldığı maddi və mənəvi dəstəklə ermənilərin azərbaycanlılara qarşı törətdiyi tarixi cinayətlər, soyqırımı siyasəti mövzusu mühüm yer tutur". Müəllif M.Ə.Rəsulzadə, M.B.Məhəmmədzadə, Ə.Yurdsevər, C.Hacıbəyli, A.Dağlı, H.Baykara, N.Şeyxzamanlı və b. əsərlərində, mühacirlərin "Yeni Qafqasya", "Odlu yurd", "Azəri türk", "Azərbaycan yurd bilgisi", "Mücahid", "Türk izi" ? (İstanbul), "İstiqlal", "Qurtuluş" (Berlin), "Azərbaycan" (Ankara) və s. kimi mətbu orqanlarında bu mövzunun daim diqqət mərkəzində olduğunu, soyqırımı qurbanlarının xatirəsinin yad edildiyini, erməni qatillərin əməllərinin lənətləndiyini, çar və sovet milli siyasətinin əsl mahiyyətinin açıb göstərildiyini vurğulamışdır. Problemlə bağlı əsəri dərindən təhlil edən müəllif haqlı olaraq belə qənaətə gəlmişdir ki, M. Altunbayın memuarı tarixin dərslərindən nəticə çıxarmağa, unutqanlığa son qoymağa, mənfur qonşuların yalanına, hiyləsinə inanmamağa səsləyir.

Monoqrafiyanın beşinci bölməsində M.Altunbayın publisistikasında müqəddəs "Azərbaycan davası"nın qəhrəmanlarından bəhs olunur. Müəllifin fikrincə, "ən müxtəlif mövzularda qələmini sınayan M.Altunbayın bütün yazılarının bir ortaq cəhəti var: Azərbaycan davası!" M.Altunbayın "Azərbaycan davası"nın qəhrəmanları elə onun özü kimi son nəfəsinə qədər Azərbaycanın istiqlalı uğrunda mübarizə aparan talecə əkiz qardaşları - Əbdürrəhman Fətəlibəyli-Düdənginski, Gültəkin, Ceyhun bəy Hacıbəyli, professor Əhməd Cəfəroğlu idi... M.Altunbay onların hər biri haqqında oçerk yazmışdı və A.Tahirli monoqrafiyada həmin yazıları təhlil etmiş, mühacir yazıçının mövqeyini yüksək dəyərləndirmişdir.

A.Tahirli monoqrafiyanın altıncı bölməsində, özünün qeyd etdiyi kimi, M.Altunbay publisistikasının daha bir missiyasından bəhs etmişdir. O, mühacir yazıçının dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımız arasında milli birliyə nail olmaq ideyasını təbliğ və təşviq etdiyini göstərmiş və M.Altunbayın "Mücahid" dərgisinin 1959-cu il tarixli 14-15-ci nömrəsində dərc olunmuş "Ölüncəyə qədər baş-başa qalsınlar" adlı məqaləsi üzərində geniş dayanmışdır. O, M.Altunbayın Elazığda, İzmirdə, Sivasda, Samsunda, Adanada, Qarsda, Ərzurumda, Vanda, Trabzonda, Malatyada ...məskunlaşmış həmvətənlərimizlə görüşlərindən geniş bəhs edərək, onların "Azərbaycan davası"nı yürütmək üçün milli birliyin təmin olunması arzusunu dilə gətirdiyini göstərmişdir. A.Tahirli M.Altunbayın digər xarici ölkələrdəki soydaşlarımızın həyatı və düşüncə tərzi ilə bağlı yazılar da qələmə aldığını qeyd etmiş, "Mücahid" dərgisinin 1962-ci il tarixli 43-44 nömrəsində dərc olunmuş "Amerikadan gəlirəm" adlı səyahət-oçerkini təhlilə cəlb etmişdir. O, M.Altunbayın toxunduğu mövzuların həssaslığı ilə yanaşı, mühacir ədibin yazı manerasının da orijinallığına diqqət çəkir.

A.Tahirli Məhəmməd Altunbayın Türkiyədə çıxan "Kızılelma" jurnalında ölkənin Baş nazirinə ünvanladığı məktub üzərində ayrıca dayanmışdır. Bu da səbəbsiz deyil, çünki "məktub həm mühacir soydaşlarımızın qürbət həyatı haqqında, həm də müəllifin milli istiqlal idealına bağlılığını, Stalin rejiminin qəddarlığını, amansızlığını göstərmək baxımından maraqlı sənəddir. Əslində bu məktub Sovet rejiminin bütün eybəcərliklərinin şahidi olmuş müəllifin acı fəryadıdır". Digər tərəfdən, həmin məktub M.Altunbayın bir insan kimi humanizmindən xəbər verir. Əlbəttə, M.Altunbayın Baş nazirə məktubla müraciət etməsi səbəbsiz deyildi. Monoqrafiya müəllifi bunu aşağıdakı şəkildə aydınlaşdırır: "II Dünya müharibəsindən sonra legionerlər və əsirlikdən qaçmağa müfəffəq olmuş soydaşlarımız edam və ya sürgün ediləcəklərindən ehtiyatlanaraq Sovet İttifaqına qayıtmaqdan imtina edirdilər. Amma Avropada da onlar, xüsusilə xarici dil bilməyən və peşəsi olmayanlar əziyyət çəkir, ağır, dözülməz həyat yaşayır, ilk fürsətdən ikinci vətən hesab etdikləri Türkiyəyə köçməyə çalışırdılar. Bu işdə onlara legion liderləri, əski mühacirlər imkanları daxilində yardım göstərirdilər. Məhəmməd Altunbay da həmvətənlərimizin Türkiyədə məskunlaşması üçün fəallıq göstərənlərin cərgəsində idi. Türkiyə hökuməti müsəlmanların, o cümlədən azərbaycanlıların bu ölkədə məskunlaşmasına qayğı göstərirdi. Lakin müvafiq sənədlərin hazırlanmasındakı müəyyən çətinliklər, bürokratik əngəllər, bəzən məmurların biganəliyi prosesi ləngidirdi. Bütün bunlara görə M.Altunbay Türkiyənin Baş nazirinə məktub ünvanlayır".

Şübhəsiz ki, siyasi mühacirlərin missiyası yalnız Azərbaycanın öz istiqlalına yenidən qovuşması uğrunda mübarizə ilə bitmirdi. Mühacirlər əllərində olan bütün imkanlardan, bütün tribunalardan istifadə edərək həm də sovet siyasi rejiminin içüzünü açıb göstərir, həm də Sovetlərdə yaşayan xalqların məhz "xalqlar həbsxanası"ndan qurtulmalarına yardımçı olmağa çalışırdılar. Bu işdə mühacirlərin nəşr etdikləri mətbuat orqanlarının üzərinə mühüm vəzifələr düşürdü. A.Tahirli bu baxımdan 1923-1927-ci illərdə M.Ə.Rəsulzadənin rəhbərliyi ilə İstanbulda işıq üzü görən "Yeni Qafqasya" və onun davamçıları olan "Odlu yurd", "Azəri türk", "Bildiriş", "İstiqlal", "Qurtuluş", "Azərbaycan yurd bilgisi", "Azərbaycan" , "Mücahid", "Türk izi" və b. mətbu orqanların həmin vəzifələri şərəflə yerinə yetirdiyini göstərmişdir. O, monoqrafiyanın sonuncu - yeddinci bölməsində M.Altunbayın bu qəbildən "Mücahid" dərgisində çap etdirdiyi yazıları sərhədsiz və sanballı publisistika kimi dəyərləndirir. Məqalələr M.Altunbayı düşündürən mövzuların əhatə dairəsi və mühacir yazıçının dünyagörüşü barədə təsəvvür əldə etməyə imkan verir. A.Tahirli M.Altunbayın həmin məqalələrini xronoloji ardıcıllıqla təqdim etmiş, hər birisini mövzu və ideya baxımından qiymətləndirmişdir.

Monoqrafiya çağdaş ədəbiyyatşünaslıq elmimizə layiqli töhfə olmaqla yanaşı, çox mühüm ictimai-kultroloji əhəmiyyətə malikdir. Əsər M.Altunbayın timsalında həm də əsl vətəndaş haqqında təsəvvürləri bir qədər də gücləndirir, Vətən naminə yaşayan, Vətən naminə mücadilə aparanların heç zaman unudulmadıqlarını bir daha təsdiqləyir.

A.Tahirlinin "Məhəmməd Altunbayın həyat və yaradıcılığı" monoqrafiyası haqqında daha geniş danışmaq olardı. Şübhəsiz ki, hər şeyi əsərin özü deyir. Əsər ömrünün hər gününü Vətəninə həsr eləmiş altun adama ucaldılmış təvazökar bir abidədir...

 

Şahbaz Şamıoğlu

 

Ədəbiyyat qəzeti.- 2023.- 24 iyun.- S.16-17.