Məni məndə demə... İçimizdəki
həsrət...
Telejurnalist, rejissor, ssenarist
Kəmalə Mirzəyeva
haqqında düşüncələr...
Ürəyinin alovunun işığında adamlar
yürüsünlər deyə
yaşayan adam Tanrı kimidir.
Rüstəm Behrudi
Kəmalə xanım
heç bir kimsəyə, yazı əhlinə bənzəmir,
yaradıcı - düşündürücü
və böyük Ürək sahibi - belə bir Azərbaycan
Türk Xanımı ilə ilk dəfə Onun simasında rastlaşdım. Bir yaz günü şərtləşdik,
görüşdük. Təbiət
və təbiilik harmoniya yaratmışdı,
baharın ən gözəl çağı
aprel ayı... əslində çoxdan tanıdığım Kəmaləni
demə heç tanımırmışam... O danışdıqca
düşünürdüm ki, bəlkə də, Kəmalə xanım bir çoxlarının həyatı boyunca Onun elədiyi, böyük zəhmət tələb edən işin - özü də şərəfli işin heç bir hissəsini belə etmək arzusu ilə yəqin ki, çoxları
yaşayıb.
Şanslı və Xoşbəxt
bir Ömür deyək... Əslən Qərbi Azərbaycandan olan valideynləri və onun torpağa
bağlılığı, torpaq, Vətən, yurd, Ocaq sevgisi...
və danışdıqca
Kəmalənin içərisində
sakitliyə çəkilən,
məqamı gələndə
kükrəyən və
dünyaya yaşamaq yanğısından anlayaraq
- iç dünyasından
baxan "içimizdəki
həsrət"i görürdüm.
İçimizdəki Uşaq hənuz böyümədi,
demişdi N.Hikmət.
Elə ən gözəli də içimizdəki
"Uşağın" böyüməməsidir,
böyüsə saf -
təmiz Uşaqlıq
dünyamız param-parça
olar, gəlin bu aspektdən baxaq bu mənəvi
saflığa.
Orta məktəbi Bakıda - Qaraçuxurda 104 ¹-li orta məktəbdə bitirən
Kəmalə İqtisadiyyat
Universitetinin İdarəetmə
ixtisası üzrə
mütəxəssis kimi
yetişsə də, könlüm -qəlbim məni ayrı səmtə aparırdı - deyir. Bir neçə il Moskvada işləsə də yenidən Bakıya qayıdır. Və həyatının ən məhsuldar dövrü məhz bu çağa düşür. Təsadüfən
bizlərin sevimlisi, günü bu günün özündə
belə Azərbaycan jurnalistikasının korifeylərindən
olan Telli xanımla rastlaşanadək...
Telli xanım Kəmaləyə təkcə
yol göstərmədi,
əlindən tutan bu əli heç
buraxmadı. Buna istər
şans deyək, istərsə uğur... Televiziya ilə bağlı öz fikirlərini Telli xanıma danışan Kəmaləni bu xanım televiziyaya gətirir. Elə bu gəlişlə də həyatımın bütün axarı dəyişdi - deyir.
İlk baxışda bir qədər sadə görünən Kəmalənin
daxili dünyası olduqca zəngindi, dünya içərisində
dünya, "mən içində "mən"
vardır" deyək.
Mənə əslində
onun içərisində,
xoş gülüşünün
arxasında asanlıqla
gizlətdiyi o "məni"
görmək lazımdı
və mən nə yalan deyim,
o "məni" gördüm.
O "MƏN" Azadlıq yanğısı və onu əldə edən bir Türk
xanımının Vətən
boyda aşiqliyi idi. Kəmalə xanım çox zəngin mənəviyyat dünyasına, güclü
müşahidə qabiliyyətinə
malik ziyalı xanımdır.
Cavan olmasına baxmayaraq zəngin həyat yolu və yaradıcı dünyası var. Rejissor, ssenarist, publisist - özü də qeyd etdiyi kimi
iqtisadiyyatı - idarəetməni
qurtarsa da, əslində
hər zaman bir ruh, yaradıcı insan dayanmışdı qarşımda. İntellekt
səviyyəsi yüksək,
duyğulu, təbiət
- təbiilik aşiqi və bütün heyvanlara - Tanrının yaratdığı canlılara
Məhəbbət. Yəni
anlayacağımız Kəmaləyə
yaxşı anlamda qibtə etməyə dəyər.
Yaradıcı dünyamda ikinci
böyük dəstəkçim
dəyərli jurnalist,
publisist Qulu Məhərrəmli oldu - deyir Kəmalə xanım. Və daha bir şəxs
- Bəxtiyar Qaraca, Azərbaycan televiziyasında
"Gənclik" redaksiyasında
onunla birgə işləmək mənə
teleməkanda böyük
dəstək oldu. Və bu üç
böyük İnsan mənim həyat yollarımda düzgün və dürüstlüklə
addımlamağıma səbəb
oldu.
Bir müddət Xəzər
TV-də "Qaliblər"
idman proqramında işlədim, həm ssenari müəllifi kimi, həm də aparıcı kimi…
Özünün də qeyd etdiyi kimi əhatəsi
olduqca böyük idi. Sözsüz ki, bu həm də Kəmalə xanımın
bir sıra görkəmli idmançılarla
və idman dünyası ilə tanışlığına təkan
verirdi.
"Təkcə tanışlıq
deyil, bu mərd insanlarla dostluq da mənə dünyamın daha da zənginliyinə gətirib
çıxardı. Fərid
Mayılov, Ehram Məcidov və s. kimi ünlü simalar ... və gözəl dostluqlar qazandım. Ən gözəl dostlar idi bunlar. Və
özünü tanımaq
- özü olmaq, belə şanslar verildi mənə", deyir Kəmalə xanım.
Lakin harada işləməyindən
asılı olmayaraq Kəmalə xanım əsir düşən torpaqlarımızı, işğal
olunmuş doğma Qarabağımızı, Zəngəzuru,
Göyçəni bir
an belə unutmadı.
Hansı işdən yapışdısa sevərək,
məsuliyyət və
ürəklə girişdi
işinə. İstər
filmlərə yazdığı
ssenarilərdə, istərsə
də rejissor kimi, aparıcı kimi nə yoruldu,
nə də işin əziyyətindən
usandı. Qarabağ, Qərbi Azərbaycan bu nisgilli sevgi
Onun yaradıcı dünyasına açılan
pəncərə oldu.
Və gördüyü
bütün işlər
Ona, özü söylədiyi
kimi Özü Olmaq şansı verdi. Bu isə teleməkan kimi geniş auditoriyaya malik tamaşaçı kütləsi
üçün böyük
risk, cəsarət tələb
edirdi. Məhz bu çağlardan da müstəqil həyat yoluna qədəm qoyan Kəmalə ssenarilər yazdı, rejissorluq etdi, filmlər üzərində
çalışdı.
"Elə bu mövzularla
da onlarla filmin ssenarisini yazdım, rejissoru oldum - deyə qeyd edir. İlk işlərindən olan
Milli Qəhrəman Mübariz
İbrahimovun silahdaşı,
yaxın dostu olmuş Fərid Əhmədovun haqqında
çəkilən film "Hay ver mənə, Cənab Leytenant" - bu çox ağrılı
olsa da, bunu həyata keçirmək Şəhidlərimizə ehtiram,
bizlərin borcu idi. Ananın məğrur duruşu və... bu gözəl
Ananın göz yaşlarını silməyə
çalışdım... əgər
bilsəm ki, bu Azərbaycan Anasının
acısını azacıq
da olsa yüngülləşdirə
bildim... Bundan o yanası yoxdur, bundan o yanası son dayanacaqdır. Bu sondur və sən bunu bilirsən, lakin ürəyi qubar Anaya necə təsəlli verə bilərsən... Onların
dərdinə şərik
olmaq, göz yaşlarını silmək
başlıca qayəm
oldu"...
Bəli,
belə bir zamanda gülümsəmək
də, yazmaq da hünər istər. Azərbaycanın
Milli Qəhrəmanı, polkovnik-leytenant
Raquf Orucov, Əhməd Abbdullayev,
"Aprel şəkilləri"
adlı film, Bitməyən
Müharibənin Qəhrəmanları
- mayor Orxan Vəlizadə,
Əbubəkr İsmayılov,
Təbriz Musazadə və Azərbaycan səmasının Qartallarına
həsr edilən film,
ürəyimiz ağrısa
da yaddaşlarımız üçün
ən gözəl vasitə. Torpaqlarımız
belə igidlər sayəsində Vətən
oldu... Bu sənədli
filmlərdə Vətən
uğrunda əziz canlarından keçən
Vətən Oğullarını
25-30 dəqiqəlik filmə
sığışdırmaq asan deyildi. Və bu filmlərin
əksəriyyətində Kəmalə ssenarist-rejissor
kimi fəaliyyət göstərib. Daha iki böyük
layihəni isə Kəmalə xanım TRT Avaz kanalında ərsəyə gətirmişdir.
"Bizim uşaqlar"
və "Həyat hekayələri" adlı
layihə TRT Avaz vasitəsilə bütün
Türk dünyasına
yayımlanmış və
özünün də
qeyd etdiyi kimi çox maraq və coşqu
ilə qarşılanmışdır.
Qarabağla bərabər
"Mətbuat tariximiz
- İstiqlal yolumuz"
silsiləsindən M.Ə.Rəsulzadə,
Ə.B.Hüseynzadə, Ö.F.Nemanzadə,
M.A.Şahtaxtlı, Xədicə
Əlibəyova - ilk qadın jurnalist, publisist və alim, "İşıq"
jurnalının yaradıcısı
və maraqlı bir adla müşayiət
olunan "İşığın
düşmə bucağı",
Ceyhun Hacıbəyli haqqında film və s. Əmək sərf olunan, Azərbaycanın şanlı
dövlətçilik ənənələrinin
tərənnümü və
bu milli mücadilənin yaradıcıları
- biixtiyar güclü
rejissor işi və güclü də ssenari - diqqətimi ilk öncə "İstiqlal
Mücahidləri"ndən Cümhuriyyətimizin yaradıcısı
və qurucusu M.Ə.Rəsulzadə cəlb
edir:
Azərbaycan ziyalıları - aydınları
haqqında həm ssenari yazmaq, həm rejissorluq... bu işlərin öhdəsindən gəlmək
zəhmət və peşəsinə - jurnalist
sənətinə vurğunluqdan
və öncəsi Vətənə olan böyük sevgidən irəli gəlirdi. Onu da qeyd
edim ki, bu, Azərbaycan Mətbuat Şurasının
layihəsi idi. Bu filmlərdə əsasən, baş məsləhətçi olaraq
Cavanşir Feyziyev, məsləhətçilər isə Əflatun Amaşov və Bəxtiyar Qaraca idi.
Hal-hazırda Respublika "Xatirə"
kitabının əməkdaşı,
"Yada düşdü"
jurnalının redaktoru,
eyni zamanda "1001
info.az" saytının təsisçisi
və baş redaktoru kimi çalışan bu xanım - Kəmalə Mirzəyeva mərd, zəhmətkeş və hər şeydən əvvəl böyük ürəyə sahib olan xanımdır.
2022-ci ildə daha bir uğura
imza atır Kəmalə xanım. Mədəniyyət Nazirliyinin
layihəsi olan "Müharibə Qəhrəmanları
Qadın rejissorların
gözü ilə"
silsilə filmlər çəkilişinə dəvət
alan Kəmalə xanımın Goranboy rayonu Tapqaraqoyunlu kəndindən olan Milli Qəhrəman Niyazi Aslanov haqqında çəkdiyi
"Mən həmişə
Sizinləyəm" sənədli
filmi Nizami Kino Mərkəzində 26
noyabrda ictimaiyyətə
təqdim olunur. Qəhrəmanımızın keçdiyi
həyat yolu, Vətənin Azadlığı
uğrunda həyatından
keçməsi bizləri
bir daha düşüncələrə qərq edir. Zəfər Qalibiyyətini
bu Şəhid Oğullar və Şahid Qazilər qazandı. Qeyd olunan bu filmlər
"Salnaməfilm" studiyasında
ərsəyə gəlmişdir.
Qəhrəmanın keçdiyi
həyat yolunu, Qəhrəmanlıq səhifələrini
rejissor qadın gözü ilə görməyə çalışıb.
Kəmalə xanımın bu filmlərində kədər
- qüssə deyil, qəhrəmanımızın
şücaətindən doğan
qürur hissi köks qabardır. Kəmalə xanımın
dediyi kimi, "insan qəhrəman doğulmaya bilər, lakin Qəhrəman kimi Vətən uğruna deyərək ölə bilirsə, bu əsl Qəhrəmanlıqdır.
Belə yüksək dəyərlərdən doğdu
"Mən həmişə
Sizinləyəm", Azərbaycan
adlı bu gözəl məmləkət
uğruna can qoyan - baş qoyan Adlı və Adsız Qəhrəmanlar, Yeriniz Cənnətdir"!
44 günlük Zəfər Qalibiyyəti bütün Türk dünyasını sonsuz sevinclərə qərq etdi. Zəfər Qalibiyyətinin
şəhidlərindən olan
Muxtar Qasımlı haqqında "Yolun düşsə bu dünyaya bir də gəl" adlı oçerki "Yada düşdü" jurnalında dərc olundu. Və nə qədər ağır olsa da Muxtarın valideynləri ilə söhbət etmək, dərdlərinə şərik
oldu.
"Yaradıcı dünyamın ən özəl çağı
"İstiqlal mücahidləri"
silsilə filmlər seriyasından hazırladığım
işlərdir", deyən
Kəmalə xanım
qocaman jurnalist, tarixçi, publisist, alim Şirməmməd Hüseynovla olan görüşlərini, ondan
aldığı müsahibələri
də xoşbəxtlik
adlandırır. Şirməmməd
müəllimdən həm
ata yurdu Şəkidə, həm də Bakıda müsahibələr almaq dərs almaq demək idi. Kəmalə xanım bu zəngin mənəviyyatlardan özü
üçün dürr-gövhər,
incilər əxz edirdi.
Ömür adlı
bu gözəl həyatın içərisində
məhsuldar bir jurnalist xanımın ssenarist, rejissor, redaktor işləri və bir sıra
kitabların redaktorluğu
- zəhmət dolu həyat yolu. Məsələn, Kəmalə
xanım "Həyat
hekayələri" adlı
kitabını əməkdar
mühəndis, elm xadimi, neft-qaz sənayesində əvəzsiz
xidmətləri olan alim Rizvan Abasova
həsr edib. Yaxud onun xanımın
ssenarisi əsasında
Az TV-də Azərbaycan
- Türkiyə dostluğuna
həsr edilən və bu dostluğun
əbədi olduğunun
bariz nümunəsi olan "Məlahətli qonaqlar" adlı ikiillik fəaliyyət proqramı istər Türkiyədə, istərsə
də Azərbaycanda sevilən, gözlənilən
proqramlardan idi. Sevimli aktrisamız Məlahət Abbasova və onun qonaqları
ilə aparılan mükalimələr, əvəzsiz
musiqi inciləri xoş ovqat yaradırdı.
Gözəl qəlbi, zəngin - coşqulu həyatı, yaşam dolu istəkləri və üstəgəl bir ruh insanına məxsus düşüncə
tərzi - müşahidə
və analiz, gördüklərindən nəticə
çıxarıb dərslər
almaq, yəni öyrənmək bu gözəl xanımın
həyat kredosudur.
Öz Azərbaycan
adlı evindən, əhatəsindən - mühitindən
və dağ sandığı Ata - Anasından zövq alaraq - məftun olaraq yaşamaq! Nə gözəl qayədir bunlar! "Xanım rejissor mənim üçün sənətinin
fədaisidir"- deyir
şair Əbülfət
Mədətoğlu".
Kəmalə xanımın gerçəkləşən
bütün işlərini
seyr etdikcə bu ifadənin məhz onun boyuna biçildiyi təəssüratı doğur
insanda.
Kəmalə xanım gəncdir, cavandır, hələ həyatın al-yaşıl
rənglərindən, qalibiyyət
dastanı yazan qazilərimiz haqqında yaşamağa səsləyən
gözəllik adlı
dəyərlərdən hələ
çox söhbətlər
açacaq. Bu günümüzün deyil,
bütün zamanların,
sabahımızın simvolu
olan Vətən adlı İlahi sevgimizi çox işlərində ana xəttə çevirəcək.
Nazim Hikmət necə deyib? "Ən gözəl dəniz/ hənuz keçilməmiş olanıdır".
P.S. Və nə
üçünsə mənə
elə gəlir ki, sən mənim
ana ocağım göyçək Göyçənin,
onun lacivərd sularının gözəlliyini,
həsrət adlı göy gözlərin nisgilini, yol gözləyən yurdun həsrətini unikal bir rejissor işi
ilə çəkəcək,
təkcə səni sevənləri deyil, üzü, yolu Qərbi Azərbaycana yönələn bütün
insanlarımızı sevindirəcəksən.
05.05.23
Bakı
Məlahət İsmayılqızı
Ədəbiyyat
qəzeti.- 2023.- 24 iyun.- S.20-21.