Bir şair necə gedərsə...

 

"Fethiye" Edebiyyat Qrupunun başqanı şair Coşkun Karabulut ilə müsahibə

 

- Coşkun bəy, bir şeirinizdə belə deyirsiz, "başımı götürüb gedərəm, bir şair necə gedərsə, eləcə". Bir şair necə gedər?

- Şairi başqalarından fərqləndirən odur ki, o, duyğularını daha dərindən yaşayar, sevginin anlamını açmağa çalışır, sevdiyi qadını şeirlərində ucaldır, onu ən gözəl şəkildə vəsf edır. Və ən əsası, şair aşiq olduğu qadını ayrılıqda da kiçiltmir. Qürurla getməyi bacarır.

- "Ayrılıq da sevdaya daxil" deyib ovunur, eləmi?

- Eynən. Şair ağrısını içində çəkər, iztirabını şeirlərə tökər, ona görə bu qədər gözəl ayrılıq şeirləri, sevgi şeirləri var. Sevgini şairlər ucaldır, şairlər vəsf edir.

- Sizcə, insan niyə şeir yazır, şairlik bir missiyadırmı?

- Bir yazar demiş ki, "yazmasaydım, çıldıracakdım". Bəzi şairlər ölümünü bilə-bilə, buna rəğmən, yazmışlar. Məsələn, Osmanlı dönəmində şair Nefini boğmuşlar, amma sözünü deməkdən vaz keçirə bilməmişlər. Eləcə də başına min cür oyun gətirilmiş başqa şairlər. Amma onlar yazmaqdan imtina etməmişlər.

- "Desəm öldürürlər, deməsəm, ölləm?"

- Bəli, demək ki, o missiyanı tanrı vermiş onlara, sevinci də, iztirabı da dilə gətirmək kimi vəzifəsi var şairin. Və bu həm də bir şansdır. Başqalarının acısını hiss etmək, onu ifadə etmək bir xoşbəxtlikdir. Öz xoşbəxtliyini başqalarının xoşbəxtliyində görməkdir şairlik. Quru bir odun olmaqdan imtina edib yaşıl bir budaq həyatı yaşamaqdır. Belə yaşamaq daha zövqlüdür, acı da çəksələr, həyatın mənasını daha dərindən dərk edərlər.

- Coşkun bəy, şeirlərinizin əksəriyyətində incə yumor, söz oyunu, bəzən kinayə var. Psixoloqlar yumoru müdafiə mexanizmi, həyata tutunma vasitəsi hesab edirlər, sizcə də elədirmi?

- Bunu indiyə qədər heç düşünmədim. Yumor mənim yaradılışımda var. İnsanları güldürərək düşündürmək daha gözəldir, məncə. Bir məktəbdə imza günü keçirirdim. Mənim bir şeirim var, deyirəm ki, "Vurdumduymaz olmaq, o da bir cizgi". Bir qız ayağa qalxdı, heç yadımdan çıxmaz, mənə dedi ki, siz yumoristik yazırsınız, siz vurdumduymaz birisinizmi ?

- Demək ki, yumoru da hər kəs anlamır.

- Şairlər belə anlamır bəzən. Çıxılmaz vəziyyətə düşürəm. Bir şeirim var, deyirəm ki, "Gəncliyimdə ürəyim pır-pır edərdi, gələn-gedəni çox olduğu üçün, amma indi yaşlandım, gələni var, gedəni, monoton kokteyl atılmış kimi". Mən burda söz oynatmışam, amma bir dərgi yazarı bunu anlamadı, sandı ki, "molotov kokteyli" yazmaq istəmişəm. Mənsə orda "monoton kokteyli" ifadəsini səssizlik bombası mənasında işlətmişəm. Yəni, bəzi şairlər belə sətraltında yatan mənanı anlamır.

- Bir dəfə tədbirdə öz şeirini telefonundan oxuyan bir şairə", yaxşı şeir olsa, özün əzəbərləyərsən" demişdiniz.

- Bunu zarafatla demişdim, amma həqiqət payı da var. Bir şairin öz şeirini telefondan oxuması gözəl mənzərə deyil. Şair dediyin şeirlərini əzbər bilməli. Sinədən söyləməli. Düzdü, bəzilərini unuda da bilər. Amma şeir oxumaq üçün kürsüyə çıxıb telefonunu qurdalayan insanlar şair təsiri bağışlamır.

- Coşkun bəy, bəzi şeirləriniz çox qısadır, qısalda-qısalda aforizm şəklinə saldığınız iki-üç misralıq şeirləriniz belə var. Müasir oxucu uzun şeirdən bezibmi?

- Mən şeirə belə baxıram, az sözlə şox mətləblər anlatmaq. Sözü azaldıb anlamı çoxaltmaq. Mən şeir bitdikdən sonra oxucunun düşünməyini istəyirəm, nəticə çıxarmağı, yozmağı oxucunun öhdəsinə buraxıram. Bir qarşısındakını çox yük yükləmədən, ona sayğı duyaraq, onun vaxtını almadan. Təbii ki, gözəl uzun şeirlər var. Amma çox şeirlər var ki, söz yığınından başqa bir şey deyil.

- Bu günlərdə Bakıda II Türk dünyası kitab festivalına qatıldınız. Təəssüratlarınız necədir, Azərbaycan oxucusunun kitaba marağı sizi qane etdimi?

- Mən festivalın birinci günü qatıldım, kitablarım elə birinci gün bitdi. O qədər çox kitab gətirməmişdim. Dostlar, siz daxil, çox hörmətlə yanaşdılar, sağ olsunlar. Mən "Bizim Media" saytının masasındaydım. Bu üzdən daha çox diqqət çəkdim. Mən burdan çox razı gedirəm. Ümumiyyətlə, Azərbaycan oxucusu bizim oxuculardan daha maraqlıdır. Burada bir ədəbiyyat keçmişi, kitab ənənəsi var. Kitablarımı ədəbiyyat adamları da aldı. Xeyli məmnun qaldım. Sizləri hər zaman Türkiyədə gözləyirik, şeir adına, türk dünyası adına tədbirlər düzənləməyə davam edəcəyik.

- Müsahibə üçün təşəkkür edirəm.

- Mən təşəkkür edir uğurlar arzulayıram.

 

Söhbətləşdi: Səhər ƏHMƏD

 

Ədəbiyyat qəzeti.- 2023.- 24 iyun.- S.24.