Bu sevgi də bitəcək

bir gün

 

Bilirəm,

Bu sevgi də bitəcək bir gün,

Bir sevgi necə bitərsə,

Eləcə.

 

Tilsimi pozulacaq ömrün,

Adiləşəcək hər şey.

Dünya öz oxuna qayıdacaq,

Geri dönərkən

Bir-bir usta sərraflar.

 

Nə var ki,

Mənsiz doğacaq Günəş,

Külək mənsiz əsəcək.

Özbaşına fırlanacaq dünya,

Hər kəs necə bilirsə, eləcə.

 

Yenə də,

Yoğuraraq bütün sevgiləri,    

Özümü və dünyanı

Sənin gül üzünə döndərmək

Az şeymidir?

 

Və dünyanın buludunu

Bir cüt gözə sığdırıb

Yağış ləzzətli

Baxışlar bəxş etmək,

Az şeymidir, sevgili?!

Bilirəm,

Bu sevgi də bitəcək bir gün

Və mən

Alıb başımı gedəcəyəm,

Bir şair necə gedərsə, eləcə...

 

Mən olmasam,

sevgi də yox

 

Sevgiylə anlamlı olur

Dənizin mavisi,

Yazda yaşıla bürünməsi

təbiətin.

 

Sevgi varsa, gözəldir,

Payızda hüznlənmək

Sovrulan yarpaqların ardınca...

 

Sən olmasan,

Nə fırtına, nə külək,

Dalğaların qayalara çırpılması,

ay, ulduzlar və Günəş,

Buludun hıçqıraraq ağlaması

Nəyə yarar?!

 

Səsi çıxmaz yetimlər kimi,

Mənası yox sevgisiz.

Nə təbiətin, nə sənin,

Mən olmasam, sevgi də yox,

Gözəlim.

 

Nə zənn edirsiniz

 

Siz indi

Hər şeyi özünüz etdiyinizimi

Zənn edirsiniz?!

Özünüzmü düşünür,

Özünüzmü planlayır,

Özünüzmü qərar verirsiniz?!

 

Günə nə ilə oyanacağınıza,

Nə ilə yuyunub daranacağınıza,

Çörəyinizə nə yaxacağınıza,

Nəyi nəylə yeyib,

Üstündən nə içəcəyinizə

Özünüzün qərar verdiyinimi

Zənn edirsiniz?!

 

Kimə gedib gələcəyinizə,

Kiminlə oturub-duracağınıza,

Harda necə çalışıb,

Nə qədər işləyib, nə qədər dincələcəyinizə

Özünüzün qərar verdiyinimi

zənn edirsiniz?!

 

Kimi seçib seçməyəcəyinizə,

Kimi düşünüb düşünməyəcəyinizə,

Televizorun qarşısında oturub

Nəyi necə seyr edəcəyinizə,

Harada nə qədər gülüb,

Harada kimə tüpürəcəyinizə

Özünüzün qərar verdiyinimi

Zənn edirsiniz?!

Və sonra bu zənn etdiklərinizi

Özünüzün zənn etdiyinizi mi

zənn edirsiniz?

Etməyin, Allah eşqinə,

Siz özünüzü nə zənn edirsiniz?!

 

Xoşbəxtəm

 

Gecə-gündüz demədən,

Kəsmək bilməyən yağışlarda

Üzümü donduran

Soyuq, buz kimi fırtınalarda

Sığınacaq tək limanımsan,

Yetər ki,

Qəza-bəla gəlmədən

Çatmağa gücüm yetsin.

 

Artıq

Nə fırtına, nə külək,

Nə də boyumu aşan

Böyük-böyük dalğalar,

Sadəcə hüzur və güvən.

Xoşbəxtəm.

 

Yolum dümdüz sənədir

Yolları hey yoxuşa çıxan

Həyatımın

Tək enişi sən idin.

 

İndi beş yüz metr sağa dön,

Beş yüz metr sola dön desə də

"Naviqasyon"da qızların gözəl səsi,

Yolum dümdüz sənədir,

Sağa, sola dönmədən.

 

Coşkun KARABULUT

 

Ədəbiyyat qəzeti.- 2023.- 24 iyun.- S.24.