Ədəbiyyatımızda istiqlal

şeirini ilk dəfə kim yazıb?  

 

Təbiidir ki, Sovetlər Birliyi dağıldıqdan sonra bütün sahələrdə olduğu kimi, humanitar elmlər sistemində - tarixdə, ədəbiyyatda, fəlsəfədə yeni araşdırmalara ciddi ehtiyac duyulmağa başladı.

Məlum ideoloji səbəblərdən xüsusən Sovetlər Birliyi dövründə ədəbiyyat tariximizdə istiqlal mövzusu geniş araşdırılmayıb.

Bu fikrin davamı olaraq belə suallarla qarşılaşırıq: bəs Azərbaycan ədəbiyyatı tarixində "İstiqlal" mövzusunda ilk şeiri kim yazıb?

İstiqlal mövzusu digər mövzulardan əsaslı şəkildə fərqlənir bundan ötrü mütləq siyasi şüurun mövcudluğu, hər şeydən öncə isə milli şüurun təşəkkül tapması başlıca şərtdir.

Böyük mütəfəkkir M.B.Məmmədzadə yazır ki, "Vətən millət şüuru olmadan istiqlal şüuru da olmaz". Müəllif fikrini belə əsaslandırır: "Bütün kültür xəzinəsi ilə, tarixi hafizə ənənələri ilə, bir küll halında bir millət mövcud olmadıqca vətən millət şüuru da doğa bilməz".

Bu digər yanaşmaları əsas götürüb qeyd etmək mümkündür ki, Əbdüssəlim Məhəmməd Hadinin vətən millət ruhlu, hürriyyət, azadlıq çağırışlı şeirləri İstiqlal fikrinin təməl əsaslarını təşkil edir.

M.Hadinin 1906-cı ildə "Təkamül" qəzetində çıxan "El fəryadı hürriyyət" şeirində belə fikirlərə rast gəlirik:

 

 Yox etmək üçün milləti şəhrahi fünunə,

Gerçə əhali olub ağişteyi hunə,

Fəqət eylə bu işləri həmletmə cünunə,

İtilaf vuran kəslərə olsun bu nümunə:

Onlar şühadəyi rəhi canani-vətəndir?!

Həqiqətən, millət, vətən, hürriyyət mədəniyyət kimi fikirlər istiqlalın zəruri ünsürləridir.

M.Hadi bu şeirində maarif sahəsində çalışıb, cəhalətə qarşı savaşda verilən qurbanları "vətən uğrunda şəhid" kimi təqdim edir.

M.Hadi maarifə böyük üstünlük verirdi insanlar öz hüquqlarını yalnız onun vasitəsi ilə əldə edə bilərdilər.

 

M.Hadi yazırdı:

 

Zənciri-əsarətdə yaşar əhli cəhalət,

Məhkumların gün kimi bəsbəlli zəvali...

 

M.Hadi bildirirdi ki, millət zənciri-əsarətdən qurtarmaq üçün maariflənməlidir.

M.Hadinin bu şeiri yazdığı dövrdə (1906-cı illərdə) Azərbaycan türklərinin həyatında ciddi oyanış dövrü başlamışdı. Belə ki, 1905-ci ildə baş verən Birinci Rusiya inqilabından sonra Azərbaycan türkləri maarif mədəniyyət, mətbuat sahəsində müəyyən uğurlar əldə etmişdilər. Buraya əlavə edək: Ə.Hüseynzadənin "Həyat", Ə.Ağaoğlunun "İrşad" qəzetlərinin, C.Məmmədquluzadənin "Molla Nəsrəddin" jurnalının nəşrə başlamasını, məktəblərin açılmasını, Xeyriyyə Cəmiyyətlərinin fəallığının artması s...

M.B.Məmmədzadə yazır ki, hələ XIX əsrin ikinci yarısında Avropa üsullu məktəblərin açılması vacibliyini qeyd edən Həsən bəy Zərdabi belə məktəblərin "öz dilimizdə" olmasını əsas şərt olaraq irəli sürürdü. O dövrdə bəziləri Avropa mədəniyyətinin yalnız "rus dilində alına biləcəyi"ni qeyd edirdilər. Belə "ziyalılarımız" təəssüflər ki, milli kültürü, milli "tarixi" unudur rus düşüncəsinə sahib çıxırdılar. Belə ziyalılara qarşı çıxan H.Zərdabi özünün "milli ideyasını" irəli sürür "türk millətinin yaşaması"nı bu dəyərlərdə tapırdı. H.Zərdabi yazırdı ki, milli dildə formalaşmayan  bir mədəniyyətdən inkişaf gözləmək olmaz.

Şimaldan, Cənubdan qeyri-milli hökumətlərin siyasi, hərbi, dini təzyiqləri altında əzilən Azərbaycan xalqı 1905-ci il inqilabından sonra milliyyət məsələsində müəyyən inkişaf imkanları əldə etdi: ana dilində milli məktəb, milli mətbəə, kitab, qəzet, jurnal, teatr açdı. İqtisadi həyat, fəaliyyət inkişafı başladı. Bunlar isə o dövr üçün istiqlalın təməl daşları idi. Bu azadlıq havasını hiss edən M.Hadi şeirlərində belə duyğuları tərənnümə başladı.

Vətəni, milləti, azadlığı tərənnüm edən M.Hadi istiqlal yolunda ciddi addımlar atırdı. Lakin vətənin millətin azadlığı üzərində qorxunc bir işğalçı kabusu dolaşırdı. İstilaya qarşı diz çökənlərlə yanaşı milli vicdan, milli iman sahibi olan insanlarımız da az deyildi bu qüvvələr milli bir dövlətin qurulması üçün yollar aramağa başlayırdılar. Millətin zehnini, beynini təmsil edən bu qüvvələr istiqlal fikrini inkişaf etdirərək bir ideya məfkurə halına gətirirdilər.

Bu mənada, M.B.Məmmədzadənin qeyd etdiyi kimi "Milli həyat sahəsində bütün həmlələrin biricik (əsas) qayəsini istiqlal təşkil etdiyini tərəddüd etmədən söyləyən ilk şairimiz İbrahim Tahirdir".

Əslən Şuşadan olan, ədəbiyyatımızda yaradıcılığı geniş araşdırılmayan İbrahim Tahir istiqlal fikrini M.Hadidən sonra əsaslı məzmunda oxuculara təqdim etmişdir.

İ.Tahir Bakıda nəşr edilən "Dəbistan" jurnalının 1908-ci il 21 fevral tarixli sayında "Arzu" başlıqlı şeirində yazırdı:

Bizə əşardan məqsəd, demə, iqbali-millətdir,

Xəyali-fikrimiz ülviyyəti iqbali-millətdir,

Rəfahi hali - millət, bizcə maqsudi-həqiqətdir,

Bizə hər dəmdə xatirxah istiqaməti-millətdir,

Mənim bir başqa pünhan

            nöqtə yox mafizzəmirimdə,

Əgər bir gizli bir şey varsa, istiqlali-millətdir.

 

İ.Tahirdən sonra İstiqlal fikrini çox qüvvətli ifadə edən şairimiz Gültəkin (Əmin Abid) oldu. Onun yazdığı bu misralar bir mücadilə şüarına çevrilmişdi:

 

 İstiqlal o sönməyən müəbbəd bir məşalə,

Könüllərdə tutulur, gözlərdə sönsə belə.

 

Şair yazırdı:

 

İstiqlal, o vətənin köksündən yüksələn ay,

İstiqlal, o dəmirdən, qandan yapılmış saray.

İstiqlal, o millətin parçalanan bağrından,

Gəlinlərin, qızların axan göz yaşlarından

Doğmuş pək mübarək, müqəddəs bir ilahdır.

 

Ə.Cavad istiqlalımızın göstəricisi olan, azadlıq, müstəqillik rəmzi kimi başımız üstündə dalğalanan Üçrəngli bayrağımıza belə sözlər ünvanlayırdı:

 

Türküstan yelləri öpüb alnını,

Söyləyir dərdini sənə bayrağım!

Üç rəngin əksini quzğun dənizdən,

Ərməğan yolla sənə yara, bayrağım!

 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə böyük şairimiz Əhməd Cavadın bayrağımız, milli ordumuz haqqında yazdığı şeirlər isə istiqlalımızın əvəzsiz lövhələri idi. Ə.Cavadın Azərbaycan istiqlalına müraciətlə dediyi sözlər necə təsirlidir:

 

Sən qüdrətin əsib coşan vaxtında,

Mələklərin gülüşündən yarandın!

Sehr dilli bir fırçanın əliylə

Ahuların duruşundan yarandın.

 

Ə.Cavad istiqlalımızın göstəricisi olan, azadlıq, müstəqillik rəmzi kimi başımız üstündə dalğalanan Üçrəngli bayrağımıza belə sözlər ünvanlayırdı:

 

Türküstan yelləri öpüb alnını,

Söyləyir dərdini sənə, bayrağım!

Üç rəngin əksini quzğun dənizdən,

Ərməğan yolla sənə yara, bayrağım!

 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə C.Cabbarlının, Ə.Müznibin, R.Əfəndizadənin "Vətən", "Millət", "Azadlıq", "İstiqlal" ruhlu çox təsirli şeirləri vardır.

 

Ə.Müznib isə bu misraları yazırdı:

 

Məbudumuz üç boyalı bayrağı,

Kəbəmizdir hər bir ovuc torpağı.

 

R.Əfəndizadə yazırdı:

 

Ömrüm olduqca mən mücaviriyəm!

qədər ki Vətən deyəm diriyəm!

 

Bu ruhlu şeirlərin "həsrət soraqlarını" isə sonradan Almas İldırımın, Kərim Yaycılının digərlərinin yaradıcılığında oxuduq.

Böyük şairimiz M.Hadidən başlanan, İ.Tahirlə davam etdirilən ədəbiyyatımızdakı "İstiqlal yolu" sonradan özünün yeni cığırlarını tapdı.

Qeyd: Yazıda M.B.Məmmədzadənin mühacirətdə yazdığı, "Azərbaycan" jurnalında çap olunmuş "İstiqlalın ilk şeiri" məqaləsindən istifadə olunmuşdur.

 

Nəsiman Yaqublu

 

Ədəbiyyat qəzeti.- 2023.- 24 iyun.- S.26.