Sözünün "ağası"
və "qara fəhləsi"
Şair dostum Tofiq Nurəlinin
70 yaşının işığında
Tibb Universiteti SSRİ dönəmindən həmişə poeziyamız üçün "baza" rolunu oynayıb. Həkimliyin, əczaçılığın sirlərinə bələd tələbə gənclərin bir qismi vaxtaşırı meyllərinu şeirə salmış, söz sənətinin xiridarı olmaq naminə dəridən-qabıqdan çıxmış, ali məktəbdə uzun illərdən bəri fəaliyyət göstərmiş ədəbi dərnəkdə formalaşmış, bu özək Yazıçılar Birliyinin filialına çevrilmişdir. İstedadı daha qabarıq nəzərə çarpan Tahir Qurbanovun (Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Seyran Səxavət, Çingiz Əlioğlu, Tofiq Hüseynov və başqaları ilə eyni ədəbi nəslə mənsub) ötən 60-70-ci illərdə şelirləri az qala dillər əzbəriydi. Müəllifin "Bakı küləyi" şeirindən iki misra erkən yenitetməliyimdən hafizəmdə ilişib:
Bizim bu şəhərin dəli küləyi
Qırmızı işıqda keçir küçəni...
Orijinal qədər də qeyri-adi və bənzərsizdir, deyilmi?
Şübhəsiz, o ənənədən qidalanan "varislik məktəbi"nin ən istedadlı davamçılardan biri və bəlkə də birincisi, mənə "şehli kəpənəklər"in zərif qanadları üstündə ədəbiyyatımıza təşrif gətirən ("Şehli kəpənəklər" Tofiq Nurəlinin 1983-cü ildə "Gənclik" nəşriyyatında çap edilən ilk şeirlər kitabıdır) Tofiq Hacıyev idi. Biz tanış olanda, şair təbib hələ Nurəli təxəllüsünü daşımırdı və Tibb Universitetinin birləşmiş yataqxanasında keçirilən ədəbi-bədii Novruz bayramı axşamında ilk ünsiyyətdəcə qarabuğdayı, odlu-alovlu, istiqanlı dağlar oğlunu kəşf elədim və qardaşlaşdıq. Yaxınlaşmağımızda orta məktəb yoldaşım, mərhum həkim, poeziya həvəskarı Yusif Dənziyevin vasitəçiliyi oldu. Çünki Yusif aşağı kursda oxusa da, tədbirlərdə, məclislərdə təkilatçı-aparıcı kimi həmişə seçilirdi, mehribançılığı, vurğunluğu, "katalizator"luğu göz qabağındaydı.
O gün qəribə bir gün idi. Poeziyanın nəfəs kəsdirən günü... Əlbəttə, təbib şairlərin meydanıydı, yəni "yerlilərin", başqa ali məktəblərdən təşrif buyuranlar, gəlmə ədiblər "yadplanetli" sayılırdılar. Hələ qonaq-qaraya məhəl qoyan, söz verən yox idi. Ortada meydan sulayan, var-gəl eləyən sonuncu kurs tələbəsi Tofiq bütün diqqətləri özünə çəkmişdi. Necə deyərlər, tamaşa zalı ona "işləyirdi", bir-birinin ardınca ifa olunan lirik nəğmələr, şeirlər hamını ovsunlamışdı. O vaxt səslənən poeziya nümunələrindən bəzi parçalar indi də yaddaşımı "işğal edir", ürəyimdə məqam tapır:
Mənim taleyimlə sənin gözlərin
Yaman bənzəyirlər biri-birinə.
Və ya
...Dünyaya təzədən doğulmuşam mən,
Bir zaman ölmüşdüm, ay qara telli.
Gəlin paltarımda səni son kərə
Görməyə gəlmişdim, ay qara telli...
Ölməyə gəlmişdim, ay qara
telli...
Görməmiş gedirəm, ay qara
telli,
Ölməmiş gedirəm, ay qara
telli...
Bu mənəm, gedirəm, ay
qara telli.
Daha sonra
...Dünyada sevdiyim bir göz yaşıdır,
Bir də ki, şamların titrək şöləsi...
Bir də bu həzin
misralar içimi titrədir:
Beş kəpənək, on kəpənək,
Gəl əlimə qon, kəpənək.
Soyuğumdan don kəpənək,
Mən ölüm ayağındayam...
Bu da
"məktub" arzusuyla
çırpınan aşiqin
göz yaşına bələnmiş sətirləri:
Nə olar, məktub yaz, darıxıb ürək,
O giley-güzarı, savaşı
göndər.
Yazısı pozulmuş sətirlər
üstdə,
Bir gilə qurumuş göz yaşı göndər.
Tofiq Nurəli ilk misralardaca özünü ədəbi
mihitdə təsdiq etmiş şairdir. Onun qələmə aldıqları bitkin, bütöv, obrazları, təşbehləri diqqətçəkən,
dərhal yaddaşda iz buraxan, şeir
dili şaxəli, şirəli, xalis Azərbaycan türkcəsidir.
O, adətən irihəcmli
əsər yazmır,
yaradıcılığında əsasən yığcamlığa
fikir verir, "az olsun, yaxşı
olsun" prinsipinə
güvənir. Doğrudur,
müəllifin iki-üç
nəsr nümunəsi
və bir neçə poeması da
var və bunlar da
("Qaçaq Mayıl"
povesti) geniş epik janrında işlənməyib, lirik-
psixoloji epizodlardan, haldisələrdən süjetləri
qurulub. Tofiq sanki məqsədini oxucusuna çatdırmaq, ovqatını bölüşmək
üçün ani fürsət
axtarır, uzun-uzadı
vaxt gözləməyə
yazıçı səbi
çatmır.
Lakin söylədiyimiz kimi Tofiq Nurəlinin şeirləri tələm-tələsik
həyəcanlarının, bişməmiş hiss və
duyğularının məhsulu
deyil, geniş müşahidə və təcrübənin, təmiz
ovqatın, əhval-ruhiyyənin
məhsuludur.
Bir də görürsən, mobil telefonuma Tofiqdən zəng gəldi: "Akademiya bağında kitab sərgisidir,
baxaq görək, təzə nə çıxıb". Və
yaxud "şair, gəl, Əl Oyunları Stadionunda, kitab festivalında iştirak edək, sonra bayram havasında başımızı açarıq"
təklifinə rəğmən
həmişə şair
dostumu, gözəl qəlbli qardaşımı
alqışlamış, ayıqlığına,
sayıqlığına heyran
olmuşam.
Tofiq Nurəlinin həkim kimi də, şair kimi də, insan kimi də səviyyəsi yüksəkdir. Yeni nəşrlərə özünəməxsus intellektual baxışı var. Xəstəyə dərhal, əlüstü diaqnoz qoyur. Təbiət etibarı ilə olduqca yumşaq, mülayim, qeyri-adi şəxsiyyətdir. Şair dostumun bir unikallığı da ondadır ki, səfər yoldaşlığı görkdür.
...Hər bir insanı kimliyindən asılı olmayaraq, gərək dinləməyi bacarasan. Adətən məclislərdə Tofiq Nurəlinin ədəbi söhbətləri, polemika açmağı, diskusiya sevməyi, fikir və düşüncələrini bölməyi, özünəməxsus şəkildə izah etməyi çox maraqlıdır. Klassik poeziyanın dərinliyinə varmağı xoşlayan şair səcdə qıldığı Əfzələddin Xaqanidən, İmadəddin Nəsimidən, Məhəmməd Hadidən başlayır (ən çox sevdiyi, təqdir etdiyi imzalar), Abbas Səhhətdə məntiqini tamamlayır. Vay odu ki, ona qarşı əks mövqe tutasan, o zaman gərək elə fakt, sübut-dəlil ortaya qoyasan, daşdan keçsin, hamını inandırsın, mübahisəyə son qoysun, yoxsa qabağında durmağa oğul istəyər.
Kiçicik bir epizod. Ötən il Şuşada Vaqif Poeziya Günlərində iştirak edərkən, Tofiqin həqiqi ədəbiyyat uğrunda fədakarlığının, inadkarlığının, hazırlıqlığının bir daha şahidi olduq. Beş-altı nəfər (Vaqif Bəhmənli, Elxan Zal, İbrahim İlyaslı, Akif Əhmədgil, Asim Yadigar və bəndeyi-həqiriniz) gecənin sərinliyində şeirləşir, dərdləşir, ortaya mövzu ata-ata Molla Pənah Vaqif poeziyasının sehrinə varırdıq. Söhbət dolandı gəldi Tufarqanlı Aşıq Abbasın üstünə çıxdı. Tofiq Nurəli coşdu, nə coşdu, el sənətkarının dillər əzbəri gəraylısını nəfəs dərmədən söylədi, son misraları təbii, hamımızı titrətdi:
...Abbas ağlar zarı-zarı,
Getməz könlünün qubarı.
İlqarından dönən yarı
Tanrı tezbazar eyləsin!
Sonra keçdi qoşmalarına. "Görüm, açılmasın bu sabahları" klassik şeirini və "Pərimin" rədifli qoşmasını məşhur Salyan aşığı Bəylər Qədirovun ifasında mobil telefonunun internet saytından tapdı, səsləndirdi, xırdaladı. Zərif, həzin telli sazın cazibəsi gecənin əsrarəngiz harmoniyasına minbir rəng qatdı, xarı bülbüllər oyandı, Vaqifin şərəfinə salavat çevirdilər. Hamıya iradı və tövsiyyəsi bu oldu ki, bəzən bir şairi bütləşdirir, böyrünə-başına nəzər yetirmirik, nəhəng bir istedadı kölgədə saxlayırıq. Haqlıydımı, haqsız idimi, susduq.
Səhv eləmirəmsə, Tofıq Nurəlinin şeir toplularından axırıncısı (axarıncı olsun) "Darıxan nəğmələri" adlanır və "Mütərcim" nəşriyyatı 3-4 il öncə çapdan buraxıb. Bu "sevgi notları"nda qəribə ovqat yaşanır, vaxtın obrazı rəssam kimi cızılır: "gecə saat iki, kəndin yuxuya dalması, qarlı düzənlərin bəmbəyaz işığı, ayın süzgün və üzgün baxışı, itlərin intizamsız "hürüş xoru", göyün yeddinci qatı, qar qızın ağ xizəyi və bütün bunların harmonik ifadəsi ən sonda şair təxəyyülünün məhsulu tək yekunlaşır:
Şeir pıçıldayıram, mən onun ünvanına,
Qalır dağlar, dərələr...
qar qız gedir irəli...
Soyuq bu təbəssümlə əl eyləyib qəfildən,
Deyir pıçıltılarla: get yat,
Tofiq Nurəli.
Onun bir sıra şeirləri,
süjetlidi, formasına,
məzmununa görə,
janrına uyğun. Bu
süjetli mətnlərin
isə hamısında
lirizm var. Elə konkret götürək,
"ən böyük
səadət toydu deyirlər" misrası ilə başlayan şeirini.
Adsızdı bu dörd bəndlik şeir, lakin ünvansız deyil. Şair lirik qəhrəmanına mətləbi çatdırmaq üçün sual ünvanlayır, cavabı da özü tapır, verir, lap, Füzulinin söylədiyi kimi: "sual olursa bu səndən, nədir cavab sənə?" Tofiq Nurəlidə həmin suallar ard-ardadı: "bəs niyə titrəyən yarpaq kimisən? Və yaxud "qəlbimdən keçəni deməyim nədən?" Şair cavabında isə məşhur xalq deyim tərzindən bəhrələnir və təsirlənir:
Məhəbbət həmişə kor qalacaqdır,
Sevənlər hər zaman səhv eyləyəcək.
Məhəbbət buz üstdə yanan ocaqdır, -
İstisi özünü məhv eyləyəcək!
Tofiq Nurəlinin şeirinin incəliklərinə və dərinliklərinə vardıqca, emossional duyğular çulğalayır və ruhunu cilovlayır. Fikir, ideya nə qədər çılpaq reallıqdan uzaq görünsə də, inanırsan, bu təmiz, duru poeziyanın üfüqləri genişdir, kökləri dərindir: lap, "gəl, sənin səsini asım divardan, darıxan adamlar baxsın bu səsə", misralarında ifadə olunduğu kimi... 70 yaşlı sənətkar sözünün həm "ağasıdır", həm də "qara fəhləsi"... Bundan böyük xoşbəxtlik varmı?
Ağacəfər
HƏSƏNLİ
Ədəbiyyat
qəzeti.- 2023.- 24 iyun.- S.28.