Qazax simvolizminin
Maqcan Cumabay səhifəsi
Maqcan Bekenulı Cumabayev (Maqcan Cumabay) qazax poeziyasının fəlsəfi çalarlar
əldə etməsində
önəmli rolu olmuş şairlərdəndir.
Vaxtı ilə Muxtar Auezov onun
haqqında aşağıdakı
fikirləri səsləndirmişdi:
"İndiki sənətkarlar
sırasında yalnız
Maqcanın poetik hecası gələcəyə
səmt götürməklə
bizdən sonra yaşayacaq nəsillərə
istiqamətlənmişdir. Öz istedadı ilə digərlərindən
fərqləndiyindən rus
simvolizminin tanınmış
nümayəndəsi Valeri Bryusov
Maqcanı qazax xalqının Puşkini adlandırmışdır. Maqcan
Şərq və Qərb mədəniyyətlərinin
iki axınını özündə birləşdirən
A.S.Puşkin, M.Y.Lermontov, A.Blok və A.Kunanbayev kimi şairlərin yaradıcılığına vurğunluğu
ilə daha çox diqqəti cəlb edirdi. Rus və alman şairlərindən
V.A.Jukovski, A.A.Fet, D.N.Mamin-Sibiryak, L.V.Höte və H.Heyne və başqa bu kimi
müəlliflərin əsərlərini
qazax dilində səsləndirmişdir. Maqcan
ədəbiyyatın xalq
həyatı ilə sıx bağlılığını
ciddi şəkildə
müdafiə edən
təfəkkür sahiblərindən
idi. İlk qazax ədəbiyyatşünaslarından Y.Aymautov və
Q.Tokcanov Maqcanı qazax poeziyasında bayronizmin banisi hesab etməklə "Kobız Koylıbaya",
"Batır Bayan", "Qorqud", "Yusifxan"
və başqa bu kimi ilk romantik
poemaların yaradıcısı
kimi dəyərləndirirdilər.
Şairin poetik dəst-xəttində humanizm,
maarifçilik, demokratik
yanaşma və tərəqqi problemləri
daha çox ön plana çəkilirdi.
"Yazıq qazax", "Mədəniyyət biliklərini
necə qazanmaq?" və s. kimi şeirlərində maarifçiliyi;
"Dombra", "Keçmiş",
"Göycədağ" və s. kimilərdə xalqın faciəvi taleyini; "Qış yolunda", "Yay yolunda",
"Qəlbin sirri"
və s. kimilərdə
simvolizmə daha çox meydan verdiyini, "Gülsüm",
"Cəmilə", "Sevgi gül tikanı kimi", "Sən hamıdan gözəlsəni", "Züleyxa"
və digər şeirlərində isə
qadın vəsfini ön plana çəkib, onun gözəlləyini tərənnüm etməklə
Maqcan məhəbbət
lirikasının məharətli
nümayəndəsi kimi
özünü təsdiq
etmişdir. Onun yaradıcılığında psixoloji sarsıntılar və emosional hallar son dərəcə şirin bir ləhcə ilə oxuculara təqdim olunmuşdur. Elə buradaca onu da qeyd edək ki, ensiklopedik biliklərə
malik olan M.Cumabay
öz ana dili ilə yanaşı, ərəb, fars, tatar və türk
dillərini də mükəmməl bilirdi.
Maqcan bir şair kimi
bəxti gətirməyənlərdən
idi. Abay və klassik qazax poeziyasının layiqli xələfi olan Maqcan iki
dəfə heç bir günahı olmadan repressiyalara, təhqirlərə və
alçaldılmalara məruz
qoyulmuş, daim izlənilmiş, hətta yazıb yaratmaq hüququndan məhrum edilmişdir. Lakin onu nə qədər alçaldıb, zindanlarda
çürüməyə məruz qoysalar da, o, özünün parlaq işığı ilə
sanki hər yeri nura boyamışdır.
Maqcanın "Huri sifət
qarındaş" "Gümüş
nurlu ay", "Gülsüm
xanıma", "Gülsümə",
"Gənc gözələ",
"Könül", "Bülbül", "Biz ayrılanda
(G.-yə)", "Aldanan
gözəl", "(G.-yə)",
"Ana" və s. kimi
şeirlərində şairin
özünəməxsus mübhəm
dünyası gözümüz
önündə bütün
rəngləri, naxışları
və əzəməti
ilə bərq vurur. "Bülbül"
şeirindəki melodikliyə,
harmoniyaya baxaq:
Bülbül quşum, qəlbim
dərdə toxdur,
tox,
Gözümdə yaş, canımda
od çoxdur, çox.
Bu dərdimə dərman varsa səndə var,
Bilirəm ki, başqasından fayda
yox.
Bu yerlərdən üç
get yarın bağına,
Yetiş
onun ən bəxtiyar çağına.
Söylə ona mənim ağır dərdimi,
Qon bağdakı incə bir gül tağına.
Maqcan Cumabayın poeziyasında
"Sevgi", "Günəş",
"Atəş" və
s. kimi ifadələr öz poetik tamlığı, əzəməti
ilə ortada dayanır. Nəticədə
obrazlı söz nəinki qazax şeiri ənənələrindən
qidalanmaqla maraqlı rayihə yaradır, həm də şairin digər ədəbiyyatlardan milli düşüncəsinə
daxil etdiyi elementlər nəticə etibarı ilə Şərqlə Qərbin
bədii sintezini yaradır.
Maqcanın lirik qəhrəmanlarının
poetik obrazları nəinki qazax milli poeziyasını yaradanların
bir sıra minayəndələrinin əsərləri
ilə, həm də rus poeziyasından
A.S.Puşkin, M.Y.Lermontov, A.Blok, Azərbaycan poeziyasının
ünlü nümayəndələrindən
S.Vurğun, M.Müşfiq,
M.Hadi, Ə.Cavad və digərlərinin yaradıcılığındakılarla müqayisə edilə bilər. Bu da onunla bağlıdır ki, poeziya
poetik təfəkkürə
söykənməklə onun
xassələrini özündə
əks etdirib, təfəkkürdə yer
almış obrazları
yaradır. Axı söz-obraz hissi obrazla qırılmaz əlaqədədir. Adlarını
çəkdiyimiz sənətkarların
lirik yaradıcılığı
qəlbin təşəkkülünün
salnaməsidir və bu da həmin müəlliflərin əsil
bədii kəşfidir.
Maqcanın daxili aləminə Bayron romantizminin qiyamçı
düşüncəsi uyğundur.
Maqcanın lirik qəhrəmanın qəlbində
Bayron və Lermontovda olduğu kimi hər şey
alt-üst olur, son nəticədə o, həyatın
mahiyyətinin heçə
gedib çıxması
ilə bağlı daha çox düşünməyə, götür
qoy etməyə məcbur olur.
Şeirlərinin nəşr olunmasına
qadağalar qoyulsa da, onlar xalq yaddaşında
onilliklər ərzində
qorunub saxlanılmış,
musiqiyə çevrilərək
doğma xalqı arasında görünməmiş
populyarlıq əldə
etməklə gələcək
nəsillərin malına
çevrilmişdi.
Qaynar yaradıcılığı dövründə
onun "Şolpanın
günahı", "Pedaqogika",
"Həyat", "Berniyaza",
"Tufan gecəsi", "Kəpənək", "Seçilmiş
əsərləri" (hədiyyə
nəşr - poeziya),
"Peyğəmbər" (şeirlər və poemalar), "Türküstan"
və s. kimi kitabları işıq üzü görmüşdür.
Maqcanın ədəbi fəaliyyətinin
fəallaşdığı dövrdə o, cədidçi
olaraq yazıb-yaratdığı
vaxtda siyasi-sosial dairələrdə artıq
Şərqin və Qərbin ədəbi-fəlsəfi
qavrayışında müəyyən
ənənə yaranmaqla,
müsəlman dünyasını
simvolizə edən bir yanaşma da ortaya gəlirdi. Burada Qərb - xristianlığı əks
etdirirdisə, o, Şərqlə
müqayisədə ziddiyyətli
hadisə olmaqla, əksər hallarda əks qütb kimi təqdim olunurdu. Şərq və Qərb dünyasının ənənəvi
mənzərələri şairin
yaradıcılığında xeyli dərəcədə
transformasiyalara uğrayırdı.
Elə buna görə
də məhz Şərlə Qərbin görünüşü onun
tərəfindən yeni rakursda
təqdim ortaya qoyulurdu. Burada şairin simvolist estetikası, türk etnik və genetik
dünyadərki, köçəri-şaman
və panteist-köçəri
dünya dərki öz əksini tapırdı.
Maqcan xalq ənənələrinin
nəinki məzmununu,
həm də səslərin harmoniyasını,
daxili ruhunu, melodikliyini, eyni zamanda onların hisslərini söz və ifadələrlə
musiqinin gücü ilə daha səmərəli
vermək baçarığına
malik idi. Maqcanın şair kimi digərlərindən ən
başlıca fərqi,
məhz onun digərlərinə oxşamaması
və öz fərdi üslubunu yaratması son dərəcə
önəmli effekt yaradırdı.
Şairin
poetik aləmi, özünəməxsus təfəkkür
quruluşu, hissi və əşyavi dünyanı dərk tərzi bəzən çərçivələridən kənara çıxır.
Şeirlərində yer
almış obrazların
metaforikası, kosmoqoniyası,
metaforikası, poetik assosiasiyalar, işıqla zülmətin bir-birinə
qarışması, şeirlərindəki
gözəlliklə təzə-tərlik
sanki zaman hədlərini
aşmaq gücünə
malik olur. Maqcanın parlaq poetik şəxsiyyət
kimi təşəkkülü
əsasən beş mədəni ənənənin
- qazax mədəniyyəti,
türk, şərq, qərb və rus klassikasının qabaqcıl nümayəndələrinin
dəst-xəttindən gələn
elementləri özündə
birləşdirməklə ona poeziya kəhkəşanında
öz yolunu tutmağa kömək etmişdir. "G.-yə"
şeirində Maqcanın
yaratdığı ritmika,
harmoniya və struktur özəlliyinə
diqqət edək:
Gün az yandı qızıl
tək,
Haçan açdı gül-çiçək,
Nə tez gəlib ötdün, yaz.
...Hardasan, ey pərizad,
Bir göründün, oldun
yad.
Oda saldın özümü.
Göydən baxan günəşdin,
"Çox görərsən"
demişdin,
Bulud örtdü üzünü.
Maqcanın şeirlərinin böyük
əksəriyyəti sübut
edir ki, o, nəinki doğma, həm də şərq ədəbiyyat tarixinin və poeziyasının, rus və qərb
ədəbiyyatının məşhur
bilicisi olmuşdur. Eyni zamanda o, öz dövrünün mənəvi axtarışlarının
içində olmaqla,
F.Nitşenin, V.Solovyovun əsərlərində
yer almış aparıcı fəlsəfi
ideyalardan yaradıcılıqla
qidalanmışdır. "Mən kiməm" şeirində onun özünə, varlığına,
gücünə güvəndiyini
aydın görürük:
Göydə günəm, işiğım
saçaram,
Mən istəsəm ərşə
qədər uçaram.
Bir dənizəm, yox sahilim, yox dibim,
Mən dağları, qayaları qucaram.
Mən alovam, yaxın durma, yanarsan,
Mən Qıratam, necə cidar vurarsan,
Kül olsa göy, yarılsa yer, qorxmaram -
Mənə baxıb heyrət
ilə durarsan.
Özüm, sözüm, nəyim
varsa heç olmaz,
Ölüm nədir, həyat
nədir, bilinməz.
Özüm padşah, özüm
qazı, özüm bəy,
Söz sorulmaz, mənə sual verilməz.
Maqcan qazax poeziyasına inamlı gəlişi özü ilə uzun, müddət ərzində simvolizm bədii cərəyanı
ilə bağlı çeşidli fikirlər
yarandı. Sırf qazax xalqına xas olan simvolik
dünyaduyumu, məlum
olduğu kimi, qazaxların şifahi xalq yaradıcılığı
ənənələrində daim əks olunmuşdur.
Çünki qazaxların
tolqau, aytış natiqlik sənəti və pritçalarında
daim xalq fəlsəfəsinin rasional
rüşeymləri yer
alırdı. Rus simvolizminin
ünlü nümayəndəsi
D.Merejkovski demişkən: "Poeziyada
deyilməmiş hər
hansı element simvolun
gözəlliyinin içindən
sanki bərq vururdu". Bax, Maqcan öz poeziyasında simvolların
köməyi ilə maraqlı rayihə yarada bilirdi. Onun şeirlərinin mahiyyətində yaratdığı
- real və irreal dünyalar
üz-üzə dayanmaqdadır.
Maqcanın simolikasında
həyatın canlı
dinamikası, qatı mistika dumanı, onun çoxsaylı törəmələri, özünəməxsus
"atəş" silsiləsi
yarada biləcək (V.Xlebnikov poeziyasındakı
kimi) dövrün mühüm sualları Ulduzlar, Ay və s. kimi astral obrazlarla qarşılaşırıq. Təsadüfi
deyildir ki, şairin istifadə etdiyi "atəşli öpüş",
"atəşli baxış",
"atəşli gözəllik"
və s. kimi çeşidli söz-obrazlı
assosiasiyalar alov, qığılcım, şəfəq
və s. kimi sinonimlər, həm də təbiələ insanın əhval-ruhiyyəsini,
ruhi halını, vəziyyətini ifadə edən elementlər kimi ortaya çıxırdı.
Bu baxımdan onun yaradığı kəpənək
obrazı maraqlıdır.
Şair göstərir
ki, kəpənək öz
düşüncəsizliyi ucbatından özünü
oda vurur, bununla da ölümə məhkum olub, külə dönür:
Rəngdən - rəngə girərək,
Daima uçar, qonar.
Oda vurar özünü,
Yerindəcə kül olar.
Odla
assosiativ uyğunluq, həmahənglik həm də şairin öz obrazı ilə eyniləşir. Onun fikrincə şair həm də səmalara yüksəlmiş od-alovdur.
Odur ki, şairlə söz güləşdirmək,
odla oynamaq kimi son dərəcə təhlükəlidir. Buna görə
də düşünür
ki, həddimizi aşsaq
kəpənək kimi
kül olarıq:
Qanad yeliylə uçsaq,
Biz də "yandım" deyərik.
Altın
almaq yerinə -
Küldən kəfən geyərik.
Maqcanın nəinki bu, həm də digər şeirlərində
poetik obraz dərin fəlsəfi mahiyyət kəsb edir, aura yaradır. Şairin əksər əsərlərinə arifçilik
ideyalarına yiyələnmə
daha öncül mövqedə dayanır. Xalqın, insanların pozitiv baxımdan dəyişilməsi yalnız
onun qaranlıqdan işığa, günəşə,
ulduzlara istiqamətlənməsi
hesabına baş verə bilər. Bax, burada Maqcanın
yaradıcılığında Abaysayağı bir çağırış - doğma
xalqı işığa,
biliklər qazanmağa,
dünya mədəniyyəti
səviyyəsinə səsləmə
özünü biruzə
verir.
Maqcan dünyadüzümünün müstəqil,
dərin və özünəməxsus konsepsiyasını
yaradır. Onun mərkəzi konstantları
Şair və Şərq (Od və Günəş) olmaqla, həm də həyatın yaradıcı
başlanğıcının daimi olduğunu təsdiqləməkdədir. Maqcan
poeziyası həyata və insana vurğunluq, onun mahiyyəti və simvolların köməyi
ilə dərkə istiqamətlənən fəlsəfi
poeziyadır.
Nizami Məmmədov Tağısoy
Ədəbiyyat
qəzeti.- 2023.- 24 iyun.- S.29.