Bir az da kinosemiotika haqqında

 

"Əqrəb mövsümü" teleserialı əsasında  

 

"Əqrəb mövsümü" teleserialını belə bəyənəcəyim özümə də sürpriz oldu. Nədən bəyəndiyimi elə buradaca düşünüm. Bu bəyəntidə bir az görməmiş sevinci vardı, yəni "ura, bizdə də belə film çəkilə bilər!". Özü də teleserial boyu bu düşüncə və onun doğurduğu sevinc dalğa-dalğa artaraq sinisoiddə yuxarı qalxan cızıq cızırdı. Başqa metaforanı da işlədə bilərəm: bu sevinc dalğa-dalğa artaraq axırda sunami kimi şahə qalxdı. Buradan "Əqrəb mövsümü"nün ünvanına bir öygünü aydırım: uzun teleserialların getdikcə bezdirmək qorxusu var, bunun qarşısını filmin çatdığı səviyyəni saxlamaqla, ya da hər dəfə yeni səviyyəyə qaldırmaqla almaq olar. "Əqrəb mövsümü"nün yaradıcıları, deməliyəm ki, bu axırıncını bacarıblar!

İTV-nin göstərdiyi bu teleserialı düşünmək üçün bir metodu köməyə çağırım. Onun adı semiotikadır, yəni işarələr və ya bildiricilər sistemi haqqında elmdir. İşarə və ya bildirici özündən başqasını bildirən nəsnəyə deyilir. Ekrandakı şəkillər dünyadan nələrisə bildirdikləri üçün audiovizual işarələr sayılır. Filmlərdə, adətən, ikonik, yəni təsviri, görükdürücü bildiricilər daha çox olur. Bütün bu söylədiklərim kinosemiotikaya əsas verir. Bu metod dilçiliyə, estetikaya, hətta çağımızda ad çıxarmış post-modernizmə (post-strukturalizmə) güclü etgi göstərmişdir. Kinematoqrafla ilgili semiotik yanaşmanı gerçəkləşdirən görkəmlilər sırasında Sergey Eyzenşteyn, Pyer Paola Pozolini (şair və kinorejissor), Umberto Eko var. Hamısı məqalələr yazıblar. Kitabı, daha doğrusu, kitabçanı isə ünlü Yuri Lotman yazıb. Onları mən oxumalı oldum, kinematoqrafın semiotikasından Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını yazanda. Bunacan dilçiliklə, fəlsəfə ilə məşğul olurdum. Elmi rəhbərimsə ağzımı kinonun semiotikasına çevirdi. Faktiki olaraq bəndəniz naşı bir vəziyyətdə ikən dünyada ilk dəfə kinonun semiotikasından dissertasiya yazmalı oldu. İlk kitab, ilk məqalələrsə artıq yazılmışdı. Heç bilmirəm, məndən sonra kinonun semiotikasından başqa dissertasiyalar oldu, ya olmadı?

İndi geriyə baxanda deyə bilərəm ki, elmi işim çox spekulyativ idi, kinodilinin işarələri, qrammatikası (məsələn, montaj prinsipləri) haqqında düşüncə "istehsalatı", ürətimi idi. Əslində, bunda bir biclik vardı: kino tarixindən və praktikasından biliyim az olduğu halda, başımın içində terminlərdən "hörümçək toru" toxuyub 150 səhifəni ağıllı və ya ağıllı görünən gapla/gopla doldurmaq.

Dissertasiyanın müzakirəsində kafedra müdiri öfkə ilə dedi ki, burada hər şey var, fəlsəfə də var, məntiq də var, - bircə kino yoxdur. Bunu eşidəndə ürəyim az qala "trıp" eləyib yerə düşdü. Özümə gəldim onun axırıncı sözlərindən sonra: - "Ancaq müdafiəyə buraxmaq olar". Beləcə, mən kino üzrə kinonun tarixini heç də dərindən bilməyən elmlər namizədi oldum.

Azərbaycan kino tarixi ilə bağlı "öyünməli bir şey yoxdur" düşüncəsi indi də məndən əl çəkmir, yaxşı Azərbaycan filminə görməmişlik, tamarzı, həsrət buradandır, hərçənd "O olmasın, bu olsun"a, "Arşın mal alan"a həmişə ləzzətlə baxmışam. Rasim Ocaqovun, Vaqif Mustafayevin filmlərinin yüksək standartlara cavab verməsini qəbul edirəm. Ancaq bir milli kino üçün bunlar az olduğundan təriflənən hər Azərbaycan filminə baxmağa inamsızlıqla gedirəm. "Əqrəb mövsümü"nə baxanda bir işim də içimdəki inamsızlıqla boğuşmaq idi.

Adını çəkdiyim teleserialın bir kodu detektiv janrında açılır. Bu o deməkdir ki, biz, tutalım, necə özbəkcə mətnləri özbəkcənin sözlüyü (lüğəti) və qrammatikası əsasında oxuyuruq, "Əqrəb mövsümü"nü də detektiv janrının dilində anlamalıyıq. Örnəyin, bu janrın bir süjet qaydası var: axırda ən az gözlənilən personaj qatil çıxmalıdır. "Əqrəb mövüsümü"nün sonunda bəlli olur ki, tikinti maqnatı Qurban müəllimin (aktyor Abbas Qəhrəmanov) birinci zövcəsindən Elnur adında (aktyor Əli Əlizadə) oğlu varmış. O imiş ögey qardaşlarını öldürüb, şaqqalarını ora-bura atan. Motivi isə atasından öc, qisas almaq idi. Bu serialı tənqid etmək istəyənlər güman ki, intiqam aktını doğurmuş motivi zəif saya bilərlər. Elnurun ögey bacısı ilə insestual seksinə isə "lap ağ oldu" deyərlər. Sanki bunu irəlicədən gözə alaraq ssenarist (Azər Aydəmir) Elnurun dilinə onun türmədə dəfələrlə zorlandığını salır (bilmirəm, bəlkə də bu, serialın əsasında durmuş romandan gəlir). Beləcə, çağımızın dünya kinosunda qəzəbi, dəhşəti, iyrəncliyi artırmaq üçün verilən erkəyi zorlama aktı ilk dəfə Azərbaycan kinosunda intiqamın motivini şiddətləndirən amilə çevrilir. Belə nəsnələr Azərbaycan həbsxanaları üçün ilk dəfə olmasa da, Azərbaycan kinosu üçün ilk dəfə olur. Teleserialda Azərbaycan kinosu üçün belə "ilk dəfələr" yetərincədir. Örnəyin, dialoqlarda Azərbacan filmlərində heç vaxt səslənməmiş arqolar, söyüşlər… Serialın yaradıcıları dünyamızdakı tərbiyəsizliyi filmlərində saxlamaq istəyirlər. Son zamanlar Sosial mediada ayaq tutub yeriyən söyüşlər məni bezdirib. Ancaq bezdirsə də, nədənsə, "Əqrəb mövsümü" teleserialının "tərbiyəsiz" danışıqlarını düzgün seçilmiş üslub saydım. "Əqrəb mövsümü"ndə dialoqlar ustalıqla qurulub, bir iki yerdə cümləni deməyə nəfəs çatmır və rejissorun, aktyorun bu eyibi aradan götürməyib də olduğu kimi saxlaması bədii effekt təsiri bağışlayır. Sənətdə bəzən qəsdən düzəldilməmiş nöqsanlar da olur. Başlayırsan düşünməyə, "niyə bunu düzəltməyib?" Niyəsini tapmayanda dilxor olursan, tapanda əlinə konfet verilmiş uşaq kimi sevinirsən. Çağdaş kinoda boş yerdən qanı qaraldan və ya sevindirən kadrlar ola bilən "estetik fırıldaqlardandır".

Rus sözləri ilə azərbayancaya guya baməzə-duzlu xallar vuran komikləri sevmirəm. Di gəl, "Əqrəb mövsümü"ndə bu xalları da normal üslub gedişləri kimi qavradım. Görünür, serialın qurulmasında özünü göstərmiş ustalıq bütün bu gedişlərin eyməndirici çalarlarını görünməz-eşidilməz etmişdi. Ancaq ümid edirəm ki, teleserialın yaradıcıları və bütünlükdə Azərbaycan kinosu söyüş və rus sözləri ilə bədii effekt yaratmaq məsələsində etməyib, bunun bayağı-şit xallar olduğunu unutmayacaqlar.

Hər detektivdə heç şübhələnməyən adamın qatil çıxarılmasını hamı eyni cür təkrar etsə, darıxdırıcı bir nəsnə alınar. Ona görə də köməyə cürbəcürləşdirmə texnikası gəlir. Bir detektivdə qisasın motivi kiminsə dərsini vermək olur, o birisində cinayət təsadüfdən doğduğu üçün gizlədilir, üçüncüsündə yüksək amal uğrunda öc alınır. "Əqrəb mövsümü" teleserialında evin adamı cildinə girib serialın əvvəlində yaxşı oğlan saflığında görünən Elnur heç də pis oğlanlara oxşamayan ögey qardaşlarını öldürür ki, atasından qisas alsın (hərçənd atasını öldürməklə də bunu edə bilərdi).

Cinayətlərin etnik, kültür cürbəcürlüyü də var. Unutmuşam, bunu kazaklar, yoxsa məmlüklər haqqında deyiblər: onlar qırxıq başlarının peysərində at quyruğu kimi saç saxlayırdılar ki, döyüşdə yeniləndə düşmən başlarını kəsən zaman barmağını ağızlarına soxub onları murdarlamasın, saçlarından tutub başlarını kəssin. Bu dediyim, sözsüz, cinayətin özü deyil, onun edilməsinin texnikasıdır. Sadəcə, öldürmək aktının kültürsəl koloritinə bir örnəkdir. Sənət bir şeyin ucundan tutub başqa şeyləri gətirməyi sevir. Bu üzdən cinayəti cürbəcürləşdirəndə onunla türlü nəsnələri də gətirir.

Kino tarixində detektivin şəxsiyyyəti cürbəcür görünüş və xasiyyətlərlə portretləşdirilir. Birinin ağzında həmişə siqar olur, o birisində siqar çöplə əvəz olur (yəni tərgitmək istəyir), biri sap-sağlam, o biri təngənəfəs olur, biri daş kimi möhkəm cizgilərdə, o birisi şişkin sifətdə verilir - hamısı bir funksiyanı fərqli sifətlərdə yerinə yetirirlər. Konan Doylun ünlü detektiv novellalarında Şerlok Holms, doktor Votson və Skotland Yardın inspektoru Lestreydin ilişgiləri personajların münasibətlərinə türlü psixoloji çalarlar verərək paxıllıqdan tutmuş axmaqlığacan, "mənəm-mənəmçilikdən" tutmuş hərif yerində qalmağacan bütün halların peyda olmasına ayaq verir.

Cinayətkarın axtarışı adamları gərgin psixoloji durumda saxlamalıdır ki, əsər maraqlı olsun. Dediyim kimi, bədii əsərdə bir nəsnəni dartanda başqa nəsnələr də gəlməlidir. Konan Doylda Şerlok Holmsun əl-ayağına inspektor Lestreydin dolaşması komik durumlar törədir. Onlar isə novellalara sosial kəskinlik gətirir. İnspektor Lestreyd dövlət təmsilçisidir. Onu komik hallara salmaqla Konan Doyl elə bil Dövlət qurumundan vətəndaşların hayıfını alır. Axı, vətəndaşların hakimiyyətdən narazılığı demokratik toplumlarda adi haldır. Ona görə də iqtidara sataşmaq, hakimiyyəti dolamaq vətəndaşlarda sadistik sarı simi tərpədir. Bu üzdən Konan Doylda Britaniyanın nüfuzlu Skotland Yardını dolama hədəfinə çevirmək qrotesklə sosial-siyasi yükü çəkib novellalara gətirir. "Əqrəb mövsümü" teleserialındasa Baş prokuror Akif müəllimin (Elşən Rüstəmov) qrotesk şəkildə verilməsə də, hər halda, həmişə deyinməsi onun gəzdirdiyi ciddiyyət imicini lalıxladır.

Teleserialda iki müstəntiqin - Kənanın (aktyor Hikmət Rəhimov) və Raufun (aktyor Azər Aydəmir) ilişgilərini adilikdən çıxartmaq üçün onlara öcəşkən xarakter verilir. Bütün serial boyu gözləyirsən ki, onlar indi partlayıb söyüşəcəklər. Partlayışın ərəfəsində bulunmaq həmişə gərginlik gətirir. Raufla Kənanın öcəşkən münasibətləri də seriala bu gərginliyi gətirir.

Başqa detektivlərdə belə üçlüyün görünüşü, boy-buxunu kontrast fərqində verilərdi. Bizim teleserialda isə üçü də yaraşıqlı, boy-buxunlu orta yaşlı adamlardır. Düzdür, bu oxşarlıq serialın etgisini pozmur, ancaq rejissor (Emil Quliyev) gələcək işlərində belə hallarda kontrastı portret fərqləri əsasında tündləşdirsə, pis olmaz ("Fantomas" filmində jurnalist Fandorla, yəni aktyor Jan Mare ilə komissar Jüvün, yəni aktyor Lui de Fünesin kontrastı kimi). Düzdür, bizim teleserialda Kənanın ətiacı danışığı, davranışı görünüş təzadının zəifliyini kompensə edir.     

Filmlər semiotik olay kimi hansısa milli kültür kodlarından və bildiricilər (işarələr) toplusundan doğur. Pyer Paolo Pozolini bu kodları bəlirtmək üçün "həyat sintaqmları" terminini işə salmışdı. Dildə sintaqm söz birləşmələridir. Davranışlarda isə iki işarənin birləşməsidir, tutalım, çay içəndə kinogörüntüdə adamın şəkli stəkanla birləşir. Başqa örnək: Azərbaycanda yerə düşmüş çörəyin qırağa vızıldadılmasnı görməzsən. Deməli, bu həyat sintaqmı bizdə yoxdur. Ayaqqabının altı bizdə murdar sayılır. Amerikada isə murdar sayılmadığından Hollivud filmlərində adamlar ayaqqabıda ayaqlarını yastığa qoymaqdan eymənmirlər. Ərəblərdə kiməsə ayaqqabı atmaq ən ağır təhqirdir. Onun üçün də bir jurnalist mətbuat konfransında oğul Buşa ayaqqabı tullamışdı.

Amerikan filmlərində ofisə gəlmiş məhrəm qonağın ayaqlarını qaldırıb masaya qoyması onlardakı həyat sintaqmından doğur, bizdə filmdə bu olsa, amerikanizm kimi qavranılar. 50-ci illərəcən Hollivud filmlərində unitazı göstərmək yasaq idi. Unitazda hamı oturur, di gəl, bu həyat sintaqmı filmlər üçün bloka salınmışdı. İndi Hollivud filmlərində unitazda oturmuş qızı göstərmək, qusanda əlini unitaza qoyan, duranda əlini yumayıb ağzına aparan qadını göstərmək adi realizm sayılır. Deməli, elə yaşantı sintaqmları var ki, ancaq bir millətə, bir uyqarlığa xas olur, elələri də var ki, unitazda oturmaq kimi universaldırlar və universal olsalar da filmlərə buraxılmırlar. Buraxılsalar şok yaradırlar, ya da hiddət doğururlar. "Əqrəb mövsümü" serialında həm tipik Azərbaycan sintaqmları var, həm də başqa Azərbaycan filmlərində etik səbəblərdən bloka salınmış işarələr var. Teleserialda, oğlanla qızın dodaq-dodağa öpüşməsi başqa filmlərdə bloka düşmüş sintaqma örnəkdir. Hind və türk filmlərində bu sintaqmların bloka düşməsi son illərdə aradan götürülməkdədir. Götürülməkdə olsa da rejissorlar onu xəsisliklə filmlərinə buraxırlar. Dodaq öpüşü Hollivudda 50-ci illərəcən yasaqda olsa da, sonralar kinoda fontan vurdu, fürsət düşən kimi hamı əmişməyə başladı. Çağımızda Amerikan, Avropa filmlərində dodaq öpüşləri o qədər çoxdur ki, urvatdan düşüb.

Yasaqdan çıxmış kinobildiriciyə və ya yaşantı sintaqmına başqa örnək: son zamanlar Hollivud filmlərində mütləq geyə rast gələrsən. Ekrandakı gey şəkli gerçəklikdəki geylərin ikonik, yəni təsviri işarəsidir. Azərbaycan filmlərində hələ ki bu personaja (işarəyə) rast gəlməzsən. Batıda isə sanki şərt qoyulub, hər filmdə gey olmalıdır. Niyə? İnanmıram ki, realizm xətrinə. Güman ki, Batı kinosənəti geylər faktına adamları öyrəşdirmək istəyir. Hələ ki o, geyi romantik oreola bürüyə bilməyib, ona görə də klassik sevgi münasibətlərinə heyranlığı geylərin sevgisinə keçirə bilməyib. Hətta Hollivud geylərə ciddi səviyyədə heyranlıq da yarada bilmir, kinayəni, türlü neqativləri asanlıqla geyə yükləyə bilsə də. Beləcə, dünyada olanları kinodili filtrindən keçirəndə cürbəcür təhriflər alınır.

Semiotikada işarələrin bir-birinə bağlanma qaydasına qrammatika deyilir. Montaj kadrların bağlanma qaydası olduğundan kinoqrammatikaya aiddir. "Əqrəb mövsümü"nün bəzi seriyalarında montaj edilən kadrların uzunluğu normal olur, yəni onlarda Antonioni və Tarkovski filmlərindəki uzun çəkən kadrlara rast gəlmirsən. Ancaq elə seriallar da var ki, qısa sürən kadrlardan montaj yapılır. Bunu qeştald psixologiya ilə açıqlayım. Bu psixoloji nəzəriyyə XIX yüzildə populyarlıq qazansa da, ömrü çox çəkməmişdi. Son zamanlar "qeyştald" termini yenidən dillərə düşüb. Bu nəzəriyyəyə görə, bizim bilincimizin rastına çıxan yarımçıq görünən nəsnələri bütövləşdirmək bacarığı var. Örnəyin rəssam üzün ovalının bütün xəttini cızmır, ancaq biz qavrayanda başımızdakı qeştald üzü bütövləşdirir. "Əqrəb mövsümü"nün qısa kadrların montajında olan bölümlərində qeştald mexanizmi işlədiyindən biz filmin dilini tuturuq. Yoxsa XX yüzilin erkənlərində kino ilə ilk tanış olan afrikalıların gününə düşərdik. Onlar filmdə iri planda göstərilən üzləri kəsik baş kimi görüb dəhşətə gəlirmişlər. Yalnız sonrakı tanışlıqda bilinclərində qeştaldlar formalaşdığından normal tamaşaçı oldular.

Beləliklə! Beləliklə, mən "Əqrəb mövsümü" teleserialının ana ideyasından danışmadım, çünki normal savadı olan hər kəs seriala baxanda bu ideyanı ondan oxuya bilər. Mən filmin necə yapılmasını da bitdə-bitdə incələmədim, qoy bunu tələbələr İncəsənət və Mədəniyyət Universitetinin diplom işlərində edib İnternetə qoysunlar. Mən, sadəcə, niyə bu yeni serialı bəyəndiyimi örnəklərdə göstərməyə çalışdım.

Son düşüncəmsə budur. Dünya kinosənətinə inci verəcək filmlə mənim işim yoxdur. Ancaq "Əqrəb mövsümü" göstərdi ki, bizdə artıq türk-latın Amerika serialları səviyyəsində seriallar çəkməyə peşəkarlığı çatan yaradıcılar var. İndi satışdan TV kanallara pul gətirəcək melodramlara keçmək gərək ki, gözəl qızlar ataları kasıb-kusubdursa, gözəlliklərindən məhz kinoda qazansınlar, rejissor dahi deyilsə, ustalığından kasıblığın daşını ətəyindən atsın. Kino sənayesi Azərbaycanda çoxlu pullar fırlanan yerlərə çevrilməlidir ki, sənətimiz yoxsulluğun yazıqlığından çıxsın.

 

Niyazi MEHDİ

 

Ədəbiyyat qəzeti.- 2023.- 4 mart.- S.4-5.