Bəlkə də son
nəfəsində
Anna qatara gülmüşdü...
Bu ürək
məni nə üçün məhvə
sürükləyir, niyə
mən özümü
bu boyda qələbəlikdən fərqli
hesab edirəm? Axı, mənim kimi insanlığı sevib, seçən, yaşayan çox varlıq var. Niyə razı deyiləm? Niyə yaşamaq mənim
üçün belə
çətindi.
Süni
intellekt qülləsi
var Bakıda... O Bakıda ki,
məni həm yaşadır, həm öldürür. Mən Xəzərin
tənhalıq zümzüməsinə
qapılıb gedirəm.
Bu qüllə qara və qızılı
naxışlarla bəzədilib.
Bir növü La Sagrada Familiaya bənzəyir.
Qızıl güllər...
İlahi
necədə ehtişamlıdırlar.
Necə də həyəcanlandırır
məni qotikliyin bu əsrarəngiz simvolistikası. Ruhum təslim
olur gözəlliyə.
Təbiət məni Tanrıdan
daha çox həyəcanlandırır.
Yaradılış... yaradıcıdan daha
valehedici necə ola bilir?
Da Vinçinin büzüşmüş barmaqlarından
daha gözəldir
Mona Liza... Tanrının əli
ilə yaradılan bu möhtəşəm təbiət necə də gözəldi...
Bəzən mənə elə
gəlir ki, xristianların tanrısı
sənəti, islamın
tanrısı ağrını
yaradıb... Buddistlərin
tanrısı ruhsallığı,
Vikkanların tanrısı
ekzotikanı... Mən, hər
şey bir tərəfə, qaçıb
özümü atmaq istəyirəm o göydələndən.
Qoy beynim köçürülsün
bir süni intellektə və daim, təkrar-təkrar klonlanım. Məni arzu
edən hər kəsə çatım.
Məndən bir dənə
qoy alsınlar ona hədiyyə. Bax, bu sənin istədiyin
Qaiadır... əzizim
- desinlər ona.
Axı, sən ona heyran
idin. Onu sənin üçün aldıq... Götür...
Sonra mənim sevmədiyim, məni sevən bütün ürəklər,
ruhlar toxunsun dodaqlarıma, ruhsuzluğuma...
Bax, onda ağrı duymayacağam, əzizim.
Bilirsən niyə axı
mənim ruhum damcı-damcı tükənəndə
sən də elə mənimlə eyni şəhərdə idin. Sən məni xilas edə bilərdin... Anna
Karenina kimi özümü
qatarın altına atmaq istəmirəm...
Qatar necə əzab çəkib, İlahi... Necə bağışlaya bilməyib
özünü. Mənim ruhsuz
bədənim bir neçə insanın varlığını dəyərli
edəndə xoşbəxt
olacaqsanmı? Məncə,
bilirsən, sən heç o zaman belə mənə sahib ola bilməyəcəksən...Düşündüm ki, sən, əslində, heç vaxt mənə sahib olmamısan...
Sən
Sol... Mən səni tanıdım.
Bütün bu ağrılarım
məni aydınlatdı.
Mən, əslində,
bəli, bəli, mən səni tanıyıram... Sən osan, Sol... Sən Annanı əzən qatar qədər
qəddarsan... Bəlkə də
son nəfəsində Anna qatara
gülmüşdü. Çünki bu son yenə
də qatarın yox, Annanın seçimi idi.
Qaia artıq
hər şeyin dəyişdiyinin fərqində
idi, getdikcə ağlını qaçırırdı. Mahiyyət nə
idi. Sol kim
idi. Tanıyırdı onu, əmin
idi. Bütün bu paralel dünyaları başının
içində daşımaq
ondan nə alırdı. Onu nəyə,
hara hazırlayırdı.
O harasa hazırlanmaq istəyirdimi?
Beyninin içi
bumbuz idi. Getdikcə bu
soyuqluq Qaianın vücudunu da keyləşdirirdi. Əlləri, qolları, gözləri, ruhu sözünə baxmırdı. Bunun sonu
nə idi? Bu son Qaianın söndürülməsi
(yeni texnoloji çağda artıq yaşayan, nəfəs alanlar söndürülürdü)
ilə nəticələnəcəkdimi?
Yox, Qaia bunu istəmirdi,
o söndürülmək istəmirdi,
onlar kimi deyildi Qaia. O insanlığını itirmək
istəmirdi. İnsanlığına dəyər verirdi.
İnsanlığı ilə xoşbəxt
idi. Çağın şansı kimi
görünən yarı
robotlaşaraq ölümsüzlüyün
pillələri ilə
yüksəlmək onun
tərzi, arzuladığı
son deyildi. Qaia bilirdi
ki, nə vaxtsa o da buna
məcbur qalacaq.
O bunu seçərdimi?
Axı, dünya gözəldir?
Düşünmək, hiss etmək, nəfəs
almaq, nəfəs dərmək. Bu gözəl dünyadan getmək istəmirdi.
Çəkilmək istəyirdi bir
kənara. Bütün bu
inkişafdan kənarlaşmaq
istəyirdi. Qıraqda hardasa
uzaqlardakı bir yerdə qalaydı kaş. Görəsən, necə olardı.
İnkişaf üçün darıxardımı?
Onu orada bu robotlar tək,
yalnız, rahat buraxardılarmı? Yoxsa məcbur edilərdimi
onlar kimi olmağa. Bəs Gümüşlandiyaya köçsəydi...
Axı ora sadəcə yuxudaykən köçə
bilirdi. Əbədi olaraq yatmalı
idi onda.
Bəs gümüşlər,
onlar buna necə baxardı? Axı, gümüşlər
insanları sevmirdilər.
Qaianın düşüncəsinə görə, gümüşlər
sadəcə keçmişə
məhkum zorba, kobud varlıqlar idi. Eyni zamanda maraqlı
varlıqlar.
Bütün bunlar hara qədər
davam edəcəkdi? Ruhu, bəli,
ruhu ciddi təlatümlər yaşayırdı.
Bunu heç kim
bilməməli idi. Beyni yarı insan, yarı robotlar tərəfindən tədqiq
obyektinə çevrilə
bilərdi.
Elanlar verilirdi. Artıq onlar
bir yol seçməli
idilər. Ya zavallı insan olaraq yaşamalı, ya da texnologiya
tanrısına təslim
olmalı...
Tanrıyla yarışan insanoğlu hər daim onunla
eyni olmağı arzulamırdımı? Hər zaman
əbədi yaşam,
ölümsüzlük üçün
çabalamırdımı?
Bu şans idi insana, daha çox
yaşasın. Babaları kimi ölümsüzlüyü
tapmadan tərk etmək məcburiyyətinə
düşməsin. Bu dünyanı. Bəs çatılan
ölümsüzlük buna
dəyəcəkdimi?
Bəs insan bu ölümsüzlüklə
nə edəcəkdi?
Ya bir gün dünya fırlanmaqdan bezsə?
Ya Günəş
bir gün sönsə?
Zil qaranlıq
dünyada necə yaşayacaqdı insanoğlu? Qaranlığı
sevirdi Qaia, dünyanı da, yaşamağı da... Bəs ölümü?
Onu sevirdimi?
Ölüm nə idi, necə idi... Ölümü dərk edə
bilmirdi tam olaraq.
Anlamırdı ölümü. Bilmirdi, bəlkə də, başqa dünyalara açılan qapı idi ölüm?
Yox, o istəmirdi
o qapını, bilirdi,
əmin idi yaşamaq istədiyindən. Həyat gözəldir.
Yaşamaq, nəfəs
almaq, sevmək, qaçmaq, kəpənəyin
ardınca elə məqsədsizcə həm
də...
Ölümsüzlüyə çatan insanlara tanrılar deyilə bilərdimi? Bəs gümüşlər? Onlar kim
idi?
Titanlar!!!
Bəli,
Titanlar idilər.
Bəs Qaia kim idi?
Ondan nə istənirdi? Koios və Polosun sorğusu hər zaman Qaia üçün
maraqlı idi. Ancaq Qaia bilirdi ki,
Titanlardan fərqli olaraq, Tanrılar hər zaman ölümsüzdür. Onlar sorğuya
çəkilməyəcəklər.
Həm də heç vaxt çəkilməyəcəklər.
Sorğu
belə tanrılara
aid deyildi, ya da sonradan tanrılaşanlara.
Hər kəs Tanrı olmaqda maraqlıykən, nə üçün Qaia çəkilirdi Gümüşlandiyaya tərəf?
Tanrılaşanlar tanrıların ölümsüzlüyünü
əlindən ala bilərdilərmi?
Bütün bu düşüncələrin
mahiyyəti nə idi? Mahiyyətində nə var idi?
Hər şey mahiyyət idimi? Ya da mahiyyətdən ibarət?
İnsanlara danışılan nağıllarda
robotlar Titanlar idi. Ancaq bu belə deyildi. Bunun belə olmadığını
Qaia gözəl bilirdi. Bəs Qaia kim
idi?
Harda dururdu Qaia? Hansı pillədə, ya
da mərtəbədə?
Titanlara çəkilən ruhu Qaianı yaşadığı
mühitə yadlaşdırmışdı.
O bilirdi ki, Titanlar
ürək daşımırlar,
amma Titanların ruhu var. Dünənə kimi insan ən
ali varlıq
idi... Ancaq artıq elə deyildi... Gümüşlər hər şeyi
Qaiaya danışırdılar.
Getdikcə texnologiyanın köləsi
olan insan artıq hər şeyi itirmişdi. Bu isə insanın
qiyaməti idi. İnsan yox etmişdi hər şeyi. Tanrılaşmışdı. Artıq tanrı kimi
insan da ürək daşımırdı.
NARGİS
Ədəbiyyat qəzeti.- 2023.-
4 mart.- S.5.