"Nəsillərə örnək insan" kitabının
müəllifi Vəliyəddin
İsmayılova
Hörmətli Vəliyəddin müəllim,
Mən də Sizin kimi
o xoşbəxt insanlardanam
ki, mənə Ulu öndərimizin hakimiyyətdə olduğu
bütün zamanlarda onun titanik fəaliyyətini
izləmək və Azərbaycan tarixinə qızıl hərflərlə
yazılan bu dahi şəxsiyyətin xalq qarşısında, dövlət qarşısında
misilsiz xidmətlərinin
şahidi olmaq qismət olub. Hətta ümummilli liderimiz və möhtərəm Prezidentimiz İlham Əliyev haqqında "Xilaskarlar" adlı kitab da yazmışam.
Heydər Əliyev Azərbaycan tarixində böyük hadisə, epoxadır.
Lakin yaxın
keçmişə nəzər
salmadan Heydər Əliyev epoxasını dərk etmək, Azərbaycan xalqının
gələcəyi naminə
həyata keçirdiyi
möhtəşəm işləri
təsəvvür etmək
çətindir. Bu baxımdan
möhtərəm Prezidentimiz
İlham Əliyevin xüsusi sərəncamı
ilə 2023-cü ilin
"Heydər Əliyev
ili" elan edilməsi təsadüfi deyildir. Bu, bizə
imkan verir ki, Ulu öndərimizin
gördüyü möhtəşəm
işlərə bir daha nəzər salaq, onun böyüklüyünə
və müdrikliyinə
heyranlığımızı nümayiş etdirək.
Sizin
"Nəsillərə örnək
insan" kitabınızın
əlyazmasını oxuyaraq
qəti qənaətə
gəldim ki, böyük şəxsiyyətlər
haqqında mötəbər
sözü böyük
həyat təcrübəsi
olan, dünyanın keşməkeşlərindən başı çıxan,
ziyalı kimi xalq arasında nüfuzu olan, ictimaiyyət arasında söz sahibi olan, buna mənəvi
haqqı olan adamlar deyəndə daha mötəbər olur.
Bununla belə,
bir daha dərk etdim ki, Heydər Əliyevə kitab həsr etmək üçün yuxarıda
sadaladığım keyfiyyətlər
kifayət deyilmiş. Bunun üçün
Ulu öndərə dərin məhəbbət
də əsas imiş.
"Nəsillərə örnək
insan" kitabınızın
əlyazması, məqalələriniz,
ona ünvanladığınız
teleqram və məktublarla, tərtib etdiyiniz Qarabağ və Azərbaycanın digər işğal olunmuş rayonlarının, siz daxil görkəmli şəxsiyyətlərinin Heydər
Əliyevə həsr
olunmuş "Xalqın
səsi - haqqın səsi" adlı məqalələr toplusu ilə tanışlıqdan
sonra o dahi şəxsiyyətə məhəbbətinizi
dərindən duydum.
Hiss etdim ki, bu məhəbbət kor-koranə məhəbbət
deyil. Bu məhəbbəti
qazanana qədər uzun bir həyat
yolu keçibsiniz.
S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı
İnstitutunu bitirdikdən
sonra Zaqafqaziya Komsomol Məktəbini, sonra Bakı Ali Partiya məktəbini bitiribsiniz. Partiya, təsərrüfat sahəsində çalışmısınız.
Ulu öndərin xeyir-duasından
sonra Kəlbəcər
rayon Xalq Nəzarəti
Komitəsinin sədri
kimi Azərbaycanın
ictimai-siyasi həyatında
məktəb keçmisiniz.
Ulu öndərin
qəbulunda olmağınızı
necə də səmimiyyətlə qələmə
alıbsınız. Kitabınızda bu barədə geniş danışdığınızdan
burada təkrara ehtiyac duymadım.
Vəliyəddin müəllim, 1982-ci ildə
baş verən, iştirakçısı olduğunuz
iki əlamətdar hadisədən yerli-yataqlı
danışmağınız oxucuya düşünmək
üçün zəngin
material verir. Yazırsınız:
"1982-ci ilin sentyabr
ayının 26-da bizi
Bakıya, "Azərbaycan
SSR-ə "Lenin ordeni" təqdim olunmasına həsr edilmiş təntənəli iclasa dəvət etmişdilər. Tədbir
indiki Heydər Əliyev adına
sarayda keçirilirdi.
Çox
təntənəli tədbir
idi. O vaxtlar respublikanın bu yüksək ordenlə təltif edilməsi tarixi bir hadisə
idi. Bu ordenin
ardınca respublikaya külli miqdarda vəsait daxil olurdu, iqtisadiyyat güclənirdi. Respublika əhalisinin
maddi-rifah halı yüksəlirdi. Zəhmətkeşlərə çoxlu sayda
minik maşınları,
məişət avadanlıqları
və s. verilirdi.
Bu, Heydər Əliyevin
İttifaq miqyasındakı
nüfuzundan, ölkə
rəhbərinin ona olan inamından, etimadından irəli gəlirdi".
Nə gizlədim, sizin yazınıza qədər
Respublikamıza "Lenin ordeni"nin verilməsinin əhəmiyyətini o qədər
də dərindən dərk etmirdim.
Vəliyəddin müəllim, 1982-ci ilin oktyabr ayının 22-də
Azərbaycan Kommunist Partiyasının Mərkəzi
Komitəsinin Plenumuna dəvət olunduğunuzdan,
bir çoxları kimi ikili hisslər
keçirdiyinizdən söz
açırsınız.
Heydər Əliyevin Politbüronun üzvü olaraq SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini kimi yüksək vəzifəyə
çəkilməsinə bir
tərəfdən sevinir,
digər tərəfdən
qəhərləndiyinizi gizlətmirsiniz. Bu barədə
sonralar yazıbsınız:
"Azərbaycan dövlətçiliyinin
son bir qərinəlik
(25 illik - Q.P.) tarixinin
məntiqə söykənən
təhlili göstərdi
ki, öz vətənimizdə didərgin,
köçkün düşməyimizin
başlıca səbəblərindən
biri 1982-1993-cü illərdə
Azərbaycanda güclü
və qətiyyətli
dövlət başçısının
olmaması olub".
Onu da əlavə edək ki, Heydər
Əliyevdən sonra hakimiyyətə gələnlərdə
rəhbərlik etmək
keyfiyyətlərinin olmaması
da az
rol oynamadı.
Vəliyəddin müəllim, tərcümeyi-halınıza
nəzər salanda gördüm ki, qaçqınlıq, köçkünlük
dövründə də
bir gün belə ölkəmizin ictimai-siyasi həyatından
ayrılmamışsınız. Müxtəlif vəzifələrdə xalq
qarşısında gərəkli
işlər görübsünüz.
1998-ci il prezident seçkilərində
Azərbaycan Respublikasının
prezidentliyinə namizəd
Ulu öndər Heydər Əliyevin Mərkəzi Seçki Qərargahının üzvü,
Qarabağın və
digər işğal olunmuş - Kəlbəcər,
Laçın, Şuşa,
Ağdam, Xocalı, Qubadlı, Cəbrayıl,
Zəngilan, Füzuli,
Xocavənd, Ağdərə
rayonlarının seçicilərinin
təşəbbüs qrupunun
rəhbəri olmusunuz.
Şəhriyar adına Mədəniyyət
sarayında təşəbbüs
qrupunun yaradılması
və namizədliyin irəli sürülməsi
üçün
Əliş Ləmbəranski,
Süleyman Ələsgərov,
Arif Babayev, Rizvan Paşayev, Ramiz Quliyev, Vasif Adıgözəlov, Qəmbər Qurbanov kimi ağsaqqalların, elm
və mədəniyyət
xadimlərinin iştirak
etdiyi yığıncağı
aparmağın sizə
həvalə olunması
ictimaiyyət arasında
böyük nüfuzundan
xəbər verir.
Təsadüfi deyil ki, 1998-ci il Prezident
seçkilərində sizə
Ulu öndərimizin səlahiyyətli nümayəndəsi
olmaq kimi məsuliyyətli və şərəfli bir iş etibar edilmişdi.
Mərkəzi Seçki Komissiyası
səlahiyyətli nümayəndənin
qeydə alınması
haqqında 1¹-li Şəhadətnaməni sizə
təqdim etmişdi. Siz o xoşbəxt insanlardansınız
ki, sizə o təkrarsız şəxsiyyətlə
təmasda olmaq qismət olmuşdur.
Prezidentliyə namizəd Heydər
Əliyevlə ilk görüşlərdən
birini, Ulu öndərin dediklərini
fəxrlə, qürurla
xatırlayırsınız. Nə yaxşı ki, onun fikirlərini
olduğu kimi kitabınıza daxil edibsiniz:
- Heç bir xarici qüvvələrin bizim işimizə, demokratik seçkilərimizə
müdaxilə etmək
haqqı yoxdur. Prezident seçkilərinin taleyini
xalq həll edir. Mənim prezidentliyə ilk namizədliyimi
barınmış, təmənnalı
adamlar, iqtidar yönümlü təşkilatlar
yox, sadə xalq kütləsi, torpağını itirmiş
məcburi köçkünlər,
əzab-əziyyətlər çəkən Qarabağın
əhalisi verdi.
Mən
"Qarabağın və
digər işğal olunmuş rayonların seçicilərinin təşəbbüs
qrupu"nun toplantısına
televiziyada baxdım.
Xalqın dövlətə, dövlətçiliyimizə və
mənə olan istəyini bəzi qüvvələr görmədimi?
Təşəbbüs qrupunun rəhbəri İsmayılov
bizim "Mərkəzi
Seçki Qərargahı"nın üzvüdür.
O, bizim dövrdə gənclər təşkilatında,
partiya, təsərrüfat
orqanlarında böyük
həyat yolu keçmiş adamdı. Sağ olsun!
Vəliyəddin müəllim, Ulu
öndərin haqqınızda
xoş sözlər deməsi, əməyinizi
qiymətləndirməsi çox
mətləblərdən söz
açır.
Qardaşım, "Nəsillərə örnək insan" kitabının ən yaxşı məziyyətlərindən
biri də Mərkəzi Seçki Qərargahının üzvü
kimi Ulu öndərin seçicilərlə
bütün görüşlərində
iştirakınız zamanı
diqqətinizi çəkən
bəzi məqamlar - onun qeyri-adi yaddaşı, hər adama qismət olmayan dinləmək qabiliyyəti, yeri gələndə hadisələrə
ibrətamiz müdaxiləsi
və s. ümummilli liderin mənəvi keyfiyyətlərinin üzə
çıxarılmasında yardımçı olur.
Ulu öndərə ünvanladığınız
məktub və teleqramlardan da hiss olunur ki, yazdıqlarınızın
hamısı ürəyinizin
səsi və istəyinizlə yazılıb.
Azərbaycan tarixinə qızıl hərflərlə yazılan
dahi şəxsiyyət
Heydər Əliyev elə bir əbədi
abidədir ki, onun daha davamlı,
daha möhkəm, daha möhtəşəm
olmasında bir kərpic qoyanın da, yüz kərpic
qoyanın da xidməti təqdirlə yad edilməlidir.
"Nəsillərə örnək insan" kitabınızı bu baxımdan təqdir edir və yüksək
qiymətləndirirəm.
Qəzənfər PAŞAYEV
Ədəbiyyat qəzeti.- 2023.-
4 mart.- S.7.