Hacıbəylilər
İkinci yazı
Ceyhun Hacıbəyli
(1891-1962)
Hacıbəylilərin daha bir görkəmli nümayəndəsi
Azərbaycanın müstəqil dövlət kimi
tanınmasında, vətən və millət
qarşısında danılmaz tarixi xidmətləri olan
böyük şəxsiyyət - Üzeyir bəyin
qardaşı Ceyhun Hacıbəylidir. 1891-ci il fevralın 3-də
Şuşada doğulmuş Azərbaycan ədəbiyyatının
tanınmış nümayəndələrindən biri,
görkəmli yazıçı, publisist, tərcüməçi,
naşir və ictimai xadim olan C.Hacıbəyli ibtidai təhsilini
dogma şəhərində realnı məktəbdə -
Haşım bəy Vəzirovun müdir olduğu ikisinifli
rus-müsəlman məktəbində almışdır.
Bakıda ilk, Peterburq və Parisdə əvvəl Sorbonna
Universitetində, sonra isə Ali Politexnik Elmlər Məktəbində
ali təhsilə yiyələndikdən
sonra hələ 15-16 yaşlarından başladığı
mətbu fəaliyyətini daha da genişləndirmişdir.
"İttihad" və "İzvestiya" qəzetlərinə
redaktorluq etmiş; "İrşad", "Tərəqqi",
"Kaspi", "Həqiqət", "Baku" qəzetlərinə
məqalə, felyeton və hekayələr
yazmışdır. C.Hacıbəyli "Kaspi"də, demək
olar, bütün yazılarını "Müsəlmanın
qeydləri" rubrikasında və "D..", "Dj",
"Dj. D.- ni", "Dj.Dağıstani",
"C.Dağıstani", "Cey Dağıstani"
imzaları ilə çap etdirmişdir. AXC
qurulduqdan sonra dövlətin rəsmi orqanı olan "Azərbaycan"
qəzetinin baş redaktoru təyin edilmişdir. Bədii fəaliyyətə kiçik həcmli hekayə
və felyetonla başlayan C.Hacıbəylinin
yaradıcılığının mühacirətə qədərki
(1905-1919) mərhələsinə həmçinin
"Hacı Kərim" povestini və rus və fransız
dillərindən tərcümələrini də aid edə
bilərik.
Acılarla
dolu olsa da, zəngin həyat və yaradıcılıq yolu
keçmiş Ceyhun bəy iyirmi doqquz yaşından Fransada
mühacir həyatı yaşamağa məcbur olmuş,
qürbətdə də daim vətənin istiqlalını
düşünmüş, sovet rejimi və kommunist
ideologiyasına qarşı barışmaz mövqe
tutmuşdur. Yaradıcılığının
Azərbaycanın istiqlalı uğrunda ideoloji mücadilədə
keçən ikinci mərhələsində o, ölkənin
ictimai-siyasi və mədəni həyatında misilsiz rola malik
əsərlərə imza atmışdır.
"İlk müsəlman Respublikası Azərbaycan",
"Qarabağ dialekti və folkloru (Qafqaz Azərbaycanı)",
"Azərbaycan mətbuat tarixi", "İslam əleyhinə
təbliğat və onun Azərbaycandakı metodları"
adlı elmi əsərlərin müəllifidir.
C.Hacıbəyli
Azərbaycan Xalq Cümhuriyyətinin dünya dövlətləri
tərəfindən tanınması üçün əsl fədakarlıq
nümunəsi göstərmiş, Ə.Topçubaşovun rəhbərlik
etdiyi nümayəndə heyətinin üzvləri
Ə.Ağaoğlu, M.Hacınski, Ə.Şeyxülislamov,
M.Mirmehdiyev, M.Məhərrəmov ilə birlikdə 1920-ci ilin
mayınadək cəmi 12 nömrədən ibarət "Azərbaycan"
adlı bülleten, fransız dilində Azərbaycanın rəngli
coğrafi xəritəsini, "Qafqaz Azərbaycan
Respublikası", "Azərbaycanın iqtisadi və maliyyə
vəziyyəti", "Azərbaycan Respublikası əhalisinin
antropoloji və etnik tərkibi" kitablarını nəşr
etmişlər.
1925-ci ildə
C.Hacıbəylinin təşəbbüs və tərcüməsi
ilə "Arşın mal alan"
operettası fransız səhnəsində
oynanılmışdır. Bir il sonra "Revyu dömond
musulman" jurnalının 3-cü nömrəsində dərc
etdirdiyi "Azərbaycan teatrı" adlı məqaləsində
Hüseyn Cavid və Cəfər Cabbarlı
yaradıcılığından bəhs etmişdir. Həmin jurnalla sıx əməkdaşlıq edən
Ceyhun bəy burada 1918-ci ildə ermənilərin Bakıda,
Şamaxıda, Kürdəmir və Xaçmazda törətdiyi
vəhşiliklər barədə irihəcmli məqalə də
dərc etdirmişdir. 1926-cı ildə
onun redaktorluğu ilə mühacirətdə fransız dilində
"Azərbaycan" jurnalı nəşrə
başlamışdır.
Ceyhun bəy hələ vətəndə ikən
Qarabağı oymaq-oymaq gəzib yaşlı nəslin
nümayəndələri ilə görüşmüş,
yüzlərlə şifahi xalq ədəbiyyatı nümunəsi
toplamışdı. Mühacirətdə həmin nümunələri
fransız dilinə çevirmiş və 1934-cü ildə
Parisin "Asiya" jurnalında "Qarabağ dialekti və
folkloru (Qafqaz Azərbaycanı)" adı ilə nəşr
etdirmişdir.
Ən
böyük xidmətlərindən biri Avropada Azərbaycan
Mühacirət Mətbuatının yaranmasına dəstək
vermək olan Ceyhun Hacıbəyli Azərbaycan mühacirləri
və legionerlərinin təşkilatlanmasında mühüm
xidmətlər göstərmiş, mühacirət tariximizdə
qısa, lakin silinməz izlər qoyan "Azərbaycan Milli
Birlik Məclisi" idarə heyətinin üzvü olmuş;
məclisin orqanı olan "Azərbaycan" jurnalının
(1952-1954) redaktoru vəzifəsini yerinə yetirmiş;
"Azadlıq" radiosunun yaradıcılarından və
Münhendə fəaliyyət göstərən SSRİ-ni
Öyrənən İnstitutun fəal üzvü olmuşdur.
Həmin institutun və onun nəşri olan "Dərgi"nin,
fransızca "Qafqaz" jurnalının fəal əməkdaşlarından
olan Ceyhun Hacıbəyli 1959-cu
ildə institutun xətti ilə məşhur "İslam əleyhinə
təbliğat və onun Azərbaycanda yeni metodları" əsərini
çap etdirmişdir.
C.Hacıbəyli
mühacirətdə başa vurduğu ömrü boyu amalından
dönməmiş, son nəfəsinədək sovet
imperiyası ilə ideoloji mübarizə aparmış,
ölkəmizin müstəqilliyi uğrunda usanmadan fəaliyyət
göstərərək adını Azərbaycanın azadlıq
tarixinə yazdırmışdır. O, 1962-ci il
oktyabrın 22-də Parisdə dünyasını dəyişmiş,
Sen-Klu qəbiristanlığında dəfn edilmişdir.
Ceyhun Hacıbəylinin "Bir il xəyallarda... və
bütöv bir ömür" adlı memuarı onun şəxsi
həyatından daha çox istiqlal mücadiləsini əks
etdirməsi ilə seçilir. Memuarın
ayrı-ayrı hissələrindəki qeydlərdən bəlli
olur ki, müəllif XX əsrin 40-cı illərinin sonundan
yazmağa başladığı əsəri təxminən
on ilə bitirmişdir. Fransız dilində
yazılan memuar Azərbaycanda 2016 (tərc. Şamil Zaman)
və 2017-ci (tərcümə: Mirzəbala Əmrahov) illərdə
çap olunmuşdur. Müxtəlif
mövzuları əhatə edən bu əsərin ana xətti,
ideya istiqaməti yenə də azad Azərbaycan arzusudur.
Hacıbəylilər ailəsi ilə bağlı əhvalatların
və avtobioqrafik məlumatların da əks olunduğu
"Bir il xəyallarda... və bütöv bir
ömür" əsərində müəllif hər gecə
yuxu gördüyünü və onların arasından
aydın olanları oxucularla bölüşdüyünü
yazır. C.Hacıbəyli memuarında bədii əsərlərində
tez-tez müraciət etdiyi yuxu priyomuna geniş yer verməklə,
tarixi hadisələri obyektivlikdən uzaqlaşdırmaq deyil,
onlara bədiilik, poetiklik, kolorit qatmaqla, yaddaşını xəyalları
ilə tamamlamağa nail olmuşdur. Əsərdə
müəllif "doğma şəhərim" deyə məhəbbətlə
vəsf etdiyi Şuşanı xiffətlə yada salır:
"Mineral suyu, adamı valeh edən təbiəti,
möcüzələrlə dolu olan Şuşa"da
keçirdiyi günləri həzinliklə xatırlayır,
samovar çayı məclislərindən, düşərgədə
qaraçıların nümayiş etdirdiyi səhnəciklərdən,
həvəskarların musiqi və rəqslərindən, ətrafa
yayılan şaqraq gülüşlərdən bəhs edir. Burada dini mərasimlərin, xüsusən
Aşuranın necə keçirildiyindən söz açan
Ceyhun bəy Şuşanın insanlarından, füsunkar təbiətindən,
tarixindən həzin kədərlə danışır; təbiətinin,
gözəlliyinin şuşalıların poetik ruha malik
olmasına çox təsir etdiyini vurğulayır.
Ötən
ərin 50-ci illərində yazdığı "İlk Azərbaycan
operası necə yarandı" adlı xatirəsini də
C.Hacıbəyli Qarabağın təsviri ilə
başlayır və yazır ki, "Qarabağın təbiəti,
xüsusilə onun mənzərəli paytaxtı Şuşa
lirika və poeziya sahəsində romantizm və
yaradıcılıq ilhamı mənbəyi idi. Ən istedadlı müğənnilər və
sazandalar (çalğıçılar)
qarabağlıdır".
Memuar erməni məkri və hiyləsinin, insana
yaraşmayan murdar xislətinin, erməni terror təşkilatının
fəaliyyətinin əks olunması və erməni-müsəlman
münaqişəsinin etimologiyasını təsvir, Qafqazda
rus siyasətini faş etmək baxımından da əhəmiyyətlidir. Ceyhun Hacıbəylinin bədii-estetik
dəyəri ilə yanaşı, ideya-siyasi əhəmiyyətinə
görə də ədəbiyyat tariximizin önəmli səhifələrindən
olan bu memuarı erməni-müsəlman
qarşıdurmasından bəhs edərkən ifadə etdiyi
bircə cümləsi ilə belə, tarixin bütün
daşlarını yerinə oturda biləcək siqlətdədir:
"Bununla belə, tarixi irs öz rolunu oynamalı idi: bir əsrlik
rus hegemonluğu, ermənilərin üzərində minillik
müsəlman hegemonluğunu kökündən yox edə bilməmişdi,
necə ki, eyni zamanda azərbaycanlıların türk-monqol sələflərindən
qalan döyüş instinktlərini kütləşdirə
bilməmişdi..."
Zülfüqar Hacıbəyli
(1884-1950)
"...Nəğmə
və musiqiyə gəldikdə, onları böyüklərin
qarşısında ifa etmək ədəbsizlik
sayılırdı. Məşq edə bilmədiyimizdən
istedadlarımızı da itirdik." - Bu sözlər
Hacıbəylilər ailəsinin sonbeşiyi Ceyhun bəyin
memuarındandır. Amma görünür, əsl
istedadı uşaqlıq travmaları da məhv edə bilmir.
Əks halda, ailənin iki böyük oğlu Zülfüqar və
Üzeyir Azərbaycan opera sənətinin, musiqi
teatrının təşkili və inkişafında
böyük xidmətləri olan tanınmış bəstəkarlar
olmazdılar...
1884-cü
il aprelin 17-də Şuşada doğulan
Zülfüqar Hacıbəyli iki qız övladdan sonra ailənin
ilk oğlu idi. Uşaq yaşlarından musiqi məclislərində
iştirak etməsi, istedadlı xanəndələrin
ifasını dinləməsi, bütövlükdə şəhərin
mədəni ab-havasının təsiri onun gələcək
həyat və sənət yoluna əhəmiyyətli təsirə
malik idi.
Rəngarəng yaradıclığa malik Zülfüqar
Hacıbəyli ilk Azərbaycan operettası - "50
yaşında cavan" (1909) əsərinin (mətni və
musiqisi özünə aid, əyləncəli üçpərdəli,
dördşəkilli) müəllifidir.
İlk tamaşası 1911-ci ilin aprel
ayında Tiflis şəhərində Gürcü Zadəganları
Teatrında baş tutan operetta sonralar Bakı,
Naxçıvan, İrəvan və Şuşada göstərilmişdir.
Bundan başqa, öz librettoları əsasında
yazdığı "Varlı", "Məşədi Xudu",
"Evliykən subay" musiqili komediyalarının müəllifidir.
Bəstəkarın
ilk mahnıları sayılan "Kənd qızı",
"Çoban qız" və "Əsgər nəğməsi"
müəllifinə böyük məşhurluq gətirmiş
əsərləri sırasındadır. Zülfüqar Hacıbəylinin
yaradıcılığında mühüm yer tutan
"Aşıq Qərib" operası (1915) bir çox Azərbaycan
operaları kimi, səhnəyə çətinliklə də
olsa, yol tapa bilmiş və
ictimaiyyətin diqqətini cəlb etmişdir. Xalq musiqisi ilə
Avropa musiqisinin sintezindən ibarət opera 1916-cı il may ayının 13-də Hacı Zeynalabdin
Tağıyevin teatrında tamaşaya qoyulmuş və mətbuatda
geniş əksini tapmışdır.
Zülfüqar Hacıbəyli "Kölə
qadınların rəqsi" adlı simfonik pyes (1932) bəstələmiş,
librettolara musiqi yazmış, bir sıra kantatalara imza
atmışdır. 1935-ci ildə oğlu Niyazi ilə birlikdə
Cəfər Cabbarlının pyesi əsasında çəkilən
ilk səsli Azərbaycan filmi - "Almaz"a musiqi bəstələmişdir.
Zülfüqar Hacıbəyli milli musiqimizin inkişafında
göstərdiyi xidmətlərə görə, Əməkdar
İncəsənət xadimi adına layiq
görülmüşdür (1943). Bəstəkarın
son əsəri 1950-ci ildə Zakir Bağırovla birlikdə
yazdığı kantata olmuşdur. Həmin il sentyabrın 30-da dünyasını dəyişən
Z.Hacıbəylidən sonra Azərbaycan musiqisini ucaldan əsərlərlə
yanaşı, "Nüşabə" və
"Üç aşıq" operası kimi
tamamlanmamış işləri qaldı...
Mətanət
VAHİD
Ədəbiyyat qəzeti.- 2023.- 4 mart.- S.12.