Dram zehniyyəti
Dramın
ölümü
Dördüncü
söhbət
Bizim
eranın başlanğıcında monoteizm Şərqdən
Qərbə ayaq açmış, hətta dünyanın mərkəzinə
- Romaya qədər gəlib çıxa, beyinlərə
yoluxa bilmişdi. Qərb düşüncəsinə
tamamilə yad olan bu dini dünyagörüşə
qarşı Roma siyasi hakimiyyəti amansız mübarizə
aparsa da, sonucda təslimiyyətə məcbur oldu. "İmperator I Konstantinin
dövründə, din azadlığı haqqında 313-cü
il fərmanı (Milan fərmanı) ilə xristianlıq Roma
imperiyasında dövlət dini statusu almağa başladı
və nəhayət, 4-cü əsrin sonunda Bizansda bu statusda
möhkəmləndi". Milan ediktinin
imzalanması ilə dövlət dini statusu qazanan
xristianlıq (monoteizm) 476-cı ildə Roma imperiyasının
süqutu ilə siyasi gücə dönüşdü və
elə o vaxtdan da politeizmin təqibi dövrü
başladı.
Politeizmin inkarı monoteizmin yüksəlişi ilə
dünya çoxsəslilikdən təksəsliliyə qədəm
qoydu.
Əslində bu kilsə ağalığı
dövrünün hadisəsi olsa da, kökləri daha dərinə
gedirdi: ilk monoteist düşüncənin - yəhudiliyin
yaranması ilə başlamış, İsanın miladı
ilə qəti bir hərəkət xəttinə
çıxmış, Romada xristianlığın rəsmən
tanınması ilə güclənmiş, kilsənin
hakimiyyəti ələ keçirməsi ilə isə
sonlanmış bir proses idi. Monoteizm Şərqdə
yaransa da, yaşamaq və hakim olmaq haqqını Qərbdə
(Romada) qazandı. Çünki burda
baş verənlərin dünyaya ötürülmə təcili
daha sürətli idi və faktiki olaraq Roma dünyanın gələcəyini
diktə edirdi.
Antik Yunan sivilizasiyasının dəyərlərini
müəyyən səviyyədə daşıyan Roma gələcək
üçün böyük vədlər versə də,
teosentrizm qarşısında təslimiyyətlə bəşəri
minillik qaranlıq bir sürəcə soxdu. "Orta əsrlər
- kilsə doqmasının hökmranlığı, elmin və
sənətin parlaq inkişafının yoxluğu, mistisizmin və
qaranlığın dönəmidir". (A.F.Losev)
Kilsə öz hakimiyyətinə ən böyük təhlükənin
Antik Yunan mədəniyyətindən gələcəyini
anlayırdı, ona görə də bu mədəniyyətin
məhvi onun ilk gördüyü işlərdən oldu. "Xristianlığın
rəsmi dövlət dini kimi tanınmasından sonrakı
dönəmin elə başlanğıcındaca köhnə
Yunan mədəniyyəti lənətləndi və pislənildi.
Məşhur İsgəndəriyyə
Kitabxanasının əhəmiyyətli bir hissəsi
dağıdıldı". (S.D.Artamonov)
Antik yunan mədəniyyətinin yaratdığı həqiqəti
arayan İnsan obrazını bu dönəmdə həqiqəti
tapan insanın - İsanın obrazı əvəz etdi.
İsanın həqiqəti o dərəcədə
düşüncələrə hakim oldu ki, Roma imperatoru I
Yustinian həqiqətin artıq tapıldığını
düşünərək 529-cu ildə Antik Yunan
dünyasından miras qalmış, dövrünün elmi
araşdırmalar mərkəzi olan Platon akademiyasının
bağlanması ilə bağlı göstəriş verdi.
Bununla da, Antik Yunan düşüncəsinə gedən yollar
qapadıldı və düşüncənin hərəkəti
bir istiqamətə yönləndirildi: "Həqiqətin
özü Allah , həqiqəti bizə
çatdıran İsa və onun müqəddəs kitabı
olduğundan həqiqətə sahib olmaq üçün
onlara inanmaq və inanarkən onları qavramaq
lazımdır". (Gilson, Etienne)
Antik dünyanın "şübhə et ve
sorğula" fəlsəfəsini orta əsrlərdə
"Anlamaq üçün inanıram" (Aqustinos) fikri əvəz
etdi. Şübhə və sorğu mübahisə-müzakirənin,
inanc isə tərif və təbliğin mövzusudur. Şübhə və sorğunun təfəkkürün
daha dərin qatlarına çəkdiyi antik yunan ədəbiyyatı
mövzu-problemi müzakirə müstəvisinə
çıxarırdısa, inam və inancın
düşüncəyə hakim kəsildiyi orta çağda ədəbiyyat
monoton idi. "Orta əsrlər ədəbiyyatında
din mühüm yer tuturdu; əsərlərin çoxunda
ölüm və həyat, xeyir və şər, cənnət
və dünya kimi xristian mövzularından istifadə
edilmişdir. Cəngavərlik və məhəbbət
orta əsrlər ədəbiyyatının məşhur
mövzuları idi". (weblogographic.com)
Bu temalarda təsvir olunan dünya lirik və epik
janrların rakursundan baxanda görünən dünya idi. Ölüm və həyat,
yaxşı və pis, cənnət və dünya kimi ziddiyyətli
mövzuları mübahisələndirməyən, cəngavərlik
və sevgi problemlərini müzakirənin yox, macəraların
müstəvisinə yatıran ədəbiyyatın qəhrəmanı
dramatik deyil, statistik insan olmalı idi ki, bu insan da orta əsrlərin
sükunətini pozmağa qadir deyildi. Əslində o,
heç buna can da atmırdı.
Düzdür, buna can atanların heç
olmadığını da demək olmaz, sükunəti
pozmağa, vəziyyəti dramatikləşdirməyə cəhd
edənlər az da olsa vardı, ancaq onlar
dramatik səhnələrə çatınca özlərini
inkivizisiya məhkəmələrinin çatdığı
tonqallarda görürdülər. Bu tonqalların
işığından başqa heç bir ziyanın
olmadığı qaranlıq çağda daha da
qaranlığa dalanların sayı onu pozmağa cəhd edənlərin
sayından dəfələrlə çox idi. "Asketizm orta əsrlərin kəşfi deyildi,
lakin orta əsrlərdə və xüsusən də xristian
dininin təsiri altında qorxunc formalar almışdı".
(S.D. Artamonov) Statistik insanın böyük,
asketik əhvali-ruhiyyənin isə artan çoxluqda olduğu
orta çağda mövzu-qəhrəmanını itirən
dramın özü də minillik bir sürəcdə tarixin səhnəsindən
itdi. "Avropa dramaturgiya tarixində poeziya
və nəsr tarixi üçün xas olmayan bir xüsusiyyət
var - inkişafda yarım min illik fasilə. Roma imperiyasının süqutundan sonra (V əsr)
teatr məhv edildi". (V.A.Lukov)
Düzdür, orta əsr teatrı deyə bir teatr
vardır, amma bu bildiyimiz Antik Yunan teatrı deyildi,
İsanın həyatı və ya digər dini mövzularda
göstərilən tamaşaların təşkil olunduğu
kilsə teatrı idi. Lukov dramın yenidən doğuşundan danışarkən
məhz bu teatra istinad edir: "Dram yenidən 9-cu əsrdə
kilsə liturgiyasına əlavələr şəklində
doğdu". Göstərilən hər
tamaşa dramatik teatr olmadığı kimi, səhnəyə
çıxan hər mətn də dram deyil. Bir mətnin dram olması üçün onun
yalnız səhnə elementlərində qurulması deyil, dram
təfəkküründə düşünməsi, onun
baxış acısından həyata baxması gərəkir.
Dram dialoq dilində mövzu-problemi
tartışırkən, kilsə tamaşaları dini
doqmaları tərif-təbliğ edirdi. Doqmatik
təfəkkür dram üçün ən yararsız
müstəvi, tərif-təbliğ isə ən maraqsız
mövzudur. Odur ki, dramın doğuşu Lukovun dediyi kimi
IX əsrdə kilsə səhnələrində deyil,
demokratik təfəkkürün yenidən səhnəyə
çıxdığı Renessans dövründə baş verdi.
Aynurə İbadullah
Ədəbiyyat qəzeti.- 2023.- 4 mart.- S.15.