Ötən yazıya sözardı:

Əhməd Şmidenin itirilən haqqını

bərpa edə biləcəyikmi?  

 

Ötən ay alman alimi Əhməd Şmide barədə yazmışdım: "1996-cı ildə Bakı Dövlət Universitetinin fəxri doktoru seçilsə də Əhməd Şmidenin adının Bakı Dövlət Universitetinin fəxri doktorları siyahısında görünməməsi bu nüfuzlu siyahının etibarlılığına mənfi təsir göstərir". Hətta Əhməd Şmidenin Bonnda fəxri doktor diplomunu qəbul edərkən söylədiyi çıxışının mətnini də dərc etmişdik. Məqalə çap olunandan sonra Şmidenin fəxri doktorluğunu təsdiq edən sənədin olub-olmaması, varsa, belə bir sənədin ona təqdim edilib-edilməməsi barədə sual yarandı. Bu da sual doğurdu ki, Şmideyə fəxri doktor adı verilibsə, təqdimetmə mərasimi Bonnda deyil, Bakıda keçirilməliymiş və Şmide də həmin çıxışı Bonnda deyil, Bakıda söyləməli, diplomu da Bakıda almalıymış.

Üç həftədir ki, məqalədə qaldırılan problemə əlaqədar qurumlar münasibət bildirməyib. Yenidən mövzuya qayıtmaq ehtiyacı duydum.

Fəxri doktor diplomunu təsdiq edən sənəd hazırda Almaniyada Şmidenin şəxsi arxivindədir və dostumuz Orhan Arasın araçılığıyla Şmidenin oğlu Hassan Şmide diplomun surətini bizə göndərdi.

Hans Peter Əhməd Şmideyə təqdim edilən fəxri doktor elmi adı "Elmin inkişafında, xalqlar arasında əməkdaşlıq və sülhü möhkəmləndirməkdə xidmətlərinə görə" Universitetin Elmi Şurasının qərarı ilə verilib və diplomu Bakı Dövlət Universitetinin o zamankı rektoru, professor Misir Mərdanov 1996-cı ilin 28 dekabrında imzalayıb.

Bonnda təqdimetmə mərasimində çəkilmiş fotoşəkillər də təsdiqləyir ki, diplomu və fəxri doktorlar üçün nəzərdə tutulmuş döş nişanını ona Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Hüseynağa Sadıqov təqdim edib.

Əhməd Şmidenin Bakı Dövlət Universitetinə 27 sentyabr 1997-ci il tarixli bir sorğusu olub. Məktubla müraciət edərək ona verilən fəxri doktor adının Almaniyada keçərli olub-olmaması ilə maraqlanıb. Həmin sorğuya cavab olaraq rektor Misir Mərdanovun 1997-ci ilin oktyabrında Hans Əhməd Şmideyə ünvanladığı məktub alman aliminin şəxsi arxivindədir: "Hörmətli Əhməd Şmide cənabları! Bakı Dövlət Universiteti Sizin Azərbaycan ədəbiyyatının tədqiqi, beynəlxalq miqyasda yayılması, Qarabağ problemi ilə əlaqədar Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsindəki xidmətlərinizi yüksək qiymətləndirərək, Universitet elmi şurasının qərarı ilə Sizə Universitetimizin fəxri doktoru adını vermişdir. Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, bu fəxri ad son illər Türkiyənin prezidenti mərhum Turqut Özala, doktor Cavad Heyətə, Tadeuş Svyataxovskiyə, İren Məlikovaya, Lütfi Zadəyə və başqalarına da verilmişdir. Bizim fikrimizcə, Bakı Dövlət Universitetinin fəxri doktoru adının bu və ya digər ölkədə təsdiq edilməsinə ehtiyac yoxdur".

Lakin görünür bunun təsdiq edilməsinə ehtiyac varmış.

Rektorun Şmideyə yazdığı məktubdan iki il sonra, 30 mart 1999-cu ildə Azərbaycan Respublikasının Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Hüseynağa Sadıqov belə bir sertifikat imzalayıb: "Sertifikat Almaniyanın aidiyyəti orqanlarına təqdim olunmaq üçün verilir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası təsdiq edir ki, Azərbaycan Dövlət Universiteti tərəfindən cənab Hans Peter Əhməd Şmideyə 28 dekabr 1996-cı ildə ədəbiyyatşünaslıq üzrə fəxri doktor adı verilib".

Sertifikat Azərbaycanın Almaniyadakı səfirliyinin rəsmi blankında yazılıb və səfirin imzası möhürlə təsdiqlənib.

Ötən yazımı, bir də indi bu yazını yazarkən Bakı Dövlət Universitetinin rəsmi saytına daxil olub fəxri doktorlar səhifəsinə yenidən nəzər saldım. Mərdanovun 1997-ci ildə Şmideyə ünvanladığı məktubda adı çəkilənlərin hamısı səhifədə var, amma Şmidenin adı və haqqı hələ də bərpa edilməyib.

Azərbaycan qarşısında xidmətlərinə görə, Şmidenin adı nəinki bir universitetin fəxri doktorları siyahısında yerini tutmağa, hətta daha artığına layiqdir.

Əvvəlki yazımda da xatırlatmışdım, Şmide İslam dinini qəbul etmiş Prussiya əsilli almandır. Bu fikri bir az da dəqiqləşdirməyə ehtiyac var. Şmidenin 1954-cü ildə islamı qəbul etməsinin əsas səbəbi xristianlıqdakı təslis anlayışını mənimsəyə bilməməsi və ən əsası isə ruhunu sarmış türklük sevdasıdır. Özü də bunu etiraf edib. Əhməd Şmide Avropada müsəlman missioneri kimi görünsə də, tutaq ki, Münhendə müsəlman icmasına rəhbərlik etsə də, humanitar islam təşkilatları qursa da, Quranı alman dilinə çevirsə də mühüm olan budur ki, onu İslama bağlayan səbəb hər şeydən əvvəl türklərin müsəlman olmalarıdır. "Türk kimi bir müsəlman" olduğunu etiraf edən, hətta az qala, türkləşmiş bir alman olan Şmide "Türkcə üzərinə" məqaləsində röyalarını da türkcə gördüyünü yazırdı."Bəzən röyalarımda türkcənin "T"-sını bilməyən anamla, atamla da türkcə danışıram".

1935-ci ildə Berlində doğulub, 2010-cu ildə Kölndə dünyasını dəyişən Şmide Azərbaycan naminə, eləcə də ədəbiyyatımızın təbliği üçün çox işlər görüb. Qarabağ problemi ilə bağlı həqiqətləri Qərb ictimaiyyətinə çatdıran alman mütəfəkkir Azərbaycanın Avropadakı danışan dili idi. Bəxtiyar Vahabzadənin "Dağlıq Qarabağ - İstək və Gerçək" məqaləsini 1990-cı ildə alman oxucularına çatdırmışdı. Ötən yazımda da faktlara istinad edərək xatırlatdığım kimi, burda çoxlarının yaxasını kənara çəkdiyi vaxtlarda Hans Əhməd Şmide Avropada Heydər Əliyev uğrunda dərin mücadilə vermişdi.

Azərbaycan ədəbiyyatının istər Almaniyada, istərsə də Türkiyədə təbliği, öyrənilməsi ilə bağlı elmdəki yeri nəinki Avropa bilginləri, bəzən heç Azərbaycan alimləri ilə də müqayisəyə gəlmir. Azərbaycan hələ 1970-ci illərdən onu Bəxtiyar Vahabzadənin dostu kimi tanıyıb. "Böyük alman alimi Hans Peter Şmidenin Heydər Əliyev uğrunda mücadiləsi" məqaləmdə ("Ədəbiyyat qəzeti", 14 yanvar 2023) yazdıqlarımı indi təkrar etmək istəmirəm. Amma əlavə edim ki, Şmide 1975-ci ildə Qərbi Berlində Azərbaycan nağıllarından ibarət "Der Hahn und der Padischah" ("Xoruz və Padşah"), yenə də Azərbaycan-türk nağılları toplusu olan "Die Versteinerte Stadt" ("Daşa dönmüş şəhər"), 2010-cu ildə "Unser Hodscha Nasreddin" ("Bizim Xoca Nəsrəddin") adlı kitabları almancaya çevirərək nəşr etdirib. Bu tərcümələr arasında ən mühümü təbii ki, "Kitabi-Dədə Qorqud"dur və Şmidenin Bakı Dövlət Universitenin fəxri doktoru seçilməsi də əsasən, Dədə Qorqudun kitabı ilə ilgili olmuşdu. "Kitabi-Dədə Qorqud"un tərcüməsini 1995-ci ildə Almaniyada "Dede Korkud's Buch" adı ilə nəşr etdirən Şmideyə görə "Dədə Qorqud real bir varlıqdır". Dədə Qorqudun real varlıq olduğunu irəli sürməklə, Avropada bu fikri yayğınlaşdırmaqla Şmide Oğuz türklərinə, Azərbaycan ədəbiyyatına, dilimizə, mədəniyyətimizə əvəzsiz xidmət göstərmişdi.

Molla Pənah Vaqif barədə geniş araşdırmanın müəllifidir. Çağdaş Azərbaycan ədəbiyyatına da biganə qalmayıb. Bəxtiyar Vahabzadənin Almaniya və Türkiyədə daha geniş ölçüdə tanınmasının səbəbkarı Şmide olub. 1975-ci ildə Vahabzadənin Almaniyada "Ich bin ein Sohn Aserbaidschans..." ("Mən azəri oğluyam"), Yenə Berlində, bu dəfə türk dilində "Açılan sabahlara selam!", 1990-cı ildə "Aus Karabag die Melodie..." ("Musiqim Qarabağdır"), 1993-cü ildə "Ürəkdədir Sözün Kökü" kitablarını alman və türk oxucularına təqdim etmişdir. Şmidenin "Açılan sabahlara selam" kitabına yazdığı ön söz, bəlkə də Bəxtiyar Vahabzadə barədə bu günə qədər yazılmış məqalələrin ən üstünüdür.

"Qızıl Rus və şahlıq İran istibdadı illərində Azərbaycan şeirindən nümunələr"dən ibarət "Zülmətdə vətən duyğuları" adlı müasir Azərbaycan şeiri antologiyası onun tərtibi, tərcüməsi ilə nəşr olunub... Hələ 1985-ci ildə Sabir Azərinin "Duman çəkilir" povestini alman dilinə tərcümə edərək Berlində çap etdirib, Türkiyədə nəşr olunan "İslam Ansiklopedisi" üçün Azərbaycanla bağlı maddələr qələmə alıb və s...

"Kitabi-Dədə Qorqud"un ön sözündə Əhməd Şmide tərcümə etdiyi abidənin dəyərini bu sözlərlə səciyyələndirirdi: "İstər Türkiyədə, istərsə də oğuzların əsas yaşayış və fəaliyyət sahəsi olan Azərbaycandan, hətta Orta Asyadan gələn türklərin qalabalıq sayda aramızda yaşadıqları bir zamanda, bugün da türk təməl fikir və davranış örnəklərini açması dolayısıyla türk düşüncə aləminin açarını təşkil etməsi səbəbilə "Dədə Qorqud" kitabı çox böyük əhəmiyyət kəsb edir... Dədə Qorqud real bir varlıqdır: İslamlaşma mərhələsində oğuzların həyat tərzı, türklərin bir millət olaraq xarakterini elə əsaslı olaraq biçimləndirmişdir ki, Dədə Qorqud və Qalın Oğuz Bəyləri aramızda yaşayan türklərin çağdaşı kimi qarşımıza çıxmaqdadırlar. Bu milli xarakterin gurultulu, təmtəraqlı şəkildə qarşımıza çıxmasına aldanmayaq: bütün bu "qan tökmə" və "baş kəsmə" hekayələrinin arxasında hikmətli, mərifətli qam/ozan Qorqud oturmuş, "şənlik çalar" və "Bəy Ərənləri", az, fəqət öz söyləyişi ilə, pəmbə buludlar arasında süzülüşdə ikən paçalarından yaxalayaraq təkrar "fani dünya"nın üzünə endirir. Geriyə qalan; dağlı-ormanlı vətənini, şərəfini, törəsini, inancını qərarlı bir biçimdə qoruya bildiyi qədər "həm yaşa, həm yaşat" prinsipinə üstünlük verən, zəifi qoruyan, dostluğun qədrini bilən və qadına toplumda layiq olduğu mövqeyi tanıyan bir millətin təqdim etdiyi tablodur."

Şmide etiraf edirdi: "Mənə elə gəlir ki, "Dədə Qorqud" kitabının bu tərcüməsi, indiyə qədər çevirmiş olduğum ədəbi əsərlər arasındakı əhəmiyyəti baxımından, mütərcim olaraq məslək həyatımın zirvəsini təşkil edir. Buna cəsarət etməkdəki qayəm, türk dostlarıma qarşı bəsləməkdə olduğum minnət borcumun kiçik bir qismini ödəməkdir" .

"Dədə Qorqud"un tərcüməsini məslək həyatının zirvəsi hesab etsə də, türk dünyasının Avropada daha dərindən tanınması üçün Şmidenin almancaya çevirdiyi əsərlərin, yazdığı kitabların, məqalələrin siyahısı genişdir: "Barbaros Xeyrəddin Paşanın Xatirələri", Seydi Əli Rəisin "Miratül-məmalik", Piri Rəisin "Kitabi-Bəhriyyə" əsərlərinin tərcüməsini öz vəsaiti ilə nəşr etdirmişdi və s...

Belə bir Şmidenin, Bakı Dövlət Universitetinin fəxri doktoru Hans Peter Əhməd Şmidenin adını haqq etdiyi siyahıda bərpa etmək doğrudanmı mümkün deyil? Mümkün deyilsə, səbəb nədir? Səbəb yoxdursa, niyə bərpa etmirik?

Şmide alim kimi də, ziyalı olaraq da kimliyini, türk sevdalısı olduğunu yetərincə aydın şəkildə sərgiləyən, bunu dərindən isbatlayan nümunələr meydana qoymuşdur. Gerisi isə bizlikdir. Şmidenin itirilən haqqını bərpa edə biləcəyikmi?..

Məncə, hər işi zamana buraxmaq o qədər də yaxşı hal deyil.

 

1 fevral 2023

 

Azər TURAN

 

Ədəbiyyat qəzeti.- 2023.- 4 mart.- S.14-15.