Dünya bir sirli nəğmədir
Gülhüseyn Kazımovun
özü və sözü üzərinə notlar
Tanınmış
şair və kulturoloq, filologiya üzrə fəlsəfə
doktoru Gülhüseyn Kazımovun "Şuşaya o qədər
yağış yağmışdı" şeirlər
kitabının fevralın 17-də AYB-nin Natəvan klubunda təqdimatı
oldu və biləndə ki, bu, artıq ikinci min ildir (!)
üzvü olduğu yaradıcılıq qurumunda müəllifin
ilk belə yığıncağıdır, təəccüb
elədim. Axı, söz konusu sıradan biri deyil, dörd ali məktəb bitirən, uzun illər
çoxsaylı dövlət işlərində
çalışan, bədii və kulturoloji olmaqla iyirmi
beş kitabı işıq üzü görən,
sayılıb-seçilən bir imzadır. Onun ünlü
maarifçi Əsgər ağa Goraniyə dair min bir çətinliklə
əldə elədiyi sənədlərə söykənən,
ədibin indiyəcən adı olub, özü əldə
olmayan "Qocalıqda yorğalıq" vodevilini ortaya
çıxaran "Qaranlıqdan işığa"
kitabı yetərdi ki, Natəvan klubunda yaxınlar-uzaqları
da başına yığıb, bir törən düzənləsin
və "zəhmətimə dəyər verin" desin. O isə
iyirmi dörd dəfə bunu eləməyib, əgər
yaxın çevrəsi - kitabın düzənçisi və
naşiri Turan İbrahim, redaktoru Kənan Hacı, eləcə
də qələm dostu Maşallah Məftunun təkidi olmasaydı,
bəlkə, iyirmi beşinci dəfə də eləməyəcəkdi.
G.Kazımlı Cəbrayılın Kovdar kəndində
anadan olub və "Şuşaya o qədər
yağış yağmışdı" kitabı şairin
öz ata yurdunun işğaldan azad edilməsinin birinci
ildönümündə Prezident İlham Əliyevlə Cəbrayılda
çəkdirdiyi foto ilə açılır. Fotoda cənab Prezident həmişəki
özünəməxsus təbəssümü, qətiyyət
və inamlı baxışları, Gülhüseyn müəllim
isə üzündəki məmnun, bir az
da yoğrun ifadəylə əbədiləşiblər. Bu qiymətli foto öz nəzakət və səmimiyyəti
ilə seçilən dövlət
başçımızın elm-sənət adamlarına
sayğısının ifadəsidir. Amma
söhbətə şəkillə başlamağım bu məlum
gerçəyi xatırlatmaq üçün deyil. Bəs, onda nə üçündür? Oxuyacağınız yazı öz mahiyəti
etibarilə bu sualın cavabından ibarətdir.
Seçiminə
qədər ziyalıdır və ziyalı xarakteri onun
haqqı yetən bir çox şeyləri əldə eləməsinə
az mane olmayıb. Bu məntiqidir
- xarakter varsa, insana mane olmalıdır. Bunu ustad şair
Məmməd Araz ilk şeirlərini yazan Gülhüseynə
uğurlu yol arzuladığı, Pedaqoji İnstitutun "Gənc
müəllim" qəzetində dərc olunan "Şeirin
dayaq nöqtəsi" adlı yazısında hələ 35
il öncə belə qeyd edirdi: "Arzu edirik ki, onun
özündən narazılığı, təvazökarığı,
özünə qapanıb qalmağa deyil, ağır zəhmətə,
yüksək poetik düşüncələrə xidmət
eləsin." Mənə elə gəlir ki, Gülhüseyn gənc
bir şair kimi o "dayaq nöqtəsini" hətta
ustadın özündə də tapa bilməyib və onun
sonralar şeirdən elmi-publisist fəaliyətə keçməsi
səbəblərindən biri, olsun ki, budur. Bu gün əlimizdə
olan isə "Şuşaya o qədər yağış
yağmışdı" kitabıdır və indi
giley-güzarı bir yana qoyub, əldə
olandan danışmaq istəyirəm.
***
Söz kökü üstə bitər və kitabdakı
şeirlər şairin həm folklor, həm divan şeiri, həm
də romantik poeziya ilə dialoquna işarələr edir. Bu, məntiqidir.
G.Kazımlı xalq dilimizin zənginliyini
özündə yaşadan, muğamın beşiyi olan
Qarabağda dünyaya göz açıb. Onun Şuşanın adını öz
kitabının sərlövhəsinə çıxarması
da mövzu arxasında gizlənmək, plakatçılıq,
şüraçılıqdan uzaq olub, qutsal muğam
beşiyimizə bir ömürlük
bağlılığın ifadəsidir və muğam səsləşən
şeir, qəzəl deməkdir. G.Kazımlı
təbiətcə romantik, duyğusal adamdır və poeziya
romantika deməkdir. Amma onun istər folklor,
istərsə də, klassikaya yanaşması
yaşadığı konkret zamanın mentallığlndan
doğan özünəməxsus səciyyə
daşıyır. Məsələn, xalq arasında hər
hansı arzuya çatmağın
mümkünsüzlüyünü göstərən
"yuxunda görərsən", yaxud "heç yuxunda da
görə bilməzsən" deyimlərini G.Kazımlı gənc
yaşlarında yazdığı bir şeirində poetik
yöndən belə emal eləyir:
Mən sənin
yuxunda ağlar, gülərəm,
Sən nə ağlamazsan, nə də gülməzsən.
Mən sənin
yuxuna xəlvət girərəm,
Məni yuxunda da görə bilməzsən.
"Yuxuna
girərəm"
Zahiri əksliyə baxmayaraq, "yuxunda görərsən"
və "heç yuxunda da görə bilmzəsən"
deyimləri mahiyətcə bir medalın iki üzüdür,
sadəcə, birincidə ironiya var. Şairin məsələyə
yanaşmasındakı özünəmxəsusluq da elə bu
ironiyadadır.
Aşiq mümkünsüz olduğunu
yaxşı bilə-bilə uşaqcasına "cahillik"
eləyib, məşuqun yuxusuna girməkdən
danışır - təcahüli-arifanəlik göstərir.
Çünki yuxu idarəolunmaz, qeyri-ixtiyari
psixoloji fenomen olduğundan, heç kəs hətta sevdiyi
adamın da yuxusuna öz istəyi ilə girə bilməz.
Odur ki, xalq deyimində başqasına yönələn
ironiya şeirdə müəllifin özünə şamil
olur, aqressiya öz yerini yumora verir, ironiya isə avtoironiya ilə
əvəzlənərək önəmli dərəcədə
yumşalır. İkincisi, müəllif
fiziki ilə psixolojinin sınırını keçir, yuxuya
girməkdən elə danışır ki, guya bir otağa, evə,
ümumən harasa gerçək məkana daxil olmaqdan söz
gedir. Nəhayət, əgər birinin
yuxusuna girmisənsə, o səni necə görməyə bilər?
Və sonucda bütün bu bədii yalanlar
oxucunun dodağını qaçırır.
G.Kazımlı klassik divan şeirinə də
epiqonçu kimi yanaşmır. Nəsimi
yazırdı ki, mənim sözümü "heç kimsə...
fəhm edə bilməz, bu quş dilidir, bunu Süleyman bilir
ancaq." G.Kazımlı isə nəinki quş, hətta
daşın da dilini bildiyindən söz açır:
Bir
qalanın divarları səhərə kimi,
Nağıl
dedi, nəğmə dedi, qəlbimə girdi.
Eston dilin
bilməsəm də, başa düşürdüm,
Qala dili, nağıl dili hər yerdə birdir.
"Tallin"
Qala dili,
nağıl dili, daş dili! Bunar gəlişigözəl
metafora, nağıl, əfsanə deyil. Daşın dili
sükutun, heç vaxt səsə çevrilməyəcək,
yatmış, dərin trans durumunda olan
düşüncənin dilidir və şairlik telepatik bir
qabiliyyətlə onu sezməkdən başlayır. G.Kazımlının fikrincə, bu hamının və
hər şeyin bir nöqtəyə cəm olduğu birliyin
(tövhidin!) dilidr. Amma şairin sovet
dönəmi üçün səciyyəvi materialist
dünyagörüşü tövhidin əsl qaynağı
olan metafizik sınırlara varmağa ona macal vermir. O,
başacan yox, daşacan, həqiqətəcən yox,
nağılacan gedir. Nağıl isə
metafiizik həqiqətin xalq yaddaşında deformativ rəmzi-simvolik
saxlancıdır. Qutsal Kitabın özünəməxsus
batini təfsirinə söykənən Nəsimi
"quş" deyəndə "səf-səf düzülən"
mələkləri göz önünə alır, durmadan
Quranı "zikr edən" bu metafizik varlıqların
dilində yazdığını bəyan edir (Qurani-Kərim,
"Əssəffat", 83; 1-2), əğyarın tənə
və təzyiqlərindən qurtarmaq üçün rəmzlərin
sətiraltı diliylə Allah-insanı vəsf elədiyinə
işarə edirdi. İntibah şairinin bədii
düçüncəsi insanın Allah və mələklərlə
bir olduğu metafizik, əbədi "zamana" və cənnətəcən
gedib çıxır. Çağdaş şair isə
adam dilində yazır, uzaqbaşı
daş dilində düşünür və onun
düşüncəsi tarixin və təbiətin
başlanğıcı olan daş dövrünəcən
gedir. Onun cənnəti daşın, quşun,
bir sözlə, təbiətin dilini anlamaq və varlıqla
özünün metafizik yox, təbii-tarixi birliyini, məkan-zaman
sınırlarındakı vəhdətini duymaqdan doğan mənəvi
zövqdədir. Simvolik dillə desək, o, Aristotelin
ünlü kitabxanasında fizikaya dair kitabları oxuyur,
metafizika bölməsinə isə keç(ə
bil)mir.
Arisitoteldən söz düşümşkən,
kökü antik filosofun "Estetika"sına gedib
çıxan bir haşiyə çıxmaq istəyirəm. Sənətin
elə bir paradoksal özəlliyi var ki, ustalıqla rəsm
edilmiş eybəcərlik də gözəlliyə
çevrilir. Bəxtiyar Vahabzadənin Mikelancelonun "Kədər"
heykəlinə həsr elədiyi şeirində dediyi kimi,
"özgəyə bir can verib İsaya sənət /
Ölü cəsədinin canszlığında!" Mən antik filosofun nəzəri fikrinin konkret təsdiqi
kimi bura üçüncü bir mövzunu da artırmaq istəyirəm
- hətta cəhənnəm səhnələrinin məharətlə
yaradılmış təsvirində belə cənnət
zövqü duyulur. Siz, yəqin ki, Dantenin
"Cəhənnəm"ini xatırladınız. Amma
mən gənc Gülhüseynin Leninqrad blokadasının dəhşətlərini
əks etdirən şeirindən, bütün tragik məzmunu
ilə yanaşı, bu şeiri düzüb qoşarkən
şairin keçirdiyi zövq qarışıq hiss-həyəcandan
danışıram:
O gecə
o evlər döyüşə girdi,
Gözünün qəzəbli yaşına imi.
O gecə
o evlər döyüşə girdi,
Vuruşdu sonuncu daşına imi.
"Dağılmış
evlərin monoloqu"
Təbiətin idillik mənzərələrinə
vurğun və gözəllik peşincə qoşan
G.Kazımlının şeirləri üçün romantik
ovqat səciyyəvidir. Təsadüfi deyil ki, kitabdakı
şeirlərdən biri romantik düşüncənin
başlıca simvolu olan ay işığına həsr olunub.
Aydındır ki, milli bədii fikrimizdə
romantizmin öz qızıl erasını
yaşadığı Cavid dönəmindən
G.Kazımlını onillər ayırırdı. O,
İkinci Cahan savaşı sonrasının cocuğu, kosmik
uçuş və elmi-texniki inqilab erasının gənci
olub və "yerə enməm də, səma şairiyəm"
kimi inadkar romantik kreododan uzaqdır. S.Vurğuna
xüsusi şeir ("Səməd Vurğun") həsr eləməsinə
baxmayaraq, sovet dönəmi poeziyamızın bayraqdarına məxsus
"inqilabi romantika" da ona yabançıdır. Hər halda, kitabda nə kommunizm idealı, nə də
onun "romantikasına" dair şeir yoxdur.
G.Kazımlının romantizmi öz zamanına
uyğundur.
O, ay işığını "müqəddəslik",
"ədalət", "məhəbbət" və
"gözəlliyin" rəmzi kimi mənalandırsa da,
elmi-texniki inqilabın sürətli
sıçrayışıyla klassik romantik idealların aradan
qalxması onun nəzərindən yayınmır. İnsan Aya enir və bu səma gözəlinin Yerdən
nurlu görünən çöhrəsindəki ləkələri
bütün genişliyi, çala-çökəkləri
bütün dərinliyi ilə görür. Sən demə, Nizami düz deyirmiş, "ayı
gendən görmək daha yaxşıymış." Amma şairin texnogen erada ay işığına sədaqətini
qoruyub saxlayan tənhaları, təkləri ürək
ağrısı ilə xatırlaması da gözdən
qaçmır. Romantik idealların dirilməsiylə
bağlı arzularının bütün şiddətinə
baxmayaraq, şeir müəllifinin ağlı və qəlbi
arasındakı qarşıdurma heç-heçə
quratrır - o, ağlı ilə pealist, qəlbiylə
romantikdir. Və beləcə, gələnəksəl
romantizmə məxsus hiperbolizm, yerlə-göylə əlləşən
mübaliğələrin "iynəsi vurulur", yüksək
romantik doza şairin yaşadığı, bəzən məişət
detallarınacan öz ifadəsini tapan konkret zamanın etkisi
altında bəlli ölçüdə aşağı
düşür və müəllifi "neoromantikə"
çevirir.
Ay
işığı bir adama borclu qalmayıb,
Heyif, ona saf inamı sındıranlar var.
Elkektrik
işığına pulu olmayıb,
Öz evində ay işığı yandıranlar var.
Burda daha bir haşiyə çıxmaq istəyirəm. İnsan
psixologiyasına məxsus bir yön var ki, o özünü -
kənara çıxanda, hər şeyi - qıraqdan baxanda
bilir. 60-cı illər 40 illik kommunist cəfəngiyatından
sonra fərdi və milli anlamda özünüdərkə
başladığımız dönəm idi - kəndimizə
qayıdırdıq! G.Kazımlı nə qədər "Ey
uzaq səfərlər, muradım, kamım/ Keçin arzu kimi,
keçin qəlbimdən/ Nə vaxtı mən sizi
arzulamadım/ Bilin ki o zaman qocalmışam mən/ - desə də,
Hötenin ev muzeyi, Drezden şəkil qalereyası, Praqa, Tallin,
Karlovı Varıya şeirlər həsr eləsə də,
daxilən həmişə vətəndədir: Zaqrebdə
Bakını, Tümendə Fərman Salmanovu yada salır;
sonucda fikrən, ruhən (baş)kəndimizə
qayıdır:
Doğma
Bakı yağış kimi durulmaq üçün,
Nəğmə olub hər küçəndə axmaq gərəkmiş.
Doğma
Bakı səni sevmək, vurulmaq üçün,
Sənə
bir az ayrılıqdan baxmaq gərəkmiş.
"Doğma
Bakı"
Və
öz uşaqlığını, gəncliyini əbədi itirdiyi
("Çox uzaqda kiçik bir kənd", "Doğma
yerlər") dəyirmanı ("Köhnə dəyirmanda
keçən bir gecə"), yolu ("Kənd yolu"), otu
("Biçilmiş ot"), üzümü ("Kavdar
üzümü"), çayı ("Araz vadisində"),
quşu ("İsaq-musaq quşları"), insanı ("Kənd
müəllimi") ilə birlikdə dünyaya göz
açdığı Kavdar kəndinə dönür. Bununla
da, öz dövri-aləm səyahətini başa vurur, əvvəllə
axır birləşir, çevrə qapanır:
Çox
erkən yaşımda çıxdım yollara,
Uzaqlar gözümə yaxın göründü.
Məni
öz kəndimdən aparan yollar
Axırda yenə də kəndimə döndü.
"Kavdar
kəndi"
Şair üçün unudulmaz xatirələrlə
bağlı olduğu doğma yerlərin otuz illik
ayrılıqdan sonra azad edilməsinin, onun cənab Prezidentlə
birlikdə çəkdirdiyi fotoda üzündəki məmnunluq
və yorğunluğun nə demək olduğu bu şeirlərdən
sonra tam aydın olur. Doğma torpaqların geri qaytarılması ilə o,
"körpə dincliyi", "uşaq nadincliyi",
"ömrün gəncliyi"nə, bir sözlə, "əsl
həyata" qayıdrıdı - məmnunluğu bundan irəli
gəlirdi. Amma o, bu günü 30 il
gözləmişdi - yorğunluğu isə bundan doğurdu.
***
Dünyada olan hər şeyin və hər kəsin, o
sıradan hər şairin iki koordinatı var - məkan və
zaman. G.Kazımlının məkan koordinatı onun kəndidir.
Bəs, zaman? Onun bir insan kimi
formalaşması 60-70-ci illərə - özünüdərk
və özünəqayıdışdan doğan
oyanış dönəminə düşürdü. Şeirlərindəki hər cür kədəri
yuyub aparan bahar ovqatı, sevinc duyğusu, həyat nəşəsi
də bu oyanışdan doğurdu. Şeir
sehrli çubuq kimidir, onu kədərə toxundurub, sevincə,
payıza, qışa vurub, bahara çevirmək olar.
Şairin təkcə kənddə müəllimlik edən
qardaşı İslam deyil, özü də bu sirlə-sehrlə
dolu şeir havasında bütün fəsilləri bahar bilir:
Günəş
doğar yer üzünə, şəfəq saçılar,
Bahar bilər fəsillərin hamısını o.
Səhər-səhər
gözlərində günəş açılar,
Açıb girər bir sinifin qapısını o.
"Kənd
müəllimi"
Kitabların fəsilləri, hər şairin isə bir fəsli
olur. Baharda doğulan S.Vurğunun poetik fəsli bahar, yayda
doğulan Puşkininki isə payız idi. İndi
poeziyamızda payız ovqatı dəbbədir. Xalq Yazıçısı Elçin bu mövzuya həsr
elədiyi məqaləsində çağdaş şeirimizdəki
payız ovqatını hər cür kədərin
yasaqlandığı sovet dönəminin
çöküşündən sonra ümumbəşəri
dünya kədərinə qayıdış kimi mənalandırır.
G.Kazımlının zamanı isə
bahardır və bu, "işıqlı gələcəyə"
dair kommunist optimizmindən doğmur. Çünki
onun poetik baharı da, bədii kəndi də siyasi-ideoloji
deyil, fərdi-psixoloji səciyyə daşıyır. Kənd və bahar onun daxili cənnətinin iki
göstəricisidir və bir-birindən ayrılmazdır -
bahar onun kəndi, kənd baharı, ikisi bir yerdə kəndisi,
özüdür. Məhz içindəki
bahar havası hesabına onun şeirlərində
(ömürlük!) ayrılığın özü belə
zərif, akvarel hüzn qarışıq nikbin auraya
bürünür. O dərəcədə ki hətta
"ayrılıq" sözünə mətndə yer
qalmır, o "sən bir nağıldasan, mən bir
nağılda" şəklində daha yumşaq, daha
evfemistik ifadə forması alır:
Nağıla
bənzəyir o ilk görüş də,
Yaşar təmiz hissdə, uzaq xəyalda.
Nağıla
köçmüşük biz özümüz də,
Sən bir nağıldasan, mən bir nağılda.
"İki
nağıl"
Kitabda
payız sözü bir neçə ("İlk payız...
ilk durna qatarı", Payızın
qızıl çağı", "Payız səxavəti",
Payız nəğməsi") bahar isə cəmi bir dəfə
("Bahar havası") başlığa çıxır. Amma "Bahar havası"nda sözün birbaşa
anlamında bahardan yox, qışdan söz gedir.
"Musiqi çalınırdı/ Dünya ağappaq
qardı/ Pəncərədən o yana/
Qış almışdı hər yanı/Pəncərədən
bu yana/Bahar havası vardı"/ deyən şair
çöldəki yox, içəridəki bahardan,
özü də otağın içindəki yox, can evindəki
bahardan, subyektiv fəsildən danışır. İkincisi, hansı fəsildən
yazırsa-yazsın, G.Kazımlının şeirlərində
daxili zaman bahar havası üstə köklənir. Bu
köklənmənin hesabına məkan anlayışı
keyfiyyətcə çevrilməyə uğrayır, qürbət
doğmalaşır, baharın ardınca qoşan durnalar
özlərini dünyann heç yerində qərib hiss etmədiyi
kimi:
Çox
eldə dost kimi qanad saxlayar,
Qayğı da, qırğı da görüb durnalar.
Bir
ömrü yüz yerdə yaşasalar da,
Olmayıb heç yerdə qərib durnalar.
"İlk
payız... ilk durna qatarı"
Diqqət
eləsək, bu parçada bədii fikir üç dəyişməyə
məruz qalır: qayğı və qırğı daxili
qulaq qafiyələri olmaqla zahirən səsləşir, bir
misraya düzülürlər - bu, tezisdir; qayğı məhəbbət
və nəvazişi, qırğı isə ölüm və
aqressiyanı işarələməklə təzad yaradır,
antoqonizmə çevrilirlər - bu, antitezisdir; bahar
eşqinin, bahar həsrətinin olduğu yerdə təzad
aradan qalxır, hər yer dost elinə çevriilir - bu,
sintezdir. Hər dəfə yeniləşən
fikir, sonucda barış ünvanına gəlib
çıxır, əksliklərin mübarizəsi öz
yerini onların vəhdətinə verir. Bu,
metafizik vəhdətin şair düşüncəsindəki
doğal ifadəsidir. Şair bu vəhdətin yerdəki
işarələrini görsə də, klassik divan şairlərindən
fərqli, işarələrdən o yana keç(ə
bil)mir. Bu, əlbəttə ki, G.Kazımovun
"suçu" olmaqdan daha çox taleyi idi. Onun
doğulduğu, təhsil və tərbiyə
aldığı sovet dönəmində ictimai şüurun
bütün sahələrində olduğu kimi, bədii
düşüncənin də "ana təbiətdən"
o yana gedən yoluna materialsit
düçüncənin qadağanedici nişanı
qoyulmuşdu. Bu yoldakı işıqforun yalnız bir
işığı varıydı - qırmızı!
***
Mən yuxarıda "...G.Kazımlının şeirlərində
daxili zaman bahar havası üstə köklənir" deyəndə
"köklənmək" sözünü təsadüfən
işlətməmişdim, çünki onun şeirləri
musiqilidir və o, nəğməkar şairdir. Bunu deyəndə onun
şeirlərinə Ş.Axundova, O.Rəcəbov, A.Rzayev, N.Məmmədov,
S.Fərəcov kimi ünlü bəstəkarların 30-dan
çox mahnı bəstələdiyini, musiqi xadimlərinin həyat
və yaradıcılığından bəhs eləyən
çoxaylı kitablara imza atdığını, Muğam Mərkəzində
yubiley tədbirlərinə vaxtaşırı aparıcılıq
elədiyini, ən nəhayət, muğam-sənət
vurğunu olduğunu göz önünə almaqla
yanaşı, əksər şeirlərinin formaca olmasa da,
mahiyətcə nəğmə olduğunu vurğulamaq istəyirəm.
Təsadüfi deyil ki, "Bahar" və "kənd"lə
yanaşı "nəğmə" onun poeziyasında
üç açar sözdən biridir. Onun poetik
dünyasında "durna qatarları mahnı kimi axıb
gedir", "gecə nəğmə kimi əriyir",
"yol kənarındakı tək çinar", hətta
gururltulu "qatar relsləri" belə müğənni,
"küləklər bəstəkardır":
Küləkdə
bəstəkar barmaqalrı var,
Yazır bir nəğməni neçə budaqda.
Yellənə-yellənə
bir yarpaq düşür,
Saralmış hüsnünə baxır bulaqda.
"Payız
nəğməsi"
Şübhəsiz ki, bu cür təşbeh və
metaforalara çoxlu sayda digər şairlərdə də
rast gəlirik.
Amma G. Kazımlının dünyaduyumunda musiqi
anlayışını şablonlaşmağa qoymayan bir fərqləndirici
özəllik var - panmuzıkalizm. Yəni
hara baxırsa, nəyi görürsə, musiqi səsləri
eşidən şair üçün hər şey sadəcə
nəğmə oxumaqla qalmır, bütün varlıq, hətta
sükutun özü də sirli bir nəğmədir, hətta
lal daşlarda da nəğmə uyuyur. Nəğmə,
musiqi, səs təbiətin hər il yenilənən dialektik
yaşam ritmi, əzəli və əbədi dövriyyəsi,
yerin altından vurub, üstündən çıxan həyatverici
qüvvə, həm payız, həm də bahar, həm
ölüm, həm də qalımdir. Ruhu muğamla
aşılanan qarabağlı şairin belə düşünməsi
təbiidir:
Uzun gecələrin
yaddaşı kövrək,
Çaylar həzin-həzin bayatı çəkir.
Baharda təzədən
göyərmək üçün
Payız, nəğmələri torpağa əkir.
"Payız
nəğməsi"
"Şuşaya
o qədər yağış yağmışdı"
kitabında yaddaqalan, orijinal bədii təsvir və ifadə
vasitələrinə az rast gəlmirsən.
Şairlərin öz ürəyini tərənnüm
eləməsiylə hər addımda üzləşirik, amma
insan qəlbinin səmimiyyəti və təvazö
duyğusunu "Palazı pambıqdan, yorğanı çitdən
/ Sadə evimizə bənzər ürəyim" şəklində
ifadə eləmək dünyada, yəqin ki, yalnız
G.Kazımlıya məxsusdur. Duman
haqqında "dağı dolanar. qiyamət,
... yola sallanar, cinayət olar" (Qabil) deyə baxış
bucağını tam əksinə dəyişməklə
çox yazılıb və yaxşı da yazılıb. Amma
oxucunu anidən yaxalayan bu rakurs dəyişkənliyi "Elə
bil, dumanda bitib zirvələr/ Ya da zirvələri
duman qaldırıb/" deyən G.Kazımlıda daha gözlənilməzdir
və mənə Tarkovskinin "Solyaris" filminin qəfil
finalını xatırladır.
Füzulidən tutmuş R.Rza, V.Səmədoğlu,
R.Rövşən, V.B.Odər, İ.Qəhrəman, S.Sarvan,
Q.Ağsəs və S.Babullaoğluna qədər əksər
şairlər tənhalıqdan yazıb. G.Kazımlı
öz təbii inancına uyğun olaraq təkliyi bir armud
ağacının naturasında rəsm edir. U.Uitmenin çöldə bitən tək ağac
haqqında ünlü şeirini yada salan "Armud
ağacı"nda da ağacın kosmik və antropomorf portreti
yaradılır. Mən armud
ağacını cənnətdəki Tubanın dünyəvi
işarəsi kimi anladım və mənə elə gəlir
ki, o elə məhz tək olmalıdır. Şair isə
ona yerlə göyü birləşdirən mifik dünya
ağacı, göydən yerə enmiş romantik gözəlliyin
son nişanəsi kimi baxır və bundan kədərlənir:
Axşamlar
-
Ulduzlarla
gözənmiş
Gecə
paltarını çəkib əyninə,
Baş
qoyub ulduzların çiyninə,
Yatar yək armud ağacı.
Bu qərib,
bu tənha görkəmiylə
Düzənlərin
boz görkəmini
Bəzər tək armud ağacı.
Bu qərib,
bu tənha görkəmiylə
Qırılıb
tükənmiş bir meşə nəslinin
Son
yadigarına
Bənzər tək armud ağacı.
Bəzi şeirlərindəki bu romantik kədərə
baxmayaraq, G.Kazımlı nikbin şairdir və onun həyatsevərliyinin
məkan kodu dünyaya göz açdığı
Qarabağdır. Bu nikbinlik bəzən Qarabağ elatı
üçün səciyyəvi yumor, zarafat, baməzəliyə
çevrilir:
Yüz nəğmə
oxudu çarxlar bir anda,
Qaldı uzaqlarada neçə bərə-bənd.
Biz əsgər
gedirik, bir həftə sonra
Məktub yağışına düşəcək bu
kənd.
"Biz əsgər
gedirik"
Bəzən isə bu yumor "Elə dolanıram/
Havalı kimi/ Sərxoş xanənədinin/ Qavalı
kimi", yaxud da "Maşınlar çoxdan ötüb/
Axşamdır soyuq düşüb/ Dayanmışam
küçədə/ Yadıma toyum düşüb"/
şəklində, Molla Nəsrəddin sayağı
avtoironiyaya qədər gedib çıxır və toy, qaval, bir
sözlə, musiqi söhbəti yenə də şairin məkan
kodundan gəlir.
Və nəhayət,
adı kitabın başlığına çıxarılan
"Şuşaya o qədər yağış
yağmışdı" şeiri:
Qəfil
günəş doğdu, gözüm qamaşdı,
Yolları
yoxuşdu, enişdi Şuşa!
Şuşaya
o qədər yağış yağmışdı,
Yuyulub
şüşəyə dönmüşdü Şuşa!
Əgər
O.Suleymanov, yaxud E.Z.Qaraxanlıdan söz getsəydi, bir bənddə
15 dəfə təkrarlanan "ş" səsinin
yaratdığı nəğmənin misrabaşı
alliterasiya üstündə qurulan əski türk şeiriylə
səsləşdiyini deyərdim. Söhbət
G. Kazımlıdan getdiyindən bunu demirəm, çünki
bir-iki istisnanı çıxmaqla, milli poetik
yaddaşımız şeirimizin min illərin o üzündə
qalmış əski çağlarını unudub. Bu şeirdə "nəğmə" sözü
yoxdur, əvəzində nəğmənin özü var.
Yağış sularının öz yaş barmaqlarıyla
toxunduğu təbiətin notları kitabda ilk və son dəfə
məhz burda səslənir, nəğmə düşüncədən
maddəyə, sözdən səsə keçir, dillənir,
əyaniləşir. Mən bunu varlığın əsasında
duran, mahiyəti bizə indiyəcən açılmayan və ta qiyamətəcən
açılmayacaq nəsə sirli bir nəğmənin ani səslənişi
kimi anlayıram. O səs məni eşidin deyir!
Əsəd
CAHANGİR
Ədəbiyyat qəzeti.- 2023.- 4
mart.- S.16-17.