"Ovuc - yarpaqlar sevgi izi kimi..."

 

Şeirlərini Tatyana Sivetsin, Yuliya Aleyçenkonun və Nikolay Şaboviçin tərcüməsində oxuduğum Azərbaycan şairi Məhəmməd Hacıyev bir oxucu kimi mənim üçün keçən ilin əsl kəşfidir.

İstedadlı tərcüməçilərin çevirdiyi sətirlər müəllifin orijinal bədii təfəkkürünü, poeziya inamına can atan yaradıcılıq həvəsini göstərir və bu həvəs oxucuya ötürülür.

 

Yağışdan islanmış skamyaların

tənhalığı var bir də -

Baxışı uzanar, qanı qaralar.

Ayağına sırmaşan

Alov dolu sarmaşıq

Saraldıqca saralar.

 

Çinar üstünə tökər yarpaqlarını

təsəlli kimi,

Sevişər skamyanın sinəsində

Bir cüt yarpaq.

Öpüşər, sevişər, qoxlaşarlar.

Sevinər skamya.

 

Qeyd etmək istərdim ki, Tatyana Sivets Leyla Əliyevanın da kitabını belarus dilinə tərcümə edib, Belarusda çap edilən müasir Azərbaycan poeziyası antologiyasının tərtibində əsərlərin tərcüməsində mühüm rol oynamışdır.

Tatyana Sivets Bakıya səfəri zamanı Azərbaycan poeziyasının nəfəsini, rənglərini, dərinliyini kəşf etmiş qələm sahibidir.

Məhəmməd Hacıyev öz məhəbbətindən yazır belə bir təəssürat yaranır ki, onun mülahizələri oxucunun dünya haqqında təsəvvürünün bir hissəsidir, hansı ki, insana böyük sevgiylə verilir.

Bəzən şeirlər müəyyən bir təcrübəni təsvir edir, lakin hər dəfə bu təcrübənin şəkilləri fəlsəfə, insan azadlığının dərk edilməsi ilə birləşdirilir.

Bu, şeirləri yüksəldir, onlara estetik çəki verir.

Gözümə ilk dəyən nədir?

Şairin kədəri, ağrı-acını bədiiləşdirmək bacarığında qeyri-adi bir güc var.

Hətta Marina Tsvetayevanın, Yevgeniya Yanişitsin, Anna Axmatovanın, Raisa Borovikovanın fərqli lirik yaşantıları da yada düşür.

Bəli, oxuyacağınız kitabda şair sevgidən, hisslərdən yazır, ancaq, gənc kimi yox, sərtləşmiş, zaman-zaman hisslərin itkisində bərkimiş bir kişi kimi.

Məhəmmədin şeirlərində saysız daxili, gizli məzmunlar var. Poetik misralar hər birimizə xas olan bəzən sevinc, bəzən qəm bəxş edən ürək ağrılarına zərif işıq saçırlar.

 

Nədir ki həsrət dediyin?!

Bir az ölüm, bir az sağlıq.

Gedəndə "Sağol" demişdin -

Sevgimizə üzrxahlıq.

 

Yerdəkilər anlamadı,

Göylərə dedim sözümü.

Bir yol qırılsın güzgülər,

Bircə yol görüm özümü.

 

Gənc Azərbaycan şairi şübhəsiz ki, çaşqın, dumanlı müasir Belarus poeziyası üçün bir örnəkdir.

Məhəmməd hər bir əsl söz sənətkarı kimi özünü axtarır, ən çətin kədərli sınaqlardan keçir.

 

Məni buralarda sevən olmadı,

Uzaqda bir ümid bəsləyənim var.

Gecələr yuxuma girən olmadı;

Gecələr yuxuda səsləyənim var.

 

Bir qarış dünyadı könlümü sıxan,

Hər şey gözlərimdə qarma-qarışıq.

Sevgidi üzümdən gülüşü yıxan,

Qəlbimin başından parlayan işıq.

 

Qəriblik sarmaşıb dodaqlarıma,

Boy verir həsrətim hey saçaq-saçaq.

Bilirəm, azacam o yolda, izdə,

Məni uzaqlara kim aparacaq?!

 

Bir neçə il əvvəl Minskdə "Zvyazda" nəşriyyatında azərbaycanlı şair Çingiz Əlioğlunun şeirlər kitabı çapdan çıxıb.  Şairin əsərlərini belarus dilinə Naum Qalperoviç, Nikolay Metlitski, Viktor Qordey, Ales Yemalyanov, Raqned Malaxovski, Oksana Yuşkeviç, Tatyana Sivets tərcümə ediblər.

Demək olar ki, on il keçdi - burada Azərbaycan poeziyası ilə Belarusun yeni görüşü!

İnanıram ki, Minskdə yaşayan gənc şair Məhəmməd Hacıyevin kitabı Belarus-Azərbaycan ədəbi əlaqələrinin daha da genişlənməsi ciddi inkişafı üçün bir təkan olacaqdır.

Belə bir kitabla, Belarusa bir o qədər yaxın olmayan Azərbaycanın poeziyası yaradıcı Belarus tələbələrinin, gənclərinin diqqət dairəsinə mütləq çatmalıdır.

Belə olacaq!..

 

Belarus Yazıçılar Birliyinin sədri

Ales Karlyukeviç

 

Ədəbiyyat qəzeti.- 2023.- 4 mart.- S.20.