Milli ədəbiyyatşünaslığın
sanballı siması
Süleyman Təkinərin
"Seçilmiş əsərləri" haqqında
Azərbaycan
Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu Elmi Şurasının müvafiq qərarına əsasən,
Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin
hazırladığı "Azərbaycan mühacirət ədəbiyyatı
kitabxanası" seriyasının növbəti - VI cildi -
Süleyman Təkinər "seçilmiş əsərləri"
bu yaxınlarda işıq üzü görmüşdür. Bundan əvvəl
seriyadan "Məhəmməd Əmin Rəsulzadə. Mühacirət
dövrü ədəbi-elmi irsindən seçmələr"
(Bakı, "Elm", 2016, 386 səh.), "Ceyhun Hacıbəyli.
Seçilmiş əsərləri"
(Bakı, "Elm", 2017, 368 səh.), "Səlim Rəfiq
Rəfioğlu. Füzuli" ( Bakı,
"Elm və təhsil", 2019, 440 səh.), "Teymur Atəşli.
Seçilmiş əsərləri"
(Bakı, "Elm və təhsil", 2020, 336 səh.) və
"Alazan Baycan. Seçilmiş əsərləri"
(Bakı, "Elm və təhsil", 2021, 204 səh.) nəşr
edilmiş, oxucular və elmi ictimaiyyət tərəfindən
rəğbətlə qarşılanmışdır.
Akademik
İsa Həbibbəylinin baş redaktor olduğu
"Süleyman Təkinərin seçilmiş əsərləri"ni
ilk mənbələr əsasında tərtib edən, ön
söz və qeydlərin müəllifi filologiya elmləri
doktoru Nikpur Cabbarlı, cildin məsul redaktoru filologiya elmləri
doktoru Abid Tahirlidir. Kitabın "Ədəbi proses"
adlı hissəsinə S.Təkinərin ədəbiyyatşünaslığa
dair 12 məqaləsi, "Azərbaycan mühacirəti"
adlı hissəsinə mühacir soydaşlarımızın
həyat və fəaliyyətinin
işıqlandırılmasına həsr olunmuş 7
yazısı, bacısı qızı Rənaya məktubları
və "İstiqlalımızın ilk qurbanı bən"
adlı müsahibəsi daxil edilmişdir.
Azərbaycan mühacirətinin tanınmış
nümayəndələrindən Süleyman Təkinər
(Süleyman Məhəmmədəli oğlu Məmmədov)
1917-ci ilin aprelin 16-da Bakının Mərdəkan qəsəbəsində
anadan olmuşdur. Bakıda ilk və orta ixtisas təhsilinə yiyələnən
Süleyman 1930-1933-cü illərdə Bakı Pedaqoji Məktəbində
oxuyur, sonra təhsilini Azərbaycan Pedaqoji İnstitutunda davam
etdirir və 1939-cu ildə ali məktəbi
bitirərək 1940-cı ildən 1942-ci ilə kimi Gəncə
Müəllimlər İnstitutunda müəllim kimi
çalışır. Bu arada o, ailə həyatı
qurur. İkinci Dünya müharibəsinin ən
qızğın dövründə - 1942-ci ildə Süleyman
hərbi xidmətə çağrılır və ön cəbhəyə
göndərilir. Bir müddət sonra
üzünü heç vaxt görə bilmədiyi
övladı - Akif dünyaya gəlir. 1943-cü
ildə almanlara əsir düşən S.Təkinər
Türküstan legionunda Qızıl Orduya qarşı döyüşür.
Müharibə bitdikdən sonra o, İtaliyada,
Misirdə yaşamağa məcbur olur, 1949-cu ildən isə
Türkiyədə məskunlaşır. 1950-ci
ildə ikinci dəfə ailə həyatı quran S.Təkinərin
Qədriyyə Saqun ilə izdivacından Mehmet İldəniz və
Leyla Firəngiz adlı övladları dünyaya gəlir.
1951-1956-cı illərdə Türkiyə Milli
Kitabxanasında elmi işçi kimi çalışan S.Təkinər
1956-cı ilin martından Münhendəki Sovetlər Birliyini
Öyrənmə İnstitutunda işləməyə
başlayır, eyni zamanda "Azadlıq" radiosu ilə
sıx əməkdaşlıq edir.
Azərbaycan öz müstəqilliyini ikinci dəfə
qazandıqdan sonra S.Təkinərə 1992-ci ildə Vətəni
ziyarət etmək nəsib olur. Bütün varlığı ilə
doğma yurda bağlı olan və həyatı boyu istiqlal
uğrunda ideoloji mübarizə aparan mücahid 2006-cı il dekabrın 16-da Münhendə vəfat edir. Onun nəşi Türkiyəyə gətirilir və
S.Təkinər İstanbulun Qaraca Əhməd məzarlığında
torpağa tapşırılır.
Elmi-nəzəri
məsələlərə dərindən bələd olan, ədəbi
mühiti və ədəbi prosesi diqqətlə izləyən
S. Təkinərin irsini mövzusuna görə
aşağıdakı kimi təsnif etmək olar:
- Azərbaycanda
ictimai, ədəbi-fəlsəfi fikir tarixi, inkişaf mərhələləri
və klassik irsin yaradıcıları ("Azərbaycanda
fikir hərəkatları", "Cəlil Məmmədquluzadənin
25-ci ölüm yıldönümünə həsr edilən
bir məqalə münasibətilə", "Azərbaycanın
mağdur ünlü şair-dramaturqu Hüseyn Cavid" və
s.);
- Sovet ədəbiyyatı
nümunələrinin mövzusu, ideya- istiqaməti, inkişaf
meylləri ("Azərbaycan sovet ədəbiyyatının
bugünkü mənzərəsini əks etdirən bir tənqid
yazısı münasibətilə", "Sovet Azərbaycanında
tənqidlərə hədəf olan bəzi şeirlər
üzərində incələmələr", "Azərbaycan
sovet ədəbiyyatında müqavimət hərəkatının
milli xarakteri", və s.);
- Sovet ədəbiyyatşünaslığının,
sosrealizmin ("məzmunca sosialist, formaca milli" tələbinin)
tənqidi ("Azərbaycan sovet ədəbiyyatının bugünkü
mənzərəsini əks etdirən bir tənqid
yazısı münasibətilə", "Sovet Azərbaycanında
tənqidlərə hədəf olan bəzi şeirlər
üzərində incələmələr", "Azərbaycan
sovet ədəbiyyatı tarixi" və s);
- Milli hərəkat
və istiqlal mücadiləsi qəhrəmanlarının həyat
və fəaliyyəti ("Millət hizmətində keçən
70 yıl", "Azərbaycan istiqlalının böyük
mücahidi". "Əkbər ağa
Şeyxülislam", "Ünlü bir mücahidin, əziz
bir dostun ardından" və s.).
"Süleyman Təkinərin seçilmiş əsərləri"nə
salınmış "Azərbaycanda fikir hərəkatları"
adlı irihəcmli məqaləsi, Münhendə mühacirlərin
nəşr etdikləri "Kafkasya" dərgisinin 1952-ci ildə
buraxılan bir neçə nömrəsində dərc
edilmişdir.
Üç hissədən ibarət məqalənin I hissəsində
müəllif Azərbaycanda ictimai, ədəbi fikir həyatının
"Dədə Qorqud" dastanından üzü bu yana
formalaşmağa başladığını, sonralar Təbrizli
Qətran, Nizami Gəncəli, Xaqani Şirvani, Fələki
Şirvani, Müciri Beyləqani və Əbülüla Gəncəvi
kimi nəhəng şəxsiyyətlərin yetişdiyinə
diqqəti çəkir, Məhəmməd Əmin Rəsulzadənin
"Azərbaycan şairi Nizami" adlı əsərinə
istinad edərək qüdrətli fikir adamının
yaradıcılığının əsas məziyyətlərini
qeyd edir, Nəsimi, Füzuli, Xətai, Həbibi, Vaqif, Vidadi
kimi söz ustalarının "türk ədəbiyyatı,
sənəti və fikriyyatının müxtəlif sahələri
üzərində müəssir" olduqlarını vurğulayır.
Yazının
II hissəsində Avropadan genişlənən milliyyətçilik,
maarifçilik, insan haqları və demokratik dəyərlər
uğrunda mücadilənin XIX əsrdə tədricən Azərbaycana
da yayıldığını nəzərə
çatdıraraq yazır: "Mahud rus istilası ilə
birlikdə, sonralar istiqlal mücadiləsi gibi şərəfli
bir davanı ələ alaraq, azəri türkünün
müstəqbəl istiqlalını hazırlayacaq mütəfəkkir
bir zümrə də doğmuşdu. Bu zümrə,
azəri türkünün kültür səviyyəsini
yüksəltmək, milli mətbuatı yaratmaq, milli lisanı
qüvvətləndirmək və xalqı milli ruh və tərbiyə
ilə yetişdirməklə mükəlləf
bulunuyordu". S.Təkinər M.F.Axundzadə, Həsən
bəy Zərdabi, Abbasqulu Bakıxanlı Qüdsinin əsərlərinin,
o dövr mətbuatının-"Əkinçi",
"Ziya", "Ziyayi- Qafqaziyyə", "Kəşkül"
kimi nəşrlərin milli məfkurənin formalaşmasındakı
rolunu yüksək dəyərləndirir.
"Məhkum Şərq millətlərinin həyatında
bir dönüm nöqtəsi olan 20-ci yüzyıl, azəri
türkü üçün də uğurlu oldu. Azəri
türkünün istiqlalını təmin etmiş olan milli
maarif və mədəniyyət prinsipləri ilə milli
qurtuluş hərəkatı prinsipləri, iştə, bu
sıralarda formullaşıyordu. Sürətlə gəlişmə
qeyd edən bu hərəkatlar, məmləkəti iqtisadi və
siyasi basqı altında bulundurmaqla iktifa etməyən müstəvli
rusun qüvvətə baş vurmaq yolu ilə milli hərəkatları
boğaraq tətbiq etdiyi milli varlığı imha siyasətinin
təbii bir reaksiyonundan ibarət idi" - məqalənin III
hissəsini bu cümlələrlə başlayan müəllif
Azərbaycanın ədəbi-mədəni, ictimai-siyasi,
iqtisadi həyatında baş verən önəmli dəyişiklikləri
göstərir, Hacı Zeynalabdin Tağı, Murtuza Muxtar,
Şəmsi Əsədullah və sair kimi sərmayədarların
"bütün bu milli, mədəni, mənəvi fəaliyyətin
maddi cəhətlərini böyük bir zövq ilə təmin
etdiklərini" yazır. S.Təkinər İsmayıl
Qaspiralının, Cəmaləddin Əfqaninin, Əli bəy
Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun yaradıcılığının,
dövrün nəşrlərindən "Tərcüman"ın,
"Həyat"ın, "Füyuzat"ın
türkçülüyün ictimai fikir həyatında bərqərar
olmasındakı rolu üzərində geniş dayanır. O,
eyni zamanda "cəmiyyətin ictimai, ədəbi və fikri
təkamülündə böyük xidmətləri olmuş
daha bir çox qəzetə və məcmuələr"i -
"Dəbistan"(1906-1908), "Bəhlul" (1906), "Rəhbər"(1906),
"Təkamül"(1907), "Qoç-Dəvət"
(1906), Tiflisdə isə bir mizah məcmuəsi olan "Molla Nəsrəddin"i
xatırladır, Cəlil Məhəmmədquluzadənin, Mirzə
Ələkbər Sabir ictimai fikrimizin inkişafındakı
xidmətlərini qeyd edir.
"Cəlil
Məmmədquluzadənin 25-ci ölüm
yıldönümünə həsr edilən bir məqalə
münasibətilə" adlı yazısında müəllif
Cəlil Məmmədquluzadənin ədəbi və ictimai həyatımızdakı
rolunu yüksək dəyərləndirərək yazır:
"...XIX yüzyılın ilk yarısında mütəfəkkir
və dram ədibimiz Mirzə Fətəli Axundzadə ilə
başlayan milli kültür inqilabımızın XX əsrin
başlarına doğru kəndi kamalını bulmasında Cəlil
Məmmədquluzadənin yararlıqları sonsuzdur". S.Təkinər
məqalədə Daşevski adlı bir mühərririn
"Molla Nəsrəddin" karikaturaları haqqında
"Literaturnaya qazeta" 1957-ci tarixli 10 -cu nömrəsində
sərsəmlərlə dolu yazısını kəskin tənqid
edir və Mirzə Cəlilin "ulusunu və yurdunu hürr və
bağımsız görmək" kimi "tək bir qayəsi"
olduğunu diqqətə çatdırır.
Ötən
əsrin 50-60-cı illəri Azərbaycan mühacirət ədəbiyyatşünaslığının
əsas simalarından sayılan Süleyman Təkinərin
yaradıcılığında "sosializm realizminin" dəmir
qanunlar və riyazi formullarla müstənid ağır
ehkamından nisbətən də olsa, fariq və azadə
olaraq vücuda gətirilmiş" ədəbi nümunələrin
təhlili və tənqidi mühüm yer tutur. O, "Azərbaycan
sovet ədəbiyyatının bugünkü mənzərəsini
əks etdirən bir tənqid yazısı münasibətilə"
adlı məqaləsində Stalin rejimindən sonra başlanan
"liberalizm" və "nisbi yaradıcılıq
hürriyyəti" dövrüdə Sovetlər Birliyi,
Macarıstan və Polşanın ədəbi həyatındakı
dəyişiklikləri konkret nümunələrə istinad edərək
təqdir edir. Diktator Stalinin ölümündən sonra sovet
rejimi mahiyyət etibarı ilə öz təbiətini dəyişməsə
də, şəxsiyyətə pərəstişin cəmiyyətə
vurduğu sağalmaz yaralar haqqında yüksək tribunalardan
səslənən tənqidi fikirlər, 1937-ci ildə
repressiyaya məruz qalmış günahsız insanlara bəraət
verilməsi kimi amillər senzuranın yaratdığı bəzi
qadağaları az da olsa,
yumşaldırdı. S.Təkinər bu "mülayimləşmə"nin
uzun çəkmədiyini, N.S.Xruşşovun ədəbiyyat
və sənət qarşısında irəli
sürdüyü sərt tələblərin "müttəffiq
cümhuriyyətlərdə", o cümlədən Azərbaycanda
"məhəlli xüsusiyyətlər" nəzərə
alınmaqla icrasına başlanıldığnı bildirir.
O, Azərbaycanda "parti şefinin" bu yeni direktivlərinin
təbliğ və təbşiri işi ilə kommunist münəqqidlərin
canfəşanlıqla məşğul olduqlarından
geniş söz açır. Göstərir ki, İsa
Hüseynovun "Yanar ürək", Əli Vəliyevin
"Ürək dostları" əsərləri tənqidçilərin
"şiddətli hücumlarına", "sərt tənqid
və ittihamlarına" məruz qalır.
Maraqlı
və diqqətçəkicidir ki, S.Təkinər eyni prosesin
20-30-cu illərdə də aparıldığını
xatırladır və Kommunist Partiyasının ədəbiyyata
bu cür münasibətinin onun təbiətindən,
ideologiyasından qaynaqlandığı qənaətinə gəlir:
"Azərbaycanın Qızıl Ordu qüvvətləri tərəfindən
istilasının ilk illərindən sonra keçən on
yıldan fazla bir zaman zərfində əski bir tarixə sahib
bulunan Milli Azərbaycan ədəbiyyatının gələnəklərinə
sadiq qalaraq böyük ədəbi qiymət daşıyan
ölməz əsərlər yaratmış olan Azərbaycanın
məruf şair, ədib və yazarlarının məslək
həyatlarındakı bu
"başarısızlığın" səbəbləri
o zaman da kəndilərinin "sovet adamlarının həyatları
ilə ilgilənməmələri" və ya "məmləkətdəki
böyük başarılı işləri görmək istəməmələri"
faktorlarında aranmışdı". Səriştəli ədəbiyyatşünas
S.Təkinər qənaətlərini "o zamankı maarif vəkili
və alovlu bolşevik münəqqidi" kimi təqdim etdiyi
Mustafa Quliyevin "Maarif və mədəniyyət" məcmuəsinin
1926-cı il tarixli 9-cu nömrəsində dərc olunmuş məqaləsindən
gətirdiyi sitatla əsaslandırır: ""Hüseyn
Cavidlər, Əhməd Cavadlar, Cəfər Cabbarlılar və
daha digər bir sıra şair və yazarlar ilhamlarını
ya əski türk istilalarından, ya da Ərəbistan
çöllərindən, yaxud da "Qız qalaları"
və ya "Göygöllərin" füsunkar və simvolik
mənzərələrindən alıyordu" . Bu adamlar məmləkətdəki böyük
başarılı işləri görmək istəmiyorlar".
Bütün bunlarla yanaşı 50-60-cı illər Azərbaycan
sovet ədəbiyyatını diqqətlə izləyən və
dərindən araşdıran S.Təkinər ədəbi
prosesdə gedən müsbət meylləri müşahidə
edir və dəyərləndirir: "Azərbaycan türk ədəbiyyatının
ərz etdiyi bugünkü mənzərə pərişan
olmaqla bərabər, ümidsiz də deyildir".
S.Təkinərin
öz sözləri ilə ifadə etsək, "Azərbaycan
şeir sənətinin ümumi mənzərəsiylə
möhtərəm okurlarımızı tanışdırmaq"
istəyi ilə qələmə aldığı "Sovet Azərbaycanında
tənqidlərə hədəf olan bəzi şeirlər
üzərində incələmələr" adlı irihəcmli
məqaləsini əslində ana dilli Azərbaycan
poeziyasının ta qədimdən XX əsrin 60-ci illərinədək
olan dövrünün icmalı da adlandırmaq olar. Həsənoğlu,
Qazi Bürhanəddin, Nəsimi, Xətai, Füzuli, Vidadi və
Vaqif, Mirzə Şəfi Vazeh, Abbasqulu ağa Bakıxanlı
(Qüdsi), Mirzə Fətəli Axundzadə, Qasım bəy
Zakir, Seyid Əzim Şirvani, Mirzə Əli Əkbər Sabir
Tahirzadə, Abbas Səhhət, Məhəmməd Hadi, Əli
Abbas Müznib, Abbas Ağa Nazir, Mirzə Səməndər,
Əli Nəzmi, Rəşid bəy Əfəndizadə, Məmməd
Səid Ordubadi, Abdulla Şaiq, İbrahim Tahir, Əli bəy
Hüseynzadə, Hüseyn Cavid, Əhməd Cavad, Cəfər
Cabbarlı və digər sənətkarların ədəbi
dilimizin inkişafına verdikləri tövhələri əsərlərindən
gətirdiyi nümunələrlə sadalayır, sonra isə
"üç müqtədir şairdən"-Mirzə
Əli Əkbər Sabir, Əhməd Cavad və Hüseyn Cavid
yaradıcılığından geniş bəhs edir.
Ötən əsrin 20-ci illərində Azərbaycanın
sovetləşməsi ilə zəngin ənənələrə
sahib milli ədəbiyyatın
sıxışdırıldığına diqqəti çəkən
S.Təkinər yazır ki, hər halı ilə kəndi ədəbi
mirasına bağlı bulunan azəri türk yazarları həqiqi
bir kültür savaşı alanına atılıyorlar. Geri çəkilməyən
milli şair və yazıçılar 1937-ci il
repressiyasına tuş gəlir. Xələflərincə
"cani, qatil, qorxaq və xain" adlandırılan Stalinin
ölümündən sonrakı dövr ədəbiyyatından
bəhs edərkən S.Təkinər yazarların "ilham
qaynağı"nın, "başlıca konu"nun
"Lenin və parti" olduğunu yazır və bu
mövzuda qələmə alınan, Leninə, Kommunist
Partiyasına həsr olunan poeziya nümunələrindən
misallar gətirir.
Rejimə
və ideologiyaya qarşı barışmaz mövqe
tutmasına baxmayaraq, S.Təkinərin tənqidində qərəz,
qəzəb, təhqir yoxdur, o fikirlərində obyektiv, səmimi,
təmkinlidir, pisə "pisdir"-dediyi kimi, yaxşıya da
yaxşıdır"-söyləməyi bacarır.
Sözügedən məqalədə oxuyuruq: "Azərbaycan
şeir sənətinin bugünkü ümumi durumu belə fəci
bir mənzərə ərz etməklə bərabər,
üfüqdə bəzi işıq bəlirtiləri də
yox deyildir. Yazarların yaratma qüvvət və
qabiliyyətlərinin parti direktivləri ilə sıx bir təhdidata
tabe tutulduğu bu şəraitdə belə, Azərbaycanda bəzi
yazarların yuxarıda bəhsi keçən basmaqəlib
propaqanda konularının üstünə çıxaraq
şu və ya bu şəkildə cəmiyyətin ana dərdlərini
ələ aldıqlarını, bu konular üzərinə
düşünən insanların diqqətlərini çəkdiklərini
görüyoruz". O, partiya funsionerlərinin, tənqidçilərin
şiddətli hücumlarına məruz qalan Rəsul Rza
yaradıcılığından nümunələr gətirir
və onları təhlil və təqdir edir. "Azərbaycan
sovet ədəbiyyatında müqavimət hərəkatının
milli xarakteri" adlı məqalədə də eyni
mövqeyi-obyektivliyi və qərəzsizliyi sərgiləyən
S.Təkinər yazının 50-ci illər ədəbiyyatından
bəhs edən hissəsində yenə Rəsul Rzanın, Xəlil
Rzanın, Qabil İmamverdiyevin, Mirmehdi Seyidzadənin, Qulu Xəlilovun
yaradıcılığındakı müsbət, yeni və
işıqlı cəhətləri vurğulayır, yüksək
dəyərləndirir.
Süleyman Təkinər yaradıcılığında
həyat və fəaliyyətini milli istiqlal uğrunda
mücadiləyə həsr etmiş xadimlər
haqqındakı yazılar mühüm yer tutur. Bu cəhətdən müəllifin
kitaba daxil edilmiş M.Ə.Rəsulzadə haqqındakı
"Millət hizmətində keçən 70 yıl",
"Azərbaycan istiqlalının böyük
mücahidi", "M.Ə.Rəsulzadənin vəfatı ilə
əlaqədar Azərbaycan Kültürünü Tanıtma Dərnəyinin
təşkil etdiyi mərasimdə (13 Mart 1955) nitq", "Rəsulzadə
sevgisi", Cabbar Ərtürk barədəki "Ana yurdda
unudulan türklük" kitabının tanıtımı,
Əkbər ağa Şeyxülislamın xatirəsinə
yazdığı "Əkbər ağa
Şeyxülislam", Mehmet Əmircana həsr olunmuş
"Ünlü bir mücahidin, əziz bir dostun
ardından" adlı məqalələri maraq doğurur.
"Süleyman Təkinərin seçilmiş əsərləri"
mühacirətşünaslığın növbəti
uğurudur, tənqidçinin ədəbi-elmi irsinin əhatəli,
dərindən araşdırılması üçün
ciddi və mötəbər mənbədir. Bununla belə, S.Təkinərin
yaradıcılıq sahəsi genişdir, xüsusi ilə onun
müxtəlif səpkili publisistik yazıları həm
mövzu, ideya, sənətkarlıq nöqteyi-nəzərindən,
həm də istiqlal uğrunda mücadilə tarixi ilə tanış olmaq baxımından əhəmiyyətlidir.
Doğrudur, bu sətirlərin müəllifi
onun publisistik yaradıcılığı haqqında vaxtı
ilə (Azərbaycan mühacirət mətbuatında
publisistika (1921-1991). Bakı, 2005,
"CBS" nəşriyyatı, 2005, 528 səh.) xeyli bəhs etmişdir, lakin fikrimizcə, bu
istiqamətdə də ədibin irsi daha dərindən
araşdırılmağa layiqdir.
03.03.2023
Abid
TAHİRLİ
Ədəbiyyat qəzeti.- 2023.- 4 mart.- S.22-23.