"Ustad"ın çiləsi
çıxdı
"Ədəbiyyat və mədəniyyətimizin
qarma-qarışıq bir durumunda dərgi çıxarmaq
arzumuz, axır ki, gerçəkliklə
görüşdü. Əgər bu görüşdən zövq alan mədəniyyət olarsa, gerçəkliyin
övladları arzuların övladları kimi daha böyük,
daha yaraşıqlı, daha kamil olarlar". (1 fevral 2016)
Düz
yeddi il öncə - 2016-cı ildə
"Ustad"ın ilk nömrəsini bu cümlələrlə
başlamışdım.
Əslində,
yenə eyni fikirlə başlayacaqdım ki, keçmişə
bir göz atım, dedim və gördüm ki, dəyişən
heç nə yoxdur.
"Ustad"
ədəbiyyatın elə bir dövründə yaranmaq zərurətini
hiss etdi ki, o zaman ədəbiyyatımızı çoxdan
basdırsaq da, onu tək-tük ziyarət edənlər nəql
edirdilər ki, qəbirdən səs gəlir, onu diri-diri
basdırmışıq. Buna inananlar da
vardı, inanmayanlar da. Bir kiçik qrup
yaranmışdı ki, ətrafına daşdan sərhəd
hörüb, tayfabazlıq edib başqa heç kəsi
yaxın buraxmır, üsyan qaldırır, qəbirdən ədəbiyyat
səsi-filan gəlmədiyini deyir, bu fikri dəstəkləyən
ölünün dostlarını, tərəfdaşlarını
daş-qalaq edir, tənqid atəşinə tutub onların da
ölü canlar olduğunu deyirdi.
Ölü canlar deyilən kəsim isə sanki bu qrupu
heç eşitmir, reaksiya vermir, çığırdıqca
səslərinin batacağına inanırdı. Uşaq-muşaq
nə qanır, bu gələn səs nə səsdir?!
"Ədəbiyyat ölməyib, o bizimlədir, hər yandan
onun səsi gələ bilər", - deyir, gələn səsin
avazı ilə öz dövranlarını
yaşayırdılar.
"Ustad"ın ikinci sayında isə, "Onlar
çoxdan var idilər. Və elə bilirdilər ki, onlardan başqa heç kim yoxdur, heç vaxt olmayacaq da. Amma
bir gün Bunlar gəldilər. Çox uzaqdan yox, elə
Onların öz yanından, düzünə qalsa,
"şinellərinin altından..." Amma eyni
şineldən çıxsalar da, çox keçmədi ki,
başladılar Onlara daş atmağa, tənqid etməyə,
hətta məqamı gəldikdə üz döndərməyə"
- yazmışdım. (2 mart 2016)
Hə,
bir də Onlardan və Bunlardan başqa təzəcə
doğulub "inqə" deyən çağalar, həm
Onlardan, həm də Bunlardan incik düşən kimsəsizlər
vardı ki, heç kim onlara yaxın durmurdu. Necə
deyərlər, Əliağa Ağayevin "Bizim Cəbiş
müəllim" filmində canlandırdığı
Əbülfəz obrazı kimi hinduşkaya sahib çıxan
yox idi. Onlar da qalmışdı ortada, o səs-küydə,
o yana-bu yana gedib-gəlirdilər. Bütün sahələr kimi ədəbiyyat da
monopoliyalaşmışdı sanki. Bu zaman
"Ustad" çıxdı meydana. Dedi ki, nə
sağçıyam, nə solçu, futbolçuyam,
futbolçu. Və beləcə, həm Onlardan olan
Unudulmuşları, həm də Bunlardan olan
çağaları öz qanadı altına almağı hədəf
seçdi və söz verdi ki, tərəfsiz
olacaq.
"Ustad"
gəlməmişdən əvvəl qarşımıza şərtlər
qoydu:
- sağçı və solçuların
birliyini, barışığını təmin edib onları
səhifələrimizdə qonaq etmək;
- milli başları namilli başlardan fərqləndirib
gözləri, şüurları sadəcə milli başlara
yönləndirmək;
- yolunu yanlış gedənlərə yol
göstərmək;
- gəncliyi ağsaqqalların səhvindən nəticə
çıxarmağa, düzündən yararlanmağa yönləndirmək;
- sabahları dünənin cahil,
mövhumatçı qoynundan alıb bu günün həqiqətləri
ilə tanış etmək;
- ədəbi həqiqətlə əbədi həqiqəti
təcəssüm etdirmək;
- bacarıqlı şagirdləri Ustad etmək.
"Ustad"
ulu və amiranə səslə onu da dedi ki, əgər şərtlərə
əməl etməyi bacaracaqsınızsa, adımı tutub
işə başlayın, yox, bacarmayacaqsınızsa, gedin
özünüzə başqa ustad tapın". (1 fevral 2016)
"Ustad" nə etdi?" - sualına belə
cavab verim ki, qısa müddətdə milli
barışığı təmin etdi. Yenə elə
"Ustad"ın arxivinə müraciət edib deyim, necə
oldu:
"Bir
gün isə... Onlar bir də onda
ayıldılar ki, vay, dədəm, vay, sən demə, Bunlar o
qədər də balaca deyillərmiş. Bunları
görməzdən gəlmək də yanlış iş
olub... Beləcə... Günlər keçdi, ay
dolandı, Bunlar Onların bəzilərindən
aldıqları dəstəklə böyüdülər.
Və başladılar, prosesi özləri
yönləndirməyə. Həm də
Onlara bənzəməyə. Onlar da bəyənmədiklərini
daha modern, postmodern, "nyupostmodern", ən
"nyupostmodern" kimi metodlarla özləri həyata
keçirməyə başladılar. İlk öncə,
yalançı şöhrətlərinə büründülər,
sonra dəstə yaratdılar, sonra 150 qrama məqalələr
yazdılar, sonra Bunların ardınca gələnləri bəyənməməyə,
araya-bərəyə qoymamağa çalışdılar. Sonra da özləri özlərini təriflədilər.
Bir sözlə, Onların etdiklərini
"ananın dalınca budaq-budaq gəzən bala kimi" daha
qəşəng, dünya və Avropa standartlarına daha
uyğun, texnologiyalardan daha çox bəhrələnərək
təkrarladılar. Beləcə,
Onların qocalmış şir kimi uzanıb Bunlara baxmaqdan
başqa çarəsi qalmadı. Hətta iş o yerə
çatdı ki, Onlar bəyənmədikləri Bunlara müsahibə
vermək üçün növbəyə durdular. Amma öz
aramızdır, bunu da deməsək, olmaz: Onların verdiyi
müsahibələr Bunların hesabına
yaxşı-yaxşı oxundu da, maraqla qarşılandı
da... Hətta heyrətlə əldən-ələ, gözdən-gözə
ötürüldü də... Bunu görənlər isə dərk
etdilər ki, Onlar və Bunlar arasında fərq, əslində,
bir hərfin yaratdığı fərq qədər imiş...
Bircə hərfin..."
Bəli, bu gün artıq o parçalanmanı
görmürük, çünki Onlar və Bunlar bir-birilərinə
elə bənzədilər ki, artıq ayırd etmək
mümkün deyil.
Artıq nə, "Qəbirdən səs gəlir" -
deyən var, nə də buna etiraz edən. Hərə
öz qınına çəkilib xımır-xımır
yazdıqlarını yavan-yavan yeyir.
"Ustad" özünü Bilgə Qoca kimi aparsa da,
bu prosesdə bitərəfliyini, obeyktivliyini qorusa da, ədəbiyyatın
öldüyünü qəbullanan xalq artıq onun da
yanında yox idi. Çünki hamı əlini
üzmüşdü. "Dədə Qorqud" filmindəki
kimi satqın qardaşın xəyanəti nəticəsində
qırılan oğuz igidlərinin daşa dönmüş
kimsəsiz məzarları başında o yana-bu yana gedib-gəlir, saz çalıb, söz
söyləyirdi:
"Əcəl aldı, yer gizlədi.
Fani dünya kimə qaldı?
Gəlimli-gedimli
dünya!
Son ucu ölümlü dünya!"
Bəli, bu gün, təəssüf ki, nə kitab oxunur,
nə qəzet-jurnal. Özümüzü aldadıb,
"İnternet əsridir" - deyir, elə bilirik,
saytlardakı ədəbiyyat oxunur, amma orda da vəziyyət burdakı
kimidir. Səbəbləri çoxdur.
Onun üçün ayrıca yazmaq
lazımdır.
Yenə
"Ustad"ın 6 sentyabr 2016-cı il
sayında "Gəlin Vaqif Ucataya nifrət edək"
adlı ironik yazımdan bir parça yadıma
düşdü: "Türk insanı çağdaş
sanata İŞİD kadar değer vermiyor". Tanınmış
türkiyəli rəssam Bədri Baykan bu fikri
"Sözçü" qəzetinə müsahibəsində
deyib. İlk dəfə oxuyanda,
"Çox sərt ifadədir" - deyib keçə bilərik.
Hətta müəllifi daha sərt tənqid də
etmək mümkündür. Amma sonrakı
izahı adamın ürəyini elə sıxır ki,
geniş mənzərə axtarırsan - baxıb dərindən
nəfəs alasan. Sənətkar deyir ki,
İŞİD sənətin dəyərini bildiyi
üçün ona nifrət edir, onu məhv etməyə
çalışır. Amma türk
insanı sənətin dəyərindən xəbərsiz
olduğu üçün buna laqeyd qalır. Nə sevir, nə də məhv edir. Sadəcə görmür və lazımsız
şey kimi yanaşır, daha doğrusu, yanaşmır".
Bəli,
bu günlərdə "Ustad" dərgisinin yeddi ili tamam olur və 40-cı sayı nəşr
edilir. Bu çətin prosesdə Hədəf-XAN
komandası usanmadan, yorulmadan, həvəsdən düşmədən
dərgini ayaq üstə saxlamağı bacardı. Biz bu sayımızla qırxımızı -
çiləmizi çıxarırıq. Qarşımıza
qoyduğumuz məqsədlərə populizm olmadan,
çığır-bağır salmadan, asta və sabit qədəmlərlə
yeridik. Hə, bir az ehtiyatlı da
olduq ki, ayağımıza daş dəyməsin,
yıxılmayaq. Belə görünür,
bacardıq da.
Könül istərdi ki, məhz bu yazı optimist
tonlarla başlayıb-bitsin, amma arxivə baxdıqca dəyişən
heç nəyin olmadığını gördüm. İki ildir, dərgimiz
müasir formada dizayn və tərtib edilir. Amma nə fayda, Azərbaycan oxucusu Azərbaycandilli ədəbiyyatdan
elə diksinib ki, nə illah edirsən, üzünü bu tərəfə
döndərmir. Əlbəttə, bunun
günahkarları çoxdur. Keçən
əsrin 90-cı illərindən qırılan əlaqə
bitişmir, amma yenilənir deyə bilərik. Bu günlərdə bir statistik məlumat eşitdim
ki, Azərbaycanda oxunan ədəbiyyatın cəmi otuz faizi Azərbaycandillidir,
qalanı Türkiyə türkcəsi və rusca mətnlərin
payına düşür. Bu, bütün
olub-bitənlərin cavabıdır. Yeddi il
bundan öncə beş yüz tirajla başlayan nəşrə
dərgi elə həmin tirajla da çap edilir. "Ümid
ən sonda ölür" deyirlər. Ona
görə də ümidini itirmədən gözünü
bir gün çıxacaq ədəbiyyat günəşinin gələcəyi
yollara dikib. Ümid və arzu edək ki, o
günəş bir gün parlayacaq. Bir nəfər durub
deyəcək: "Ay biçarələr, bu nə
jurnaldır, çap edirsiniz, gedin, başqa işlə məşğul
olun, özünüzə iş tapın, bu sənət sizlik
deyil". Heç olmasa, bunu eşitmək üçün
belə yaşamaq gözəldir! Yoxsa bizi laqeydlik öldürəcək!
Əziz sadiq oxucularımızı təbrik edir, ümidlərini itirməmələrini rica edirəm!
P.S. Bu yazını 11 yanvar saat 06:37-də, yox,
06:38-də bitirdim. Bir azdan günəş çıxacaq,
amma mən yatmağa gedirəm. Bax bizim işlər belə
olduğundan o çıxan günəşi də görə
bilmirik!
Şəmil
SADİQ
Ədəbiyyat qəzeti.- 2023.- 4 mart.- S.24.