"Təcnis" havasında incə
gülləri
Təcnis şeirimizin son ustası
Məmməd İlqarın yaradıcılığı əsasında
Təcnis poeziyanın incəsənət əsəridir. Cinas sözlər
və eyni səslərin ritmik düzümündən yaranan
bu əsərin çox dəqiq ölçü-biçiylə
tərtib olunmuş formasını dəyişmək olmaz.
Dəyişdinsə, təcnis olmaz. Düzgün oxuyub, söyləmədinsə, yenə
olmaz. Ona görə yaranınca öz oxu
şərtlərini və havacatını da yaradıb sazda;
ağır - səngin "Təcnis" havasını.
Təcnisi saz qədər heç bir musiqi alətinin
müşayiətində və "Təcnis" qədər
heç bir havada mükəmməl ifa etmək mümkün
deyil. Bunun əyani
təsdiqini Aşıq Şəmşir, İmran Qasımov,
Ədalət Nəsibov, Xanlar Məhərrəmov, Cahangir Gədəbəyli,
Kövrək Murad kimi görkəmli sənətkarların
"Təcnis" üstündə təcnis oxuları və
əldə olan digər nümunələr də təsdiqləyir.
Bu, həm də onun təsdiqidir ki, ilkin təcəllisi
bayatılarımızda və aşıq
yaradıcılığında görülən təcnisin ən
çox və ən kamil nümunələri xalq təfəkkürünün
məhsuludur.
Ən böyük müəllifi də
xalqdır. Qurbani, Abbas Tufarqanlı, Xəstə
Qasım, Nəbati, Məlikballı Qurban, Aşıq Ələsgər,
Hüseyn Bozalqanlı, Molla Cuma, Növrəs İman kimi
böyük el sənətkarlarıdır.
Doğrudur, təcnis sonralar yazılı ədəbiyyatımızda
da yetərincə yayılıb. Təkcə müasir dövrə
aid olan, İsmayıl Sadıqlı, Əli Qurbanov, İsmixan
Məmmədov, Bəhmən Kəlbəcərli, Hüseyn
Kürdoğlu, Şamil Əsgərov, Məmməd Aslan, Zəlimxan
Yaqub, Şücaət kimi tanınmış şairlər tərəfindən
yaradılan çoxlu sayda təcnislər məlumdur.
Yəni, dörd yüz illik tarixi olan bu qədim
şeirin müəlliflik hüququnu bəlkə də xalq
şeiri və yazılı ədəbiyyat olmaqla hər iki
ünvana vermək olar. Amma bu, subyektiv bir bölgü olardı.
Çünki əsl təcnis ancaq mükəmməl
forma quruculuğundan ibarət deyil, eyni zamanda, mütləq
şərtlər daxilində mükəmməl poetik mətn
yaradıcılığıdır. Sözün
və sazın mahiyyətidir. Nəhayət,
klassik təcnis yarandığı dövrün, təfəkkürün,
dilin və o zaman zərfində mövcud olan qavramların,
anlayışların, bənzətmələrin, bədii təsvirlərin
məcmusudur.
Demək
ki, şəkilcə eyni olmasına rəğmən,
bugünkü təcnis dörd yüz il və
yaxud yüz əlli il öncəki təcnis deyil. Təcnisin əsas daşıyıcısı
xalqdır, elin şairi, aşığıdır.
Heç təsadüfi deyil ki, "cığalı",
"ayaqlı", "dodaqdəyməz", "gedər-gəlməz"
kimi fərqli təcnis şəkilləri də əsasən
el sənətkarları tərəfindən yaradılıb.
Şərtləri çətin olduğundan, təcnis
yazmaq saz, söz mühitində uzun zamanlar böyük məharət
sayılıb.
Yəqin bu səbəbdəndir ki, bir çox
aşıqların və qoşma şairlərinin
yaradıcılığında ən azından, bir-iki təcnis
nümunəsinə rast gəlinir. Amma
istisnalar da mövcuddur. Məsələn, el arasında təcnis
İsmayıl kimi tanınan Cilovdarlı İsmayıl
Sadıqlının (Cilovdarlı-Tovuz rayonunun Qaraxanlı
sovetliyinə aid bir para kənd) yaradıcılığı
demək olar ki, təcnislərdən ibarət olmaqla, həm də
təcnis poetikasının bütün şərtlərini
ehtiva edən ciddi bir yaradıcılıq örnəyidir.
İkinci belə bir örnək təcnis şeirimizin
son ustalarından olan Məmməd İlqarın
yaradıcılığıdır. Doğrudur, o, sələfi
İsmayıl Sadıqlı qədər təcnis
yazmamışdır və təcnisləri ilə bərabər,
həm də ənənəvi qəlibdə gözəl
qoşmaları, gəraylıları ilə tanınır.
Bununla belə, bir şair olaraq Məmməd
İlqarın da əsas yaradıcı potensialı, sənətkarlıq
səviyyəsi ilk növbədə, təcnisləri ilə
müəyyənləşir. Elə saz-söz
mühitində, xiridarlar arasında da "Nə gözəl
çəkir", "Dərdindən belə",
"Gül, gülə - gülə", " Bir olmur",
"A göyçək", "Baş - başa
düşməz", "Nərgiz dərən Tərtərli
qız Nərgizə" və bu kimi məşhur təcnisləri
ilə tanınıb sevilir. Müəllifin şah əsərlərindən
olan "Nə gözəl çəkir" təcnisinə
baxaq:
İlahi, belə də gözəl olarmı? -
Kimdi qələm çəkən, nə gözəl
çəkir?!
Üz-üzə,
göz-gözə sehrlənmişik,
Nə mən göz çəkirəm, nə gözəl
çəkir.
Güney
gözlüm, gözəllikdə bircəsən,
Bu
güllükdə bir mən olam, bircə sən...
Gül
üstündə arıya bax, bircə sən -
Gör
gülün nazını nə gözəl çəkir...
Salma gəl
Məmmədi gözündən, gözəl,
Gözüm
gözmü görüb, gözündən gözəl!..
Mən
ölmüş neynim ki, gözündən, gözəl,
Nə bir
könül doyur, nə göz əl çəkir!
Bunu da qeyd edək ki, şairin qismətinə tarixi Azərbaycan
torpaqlarında baş verən məlum hadisələr və
digər səbəblərdən böyük aşıq
mühitlərinin və milli poeziyamızın mühüm
qollarından birini təşkil edən aşıq
yaradıcılığının (dastan, müxəmməs,
divani, təcnis, deyişmə, qıfılbənd və s.)
ciddi tənəzzülə uğradığı bir zaman kəsiyi
düşüb. Lakin maraqlıdır ki, onun
yaradıcılığı bu qədim şeirin qürubu barədə
deyil, daha çox üfüqləri barədə
düşündürür.
Mükəmməl
təcnis yaratmaq yüksək bədii istedadla yanaşı,
usta bir söz mühəndisliyi tələb edir. Məmməd
İlqarın yaradıcılığında bu şərtlər
bir-birini elə tamamlayır ki, poetik mətnlə şeirin qəlibi
ruhla bədən kimi qovuşur:
Ən
gözəl dərdimsən dərdlər içində,
Dərdindən
düşmüşəm dərdə mən, gözəl!
Dərd
gözəl çəkilir-əgər gözəlsə,
Gözəl
dərd diləsən, dərdəm-ən gözəl!
Sərdim
gülşənini dərdə mən ömrün,
Dər, gülüm, gülünü dər də, mən-
ömrün.
Hər
günü ölümdü dərd əmən ömrün -
Ölərmi sən kimi dərd əmən, gözəl?!
Məmməd könül sevdi, kimə nə, dərdi?
Özgə
kim sevdirər ki, mənə dərdi?..
Bilməm bu sevginin kimə nə dərdi? -
Mənə dərd gözəldi, dərdə mən
gözəl.
Türk
dünyasının Borxesi, böyük filosof, esseist və
şair Cəmil Mericə görə, şeir, xüsusən də
qafiyə şeiri "məna ilə ahəngin
izdivacı"dır.Təcnis kimi xüsusi şərtləri
olan dəmir qəlibli şeirdə uğurlu bir izdivaca nail
olmaq üçünsə həm yüksək poetik təfəkkür,
həm də zəngin dil yaddaşı tələb olunur. Dil yetərli olmayanda məna ahəngə uduzur ki, nəticə
etibarı ilə söz oyunundan ibarət olan belə formalizm
hallarına istər klassik, istər müasir təcnislərimizdə
çox rastlanır.
Lakin istənilən halda, dil individual bir faktordur və bədii,
poetik dil etalonlarını da fərdlər yaradır. Səməd
Vurğun mərhələsindən sonra qoşma şeirimizə
damğa vuran Məstan Günər və Zəlimxan Yaqub kimi.
Böyük poetik istedada və zəngin leksik
imkanlara malik olan bu ustad şairlərin dili ilə müqayisə
edilə biləcək bir nümunə də Məmməd
İlqarın dil yaddaşıdır.
Dilin hər üç qaynağına (ədəbi dil,
el ağzı və ehtiyat fondunu təşkil edən dialekt
sözlər), qədim və müasir qatlarına,
sözün yeddi rənginə vaqif olan şair (hansı ki,
cinas yaradıcılığında bu rəngləri -
oxşar şəkilli əksmənalı sözləri bilmək
olduqca vacibdir) məhz belə bir yaddaş və istedadla məna
ilə ahəngi mükəmməl bir izdivaca qovuşdurur. Həm də poetik və
üslubi cəhətdən bir-birinin yanına yaraşan, Vaqif
Bayatlı Odərin təbirincə desək, "bir-biri ilə
gözəl yola gedən" ən uyğun və estetik ifadələr
seçməklə:
Göyçək
günlər gözləməkdən yoruldum,
Gələcəkmi göyçək günlər, a
göyçək?
Cənnətdiklər
çəkəmmədi cəfanı,
Culadılar, sən çəkərsən, a göy,
çək.
Fağır
canım bir də dönüb baxdı nə...
Nolasıydı bir cünunun baxtı, nə?
Görən
dedi, göydən düşüb baxtına,
Mələkdisə,
mələyini a göy, çək!
Məmməd
İlqar, baxma bağrın yaradı,
Ad çəkməsən,
bu söz nəyə yaradı?..
Beşcə
göyçək hərfdi-olub yar adı,
Dörd göyçəyin axırında "a"
göyçək.
Təcnisdə avazın təmin edilməsində fonetik
vasitələr (alliterasiya, ahəng, eyni və ya oxşar
hecalar və s.) birgə iştirak etsə də, rolun
mühüm hissəsi alliterasiyaların (eyni səslərin
ritmik təkrarı) üzərinə düşür. Hətta bəzən
bu ritm elə yüksək səviyyədə təzahür
edir ki, mətndən öncə onun melodiyası, səs
effekti çatır qulağa. Məmməd
İlqarın "Nərgiz dərən Tərtərli qız
Nərgizə", "A Daşdı", "Baş -
başa düşməz" təcnislərində olduğu
kimi. Xüsusən də şairin "Nərgiz dərən
Tərtərli qız Nərgizə" təcnisi çox
uğurlu poetik kombinasiyalar və unikal səs effekti ilə
seçilən əsərlərdəndir:
"Elə
bil bu gecə çırpıblar göyü -
Ulduztək səpilib Tərtərə nərgiz.
Sən də
bu çəməndə bir ağ
çiçəksən -
Çiçək sərgisimi Tərtər, ə Nərgiz?
Tərtərin
gülü də sən, çiçəyi də,
Mat qoydun
gülü də sən, çiçəyi də!
Gül-çiçək
qarışıq sən çiçəyi də
Dərəm
təzə-təzə, tər-tər, ə Nərgiz!
Bağ
barnan tanınar, el - adətinnən,
Ölüncə
əl çəkməz el adətinnən!
"Hə"
de, elçilərim el adətinnən
Yol alsın Qazaxdan Tərtərə, Nərgiz.
Məmmədin
ilqarı - dəryalar təki!
Tən gəlsin
eşqinə dəryalar, təki...
Gün
olsun, qovuşan dəryalar təki
Tel-telə qarışsın, tər-tərə, Nərgiz!"
Məmməd İlqar ümumi ədəbi mühitdən
daha çox, Qazax mahalında uzun zamanlar mövcud olmuş
böyük mənəvi atmosferin yetirməsidir. Onun poetik
dünyagörüşü, yaradıcı təxəyyülü
məşhur təkkələrin, doğulub boya-başa
çatdığı İncə dərəsində irfan
işığını bu gün də yaymaqda olan Hacı
Mahmud Qarani ocağının, dövrünün savadlı
irfan adamlarından Şıxlı Dərya Məhəmmədin,
aşıq poeziyamıza "Avdı və Mehriban"
dastanı, "İncəgülü" kimi zərif saz
havası bəxş etmiş Qaymaqlı Aşıq
Avdının, Cəlal Qəhrəmanovun, Aşıq Ədalətin
təsiri ilə formalaşıb. El şeirindən,
aşıq yaradıcılğından qidalanıb. Bir sözlə, sazın köynəyindən
çıxıb. Bu səbəbdən də
qoşmaları mövzu, zaman, nəbz etibarı ilə
günümüzə aid olsa da, ədəbi şəcərə,
dil, ruh etibarı ilə xalq şeir ənənələrinin
davamı və yeni qiyafədə təcəllisidir. Amma təəssüf ki, belə qiymətli bir
şairdən bircə kitablıq şeir var əlimizdə.
Çünki illərdir yaxasını buraxmayan namərd xəstəlik
bu usta qələm sahibinə poeziyamızdakı qiymətli
missiyasını davam etdirməyə aman vermir. Təqdir
ilahidəndir, bizə qalansa dualar. Uca Tanrıdan
şairimizə əzəlki kimi sazlı-sözlü bir
sağlıq lütf etməsi diləkləriylə
sözümüzü, həm duamızı onun öz
sözüylə bitirmək istərdik:
Köhnə
dostdu, təzə kədər,
Ömür nədi? - qəza-qədər.
Bir də
gələn yaza qədər,
Dağlar,
Məmməd amanatı!
Buludlar
boşalar, gedər,
Həvəsi
baş alar, gedər,
Dumana
qoşular, gedər,
Dağlar,
Məmməd amanatı!
Bəsti Əlibəyli
Ədəbiyyat qəzeti.- 2023.- 4
mart.- S.26.