Vidalaşma
Hekayə
Helle HELLE - Tanınmış Danimarka
nasiridir. Əsl adı-soyadı Helle Olsendir.
1965-ci ildə Danimarkanın
Nakskov şəhərində doğulub. 1985-87-ci illərdə Kopenhagen
Universitetində, 1989-91-ci illərdə isə həmin şəhərdəki
Ədəbi Məktəbdə təhsil alıb.
1990-cı ildən sonrakı 5 il boyu
Danimarka radiosunda çalışıb.
Dörd hekayə
kitabının və yeddi romanın müəllifidir.
Ədəbi
yaradıcılığı ölkəsinin bir sıra ədəbi
ödüllərinə, o cümlədən "Beatris"
(2003) və Danimarka ədəbi tənqidçilərinin
mükafatına (2006), Per Ulov Enkvist ödülünə
(2009), "Qızılı Dəfnə Çələngi"
ərməğanına (2011), Danimarka Akademiyasının
Qran-pri mükafatına (2016) və Holberq medalına (2019) layiq
görülüb.
İndiyədək əsərləri
dünyanın 19 dilinə çevrilib.
Bu yay günündə görüşməyi anam mənə
təklif edib.
Elə nahar fasiləsinə çıxdığım vaxt
vağzalda görüşmək qərarına gəlmişik:
onun avtobusu on ikini keçmiş gələsidir, 45 dəqiqə
sonra üçün isə anam veterinarın qəbuluna
yazılıbdır. Özüylə ikinəfərlik
yemək də götürəsidir. Mən
isə elə həmin dəqiqələrdə itimizlə
vidalaşmağa fürsət tapacağam. Artıq on dörd yaşına dolan
heyvancığaz növbəti əməliyyata girəcək
halda deyildir, bu səbəbdən də ona yuxu iynəsi
vurdurmaqdan başqa bir çarəmiz qalmayıb.
Səmada bir dənə də bulud görünmür. Ayaqlarımda yay
sandalları var, əynimdə isə qarnıma yapışan
mavi don. Dayanacaqda durub, onları gözləyirəm.
Küçədə hərarət 30 dərəcəyə
yüksəlib, elə hey üzümün tərini silir, sonra
isə donuma toxundurmaqla, əlimi qurulayıram.
Qızmış asfaltın qoxusu vurur burnuma. Maşınlar
durmadan vağzala yan alır, insanlar isə ora-bura vurnuxurlar.
Kimlərsə bu binanın dam
örtüyünün çıxıntısı altda
özünə daldalanacaq bir guşə tapıb. Bir kişi də əlindəki zərfi poçt
qutusuna salır.
Meydana yan
alan avtobusda ayaq üstə duran anamın
qapının ağzını kəsdirdiyini görürəm.
Qapılar açılan kimi o, əlüstü
yerə enir və iti də ardınca çəkib-gətirir.
Dili ağzından bir qarış sallanan it təmkinlə
yerə enir və enən kimi də asfalta sərələnir.
Anam isə çantasını yerə qoymaqla,
canıyananlıqla yerə çömbəlməli olur.
Məni görüncə, it quyruğunu yelləyir.
Başını bulayan sahibəsi canı
ağrıyan bu heyvanın kürəyinə sığal
çəkməklə məşğuldur. Mənə
nəzər belə salmadan o, deyir:
- Bu, mənim
həyatımdakı ən dözülməz səyahət
oldu. İlahi, iyirmi dəqiqə necə də
uzun çəkərmiş.
Həmişəki səliqəsi qismən pozulan, tərli
saçları onun boyun-boğazına
yapışıbdır.
-
Özünü hədsiz narahat aparır, hey əl-ayağıma
dolaşırdı deyə, yolboyu ona təpinməyə məcbur
idim. Hətta əvvəlcə onu reys avtobusunda
daşımama da qarşı çıxdılar, ancaq sonra hər
nədənsə anlayış göstərdilər. Zavallı it burada onu nəyin gözlədiyindən
hələ də xəbərsizdir. Elə
sanır ki, birlikdə kiçik bir gəzintiyə
çıxmışıq.
Başını önə tərəf əyən
qadın üzünü itin xəzinə gömür. Əlimi
kürəyinə qoyduğum zaman anamın tərlədiyini
sezirəm.
- Gedək,
- deyirəm. - Sərin bir guşə tapaq.
Anam dillənir:
- Bunun
üçün su götürməyi də unutmuşam. Zavallı yaman susamışdı, mənim isə
yanımda heç nəyim yox idi. Heç
bilmirəm ey ağlım-huşum hardaymış mənim.
- Gedək,
- deyib, yerdən qalxmaqda anama kömək edirəm. O, ani tərəddüd
keçirir, amma sonra çantasının kəmərini
çiyninə taxır. İt də
uzandığı yerdən qalxır. Əlimlə
onun çiyninə toxunuram, heyvan isə bunun
qarşılığında quyruğunu yelləyir.
Anam deyir:
- Eləcə
su al. Özümlə yemək götürmüşəm. Hə, bir də salfeti unutma.
Alnının tərini silir.
- Salfeti
bacardıqca çox götür, çünki üstümdə
heç cib dəsmalım da yoxdur. Evdən çıxanda lap
karıxmışdım, həm də avtobusun yola düşməyinə
lap az qalırdı. İndi
saat neçədir?
- Vaxta var
hələ, - deyirəm. - Mən növbədə
dayanacağım müddətdə barı
siz günün altda qalmayın.
Bunu deyib,
meydançanın o biri başındakı kölgəliyi ona
nişan verirəm. Başını
tərpədən anam iti də öz ardıyca çəkib-aparır.
Növbədə
məndən öndəki qadın, deyəsən, həm
özü, həm də iş yoldaşları
üçün yemək alır. Dana ətindən
bişirilən səndviç, sosis və limonad sifariş
verir. Xidmət dəzgahının
üstündəki qutudan bir neçə salfet
götürüb, əlüstü çantama qoyuram. Sonra geriyə qanrılıram. Anam
itin ipini bir dirəyə sarıyıb, özü isə azca
aralıda oturub, yolumu gözləyir. İt
quyruğuyla, çətinliklə də olsa, asfaltı
döyəcləyir.
Satıcı
qızdan soruşuram:
- İtim üçün də su ala bilərəm?
- Adi su? Yəni kran suyu?
- Hə,
- deyirəm, - itə içirəcəyəm.
Qız stəkanı
suyla doldurub, mənə uzadarkən:
- Bu,
ödənişsizdir, - deyir.
Təşəkkür edib, suyu daşırmamaqdan
ötrü meydan boyu ehtiyatla irəliləyir və yolun tən
yarısında anamla qarşılaşıram. O, sevincək deyir:
- Axır
ki! Bürkü onu lap əldən salıb.
Anam ayaq saxlayıb, əlləriylə üzünü
qapayır. Hönkürdüyünü görüb, sərbəst
qalan əlimlə onu köksümə sıxıram. Stəkanı tutan digər əlimlə isə onun
kürəyinə dayaq verməkdəyəm. Sual edir:
- Sırf
insanıq deyə, bəyəm bizim buna haqqımız
çatır ki?! Öz əcəliylə
ölməsini gözləmədən iti ölümə məhkum
eləməyi deyirəm. Mən də
anlayıram ki, bu zavallı əziyyət çəkir.
Biz insanların da arasında yaşayarkən məşəqqətə
qatlaşanlar az deyil, amma onlar hər
şeyə rəğmən, yaşamağa davam edirlər
axı.
Stəkandakı su ləngər vurur. Anam isə sözünə
davam edir:
-
Bütün bunların baisi - yayın
bürküsüdür. Zavallı gün boyu
evin başına dolanırdı, ancaq bürkü
ucbatından halı daha da ağırlaşırdı. Son vaxtlar vanna otağının döşəməsi
üstə uzanıb qalırdı, amma bu da
yaşayışdırmı?! Axı indi
onun bağda qaçan, orda-burda çuxurlar eşələyən
vaxtıdır. Onun daima çuxurlar
qazıdığı vaxtlar yəqin yadına gəlir indi?
- Əlbəttə ki gəlir.
- Bəs
divanın örtüyünü tamamən
cırıb-tökməyi necə? Bunu o,
sırf darıxdığı üçün eləmişdi.
Evdə təkbaşına qalmağa səbri
çatmırdı, buna görə də illah bir hoqqa
durğuzurdu.
- Hə də,
neyləsin yazıq?!
- Bir
neçə dəfə evdən qaçdığı vaxt
onu axtarmadığım yer qalmadı. Sözümə
baxmayanda məni lap cin atına mindirirdi. Axı
it sırf acığa düşdüyü üçün
ziyankarlıq eləmir. Əgər o, fərli-başlı
təlim-tərbiyə görməyibsə, bu, onun sahibinin
günahıdır və bu həqiqət hamıya gün kimi
bəllidir. Elə bu səbəbdən də
insanoğlu itə heç vaxt nifrət bəsləyə bilməz.
Onu ancaq və ancaq sevmək olar. Həm də
bu - saf sevginin mümkün ola biləcək
yeganə şəklidir.
Deyirəm:
- Hə,
nəyi nəzərdə tutduğunu anlayıram.
- Bax, indi
o yerdə uzanıb və yarım saatdan sonra öləcəyindən
tamamilə xəbərsizdir. Onun öz əcəliylə
canını tapşırmasını elə istərdim ki… təki
bu qorxunc qərarı qəbul etməyi öz boynuma
götürməyim.
Anam məndən azacıq aralanır. Gözlərinin
yaşını silsin deyə, çantamdan tapıb-çıxardığım
salfeti ona uzadıram. Suyla dolu stəkanı
ona verdikdən sonra biz itin yanına yollanırıq. Zavallı hələ də bayaqkı yerindəcə
mürgüləyir.
Anam stəkanı heyvanın qarşısına qoyub, hər
iki əliylə onun başını suya tərəf yönəldir. İt
ağır-ağır içir, suyun geriyə qalanını
anam asfaltın üstünə tökür və
heyvancığaz dilini ora uzadır. Anam ona ürək-dirək
verir:
- Bax, belə-ə.
Bu misilsiz suyu içmən ço-ox
yaxşı oldu.
Anam
burnunu çəkərək soruşur:
- Siqaretin
var?
- Yox, tərgitmişəm,
- deyirəm. - Amma sənin üçün köşkdən ədədlə
ala bilərəm.
- Yox,
lazım deyil. Birtəhər keçinərəm.
Dayanacağa
yan alan avtobusdan hay-küylə bir dəstə
cavan düşür. Biz isə dayanıb,
bir-biriylə məzələnib-itələşən
cavanların şəhərin mərkəzinə doğru necə
uzaqlaşdığına göz qoyuruq. Anam
xatırladır:
- Biz hələ
yemək də yeyəcəyik. Çörəyi
də özüm bişirmişəm.
- Nə
yaxşı!
- Gecə
gözümə yuxu getmədi, yataqdan qalxıb, çörək
bişirdim. Xəmirinə hələ günəbaxan
tumları da qatdım.
- Yəni
heçmi yatmadın?
-
He-e-ç.
O, iti
süzür:
-
Heç birimiz yatmadıq.
Sonra
çantasını açıb,
çıxardığı yemək paketini mənə
uzadaraq deyir:
- Sən
ye.
- Sonra yeyərəm.
- İstəyirsənsə, bu paketi özünlə
işə götür. Sonradan mütləq acacaqsan.
- Bəs
özün niyə yemək istəmirsən?
- İndi yemək yeyəcək ovqatda deyiləm axı,
- deyir.
Yemək paketi mənə həm ağır, həm də
isti göründüyündən onu qaytarıb, anamın
çantasına qoyuram. Anam itin ipini nisbətən boş buraxıb, deyir:
- Gəl,
dəniz sahilinə qədər gedək. Orada
durub, sulara tamaşa etməmiz bəlkə daha ürəkaçan
bir şey olar.
Yerində dikələn it gözlərini yarıyacan
güclə aralayır. Deyirəm:
- Ora getsək,
məncə, qəbula gecikərsən.
-
Doğrudanmı gecikərəm?
-
Düzünə qalsa, yox. Ancaq ora klinikanın əks
yönündədir axı.
- Bəlkə
zəng vurub, bir qədər ləngiyəcəyimi həkimə
bildirim, hə?
- Yox,
anacan, heç gərək yoxdur. Həm də
bu sayədə dərdimiz yüngülləşən deyil.
Anam
razılaşır:
-
Haqlısan. Düz sözə nə deyim?!
İpi əlində tutaraq dayanıb. İtə
göz qoyur. Ovcundakı ipi gah gərib, gah
da boşaltdığı həmin anlarda barmaqları aramsız
titrəyir. Onun çiyinlərini
qucduğumda anam hönkürtü vurur. Yanımızdan
keçən bir cüt ahıl qadın bizi süzür.
İt təkrar yerə uzanır. Qarşısındakı asfalt örtük alanəmdir.
Dərindən köks ötürdükdən sonra anam
baxışlarını mənə zilləyib deyir:
- İndi hansı kökə düşdüyümü
təsəvvürümə gətirirəm. Gözümün
tuşu bütün üz-gözümə yayılıb yəqin?
-
Çox da yox, - deyə təskinlik verirəm.
Anam deyir:
- Gedim bu
vağzaldakı tualetə bir baş çəkim. Mənimlə gedərsiniz?
- Biz səni
burada gözləyək, - deyirəm.
Anam israr
edir:
- Yo-ox, gəlin
birlikdə gedək.
Biz tualetə girən kimi it təkrar döşəməyə
sərilir. Güzgünün önünə keçən anam
burnunu silir. İtin yanında əyləşərək,
onun belini ehmalca döyəcləyirəm. Havanı
ciyərlərinə çəkən heyvancığaz
artıq çətinliklə nəfəs alır.
Anam
güzgüdən məni süzərək deyir:
- Sən
yenə də hamiləsən?
Başımla bunu təsdiqləyirəm.
-
Üzünə baxan kimi bunu anladım. Bugünkü
gün buna sevinə bilmədiyimə görə isə əsla
üzülmə.
O,
kranı açır və gözlərinin altındakı
tuş ləkələrini yumağa girişir. Əlim
itin üstündə, havadaca donub qalıb və heyvanla təmas
eləmir. Anam isə üzünü quruladıqdan sonra
saç düzümünü səliqəyə salır və
xatırladır:
- Yəqin
sənin işə dönmək vaxtın gəlib,
çatıb.
Bunu da başımla təsdiqləyir, həm özüm
yerdən qalxır, həm də itə bunu etməkdə
yardım göstərirəm. İpi anama
ötürürəm və biz bayıra
çıxırıq.
İsti hava dalğası üz-gözümü
yalayır.
Anama təsəlli
verirəm:
- Xəyalən
mən sənin yanında olacağam.
- Bunu
bilirəm. Gəldiyinə görə də
sağ ol.
- Belə
davranarkən, unutma ki, sən məhz doğru sayılanı
edirsən.
İtin qarşısına keçib, yerə
çömbəlirəm. O isə quyruğunu yelləməklə,
pəsdən zingildəyir. Qulağına öz təşəkkür
sözlərimi pıçıldayıram:
- Sağ
ol ki, illər uzunu anamın qeydinə qalıbsan. Sən nəcib
məxluqsan!
Sonra yerdən qalxıb, anama gülümsünürəm.
-
Gördün, sən artıq onunla vidalaşdın, - deyir.
- Hə,
- deyirəm. - Onda salamat qal.
Helle Helle
Danimarkalı nasir
Dilimizə çevirdi: Azad Yaşar
Ədəbiyyat qəzeti.- 2023.- 4 mart.- S.30-31.