AMEA-nın Nizami Gəncəvi
adına İnstitutunda elmi sessiya
Bu gün
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda “Heydər Əliyev və Azərbaycan ədəbi-ictimai
fikri” mövzusunda elmi sessiya keçirilib.
Tədbiri
AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun baş
direktoru akademik İsa Həbibbəyli açaraq “Heydər
Əliyev İli” çərçivəsində ölkəmizdə
və dünyada Ulu Öndərə həsr olunmuş silsilə
tədbirlərin davam etdiyini, bu istiqamətdə
akademiyanın tədbirlər planının da uğurla icra
olunduğunu söyləyib.
İ.Həbibbəyli
Ulu Öndərin çoxəsrlik tariximizin nadir şəxsiyyətlərindən
biri və zirvələri fəth etmiş görkəmli
dövlət xadimi olduğunu söyləyib, Azərbaycanın
yarıməsrlik inkişafının əsasının
Ümummilli Lider Heydər Əliyevin adı ilə
bağlı olduğunu deyib. O, dahi şəxsiyyət Heydər
Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki
dövrdə Azərbaycan dövləti qarşısında
tarixi xidmətlərindən, xalqımızın rifahı
naminə həyata keçirdiyi geniş islahatlardan söz
açıb.
İsa Həbibbəyli
“Heydər Əliyev İli” çərçivəsində
AMEA-nın tədbirlər planında nəzərdə
tutulmuş tədbirlər haqqında da məlumat verib.
AMEA-nın “Heydər Əliyev İli”nə ən böyük
töhfəsi olan və 2023-2024-cü illərdə nəşrə
hazırlanan “Heydər Əliyev Ensiklopediyası”nın layihəsinin
hazırlandığını diqqətə
çatdırıb.
“Ulu
Öndərin həyat və fəaliyyətinin elmi cəhətdən
dərindən öyrənilməsi, bu istiqamətdə
konfransların təşkili və nəşrlərin
çapı, ölkəmizin elm sahəsində
qazandığı nailiyyətlərin ictimaiyyətə
çatdırılması alimlərimizin qarşısında
duran ən mühüm vəzifələrdəndir”, - deyə
AMEA prezidenti bildirib.
Tədbirdə
professor Qəzənfər Paşayevin “Azərbaycan
reallığında Heydər Əliyev epoxası”, AMEA-nın
müxbir üzvü Tehran Əlişanoğlunun “Müstəqillik
dövrü nəsrində Heydər Əliyev”, filologiya elmləri
doktoru Elnarə Akimovanın “Ədəbiyyatda azadlıq
ideallarının intişarında Heydər Əliyevin rolu”,
filologiya elmləri doktoru Əlizadə Əsgərlinin “Heydər
Əliyev: dünya sivilizasiyasında elit şəxsiyyət” və
professor Vüqar Əhmədin “Heydər Əliyev və Azərbaycan
mətbuatı” mövzusunda məruzələri dinlənilib.
Ədəbiyyat qəzeti.- 2023.- 4 mart.- S.3.