ANARA

 

Hicranın ağırdır, dözə bilmirəm,

O uca dağlardan en gəl, Anarım!

Körpə ayaqların yaman yorulub,

Sinəmin üstündə dincəl, Anarım.

 

Sənsiz gecəm var, gündüzüm,

Sən gedəndən bəri gülməyib üzüm,

Gəl uzun kiprikli körpəcə quzum,

Anarım, Anarım, gözəl Anarım!

 

Dedilər heyransan gülün ətrinə,

Gül qatdın şeirimin hər bir sətrinə,

Min cəfaya dözdüm sənin xətrinə

Anarım, Anarım, dəcəl Anarım!

 

Sən ceyran gözlüsən, çatmaqaşlısan,

Tayın-tuşun yoxdur, yar-yoldaşlısan,

Bəlkə məndən ayrı gözü yaşlısan,

Olmuş bu ayrılıq əngəl, Anarım!

 

Dağların sinəsi lalə, bənövşə,

Yaylaqlar qonağı ol sən həmişə,

Qoyma bu daqlara bir xəzan düşə,

Tökülə yollara xəzəl, Anarım!

 

Nigar RƏFİBƏYLİ

 

Ədəbiyyat qəzeti.- 2023.- 11 mart.- S.2.