Hacıbəylilər

 

Üzeyir Hacıbəyli

 

Üçüncü yazı

 

Üzeyir Hacıbəyli - "Şuşa" deyiləndə çoxumuzun ağlına gələn ilk isim, əlimiz ürəyimizin üstündə dinlərkən qürurdan köksümüzü qabardan Dövlət Himnimizin müəllifi. Azərbaycanın çağdaş peşəkar musiqisinin, milli bəstəkarlıq məktəbinin banisi, müsəlman Şərqində ilk operanın yaradıcısı. Milli mədəniyyətimizin təəssübkeşi, böyük bir bəstəkarlar pleyadasının (Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Asəf Zeynallı, Şəmsi Bədəlbəyli, Niyazi, Cövdət Hacıyev, Tofiq Quliyev, Qara Qarayev, Cahangir Cahangirov, Fikrət Əmirov, Şəfiqə Axundova və s.) müəllimi...

Musiqişünaslıqdan başqa, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi də fəailiyyəti müstəsna əhəmiyyətə malikdir. 63 illik ömrünə çox böyük uğurlar yazılan, mədəniyyətimiz naminə həlledici addımlar atan Üzeyir Hacıbəyli sənəti və şəxsiyyəti ilə Azərbaycan xalqının qürur yeri, iftixarıdır.

Musiqiçiləri öz sənətkarlığı ilə təkcə Azərbaycanın hüdudlarında deyil, bütün Qafqazda, eləcə də İranda, Türkiyədə, hətta Avropanın bir sıra ölkələrində və Rusiyanın Moskva, Peterburq kimi şəhərlərində tanınan Şuşanı ötən əsrlərdə "Qafqazın konservatoriyası" adlandırırdılar. XIX əsrdə Şuşanın musiqi həyatında sonradan Azərbaycanın digər şəhərlərində davamını tapan əhəmiyyətli yeniliklər baş verirdi. Bu sırada Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi ilə xanəndə Cabbar Qaryağdıoğlu və tarzən Mirzə Sadıq Əsəd oğlunun (Sadıqcan) ifasında Şuşada göstərilən (1897-1898) Füzulinin poeması əsasında hazırlanmış "Məcnun Leylinin məzarı üstündə" musiqili səhnəciyi xüsusi qeyd olunmalıdır. XX əsrin əvvəllərindən Şuşada ilk Şərq konsertləri keçirilməyə başlayır, bu konsertlərdə aşıqlar, xanəndə və sazəndə dəstələri iştirak edirdi.

Uşaq ikən musiqili səhnəciklərdə xorda iştirak edən Üzeyir bəy sonralar xatirələrində xalq musiqisi və muğamatı dərindən mənimsəməsində böyüdüyü mühitin əhəmiyyətli təsirindən bəhs edir. Qori müəllimlər seminariyasında təhsil aldığı illərdə (1899-1904) isə dünya mədəniyyəti ilə tanış olur, klassik musiqi əsərlərini mənimsəyir, skripka və bariton musiqi alətlərində ifa etməyi öyrənir, xalq mahnılarını nota köçürür. Öyrəndikləri yalnız təhsil dövrü ilə məhdudlaşmır və öyrəndikcə Azərbaycan musiqi mədəniyyəti üçün nələrsə etməyə can atır. Maarifçiliyin ən parlaq nümayəndələrindən olan Üzeyir Hacıbəyli mühitin yenilikçi enerjisini musiqi sahəsinə yönəldərək Azərbaycanın ilk peşəkar bəstəkarı kimi ilk böyük missiyasını həyata keçirir.

Müsəlman Şərqində sözün əsl mənasında milli bəstəkarlıq ənənəsinin məhz Azərbaycanda meydana gəlməsi bir tərəfdən obyektiv tarixi şərtlər, sosial-mədəni kontekst ilə bağlı idisə, digər tərəfdən subyektiv faktor olan Üzeyir Hacıbəyli fenomeni ilə şərtlənirdi. Bəstəkarın musiqi sahəsindəki zəhmət və canatımlarının ilk böyük bəhrəsi "Leyli və Məcnun" operası oldu: 1908-ci il yanvarın 25-də Bakıda H.Z.Tağıyevin teatrında ilk tamaşası baş tutan bu əsərlə yalnız Azərbaycanda deyil, bütün Şərq aləmində opera sənətinin təməli qoyulmaqla musiqi mədəniyyəti tariximizdə yeni bir dövr açıldı.

Muğamla operanın sintezindən ibarət "Leyli və Məcnun" yeni bir janrın - muğam operasının ilk nümunəsidir. Librettosu Füzulinin poeması əsasında yazılmış operanın musiqisi əsasən muğam və təsniflər üzərində qurulub. Çünki bəstəkarın fikrincə, Füzuli poemasının ruhu, lirikası, romantik siqləti məhz muğam kimi möhtəşəm bir musiqi ilə təcəssüm oluna bilərdi. "Leyli və Məcnun" operasının quruluşuna nəzər salsaq, burada opera dramaturgiyasına məxsus bütün komponentləri görərik: uvertüra, proloq, ariyalar, xorlar, ansambl səhnələri - duet, trio, orkestr epizodları, rəqs və s. Lakin mövcud Avropa opera formasından fərqli olaraq, burada klassik ariyaları muğam söbələri əvəz edir. Xor və ansambl səhnələrində, orkestr epizodlarında xalq musiqi nümunələrindən böyük bacarıqla istifadə olunaraq bəstəkarın yaratdığı musiqi parçaları ilə üzvi surətdə bütövləşir. Üzeyir bəyin əsas məqsədi Azərbaycan mühitində Avropanın mədəni dəyərlərinə inteqrasiya prosesinə musiqi ənənələrinin də qoşulması idi və cəmiyyətin böyük bir hissəsini yeni üslub və formalara alışdırmağın ən məqbul vasitəsi kimi formaca avropalı, məzmunca milli olan musiqili teatrı görürdü.

İlk tamaşasının rejissoru H.Ərəblinski, dirijoru Ə.Haqverdiyev olmuş operada əsas rollarda H.Sarabski (Məcnun), Ə.Fərəcov (Leyli), C.Dağıstani (İbn Səlam), M.Kazımovski (Məsnunun anası), Mirzə Muxtar (Məcnunun atası), İ.Qasımov (Leylinin atası), S.Vəzirov (Leylinin anası) çıxış edirdi. Bir əsrdən artıqdır ki, "Leyli və Məcnun" operası yeni-yeni quruluşlarda tamaşaya qoyulur. Məcnunlar, Leylilər nəsil-nəsil bir-birini əvəz etsə də, operaya tamaşaçı marağı və sevgisi azalmır; Üzeyirin dühası ilə canlandırılan əsər Azərbaycan milli operasının inkişaf yolunu işıqlandırmağa davam edir.

1909-1915-ci illərdə Ü.Hacıbəyli bir-birinin ardınca librettolarını xalq dastanları və rəvayətlər əsasında yazdığı "Şeyx Sənan" (1909), "Şah Abbas və Xurşidbanu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) operalarını ərsəyə gətirir. "Rüstəm və Söhrab" (1910) operasının əsasını isə Firdovsinin "Şahnamə" əsərinin motivləri təşkil edir. Bu əsərlərin hamısında Üzeyir bəy muğamdan, aşıq musiqisindən geniş istifadə edib.

Sovet dövründə mədəni-maarif işinin musiqi sahəsində geniş vüsət alması ilə maarifçilik hərəkatı sanki yeni bir təzahür tapırdı. Opera ilə yanaşı, Azərbaycan dramaturgiyasında da mühüm rol oynayan Üzeyir Hacıbəyli musiqili komediya janrında "Ər və arvad" (ilk tamaşası - 1910), "O olmasın, bu olsun" (ilk tamaşası - 1911), "Arşın mal alan" (1913) musiqili komediyalarını da ərsəyə gətirmiş, mətnlərini də özü yazmışdı. O həm bəstəkar, həm də dramaturq kimi, ilk növbədə, Azərbaycan maarifçiliyinin nümayəndəsi kimi çıxış edir və vurğulayırdı ki, "mən, demək olar ki, Axundovun komediyaları "Xan Sarabi", "Məstəli şah", "Hacı Qara" və məşhur dramaturqumuz Ə.Haqverdiyevin "Dağılan tifaq" əsərləri üzərində böyümüşəm". Onun opera və musiqili komediyalarının doğurduğu ictimai əks-sədanı əsərlərin musiqisi ilə yanaşı, toxunduğu məsələlərin aktuallığı da şərtləndirirdi. Bu əsərlərdə dövrün məişəti, xalqın adət-ənənələri də əksini tapırdı.

Üzeyir Hacıbəylinin 1903-1948-ci illəri əhatə edən publisistik yaradıcılığının ən yaddaqalan dövrü, yəqin ki, 1918 -1920-ci illərdir. Bu iki il ərzində ərsəyə gətirdiyi publisistik yazılar sonradan sovet hakimiyyəti illərində yasaq edilərək xalqdan gizlədilmişdir. Azərbaycanın müstəqillik dönəmində Üzeyir bəy sevinc və fərəh hissi ilə hər gün aktual və maraqlı yazılarla "Azərbaycan" qəzetində çıxış etmiş, əvvəlcə müxbir, parlament müxbiri kimi, ardınca isə qəzetin redaktoru kimi çoxlu sayda məqalə və felyetonları dərc olunmuşdur. "Nuru Paşa həzrətləri şərəfinə böyük ziyafət", "Partiyalarımıza", "Azərbaycan parlamanı", "Andranikin məsələsi", "İstiqlal və istiqbal ümidi", "Qarabağ haqqında", "Ermənistan və Azərbaycan münasibəti", "Qarabağ hadisatı", "Erməni-gürcü münasibəti", "Ordumuz", "Bayrağımız sarsılmaz", "Rusiya əhvalı", "İçimizdəki denikinlər", "Milliləşmək", "Məmləkətimizin halı nasıldır?" və s. yazılarında Üzeyir bəy onu narahat edən, düşündürən ictimai və siyasi məsələlərdən bəhs etməklə xalqın səsinə çevrilməyə, millətin hiss və düşüncələrini əks etdirməyə nail olmuşdur. Günümüz üçün də aktuallığını saxlayan bu məqalələr digər fəaliyyət istqamətləri kimi Üzeyir Hacıbəylinin vətən sevdasının miqyasını, uzaqgörən siyasətçi, ideyalı publisist, ziyalı kimi mövqeyini nümayiş etdirir. Bu gün bütün türk dünyasının himninə çevrilmiş "Milli marş", "Çırpınırdın, Qara dəniz" nümunələrini də bəstəkar həmin dövrdə yaradıb. "Azərbaycan marşı" (1919) isə 1992-ci ildə Azərbaycan Respublikasının Dövlət Himni kimi qəbul olunub.

Üzeyir Hacıbəyli - Bakıda azərbaycanlı tələbələr üçün ilk musiqi məktəbinin yaradıcısıdır. Xalq mahnılarının ilk not nəşrinin müəllifidir (M.Maqomayevlə birlikdə). "Azərbaycan xalq musiqisinin əsasları" (1945) fundamental elmi əsəri ilə musiqi elmində yeni səhifə açmaqla xalq musiqisinin nəzəri tədqiqatının vacibliyini önə çəkən musiqişünasdır. Bir sıra musiqi kollektivlərinin yaradıcısıdır. Konservatoriyada ilk çoxsəsli Azərbaycan xor kollektivini (1926) yaratmış, 10 il sonra isə Azərbaycan Dövlət Filarmoniyası nəzdində yeni bir xor kollektivi təşkil etmişdir. Ü.Hacıbəyli 1931-ci ildə Azərbaycan Radio komitəsi yanında ilk notlu xalq çalğı alətləri orkestrini təşkil etmiş, bu orkestr üçün "Çahargah" və "Şur" fantaziyalarını bəstələmişdir. O, xalq çalğı alətlərinə not sistemi tətbiq etməklə sübuta yetirmişdir ki, qədim dövrlərdən şifahi ifaçılıq ənənələri əsasında mövcud olan Azərbaycan xalq çalğı alətləri Avropanın mükəmməl orkestr alətləri ilə bir sırada durmağa layiqdir. Ü.Hacıbəyli bu orkestrin ilk dirijoru olmuş, sonradan bu vəzifəni tələbəsi Səid Rüstəmova həvalə etmişdir.

1930-cu illərdə bir sıra instrumental əsərlər, mahnılar, kantatalar bəstələyən Ü.Hacıbəylinin "Koroğlu" operası ilk dəfə 1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında tamaşaya qoyuldu (librettosu H.İsmayılov və M.S.Ordubadinindir). Azərbaycanda ilk klassik opera hesab olunan bu əsər Üzeyir bəy yaradıcılığının zirvəsini təşkil edir.

Dahi Üzeyir bəyin anadan olduğu gün - 18 sentyabr ölkəmizdə Milli Musiqi günü kimi qeyd edilir. 2021-ci il 18 sentyabrda - 28 illik işğaldan sonra azad Şuşada - Üzeyirin vətənində, vaxtilə erməni vandallarının dağıtdığı və avqustun 29-da Prezidentimizin iştirakı ilə açılışı olan Üzeyir bəyin heykəlinin qarşısında ilk dəfə dahi bəstəkarın doğum günü qeyd olunur, Milli Musiqi Günü çərçivəsində Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının konserti keçirilirdi. Möhtəşəm himnimiz səslənərkən sevincdən gözlərimiz dolur, Üzeyirin ölməz musiqisinin sədaları Şuşanın dağlarını, Cıdır düzünü aşıb hər tərəfə yayılırdı.

Üzeyir Hacıbəylinin ölkəmiz və mədəniyyətimiz naminə xidmətlərini saymaqla bitməz. Üzeyir bəyin ömrü boyunca imzası ilə ərsəyə gələn bütün sferalardakı işlər imkan verir deyək ki, o yalnız mənsub olduğu Hacıbəylilər nəslinin, göz açdığı torpağın deyil, bütün Azərbaycanın üzağı, qürur mənbəyidir. Üzeyir Hacıbəyli - Şuşadır, Azərbaycandır.

 

Mətanət VAHİD

 

Ədəbiyyat qəzeti.-  2023.- 18 mart.- S.5.