Dəyyus

 

Hekayə

 

Oyunbazlığına görə hamının "mütrüb" deyə çağırdığı Rafiqi Universiteti bitirib bu kollektivdə işlədiyim üç il ərzində tanıyırdım. Yeyib-içən, deyib-gülən olduğundan xətrini istəyən çox idi. Məndən on yaş böyük olsa da, əvvəldən aramızda xoş münasibət yaranmışdı. Gəlirli vəzifəm olduğundan Rafiq tez-tez "qəbulumda" olur, deyib-gülüb zarafatlaşırdıq. Gözəl xanımlarla tanışlıq, şən söhbətlərlə dolu yeyib-içmək məclisləri, sonra isə intim həyatın bəzi incəlikləri barədə danışdıqları subay oğlan kimi mənim üçün də maraqlı idi. Rafiq bunu bildiyindən adətən axşamçağılar yanıma gəlir, söhbəti başladıqdan sonra bilərəkdən yarımçıq saxlayır, ardını yeyib-içmək məclisində davam etdirəcəyini deyib gedirdi. Özü demişkən, "çörəyini" birtəhər çıxarırdı. Hər cür üsulla məni yoldan çıxarmağa çalışan Rafiqlə hər belə profilaktiki söhbətdən sonra, düzü, ürəyimdən hansısa bir xanımla görüşüb vaxt keçirmək istəyi keçirdi. Amma bu fikri, necə deyərlər, "daşdan keçən əsaslarla" elə beşikdəcə boğmağa çalışırdım. Fikirləşirdim ki, sonda kiminsə anası, bacısı, arvadı olan tanımadığın qadınlarla intim yaxınlıq bir vicdan məsələsidir, bu həm də sağlamlıq baxımından çox təhlükəlidir. İş yoldaşlarımla bu mövzuda söhbətimiz olanda bu cür "gəzəyən" kişiləri həmişə qınayırdım, hətta qadınlar bu işi könüllü görərlərsə belə. Başıma gələn bu hadisə isə düşüncəmdə bəzi düzəlişlərə yol açdı...

Növbəti söhbətimizdə bazar günü tələbə yoldaşımın toy məclisində iştirak etmək üçün Bakıya gedəcəyimi bildikdə Rafiq onun da Bakıda olacağını dedi və rayona bir yerdə dönəcəyimizə razılaşdıq. Toydan çıxan kimi ona zəng vurdum. Dedi ki, məşhur beşmərtəbənin qabağında məni gözləyir. Taksi ilə ora getməyim on beş dəqiqəyə kimi çəkdi. Özüm içkili olsam da, onun da hallı olduğunu gördüm. Rafiq məni dostugilə qonaq aparacağını dedi, yola düzəldik. Söhbət edə-edə hardasa on dəqiqəlik yol gəldik. Məhəllə içini keçəndən sonra pas atmış xırda bir dəmir qapının qarşısında dayandıq. Dostunun burda yaşadığını deyib qapını açdı. Evin girişindəki taxta qapının böyründə olan zəngi basdı. Mən ehtiyatla, bir az da qorxu ilə ətrafa boylandım. Bu halımı o dərhal tutdu və astaca qulağıma pıçıldadı:

- Qorxma, gəlib-getdiyim yerdir.

Bu ara qapı cırıltı ilə açıldı və ucaboylu, sarışın, daz, qulaqlarının dibindəki sayılı tükləri və bığı ağarmış, girdə sifəti, çuxura düşmüş gözləri, uzun burnu, qabaq üst dişləri qızıldan, təxminən 55-60 yaşında kişi qarşımızda peyda oldu. Əziz adamını görürmüş kimi Rafiqi qucaqlayıb hər iki yanağından öpdü, mənimlə də salamlaşıb görüşdü və gur səsi ilə bizi yerdən yarım metr hündürlüyündə olan evə dəvət etdi:

- Evə gəlmisən, mənə də xəbər vermirsən. Ay xətakar, belə olmaz axı.

Rafiq də öz evi imiş kimi şəstlə girdiyimiz otağın arxa divarının dibində qoyulan divana sərildi və dedi:

- Qurban müəllim, günahımı könüllü olaraq boynuma alıram.

Qurbanın qızıl dişləri parıldadı:

- Onda səni əfv edirəm. Yaxşı, de görüm, narahatçılıq olmadı ki?

Rafiq hırıldayaraq sözünə davam etdi:

- Dünən bir-iki saat boş vaxtım oldu. Gəldim ki, səni görəm, sən də evdə yox idin, amma heç bir narahatçılıq olmadı. Hər şey əla keçdi. Sağ olsun Sema xanım!

Qurbanın siması özündən razılıq əlaməti olaraq təbəssümə qərq oldu. Sonra gözlərini bərəldib him-cimlə səs gələn ara qapıya tərəf işarə verəndə Rafiq uca səslə həmin tərəfə səsləndi:

- Sema can, bizə yaxşı bir çay!

Mən kresloda oturdum, ev yiyəsi isə divanda yerini rahladı. Rafiq iş yoldaşı kimi məni təqdim edəndən sonra ev yiyəsi barədə bir-iki kəlmə deməyi də unutmadı:

- Qurban müəllimlə iki il əvvəl təsadüfən tanış olmuşuq, o vaxtdan möhkəm dostuq. Çox gözəl insandır, əli həmişə pulla oynayıb. İndi bir az kasıblasa da, amma yenə həmin Qurban müəllimdir.

Qurbanın gur səsi otağın pəncərə şüşələrində, qab-qacaqlarda çilik-çilik olub ətrafa səpələndi:

- Eybi yox, dostum. Sən ki məni yaxşı tanıyırsan, həyatın bu sınağından da üzüağ çıxaram.

Bu vaxt nazik qara xalatda, dik döşləri və ağappaq sinəsi uzaqdan gəl-gəl deyən, şabalıdı saçları xüsusi zövqlə daranmış, girdə üzü, yaşıl gözləri, qalın dodaqları olan boylu-buxunlu xanım məcməidə üç stəkan çay ilə nazlana-nazlana otağa girdi. Yaşı təxminən 27-28 olardı. Yeridikcə incə bədəni xalatın içində sanki üzürdü. Xalatdan kənarda, açıq qalan qolları, ayaqları neon lampaları kimi ətrafa işıq saçırdı. Bu səhnəyə insanın məftun olmaması mümkün deyildi. Rafiq onu görcək özündən çıxdı:

- Bəh-bəh, bu da gözəllər gözəli Sema xanım. Bu evin yaraşığı, dadı, tamı, bizim də canımız, ciyərimiz.

Sema xanım bu sözlərdən xoşhal olub təbəssümlə gözlərini süzdü və nazlana-nazlana: "Yaxşı da, az təriflə", - deyib salam verərək mənimlə də "xoş gəldin" elədi. Əyilib çay dolu stəkanları masanın üstünə qoyanda xalat yuxarıdan və aşağıdan aralandı, hər biri ovuca güclə sığası döşləri və ətli baldırları minlik lampalar kimi gözlərimi qamaşdırdı. Bu mənzərədən az qala bihuş olacaqdım, amma özümü görməzliyə vurub evin tavanına baxmağa başladım. Rafiqin onun yumşaq yerindən şapalaqla vurub: "Ay səni öləsən!" - deyərək qəhqəhə çəkməsinə hər üçü güldü. Nə baş verdiyini anlamadığımdan cavabsız suallar içində çabalayırdım: "Bu qadın görəsən kimdir? Əgər Qurbanın arvadıdırsa, onda Rafiq niyə özünü bu qədər sərbəst aparır? Mən hardayam və ümumiyyətlə, mənim burda nə itim azıb?"

Sema xanım Qurbanın yanında özünə yer elədi. Təxminən yarım saatlıq söhbətdən sonra Qurban vacib bir görüşə gedəcəyini, Rafiq isə bir az işi olduğunu deyib ayağa durdular. Mən nə edəcəyimi bilmədiyimdən key kimi ətrafa baxırdım. Qapıdan çıxanda Rafiqin xəlvətcə mənə göz vurması bəzi mətləbləri anlatsa da, şübhələr içində azıb qalmışdım.

Evə gəlişimdən heç yarım saat keçməmiş artıq Sema xanımla qarşılıqlı sağlıqlar deyib yeyib-içirdik. Beynim dumanlı olsa da, onun pambıq kimi və yumşaq bədəninə toxunduqca elektrik vurmuş adamlar kimi titrəyirdim. Bir azdan həmin titrəyiş də keçdi və...

Rafiq səhər tezdən məni oyadanda bir neçə saniyə donuq halda ətrafı seyr elədim. İlk əvvəl harda olduğumu anlamadım, amma get-gedə huşum aydınlaşdı. Bura gəlişimi və ev sahiblərini xatırladım. Başımdakı küt ağrını indi hiss elədim. Gözlərim az qala yerindən çıxacaqdı. Əllərimlə üz-gözümü ovxaladım, başımı silkələyib gözlərimi bir-iki dəfə açıb-yumdum. Tez durub paltarlarımı geyindim, əl-üzümə bir az su vurub kresloda oturdum. Rafiq, deyəsən, vanna otağından yuyunub çıxırdı. Bu vaxt Sema xanım gecəki xalatda otağa keçdi, əlində tutduğu məcməidəki çay dolu stəkanları, şəkəri, yağı, pendiri, çörəyi stolun üstünə qoyub nazlı-ədalı yerişlə otaqdan çıxdı. Qurbanın səsi gəlmirdi, deyəsən, evdə yox idi. Sema xanım mətbəxə keçəndə Rafiq qabaqcadan razılaşdığımız kimi məndən əlli manat aldı və cibindən də əlli manat çıxarıb pulları əlində bürmələyərək mətbəxə keçdi. Öncə asta səslə başlayan söhbətləri sonda qəhqəhəyə çevrilib mən oturan otağa qədər yayıldı.

Düz yarım saatdan sonra Qurban gəlib çıxdı. Biz artıq getməyə hazır idik. Qurban evə keçib salam verdi, Rafiqlə görüşüb-öpüşdükdən sonra sağ əlini mənə tərəf uzatdı. Həyəcanlı olduğumu özüm də hiss edirdim. Başımı yerə dikib üç-dörd saniyə onun qara, kobud əllərinə, iri bilənginə, tüklü qollarına baxdım və könülsüz olsa da, əl verib görüşdüm. Qurban yorğun halda divana çökdü. Sema xanım dərhal büllur stəkanda gətirdiyi çayı konfet qabı ilə onun qarşısındakı masaya qoydu və özü də yanında oturdu. Qurban pencəyini və boynundakı qalstuku çıxartdı, köynəyinin qollarını çırmalayıb enli sinəsini irəli verdi. Biləyindəki ağarıb solmuş tükləri sığallayıb Rafiqə tərəf gözucu baxaraq saxta təbəssümlə soruşdu:

- Hə, gecəniz necə keçdi?

Rafiq qəndqabındakı ağ noğuldan birini ağzına atıb eyni təbəssümlə, amma nisbətən pafosla cavab verdi:

- Şair demişkən - "Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi. Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi". Hər şey gözəl oldu.

Qurban şaqqanaq çəkib güldü, əlini Rafiqin çiyninə qoyub gülə-gülə dedi:

- Varam da sənin bu xasiyyətinə. Kişi adamsan, vallah! - deyib üzünü mənə sarı çevirdi.

Qurbanın ani baxışlarından cinayət başında yaxalanan cani kimi büzüşüb yumağa döndüm. Bədənimə soyuq tər gəldiyini hiss etdim, nə edəcəyimi qavraya bilmirdim. Rafiqin ayağa durub: "Yaxşı, bizə icazə verin gedək" - deyərək və görüşmək üçün Qurbana yaxınlaşmasından istifadə edib əllərimi yumaq bəhanəsilə otaqdan dəhlizə atıldım. Evin girişindəki kranda əllərimi yaxşıca sabunlayıb yudum, quruladıqdan sonra elə ordanca sağollaşıb həyət qapısına tərəf addımlamağa başladım. Biz qapıdan çölə çıxanda hündür boylu, qara qıvrım saçları, ensiz uzun bığları olan orta yaşlı, gözlərindən qan daman birisi qapıdan içəri keçdi və dərhal da Qurbanın gur səsi eşidildi:

- Baho, gör kim gəlib? Dostum-qardaşım xoş gəlib! A kişi, hardasan, niyə görünmürsən? Niyə...

Qapının örtülməyi və bizim iti addımlarla uzaqlaşmağımız səsi eşidilməz etdi.

Bütün baş verənlər mənim üçün sanki bir yuxu idi. Həyəcanlı və narahat yerişim Rafiqin diqqətindən yayınmadı. O, yol boyu siqaretdən qullab vura-vura məni sakitləşdirirmiş kimi hey üyüdürdü:

- Qurbanın arvadı beş il əvvəl dünyasını dəyişib. Uşaqları ailə qurub ayrı yaşadıqlarından qulluğunu tutan olmayıb. Hüzrdən iki ay sonra gedib Semanı alıb gətirib. Samaradı əsil adı, deyilənə görə, anası erməni qızı olub. Qurbanın ondan uşağı olmayıb. Bir dəfə təsadüfən işdən evə tez gələndə Samaranı bir kişi ilə tutur. Bu hadisədən sonra Qurban bir müddət xəstələnir, işdən də çıxarılır. Samara ilə aralarında yaş fərqini gördün də özün... Bir tərəfdən pulsuzluq, digər tərəfdən Samaranın xəyanəti, üstəlik də onun maddi və intim ehtiyaclarını ödəyə bilməyən Qurban vəziyyətdən özünə məxsus çıxış yolu tapır. Samara artıq üç ildir ki, müəyyən pul müqabilində elə evindəcə Qurbanın "dost-tanışları" ilə görüşür.

Rafiq danışdıqca özümdən iyrənirdim, elə bil bütün bədənim, əynim-başım üfunət iyi verirdi. Enli sinəsini irəli verib ötkəm-ötkəm danışan Qurbanın siması, mənə tərəf uzanan iri, kobud əlləri gözümün önündən getmirdi. Gizlincə əllərimə baxdım, şişmiş, əyri-üyrü, qaralmış barmaqlarımı, tük basmış əllərimi "görüb" heyrətləndim... Başımı qaldırıb ölüm hökmünə gedən cani kimi ətrafa nəzər saldım. Bir-birinə bənzəməyən insanlar qayğı dolu baxışlarla harasa tələsirdilər. Əllərimi cibimdə gizlədib addımlarımı yeyinlətdim. Arxadan isə Rafiqin səsi hələ də eşidilməkdə idi.

 

Lənkəran

 

26 dekabr 2016-cı il

 

Qafar Cəfərli

 

Ədəbiyyat qəzeti.- 2023.- 18 mart.- S.28.