Musa Urudun
şeirlərində mütləq həqiqət
İlk olaraq
"yalan nədir?" - sualına cavab axtaraq. Bu sualın
cavabı bizi mütləq həqiqətə
gətirib çıxaracaq.
Sonra isə poeziyanın mütləq həqiqətə
dönüş nöqtəsinə
çatacağıq. Məhz o nöqtədən Musa Urudun
şeirlərinə baxanda
bizə hər şey aydın olacaq. Bunun üçün mən elə indicə belə bir fikir irəli
sürürəm ki, yalan yoxdur. Bəli, düzgün oxudunuz, yalan yoxdur, yalan
həqiqətin əksidir,
həqiqətin olmadığı
yerdir, həqiqəti əks etdirməyən bilikdir yalan. Necə ki, qaranlıq deyilən şey yoxdur, biz işığın
olmadığı yerə
qaranlıq adı vermişik, günəşin
olmadığı zamana
gecə adı vermişik, sevginin olmadığı nöqtələrə
nifrət ləkəsi
yapışdırmışıq, həqiqətin də olmadığı yerə
yalan adı verməyimiz, əslində,
bizim günahımız
deyil.
Mütləq həqiqətə çatmaq
üçün, onu dərk etmək üçün, həm də poeziyada mütləq həqiqəti
görmək üçün
biz öncə nisbi həqiqətin nə olduğunu bilməliyik. Real aləmdə əsasən
iki cür həqiqət var (bunu növbəti cümlələrdə inkar
edəcəyik), birincisi,
nisbi həqiqət, ikincisi, mütləq həqiqət. Bütün həqiqətlərin
başlanğıcı nisbidir.
Nisbi həqiqət elmin inkişafı ilə mütləqləşir. Məsələn, öncə deyirdik ki, ən kiçik
zərrəcik atomdur,
sonra elm inkişaf etdi və dedik
ki, yox, müsbət yüklü
proton, mənfi yüklü
elektron və yüksüz neytron da var. Öncəki mütləq həqiqətimiz
darmadağın oldu.
Deməli, həqiqət elə
bir cürdür.
İki həqiqət yoxdur. Yuxarıda dediyimiz "iki cür həqiqət var" fikrini inkar etmiş olduq. Elmin inkişafı ilə
olan bu inkar
bizi mütləq həqiqətə gətirib
çıxardı. Fikir versək,
yazının ilk cümlələrində
həqiqətə aparıb
çıxaracaq yox, gətirib çıxaracaq
yazmışam. Çünki aparmaq uzaqlaşmaqdır, mütləq həqiqət
isə bizdən başlayır.
Musa Urudun bayaqdan oxuduğum və mütləq həqiqətə
çatdığı şeirlər
içərisində ilk bənd
belədir:
Var-dövlət ötəri şeydi,
Şan-şöhrət sənə ögeydi.
Söz haqdır, sözə baş əy ki,
Sözün dünyada qalacaq.
Musa Urud bu şeirdə poetik mütləq həqiqətə
çatıb, atomun ən kiçik zərrəcik olmadığını
görüb, sözün
haqq olduğunu, yəni mütləq həqiqət olduğunu bildirərək ona baş əyməyi israrla təklif edib. Həmçinin Musa Urud
bu şeirdə həqiqəti bir körpənin "ana"
sözündən tanrının
"ol" sözünə
qədər mütləqləşdirib.
Mütləq poetik düşüncəni
bir dilənçi qız uşağının
başqa bir dilənçi uşağa
gülümsəyib sədəqə
verməsindən tutmuş,
bir əsgərin vətənə dəyməsin
deyə sinəsi ilə güllələri
havada tutması qədər müqəddəsləşdirib.
Bayaqdan izah etmək istədiyim fikirlərimi
Musa Urud digər bir şeirində daha gözəl ifadə edir:
Suyun kəsik, dəyirmanın sovulmuş,
Bizdən daha biz olarmı, sağ olmuş?!
Yaddaşının göylərinə
dağılmış
Xatirəni gözünə yığ,
qayıtma!
Ömrü qönçə gül
elədim, almadın,
Yol elədim, sən yolçusu olmadın,
Bulaq, - dedim, bir içim
su olmadın,
Cığır yuyan sel olub ax, qayıtma!
Gözlərimi quru yumdum, yaş açdım,
Fəsil özgə, ağac həmin ağacdı.
Nə fərqi var, çiçək açdı,
daş açdı,
Qayıtmır ki, düşən
yarpaq, qayıtma!
Şeirin
ilk bəndində şair
sevginin mütləq həqiqət olduğunu dərk edib qayıtmaq istəyən adama "bizdən daha biz olmaz" deyərək sanki ürəyinə daş basır və "qayıtma" deyir. Hətta ikinci misrada "sağ olmuş" xitabı ilə şair qarşı tərəfə gülümsəyir.
Bu gülümsəmək sən qayıtdığın
yolları getmək istəyən adama gülümsəməkdir. Hansı ki, o adam nə
vaxtsa sənə inanmayıb və səninlə o yolu getməyib. İkinci bənddə şair fikirlərini biraz da açaraq deyir: mən ömrümü gül elədim, yol elədim, sən yolçusu olmadın. Yəni mənim mütləq həqiqətimə inanmadın.
İndi də mənə gəldiyin cığırını
sel kimi yu və qayıtma.
Üçüncü bənddə
isə şair daha qətiyyətlə, əminliklə "qayıtma"
deyir və izah
edir ki, mütləq həqiqətdən
nisbi həqiqətə
yol yoxdur. Necə ki, düşən yarpaq ağaca qayıda bilmir. Belə bir halda fərqi
yoxdur ağac çiçək açdı,
yoxsa daş. Heç ağacın özü də o yarpağı qaytara bilməz.
Musa Urud Musa Yaqubun
təbiətə qayıdışı,
Ramiz Rövşənin
özünü özündə
gizlətməsi qədər
maraqlı şairdir. Həmçinin M.Urud Zəlimxan Yaqubun vətəndən tanrıya geydiyi yolun yolçusudur.
Gəl məni bir quşa
döndər, İlahi!
Bir böcəyə
döndər, bir qurda döndər.
İlahi, sən məni o yurda döndər.
İlahi,
sən məni Uruda döndər!
Bu bənddə poetik
mütləq həqiqəti
ilə ilahi eşqin qapısında dayanan Musa Urud bəlkə özü də fərqinə varmır, amma artıq Uruda dönüb, vətənə
çevrilib, körpəliyinə,
paklığına qayıdıb.
Şairlərin ən çox səmimi olduqları yer şeirləridir. Çünki şeirlər şairlərin
özünə qayıdış
- mütləq həqiqət
nöqtəsidir. Bir şairin
qorxu hissi, etiraf cəsarəti və üsyan bayrağı mütləqdir.
Çünki itirmək
qorxusundan sevdiyini bildirmək cəsarətinə
qədər bütün
hiss və düşüncələr
şeirlərə mütləqlik
qatır. Musa Urudun yaradıcılığında bunlar hamısı var. Demək olar ki, bütün şeirlərində Musa Urudun
səsləndiyi yer
var. Məsələn, Musa Yaqub
təbiətdən təbiətə
səslənir, Ramiz Rövşən içindən
içinə səslənir,
Salam Sarvan sinəsinə
çəkilmiş dağdan
hər yerə səslənir, Aqşin Yenisey intellektual düşüncədən özünün
də şeir həsr etdiyi Buludxana səslənir. Musa Urud isə
şeirlərində ilahi
eşqdən, mütləq
həqiqətdən nisbi
həqiqətə səslənir.
Mənim
sevgim köz kimidi,
Saxlaya bilməyəcəksən ovuclarında,
Gizləyə bilməyəcəksən
əlindəki yanıq
yerini!
Məncə, hər kəsin əlində bir yanıq yeri var. Xatirələr səhvlərlə
bərabər gözəlləşdiyi
kimi insan da əllərinin yanıq izi ilə mütləq həqiqətə çatır. Həm də mütləq həqiqət mütləqdir
ki, öncə nisbi olsun, şairin
yuxarıdakı şeirdə
dediyi kimi, heç kim
əllərinin yanıq
yerini gizlədə bilməz.
Yazqabağı yazdığım bu
yazıda bu bəndin olması mütləqdir:
Torpaq ətirlənib sinəsin açır,
Qızılgül xəlvəti qönçəsin
açır.
Bir qızın hər gecə yuxusu qaçır,
İlahi, nə gözəl başlayıb bu yaz.
Belə gözəl şeirlərin
hamısı gözəl
və təbii hisslərdən doğur. Hər gecə
yuxusu qaçan qızla yaz arasındakı bağı
yarada bilməkdir şairlik. O bağı
yaşamaq, hiss etməkdir
poetik mütləq həqiqətə çatmaq.
Musa Urud bütün şeirlərində o yerdə
olduğunu göstərir,
çünki həmişə
o zirvədən səslənir:
Ömür quş kölgəsitək
Keçib-getdi üstümdən
Səssiz-səmirsiz.
Musa Urudun insan ömrünün quş kölgəsitək ötüb
getdiyini deməsi mənə böyük Nəsimini xatırlatdı. Çünki Nəsimi hər şeyin Tanrıya dönəcəyini, dünyanın
fani olduğunu deyirdi. Musa Urud
isə özünəməxsus
tərzdə - hər
şeyin öncə nisbi olmasına baxmayaraq, bir gün mütləq həqiqətə çatacağını
bildirir. Növbəti
şeirdə isə şair təəccüblənir,
ilahi eşqin, mütləq həqiqətin
olduğu bir dünyada nisbi təfəkkürdə yaşayan
insanların hara getdiyini maraq edir:
Gözləri əllərində,
Ayrılıb ellərindən,
Atkeçməz yollarından
Bu dəstə hara
gedir?
İti zəncirdə qalmış,
Kütü təndirdə qalmış,
Başı kəndirdə qalmış
Bu dəstə hara
gedir?
Sonda isə şair Musa Urud özü ilə razılaşır, həyat
ilə, dünya ilə razılaşır,
başı kəndirdə
qalmış insanların
mütləq ola-ola nisbiliyin dalına düşməsinə görə
narahat olmur. Çünki bilir ki, hər
kəsin əllərində
yanıq izi olmalıdır.
Musa Urud, qəm eləmə,
Səbr elə, başın sağ olsun.
Bir dost da daş atdı
sənə,
Dost atan daşın sağ olsun.
Bir şairin öz dünyasında özü ilə razılaşması, dost daşına da "sağ ol" deməsi mütləq həqiqətin qapısından içəri daxil olub ilahi eşqə qovuşduğu yerdir. Bu mənada Musa Urud öz şeirləri və şeirlərindəki həqiqətlər ilə tarixin yaddaşında əbədi qalacaqdır. Özü dediyi kimi, söz haqdır, sözə baş əy ki, sözün dünyada qalacaq.
Elşad BARAT
Ədəbiyyat qəzeti.- 2023.-
18 mart.- S.27.