Gedir
Dəyərini bil, ya bilmə,
Vaxt ötüşür,
zaman gedir.
Ömrə günlər ilmə-ilmə,
Hey toxunur an-an, gedir.
Bəyazı var, qarası var,
Növbələşən sırası var.
Bax, canında mirası var,
Ruhda çox
zənn-güman gedir.
Gözləsən də yaxşı
nəsə,
Düz anında
dönür tərsə.
Tale qıyır ümid kəsə,
Gen durur qəlb uman, gedir.
Olur dərdsiz, dərdli dönəm,
Nəşəsi bol, həm kədər
cəm.
İstər dilə, ya et çəm-xəm,
Gəlir, vermir aman, gedir.
Demə
dünya "yalan dünya",
Bəxş edəndir, alan dünya.
Əbədilik qalan, dünya,
Nə var yaxşı-yaman, gedir.
Qəbul elə sınağı
Qəbul
eylə Yaradandan sınağı,
Zəfər əzmin möhkəmlənə,
bərkiyə.
Şax qəddini çiynindəki
dərd dağı,
Qoy əyməsin,
anam, doğmam Türkiyə.
Bu müsibət taleyindən
qismətin,
Olan olub, olacağa
çarə yox.
Hünərlisən önündəki
hər çətin,
Gətirməyib, gətirməz də duruş çox.
Ruhundandır canındakı qüdrətin,
Türk oğlu türk sarsılmayıb əzabda.
Yenilməzlik simvolusan xilqətin,
Yox
bənzərin, yox dözümdə, yox tabda.
Yanındadır bütün Turan
elləri,
Azərbaycan can qardaşın həmişə.
Haya gəlib ruh canları, əlləri,
Kökslərində köksümdəki əndişə.
Şəksiz zaman məlhəm
çəkər yarana,
Məğrurluqla öc alarsan qəhərdən.
Bax bu zülmət ötər dönər bir ana,
Zövq dadarsan saysız nurlu səhərdən.
Qəbul
eylə Yaradandan sınağı,
Zəfər əzmin möhkəmlənə,
bərkiyə.
Şax qəddini çiynindəki
dərd dağı
Qoy əyməsin,
anam, doğmam Türkiyə.
Dəyər vermirik
Gözləyirik həsrətlə diqqət
çəkən bir anı,
Boşa gedən günlərə,
aya dəyər vermirik.
Hey güdürük qazanca xırda, cüzi imkanı,
Yaradandan yaşama paya, dəyər vermirik.
Tək-tək addım atmağa
zülmətlərdə xırda
nur
Arayırıq, hissimiz deyir tez-tez dayan,
dur.
Gecə-gündüz paylayan kainata işıq gur
Şəfəq saçan Günəşə,
Aya dəyər vermirik.
Kim nə deyib hardasa,
"qızıl kəlam"
sanırıq,
Təkrarlayıb adını dönə-dönə
anırıq.
Doğmalardan belələr gedəndə
gec qanırıq,
Yanımızda "külçədən" laya,
dəyər vermirik.
Uyub nadan sözünə otururuq, dururuq,
Peşmançılıq gətirən
min bir hoqqa qururuq,
Çıxış yolu tapmağa dərkimizi yoruruq,
Aqillərdən haraya, haya, dəyər
vermirik.
Görsək azacıq xeyir, tez "çox sağ ol"
deyirik,
Düşünürük, o kəsin hesabına yeyirik.
Qulluğunda durmağa riya donu geyirik,
Tanrı verən nemətdən saya, dəyər vermirik.
Bax, beləyik biz indi, dünyamızın əşrəfi,
İtirmişik vicdanı, ədaləti şərəfi.
Haqq demirik, tuturuq vecsizlərdə tərəfi,
Yaxşıları bənzədib, zaya, dəyər vermirik.
***
Günahımmı a gözəl, mən
səni candan sevirəm,
İlk baxışdan
sevirəm, gördüyüm
andan sevirəm.
Sanki aləm dəyişib, sirli bir əhval
duyuram,
Ay üzündən nur alıb hər tərəf, hər yan, sevirəm.
Səsinin təsnəsiyəm, bircə kəlmə söz de uyum,
Bu sehrə, lütf elə ki, söyləyim
"can, can", sevirəm.
Gözləyim bəs nə qədər yetmək üçün de vüsala?
Bu istək adi deyil, ay sənə qurban, sevirəm.
Görünür düşməmisən mən təki heç eşq oduna,
Düşəsən, soyləyəsən:"yandım ay aman, sevirəm".
Nəcməddinəm, eyləyən ruhumu fəth bu sevda,
Bəxtimə ən xoş əta verdi
laməkan, sevirəm.
***
Min bir bəla yetişər
insana ac nəfsindən,
Hər dərddən
şəfa tapar, olmaz əlac nəfsindən.
Kiməsə istəyinə yetmək
üçün bəs
eləsə
Bir arşın,
ağrı görər
yeddi qulac, nəfsindən.
Gəlsə güc ad-sanına
bil gətirər əskiklik,
Kütləşər varlığında haqqa inanc nəfsindən.
Gözünə pərdə çəkər,
başı qarışar
elə ki,
Anlamaz da özünə yağıdır,
"qaç" nəfsindən.
Çal-çapında itirər, çaş salar da haqq-hesabı,
Qazancından çox olar verdiyi bac
nəfsindən.
Nəcməddin, təklif ola xeyli vara kimdənsə,
Razı
olma başına qoysa da tac, nəfsindən.
***
Topla, yığ hər nə qədər, anla, qalar dünyada,
İnsan oğlu şərəfi, şanla qalar dünyada.
Varlığında hərənin fərqli, ayrı qüdrəti var,
Mümkün, ömründəki tək
anla qalar dünyada.
Haqq yolunda savaşan heç tərəddüd
eyləmədən,
Edənlər şövqlə fəda, canla qalar dünyada.
Aqil, müdrikləri var, illəri öncə görəni,
Çöhrəsində sökülən danla qalar dünyada.
Uyub şeytan şərinə,
fitnə-fəsad aşiqi
də,
Əməlindən tökülən qanla qalar dünyada.
Nəcməddin, tək-tək olar
belələr bizlik deyil ha,
Tanrıdan, kim necə ad-sanla qalar dünyada.
***
Yazıram, bil özümün,
həm sənin əhvalını da,
Eyləyib ruha həmən cəm, sənin əhvalını da.
Sevincinə sevinib, dərdini
salıb ürəyə,
Yaşayıram asan o, dəm, sənin əhvalını
da.
Güvənirəm belədə dərklə
fəhmimin gücünə,
İlhamımda tutur yön, çəm, sənin əhvalını da.
Dönürəm "sən" oluram,
vallahi, nə az, nə
də çox,
Mümkünsüz onda yazam kəm,
sənin əhvalını
da.
Çevrilir istəyimə ən
mübhəm arzun, diləyin,
Gətirir nəzmə zilim, bəm, sənin əhvalını da.
Nəcməddin, faş edirəm
aləmə qəlbimdə
nə var,
Sözümdür nurlu edən şəm, sənin əhvalını da.
Nəcməddin
MÜRVƏTOV
Ədəbiyyat qəzeti.- 2023.-
18 mart.- S.25.